25.12.2010

Sosial iş nədir?

Dilqəm Əhməd
dilqemehmed.wordpress.com


Ölkəmizə vətəndaş cəmiyyəti quruculuğu prosesinin başlanmasından sonra gələn bu ixtisas çoxşaxəliliyi və geniş fəaliyyət istiqaməti ilə seçilir. Qısa olaraq desək, “sosial mühitdə insan” konsepsiyasını rəhbər tutan sosial işin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllində köməkçi olmaq, onların cəmiyyətə inteqrasiyasını bərpa etmək, qrup və icmaların sosial və psixoloji ehtiyaclarını müəyyənləşdirmək və sosial siyasətin hazırlanmasında iştirak etməkdir. Sosial iş xüsusi elm sahəsinə çevrilməmişdən öncə cəmiyyətdə filantropiya şəklində özünü göstərir, müxtəlif dini vəqflərin fəaliyyətində ilkin işartılarına rastlanır. XX əsrin sonlarından etibarən isə ABŞ, İngiltərə, Almaniya kimi qabaqcıl dövlətlərdə mühazirə və təcrübələrin həyata keçirildiyi məktəblər yaranır. 1910-cu ildə artıq Avropa və Amerikada sosial iş üzrə 14 məktəb fəaliyyət göstərirdi. 1920-ci ildə Çilidə Rene Sandanın uğurlu mücadiləsindən sonra yaranan məktəb Latın Amerikasında sosial iş üzrə ilk məktəb olur.
Azərbaycanda əsrin əvvəllərində mövcud olan xeyriyyə cəmiyyətləri müəyyən qədər sosial işin ilkin qığılcamlarını özündə ehtiva etsə də, SSRİ dönəmində xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətdən təcrid edilməsi, onların sosial və psixoloji tələbatlarının müavinətlərlə kompensasiya edilməsi müstəqilliyin qurulmasından sonra yeni problemlərə rəvac vermiş oldu. Xüsusən Qarabağ müharibəsinin başlaması nəticəsində yaranan yeni problemlər (əlillik, işsizlik, kişilərin müharibədə bioloji, Rusiyada isə mənəvi ölümü, ailədaxili münaqişələrin şiddətlənməsi və bunun nəticəsində kimsəsiz uşaqlar sindromunun aktuallaşması, aztəminatlı ailələrin çoxalması) və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində Azərbaycana ayaq basan QHT-in fəaliyyəti sosial işin gərəkliliyini isbatladı. İlk olaraq Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə sosial işçilərin hazırlanması üçün BDU-da magistr, ardınca bakalavr pilləsi fəaliyyətə başlayır. Sevindirici haldır ki, ACİ yeni sahə olduğundan ilk məzunlarının ənənəvi sovet təfəkkürlü müəllimlər tərəfindən “şikəst” olmasının qarşısını alaraq, xüsusi layihə ilə bu ixtisas üzrə Qərbdə təhsil almış gənc müəllimləri universitetə cəlb edir.
Hazırda Azərbaycanda sosial işlə məşğul olan QHT-lər daha çox uşaq problemlərinin həlli istiqamətində fəaliyyət göstərirlər. 2006-cı ildə qəbul edilmiş de-institutlaşma ilə bağlı dövlət proqramı hökumətin müvafiq orqanları ilə bir sıra QHT-lər tərəfindən birlikdə həyata keçirilir. Fiziki qüsurlu şəxslərin inkluziv təhsilə cəlb olunması, zorakılıq, təcavüz, narkomaniya hallarının qarşısını almaq, qanunla münaqişədə olan uşaqların reabilitasiyasını həyata keçirmək, daun sindromu, epilepsiya kimi xəstəliklərlə doğulan uşaqların bacarıq və vərdişlərinin artırılması istiqamətində uğurlu layihələr hazırlanmaqdadır. Əgər nəzərə alsaq ki, hər gün portallardan intihar hallarının, təcavüz olaylarının günü-gündən çoxaldığını, ailəiçi münaqişələrin şiddətləndiyinin şahidi oluruq, sağlam cəmiyyətin qurulması üçün sosial işə nə qədər ehtiyac olduğunun fərqinə varmış olarıq. Sonuc olaraq qeyd edim ki, sosial işin etik qaydaları 4 təməl prinsipə söykənir: xidmət etmək, sosial ədalət, dəyərlərə hörmət, dürüstlük.

Комментариев нет:

Отправить комментарий