Hüsamə bin Sərxan
«Filfak» Müstəqil Araşdırmalar Mərkəzi
(«Öt və Sus!» silsiləsindən)
Səni bu hüsnü-camal ilə, bu lütf ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər...
Nəsimi.
Haqq- Tanrının min bir adından biridir. Ona sığınmağın dəyəri leksik mənaya sığmayan böyüklüyə söykənib. Böyüklük nisbi hal deyil, ilahi möcüzədir. Böyüklük «səni, məni, bizi» sevməyən haqq uğrunda Səməndər quşu kimi yanmaqla meydana gəlir. İnsan bu yolda böyüyə-böyüyə xəlqiləşir. Xalqın böyüklüyünü isə tərəqqi kimi yox, zərurət kimi qəbul etməliyik.
Nə yazıq ki, yüzilliklər boyu xanlıqlar, şahlıqlar, imperatorluqlar əsarətinə məruz qalan azərtürk insanı indi də mason adlı dəhşət, qorxu və vahimələrin təsiri altında çabalamaqdadır. Və bu təsirin gücü indi əksəriyyəti xoflandırır, ictimai-siyasi mövqeyindən uzaqlaşdırır. Can atanların yolu isə soyuq və qorxulu həbsxana divarlarının arxasından salınır.
Gör nə vaxt gəlmisən yanıma mənim
Ağrısı tutanda ayaqlarımın.
Hər gecə yuxuda üstümə qaçıb
Əli çatmayanda balarımın...
Bu ağrılı misralar Faiq Balabəylinin «Vektor» Nəşrlər Evində (yeri gəlmişkən, qeyd edim ki, son zamanlar oxuduğum dəyərli əsərlərin çoxu bu nəşriyyatın məhsuludur!) çap edilmiş «Burda darıxmaq olmaz» kitabındandır. Bu şeirlər həm də ona görə maraq doğurur ki, həbsxana divarları arasında qələmə alınıb.
Əslində paradoksal bir ad daşıyan kitabda şair «qan daman» həbsxana divarları arasındakı nəm və rütubətli «hiss»ləri insanı və dünyanı bəlalardan qurtara biləcək yeganə məkan- «hazırlıq kursu» hesab edir. Elə bir məkan ki, şair təbiətdən və insandan keçərək Allaha doğru gedir; bu qisməti yaşaya bilmək bacarığı sayəsində özünü və ətrafını dərkin üfüqləri onunçün sonsuzadək genişlənir. «Burda darıxmaq olmaz» fəlsəfəsinin arxasından: «həm də darıxmamaq»- deyə, pıçıldayan şair darıxmağı ibadət ritualı səviyyəsinə qaldırır. Söz yox ki, şairin ibadət obyekti həm «qəddar», həm də «ədalət axtaran»dır. «İbadət»ə başı qarışan vaxtlar Faiq real həyatdan uzaqlaşmağa, sadəcə «SUS»mağa üstünlük verir. Dinmə, eləcə sus! Öt və sus!
Necə ki susur Allah
necə ki baxır Allah...
Faiqin bu cür susmaqlığı adicə bir hiss, sadəcə bir romantika deyil. O, susarkən daha əzəmətli, daha məğrur, daha dözümlü görünür.
O, bəzən coşur, qəzəbini, daxilindəki təbəddülatları cilovlaya bilmir. Xüsusən, sinəsində yara bağlamış yurd-yuva göynərtisi əzaba çevriləndə Faiq aqressivləşir. Məmləkətin elli və yadelli işğalçılar tərəfindən işğalı onun da ağrılı yeridir.
...Mən sizi çox istəyirəm
lap çox.
Dayanın arxamda,
əli baltalıları özüm qarşılayacam.
Faiqi mən hələ «Yeni xəbər» adlı azadlıq müjdəçisini meydana çıxardığı ilk günlərdən tanıyıram, bütün yazılarını diqqətlə izləyirəm. Nədənsə unudulur ki, adını «tanınmayan», «aztirajlı» qoyduqları bir qəzet («Yeni xəbər» Danimarkanın «Yutlandes Posten»i ilə döyüşürdü. VƏHŞİ QƏRBİN ŞƏRQƏ HÜCUMUnun qabağına sinə vermişdi. İsveçrədə «İlin qəzeti» nominasiyasının qalibi olan (yol xərci tapa bilmədyindən gedib hələ mükafatını ala bilməyən), səsi gedib «Vaşinqton post»a çatan qəzetin harayı qəflət yuxusunda olan bizimkiləri oyada bilməmişdi. Əvəzində baş redaktor şərlənib zindana salındı və ancaq orda anladı ki, böyük sevgilərin hərdən böyük cəzası da olur:
Mən heç kəsin toyuğuna daş atmadım
heç kəsin qaşınmayan yarasını
qanatmadım.
Yalnız təkcə bunu dedim
Dedim: yetər, bu millətdən əl çəkiniz-
Millətimiz qoy qalmasın səfalətin
caynağında.
Bunlar məni həbs etdilər
Və zamanın ironiyasına bax... belə bir qəzetin üstünə Vasif Süleymanın qeyd etdiyi kimi, «səlib yürüşü» oldu.
Neynədik ki, bu Vətəni sevməkdən savayı
Əlimizdən nə gəldi ki
Sevdiyimiz Vətənin
Uğrunda döyüşməkdən savayı...
Bir yerdə oxudum ki, dostarının, yaxınlarının övadlarının toyları şairin həbsinə görə ləngiyib; bir neçə şeirini də elə ləngiyən toyların təsirindən yazıb... Doğrudan da, bu sarıdan Faiqə həsəd aparmamaq olmur. Onun xisləti belədir ki, onunla dost münasibətləri tam səmimi duyğulara hesablanıb. Halallığa, mərdliyə, təmizliyə köklənib. Halaldı sizə deyərdim! Doğrudan da, dost sarıdan bəxti gətirib bu adamın! (Sağ əlin bizim başımıza!..)
Aqil üçün olan şeirinin axır-axırı isə mənə də şanson janrını, lap konkret desək, Vladimir Vısotskini xatırlatdı:
Səndən danışmışıq bütün gecəni
Maraqla oxunan bir kitab kimi.
Yaddaşa salmışıq olub keçəni
Məndən arxayın ol, hələ ki burda
«Bağbanı» it kimi hürdürəcəyəm,
o qədər lətifə fikirləşmişəm,
çıxanda səni də güldürəcəyəm...
Hər halda acı taleli bir şarinin lirik türmə məktubları ilə tanış ola bilirik. Müəllif dünya ədəbiyyatında məşhur olan «moryak-zek-poet» obrazını yarada bilir. Nazim Hikmətdən sonra doğma türkcəmizdə bu yöndə oxuduğum ən uğurlu misralardır bunlar:
Çox güman, yenə də yuxusunu qarışdırıb,
Özünə yer tapa bilmir o boyda həyətdə.
Vurnuxur sola, sağa
Əli işə də yatmır…
Bəd xədər yeyin olur,
Yəqin birazdan gələcək.
Fərli oğul olmadım sənə.
Sevinc payını əsirgəmədim səndən
Rahatsız olma, olma…
Bəzən Faiqin adicə iki misrasında bütöv bir roman yatır desəm, yəqin ki yanılmaram:
Mən yaxşı bilirəm tənhalıq nədir,
Səni ömrüm boyu tənha qoymaram...
Kitabda mənə ən çox təsirləndirən məqamlardan biri məlum Ziba xanım üçün də misraların yer almasıdır. Lazımdır, hökmən lazımdır ki, belə adamlar öz yerlərini bilsinlər. Sapı özümüzdən olan baltalarla hələ çox ağaclarımız qırılacaq:
Görən axı kimlər durub qəsdinə
Bu ağacın budağını qırıblar.
Balta alıb yeriyiblər üstünə
Bu ağacın budağını qırıbar…
O şəhərə dənizin ardınca getmişdi. Bəlkə də əksinə, dəniz onu çağırmışdı. Nə fərqi var? Dəniz onu, ya o dənizi. Reallıq və fakt odur ki, onlar bir-birlərinə yaman çox oxşadılar və bir-birlərinə inanılmaz dərəcədə təsir etdilər. Bəs görəsən, dünyalar qədər sevdiyi dəniz şairin yuxusuna niyə «hərdən girir?
Hərdən dəniz girir yuxuma,
Sahil boyu sürünən
Xırda, narın ləpələr
Dolaşır ayağıma.
Yosun qoxusu gələn havada
Qağayıların səsini
Dənizdən əsən külək
Gətirir qulağıma
-deyən şair özünün küləkli dəniz təbiətini bir daha ortaya qoyur…
Dənizə bu qədər bağlanmaq da heç insafdan deyil…
Комментариев нет:
Отправить комментарий