21.12.2010

İsrail - Türkiyə: Müharibə ola bilərmi?

pero.azersayt.com

               Bəs Azərbaycanın reaksiyası necə olmalıdır?

Bir neçə il əvvəl bu iki ölkə arasında müharibə olacağını demək mümkün deyildi. Ancaq Ərdoğan Pereşə "one minute" dedikdən sonra həmin "dəqiqə"nin fəsadları davam edir. Əslində fəsad deyilməsi bir qədər doğru olmaz, çünki "fəsad" səhvlərin nəticəsinə deyilir. Ərdoğanın kimlərəsə populist görünən, kimlərəsə onu sevdirən bu hərəkəti yəhudi və türk xalqı üçün fəsadlar törədə bilər. Və Türkiyə "Kurtlar Vadisi" serialında "Mossad"ı çirkin işlərdə suçlamaqla, yəhudilərin rəmzini qanlı şəkildə kadra salması vəziyyəti daha da qəlizləşdirdi. İsrailin münasibəti isə oyuncağı əlindən alınmış uşaq variantı idi. Avropa mətbuatı isə bu ərəfədə Türkiyə və İsrailin üzdə düşmən, arxada dost olduğunu qeyd edirdi. Bu fikirlərə bir qədər şübhə gətirən İsrailin beynəlxalq sularda Qəzzaya yardım daşıyan türk gəmisinə basqını oldu. "Biz ağ bayraq qaldırırq, hələ də bizə hücüm edirlər" deyən gəmi heyətinin bu sözləri yayımlanan kadrlarda eşidilməsəydi, İsrailin " silahdan ilk öncə türklər istifadə etdi" fikrinə bəlkə inanmaq olardı.

Ərdoğanın Latın Amerikasına səfərini yarımçıq qoyan bu olay qabardılsa "Yaxın Şərq" də ilk "barıt çəlləyi" partladıla bilərmi? Türkiyənin baş nazirinin qətiyyəti məlumdur. "Qarabağ problemi həll olunmayınca Ermənistanla sərhədlər açılmayacaq" deyən Ərdoğan hələ ki, sözünün ağasıdır. (Bizim rəsmilər və qeyri -rəsmilər buna inanmasalar da, "bayraq sorunu" yaratsalar da belə)

Hər halda Ərdoğan son sözünü deməyincə məsələnin həlli və davamı qaranlıq qalacaq. Bunu İsrail və Türkiyə arasında oyun kimi də düşünmək olar. AKP növbəti seçkilərə xal qazanmaq üçün bu ixtişaşdan istifadə edə bilər.

Ümumiyyətlə, Türkiyəyə müharibə sərf edirmi?

"Yurdda sülh, cahanda sülh" - devizi nə qədər davam edəcək? AKP - nin yetərincə kompromistə gedən bir hakimiyyət olduğunu nəzər alsaq müharibə inandırıcı görünmür. Ardıyca Bülənt Arıçın " Bizim bu olaya görə müharibəyə başlayacağımızı gözləməyin " deməsi də hərb yolunu istisna edir.

Məsələnin bizə dəxli olan hissəsinə nəzər salaq. "Qardaşmı əsas, dostmu əsas?" dilemması qarşısında qalan Azərbaycan hələ ki rəsmi səviyyədə heç bir reaksiya verməyib. Burda dördüncü bir ölkənin adının çəkilməsi labüddür - Azərbaycanı sionist rejimlə rəsmi və qeyri - rəsmi səviyyədə yüksək əlaqələr qurması İran telekanallarının əsas tənqid mövzularındandır. Amma deyəsən, Əhmədnedjatın Sərkisyanla qucaqlaşması islam ölkəsinin vicdanına sığırdı. İndiki vəziyyətdə isə İranı suçlamaq Azərbaycanın işinə yarımır.

Əgər müharibə olarsa, Azərbaycanın mövqeyi bəlli deyil. Təsəvvür edək ki, İranla Türkiyə eyni "səngər"də İsrailə, sonra da ABŞ - a meydan oxuyacağı təqdirdə rəsmi Bakının İsraillə əlaqələrinin davam etməsi nə qədər gülünc görünəcək. Türkiyəyə dayaq olduğumuzu nümayiş etdirmək üçün qardaş ölkəylə həmrəy olub eyni reaksiyanı gecikmədən vermək lazımdır. Bir neçə il əvvəl beynəlxalq aləmdə İran təklənmişdi. İndi isə onun yerini İsrail tutub. BMT son olayla bağlı İsrailin hərəkətini pisləyəndə təkcə ABŞ Yaxın Şərqdəki müttəfiqini tək qoymadı. ( Amma İsrail - ABŞ münasibətləri də əvvəlki səviyyədə deyil).

Azərbaycanın İsrailə qarşı çıxış etməsi heç bir təhlükəyə yol açmır. Əksinə, İsrailə qarşı gecikən reaksiya Türkiyə iqtidarını deyil, müxalifətini, sadə camaatı da incik sala bilər. Türkiyəli jurnalist M. Birandın ANS telekanalına dediyi kimi, "sizi yanımızda hiss edək". Bugün Qarabağ və "qondarma erməni soyqırmı" cəbhəsində az qala bütün yükü çiyninə götürən Türkiyəyə, hər kəsdən çox Azərbaycanın dəstəyi gərəkdir.

Tamamilə fərqli yanaşsaq görərik ki, bu gün Türkiyə - İran "ilişkiləri"ndə həlqənin üçüncü hissəsi Azərbaycanın olmalıdır. Uzun müddət Rusiya - ABŞ qarşısında balanslı siyasət aparan Azərbaycanın artıq şimal qonşunu seçməklə onsuz da, ABŞ - la münasibətlərə kölgə salıb. Qonşu ölkələrin yaxınlaşması fonunda hələ də seçim etməyib "dost" İsrail xatirinə susmaq gərəksizdir.

III Dünya Müharibəsi olarsa (yeri gəlmişkən, öngörücü Vanqanın proqnozlarına əsasən 2010 - cu ilin noyabrında) Türkiyə - İran - Rusiya eyni maraqlardan çıxış edəcək. Azərbaycanın isə neytral qalmağa haqqı yoxdur.

Dünya müharibələri həmişə kiçik bəhanələrlə başlayıb. Əsl səbəblər isə dünyanı yenidən bölüşdürmək olub. Ərdoğan türk gəmisinə olan basqını bəhanə kimi gətirə bilər, və heç bir rəsmi açıqlamayla razılaşmadan müharibə edə bilər. Fələstinə yardım aparan gəminin qarşsını kəsən İsrailin isə mövqeyinin qəti olacağı gözlənilir.

Türkiyə isə dünyanın taleyini "one minute"- a həll edə bilər...

Bəlkə də müharibə olması aktual deyil, amma elə vəziyyətlərdə Azərbaycan balanslı siyasətdən imtina etməlidir.

P.S Son məlumata görə Azərbaycan XİN açıqlama verib. “Azərbaycan Qəzza zolağına humanitar yardım aparan gəmi karvanının İsrail hücumuna məruz qalmasını pisləyir”.

Комментариев нет:

Отправить комментарий