28.12.2010

Dəyərlər itəndə…

Fərəməz Novruzoğlu

Tez-tez belə bir mübahisənin şahidi oluruq: media nümayəndələri arasında ən çox oxunan yazar və ya yazarlar kimlərdir? Uzun müddət bu məsələ mənim də diqqətimi çəkib. Bir dəfə Taleh Şahsuvarlının “Reytinq” qəzetində müsahibəsini oxuyanda mütləq bu məsələni araşdıracağımı qarşıma məqsəd qoydum. Çünki Taleh bəy reytinq cədvəlinin ilk beşliyini sadalayanda elə adlar çəkmişdi ki, inanın, onlardan 3 nəfərinin adını Oxucu kütləsinin böyük əksəriyyəti bəlkə də ilk dəfə idi eşidirdi…

Xülasə, qarşıma reytinqli yazarların reytinqini ölçmək kimi bir məqsəd qoysam da, bir müddət sonra bunu unutdum. Bu məqsədimi reallaşdırmaq istəyi bu günlərdə məndə yenidən baş qaldırdı. Səbəb özünü-sözünü bilməyən bir aqressiv cəbhəçi ilə facebookda uzun və yorucu mübahisə idi. Cəbhəçi iddia edirdi ki, Azərbaycanın ən “kalitəli” (ifadə ona məxsusdu) yazarları “Azadlıq” qəzetində toplaşıblar və o yazarların yazdıqları “Quran ayəsi qədər” (bu ifadə də ona məxsusdu) doğru və müqəddəsdir. Gülüş və ironiya qarışıq etirazımdan daha da əsəbiləşən cəbhəçi təhqir dolu fikirlərini belə yekunlaşdırdı: “Sən nə haqla media məsələlərinin müzakirəsinə qalxırsan? Sən nə zamandan mediaya aid olmusan? Bir-iki dəfə “Xural” qəzetində cızma-qara etmisən, elə bilirsən, sən də yazarsan… axı “Xural” nə zamandan qəzet olub, qəzetlər sırasında özünə yer edib? “Azadlıq” və “Yeni Müsavat” kimi qəzetlərin yazarları məhkəmələrə veriləndə, süründürüləndə sizlər harada idiniz?”

Cəbhəçi bəy bu sözlərinin ardınca ünvanıma bir-iki yağlı söyüş də yağdırıb, xəttən ayrıldı. Ona cavab verə bilməməyimin ikinci səbəbi isə o idi ki, artıq məni bloke etmişdi. Ümumiyyətlə, bu bəylərin xüsusiyyətidi, polemika onların istədiyi səviyyədə keçməyəndə dərhal söyüşə əl atırlar və tərəf-müqabillərini bloke edirlər. Olsun, Allah canlarına dəyməsin, amma bu düşüncə tərzi ilə, belə cılızlıqla çox uzağa gedə bilməyəcəklər.

Nə isə, keçək mətləbə. Cəbhəçi bəyin dediklərinin həqiqəti əks etdirdiyini və ya sadəcə demaqoji olduğunu aydınlaşdırmaq üçün bir araşdırma apardım. Araşdırma zamanı 4 kütləvi informasiya vasitəsinin 17 əməkdaşının fəaliyyətini mərcək altına aldım. Hansılardır bu KİV-lər və onların əməkdaşları? “Yeni Müsavat” qəzetindən 6, “Azadlıq”dan 4, lent.az-dan 4 və cəbhəçinin qəzet hesab etmədiyi “Xural”ın 3 əməkdaşının fəaliyyətini araşdırdım. Bu arada onu da qeyd edim ki, “Xural” qəzeti həftəlik nəşr olduğundan, bəzi nüanslara ciddi riayət etdim. Məsələn, “Xural” qəzetinin son sayındakı bəzi yazıları araşdırdığıma görə, adını çəkdiyim digər mətbuat orqanları əməkdaşlarının da həmin günə və bir-iki gün öncəsinə təsadüf edən yazılarını əsas götürdüm. Qəribə bir mənzərənin şahidi oldum. Öz fikirlərimi bildirmədən öncə araşdırmanın nəticələrini olduğu kimi nəzərə çatdırıram.

1) “Xural” qəzeti:

Əvəz Zeynallı, “İlham Əliyev, Naxçıvana İrandan get!” məqaləsi. Məqalə ayın 20-də qəzetin saytına yerləşdirilib. Araşdırmanı apardığım saatda bu məqaləni oxuyan oxucu sayısı 890 nəfər idi. Bu arada onu da qeyd edim ki, Əvəz bəyin bir həftə öncəki yazısını (Babək Hüseynoğlunun xatirəsinə həsr olunmuş yazını) 1485 nəfər oxumuşdu. Bu da o deməkdir ki, qəzetin növbəti sayına qədər Əvəz bəyin son yazısını ən az 1500 nəfər oxuyacaq. Bəlkə də bu say daha da artıq olacaq. Çünki həm bu yazı əvvəlkindən daha böyük maraq kəsb edir, həm də Oxucular yeni-yeni bilirlər ki, xural.com saytı fəaliyyətə başlayıb;

“Xural” qəzetinin digər əməkdaşı Mirzə Sakitin “Bin Ladenin zühuru” adlı felyetonunu cəmi 35 nəfər oxuyub. Məncə, Mirzənin belə az sayda Oxucuya malik olması həm onun “Azadlıq” məktəbindən çıxması (“Xural”ın Oxucularının zövqü tamam başqadır), həm də əvvəllər Mirzəni sevə-sevə oxuyanların artıq onun şit həcvlərindən bezməsi ilə əlaqədardır;

“Xural” qəzetində mərcək altına aldığım 3-cü “yazar” ictimai-siyasi çevrələrdə yaxşı tanınan Əhməd Oruc oldu. Əhməd bəyin “320 adamlıq muğam konserti” məqaləsini vur-tut 15 nəfər oxumuşdu. Məncə, Əhməd bəy Oxucuları abdal yerinə qoymamalıdır (bir zamanlar Əhməd bəy özünə “Abdal” təxəllüsünü seçmişdi. 18-20 il öncə onun adı qəzetlərdə belə də keçirdi – Əhməd Abdal) və yazarlığa paydos verməlidir. Axı onu oxumurlar…

Buradan belə bir nəticəyə gəlinə bilər ki, “Xural”da yalnız Əvəz bəyin yazıları oxunur. Əsla belə deyil. Mirzə Sakitlə Əhməd Orucu oxumasalar da, digər maraqlı yazılar və müsahibələrin ən az 500-600 arası Oxucusu var. Nəzərə alaq ki, bu rəqəmlər qəzet çapa gedəndən 1 gün sonranın nəticələridir.

2) “Yeni Müsavat” qəzeti:

Qəzetin ən çox oxunan yazarı Zamin Hacıdır. Zamin bəyin müvafiq olaraq ayın 18-də və 19-da işıq üzü görən “Xalqın günahı” və “Müdafiə sənayemizin yüksəlişı” başlıqlı köşə yazılarını 888 və 741 nəfər oxuyub. “YM”in ən tirajlı yazarı belə Əvəz bəydən geri qalır;

“Yeni Müsavat”ın digər tanınmış yazarlarının nəticələri belədir:

Xalid Kazımlı – “Neft və milyardlar səltənətinin faş olan sirri” (18.12.2010, 293 Oxucu), “Rıqoroviçin ömürlük postu” (20.12.2010, 215 Oxucu);

Murad Köhnəqala – “Elçin əmi” (19.12.2010, 304 Oxucu), “Pasportstol” (20.12.2010, 274 Oxucu);

Famil Cəfərli – “Mağaraya çəkilən hökumət” (19.12.2010, 318 Oxucu), “Bəs buradakı zülm?” (20.12.2010, 357 nəfər);

Samir Sarı – “Muradın tələ şousu -3″ (19.12.2010, 542 Oxucu);

Mahal İsmayıloğlu – “Pərdə arxasında” (18.12.2010, 130 nəfər).

“Yeni Müsavat”ın yazarlarının reytinqi ilə bağlı bircə onu deyə bilərəm ki, Oxucularımızın həqiqətən də analiz qabiliyyətlərinin olduğuna bir daha inandım. Belə ki, onlar Mahalın indiyə qədərki pərdəarxası oyunlarını bildiklərindən, daha onun göz yaşlarına inanmırlar…

3) “Azadlıq” qəzeti:

Qəzetin baş redaktoru Qənimət Zahidin ayın 20-də dərc olunan “”Ömür belə olar” deyə biləcək qədər yaşamağı bacaran kişi” yazısını 696 nəfər oxuyub. Xaliq Bahadırın “İnkişafın Azərbaycan modeli – fiasko!” (18.12.2010) yazısını 520 nəfər, Elnur Astanbəylinin “Budurmu heydərizmin ədalət anlayışı?”nı (18.12.2010) 546 nəfər, gənc yazar Qan Turalının “Çay qırağından ikinci yazı”sını isə (19.12.2010) 283 Oxucu ziyarət edib.

Lent.az yazarlarının reytinq rəqəmləri iki gündəlik qəzetin yazarlarının reytinqindən bir qədər yüksəkdir. Bu da yəqin onunla əlaqədardır ki, lent.az-ın çap variantı yoxdur və Oxucular ancaq saytı ziyarət edirlər. Bununla belə, ən çox Oxucu kütləsinə malik yazarın məşhuri-cahan Turan İbrahimov olmasıdır. ANS-çi Turanın (“Günəbaxan”) ayın 19-da sayta yerləşdirilən “Dəyərlər itəndə” yazısı tam 1098 dəfə tıklanıb. O, hətta Əvəz bəyi və Zamin Hacını da qabaqlayaraq reytinq cədvəlində 1-ci yeri tutur. Görünür, həqiqətən də dəyərlər itəndə medianın reytinq cədvəlinə Turan başçılıq edər.

Lent.az-ın digər tanınmış yazarlarından İlham Tumas 645 Oxucuya (“”5 papaq sualı”), Anar Yusifoğlu “Kimsə tutamaz” yazısı ilə 717 oxucuya, illərin qovğalarından keçib gəlmiş İlqar Əlifoğlu isə 257 oxucuya (“Səkkizinci fil”) malikdirlər.

Mən araşdırma obyekti olaraq “Xural” qəzetini də seçməyim mübahisə etdiyim çəbhəçinin sözlərinə görə idi. Və özünüz də gördüyünüz kimi, bu qəzetin baş redaktoru Əvəz Zeynallı aparılan araşdırmada 2-ci yerdədir. Bu araşdırmada kifayət qədər yüksək nəticəyə sahib olan Anar Yusifoğlu ilə İlham Tumas da “Xural” məktəbindən su içmişlər.

Heç kəs etiraz etməsin ki, araşdırma zamanı cəmi 17 yazarın yazıları nəzərə alınıb. Düzdür, başqa tanınmış və söz sahibi yazarlar da var. Amma mən inanmıram ki, onlar Zamin Hacıdan daha uğurlu nəticə göstərə bilərlər. Deməli, heç də ən yaxşı yazarlar “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində olanlar deyillər. Kənarda – “papaq altında yatan” o qədər oğullar var ki… sadəcə olaraq, onların “dayısı” yoxdur…

P.S. “Axı sən kimsən” və “müxalifətçi jurnalistlər həbs ediləndə sizlər harada idiniz” sualları ilə mənə irad tutan çəbhəçi bəyə bircə söz demək istəyirəm: mən Fərəməz Novruzoğluyam, öz keçmişim, apardığım mübarizə və bu gün də sərgilədiyim siyasi davranışlarımla qürur duyur, fəxr edirəm. Sizinkilər isə bu qürur hissindən məhrumdurlar!


                                                                                                   xural.com 

Комментариев нет:

Отправить комментарий