Cavidan
ryabina06@list.ru
Adını söyləmək istəməyən oxucularımızdan biri belə bir məlumat yazmışdı mənə məktubunda:
“Azəriqazın ARDNŞ-ə birləşməsindən yəqin xəbəriniz var. Bax bu birləşmədən sonra Bakı şəhərinin qaz sistemində böyük qarışıqlıqdır- demək olar ki, paytaxta qarşı sabotaj hazırlanıbdır. Belə ki, bu birləşmədən sonar rayon qaz idarələrində çalışan qadınların çoxunu yeraltı qaz kəmərlərinin istismarı idarəsində cəmləyiblər. Bu da o deməkdir ki, 50-55 yaşlarında olan qadınlar əllərində lom-lapatka şəhərin küçələrində yeraltı qaz xətlərini yoxlamalı və qaz lyuklarının kranlarını təmir eləməlidirlər. Hamı gözəl bilir ki, bu, alınacaq iş deyil. Deməli, ötən əsrin 50-60-cı illərində istifadəyə verilmiş onsuz da aşsüzənə oxşayan qaz xətləri şəhərin mərkəzində baxımsız qalıbdır. Bu da öz növbəsində Bakının altında hər an partlaya biləcək bombadır...”
Kifayət qədər diqqət ayrılmalı məqamlardır məktubda qeyd edilənlər və mən Bakıda yaşamadığıma rəğmən, bu informasiyanın səhihliyini də məlumatı olanların ixtiyarına buraxmaq kimi bir absurd mövqe nümayiş elətdirərək oxucumuzun istəyini qəzet üzünə çıxartdım.
Həmin oxucumuza üzümü özümün bu balaca köşəmdən tutaraq demək istəyirəm ki:
Bakıda olmadığım üçün, paytaxtda yaşamadığım üçün məni aldatmağa ixtiyarınız yoxdur, anlayırsınızmı?
Mən bu informasiyanın həqiqət olmasına şübhə ilə yanaşıram.
Elə bilməyin ki, bu yazı üzə çıxandan sonra əlaqədar təşkilatlar və maraqlanan jurnalistlər gedib mənə ötürdüyünüz məlumatın səhihliyini yoxlayıb araşdırmayacaqlar.
Nə danışırsınız siz?
Orada, o geniş küçələri, o gözəl fəvvarələri, o çiçəkləri və ağacları göz oxşayan parkları, o bəxtəvər uşaqları, o qayğısız gəncləri, o rahat qocaları olan Bakınınmı altında baş verir bunlar?
Deyirsiniz, indi bu dəqiqə gəlib şəhərin tam mərkəzində istənilən hər hansı bir lyukun qapağını qaldırsam və içinə “Auuuu!” deyə bağırsam, oradan mənə anam və xalam yaşında qadınlar “can auuu” deyə səslənəcəklər?
Nə var əyinlərində görəsən? Makiyajları necədir? Hansı partiyanı dəstəkləyəcəklər qarşıdan gələn seçkilərdə? Hansı dinə sitayiş eləyirlər? Serialları izləyirlərmi? Varmı evlərində kitablar, gəlirmi qapılarına qəzet bağlamaları?
Anama çoxmu bənzəyirlər? Ya xalama? Bibimə? Dəriləri qaramı, ağmı, sarımı?..
Heç cürə təsəvvürümdə çanlanmır bu simalar, təsəvvürünüzə gətirə bilirsinizmi?
Iqtisadi inkişaf tempinə görə dünyada tayı-bərabəri olmayan bir ölkənin neçənci xanımları olduqlarını belə bilməyən 50-55 yaşlarında qadınları nə üçünsə avam və kəndçi başım yer altında lom və lapatkayla qaz kəməri təmir eləyən deyil, TV reklamlarından evimizə girən evlərdə nəvələrini başına yığıb nağıl danışan görmək istəyir, neynim axı...
Həm də nə üçünsə son vaxtların ən aktual mövzularından biri olan torpaq sürüşmələri düşür yadıma. Turizm zonası kimi əlçim-əlçim satılıb necə gəldi dəlmə-deşik edilən dağlıq ərazilərin indi əsl təhlükə məkanlarına çevrilməsini düşündüm.
Aman, məmləkətin hər qarışı titrəməkdə, sürüşməkdə...
Qadınlarmı yer altından silkələyir???
Комментариев нет:
Отправить комментарий