23.12.2010

Kənan Hacı Yazıçılar Birliyini niyə tərk edib?

Müsahibimiz gənc yazar Kənan Hacıdır 

       “ƏDƏBİYYAT- ETİRAZ AKTIDIR, O DÖVLƏTƏ SIĞINA BİLMƏZ”

   “Jurnalistlərin ədəbi tənqidlə məşğul olması quş qripi kimi mövsümi xəstəlikdir”

-Kənan bəy, son vaxtlar çox fəal görünürsünüz.
-Bilirsiniz, yazıçının içində daxili balans pozulursa bu yaradıcılığa da mənfi təsirini göstərir. Bir müddət məndə depressiya yarandı, az qala ədəbiyyatdan birdəfəlik üz döndərmək qərarına gəlmişdim. Sonra anladım ki, burda ədəbiyyatın heç bir taqsırı yoxdur, bəlkə də şəxsi həyatımdakı uğursuzluqlar yaradıcılığa impuls verdi və bu dövr məndə çox ağrılı keçdi. Bir ara mən içimdəki enerjini publisistikada realizə etməli oldum.

-Bəs indi vəziyyət necədir?
-İndi daxili rahatlıq hissi ilə ancaq yaradıcılıqla məşğulam. Amma bəzən özümə kənardan baxanda, öz işim haqqında düşünəndə məni bu qəribə işə sövq edən səbəbi müəyyənləşdirə bilmirəm. Yəqin başqalarında da belədir.

- Qan Turalı öz yazılarından birində sizi mövqeyi bəlli olmayan yazar adlandırmışdı. Bəlkə öz mövqeyinizi açıqlayasınız?
-Qan Turalı mənim mövqeyimə kifayət qədər bələddir, mən öz mövqeyimi onun rəhbərlik etdiyi “abzas.net” saytındakı yazılarımla ortaya qoymuşam. Mən belə fikirləşirəm ki, yazıçılığa iddialı olan şəxs hər zaman haqqın yanında olmalıdır, şərin, haqsızlığın yox. Öz şəxsi mənafeləri naminə ədəbi ideallarına arxa çevirənləri mən anlaya bilmirəm. Məhəmməd peyğəmbər də buyururdu ki, haqsızlıq önündə susan mənim hümmətimdən deyil. Quranda da var ki, haqsızlığı görüb susanın günahı o haqsızlığı törədənin günahından min qat ağır olacaq.

-Hicab məsələsinə münasibətiniz necədir?
- Bu problemi yaradanlar ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrdir. Onlar dindarların radikallaşmasından istifadə edərək öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Bir də ki, məgər təhsilin hicabdan başqa heç bir problemi yoxdur? Azərbaycan təhsili acınacaqlı bir durumdadır, şəhər məktəblərində normal dərs deməyi bacaran bir düz əməlli müəllim tapa bilmirlər, Boloniya sistemi rüşvətin ancaq bir kanala axmasını təmin etmək üçün yaradılmış sistemdir. Bunları sadalamaqla Amerika kəşf etmirik. Saxta seçkilərdə müəllimlər həmişə vasitə olublar, şagirdlər bir yana, müəllimlərin özlərinin ciddi şəkildə tərbiyəyə ehtiyacı var. Mən çox istəyərdim ki, bu qədər problem var ikən valideynlər hicab provokasiyasına uymasınlar. Çünki bu proses dindarlarla sadə əhali arasında təbəqələşməyə gətirib çıxaracaq ki, bunun da çox acı nəticələri ola bilər.

-AYO-çular Milli Kitab Mükafatını boykot etdilər, daha sonra başqa bir ədəbi qrup da bu müsabiqədə iştirak etməkdən imtina etdi. Sizin münasibətinizi bilmək istərdik.
-Mənim fikrimcə, ədəbiyyat adına keçirilən hər bir müsabiqə alqışlanmağa layiqdir. Çünki bu layihələr, müsabiqələr ədəbiyyatın, kitabın gündəmdə qalmasına xidmət edir. Xüsusən, biz gecə-gündüz baş sındırırıq ki, kitaba marağı necə artıraq. Belə bir vaxtda hansısa kitab müsabiqəsini boykot etməyi düzgün addım saymıram. Düzdür, keçən müsabiqədə ümidlər özünü doğrultmadı, seçim prosedurunda kifayət qədər qaranlıq məqamlar ortaya çıxdı. Mən də buna kəskin etirazımı bildirmişdim. Amma bu ilki müsabiqədə münsiflər heyətində Şahbaz Xuduoğlu, Niyazi Mehdi kimi obyektivliyinə şübhə etmədiyim insanlar yer alır. Mən Şahbaz bəyin səmimiyyətinə inanıram və bu barədə onunla söhbətimiz də olub. O da mənim bu müsabiqədə iştirak etməyimi istəyir. Hələ qəti qərar verməmişəm. Amma mənim iştirak edib-etməməyimdən asılı olmayaraq Şahbaz bəyin ümidlərinin puça çıxmasını istəməzdim.

-AYB-dən istefa verməyiniz nəylə bağlıydı? Birdən-birə bu addımı atmağınıza səbəb nə oldu?
-Mən bu suala artıq mətbuatda cavab vermişəm. İnnən belə bu haqda danışmağa həvəsim yoxdur. Ədəbiyyat – etiraz aktıdır, o heç vaxt dövlətə sığına bilməz. AYB dövlətə sığınan, müstəqil olmayan bir təşkilatdır. Əslində, bütün dövrlərdə hakimiyyət ədəbiyyatı inhisara almaq üçün yollar axtarıb. Çünki ədəbiyyat qədər rejimi sarsıda bilən ikinci bir qüvvə yoxdur.
Bir səhv idi, eləmişdik, səhvimizi düzəltdik. Mənim AYB üzvü olub-olmamağım heç nəyi dəyişmir. Yazar üçün bu, problem olmamalıdır. Sadəcə, bu da etirazın bir növüydü. Axı yazar təkcə oturub yazısını yazmamalıdır, yazarın bir ictimai missiyası da var. Bu ölkədə ictimai ideallar uğrunda savaşan yazarlar var. Onları görməzlikdən gəlmək nə dərəcədə ədalətlidir? Bundan sonra istəməzdim ki, AYB mənim üçün söz konusu olsun.

-Son vaxtlar ədəbi tənqidlə də məşğul olursunuz. Hətta sizi tənqidçi kimi təqdim edirlər. Özünüzü tənqidçi sayırsınızmı?
-Vallah, mən peşəkar tənqidçi deyiləm. Bir dəfə demişdim, yenə təkrarlayıram, tənqid məfhumu sovet sisteminin yazarlara qarşı təzyiq vasitəsi kimi ortaya atılıb. İndiyə gəldikdə isə Əsəd Cahangiri çıxmaq şərtiylə, Azərbaycanda peşəkar ədəbi tənqidlə məşğul olan bir adamın adını çəkə bilməzsiniz. Hərçənd, bəzən o da tərəzinin gözünü əyir. O ki, qaldı mənim tənqidlə məşğul olmağıma, yəqin ki, Azadlıq radiosunun “Oxu zalı”ndakı yazılarımı nəzərdə tutursunuz. Mən o yazıları ədəbiyyatşünaslıq baxımından tənqid hesab etmirəm, sadəcə, bir yazar olaraq yeni yaranan əsərlər haqqında öz fikirlərimi yazmışam. Əkrəm Əylislinin sözü olmasın, indi jurnalistlər də ədəbi tənqidə qurşanıblar və özlərini tənqidçi qismində təqdim edirlər. Bu da quş qripi kimi mövsümi bir xəstəlikdir, yəqin ki, zaman keçdikcə aradan qalxacaq.

- Bir şeirinizdə deyirsiniz ki, “dünyanın hər yerində eyni dildə danışır Allah”. Heç Allahla ünsiyyətə can atmısınız?
-Uşaqlıqda məscidə gedib Quran dərsi almışam, namaz qılmışam. Təzə romanımda bu barədə yazmışam. Səmimi qəlbdən hansısa arzumun yerinə yetməsi üçün Allaha yalvarmışam. O vaxt deyirdilər ki, namaz qılarkən Allahla sənin arana bir kimsənin girməsinə imkan vermə. Mən də qorxudan gözümü canamazın üzərindəki möhürdən çəkməzdim. Böyüdükdən sonra anladım ki, Allahla aranı düz saxlamaq üçün heç də namaz qılmağa gərək yox imiş. Yer kürəsini bir fövqəlqüvvə yaradıb, onun da adını Allah qoyublar. Rusun Allahı ayrı, müsəlmanın Allahı ayrı deyil. O şeirdə də bunu demək istəmişəm. Bu şeir buddizm fəlsəfəsini inkar etməklə yanaşı müsəlmanın Allah haqqında yanlış təsəvvürlərini də alt-üst edir. Söhbət mollaların uydurduğu qorxunc Allahdan getmir.

-Doğurdanmı belə hesab edirsiniz ki, özündən qaçmaq olmur?
- İnsana elə gəlir ki, o özündən qaçıb başqalaşa bilər, bəlkə də bu hardasa mümkündür, amma insan heç vaxt öz mahiyyətindən, öz xislətindən, genetik kodundan xilas ola bilməz. Bu, mümkün deyil. İnsan öz mahiyyətiylə elə özüdür.


Söhbətləşdi: Yeganə Oqtayqızı                                               “Gündəm-xəbər” qəzeti

Комментариев нет:

Отправить комментарий