18.12.2010

İstedadın düşməni haqqında

Elnur Astanbəyli
murdar81@rambler.ru

Son vaxtlar məni ən çox boğaza yığan söhbətlərdən biridir bu - istedadını qəzet səhifələrində tükətmək. Guya qəzet səhifələri istedadsızlar üçündür.
“Sən köşə yazılarına xərclədiyin enerjini yaxşı bir şeirə, yaxud hekayəyə də sərf edə bilərsən” - inanın ki, mən belə zəvzəklikləri eşitməkdən yorulmuşam artıq. Başa düşürəm, kimsə bunu boğazdanyuxarı da deyə bilər, kimsə canıyananlıqla da. Amma istənilən halda, bu öyüd-nəsihətlər yorur məni. Adamlara bu gün ən çox sevdiyim işlə məşğul olduğumu izah etməkdən təngə gəlmişəm.

***

Bəli, mən bu gün ən çox sevdiyim işlə məşğulam - düşündüyüm, hiss etdiyim hər şeyi əlimi əsdirmədən yaza bilirəm. Heç bir yazımı da əbədiyyətə hesablamıram, bu yazdıqlarımın illər sonra taleyinin necə olacağı məni qətiyyən maraqlandırmır. Onların gələcəkdə oxunmaq və xatırlanmaq üçün bir şeir, bir hekayə qədər effektli olmadığı, olmayacağı da qətiyyən vecimə deyil.
Bir ara iqtidarla bağrıbadaş olanlar canfəşanlığa başlamışdılar, hətta hökumətə səslənirdilər ki, niyə bizə (yəni köşə yazarlarına) sahiblənmir, guya hökumət bizə sahiblənmədikcə biz də öz aqressiyamızı, qəzəbimizi qəzet səhifələrindən iqtidara qarşı püskürməklə məşğul oluruq. Deyirdilər, hökumət bizə yaradıcılıq şəraiti yaratmalıdır ki, müxalifət qəzetlərində istismar olunmayaq, başımızı aşağı salıb şeirimizi, hekayəmizi yazaq.
Nə qədər də absurd, nə qədər də komik idi! Millətin qanını və sərvətlərini sümürənlərə züy tutanların zərif qəlbi müxalifət qəzetlərinin bizim istedadımızı “sümürməsinə” dözmürdü! Öz aləmlərində bizə canları yanırdı, bizə yazıqları gəlirdi. Oysa mən həm onda, həm də indi bu cür yazıları, müsahibələri oxuyanda gülürəm, fikirləşirəm ki, ey dadi-bidad, biz bunlara acıyırıq. Bunlara acıyırıq ki, hakimiyyətin süfrəsində qarınlarını otarmaq üçün min cür hoqqadan çıxırlar, min dərədən su gətirirlər, gözlərini həqiqətə yumurlar, qulaqlarını həqiqətə qapayırlar, bunlar isə bizim qeydimizə qalır.
Əslində, belələrini qınamaq fikrim də yoxdur. Onlar hamını öz arşınlarıyla ölçməyi öyrəniblər. Onlar hamının yorğan davası, qarın davası üçün çarpışdığına inandırıblar özlərini.
Və onlara bunu mütləq deməliyəm: qəzetçilik heç vaxt istedadın düşməni olmayıb. Tam əksinə, istedadın meydanı olub. Indiyədək qəzetçilik heç bir istedadı məhv etməyib, əksinə, onun üçün geniş üfüqlər açıb. Mən buna yüzlərcə nümunə göstərə bilərəm. Sizsə əksini bir dənə nümunə ilə belə, isbatlaya bilməzsiniz.
Əgər sizə illah ki, istedadın düşməni, düşmənləri lazımdır, müdafiə etdiyiniz dəyərlərə baxın. Qurduğunuz və qurdla qiyamətədək qalacağını düşündüyünüz, yalnız mədəsindən ibarət olan mənfur sistemə baxın. Buyruqquluna çevrildiyiniz, mənəviyyatı belə rahatlıqla maddiləşdirə bilən mutant rejimə baxın.
Baxın və unutmayın ki, məsələn, Heydər Əliyevin hər addımbaşı qarşımıza çıxan heykəlləri qədər heç nə bir vicdanlı istedadı məhv edə bilməz. O heykəllərin ötürdüyü qara enerji ilə, korladığı ovqatla, zorladığı ruhla ən böyük istedad belə, doğru-dürüst nəsə yaratmaq iqtidarında deyil.

***

Bir də hərdən üzümüzə “filan yazın zəif idi” sözünü vururlar. Sanki biz burda oturub yaxşı yazı müsabiqəsi keçiririk.
Axı bunu anlamaq o qədərmi çətindir ki, bizim istəyimiz, bizim davamız hər gün fövqəladə istedad nümayişi olan nələrsə qaralamaq deyil. Biz Azərbaycanda ümumiyyətlə, yazı ənənəsinin itməməsinə çalışırıq. Yazının yox olmamasına çalışırıq. Yazının itməməsinə çalışırıq.
Məgər hələ də başa düşmürsünüz ki, hakimiyyət ehtirasının, sərvət hərisliyinin əsiri olan bu tayfa bizi hara aparır? Məgər hələ də başa düşmürsünüz ki, belə getsə, əldə qələm tutan adamla üzərində qanunsuz silah gəzdirən cinayətkarın eyni maddə ilə qandallana biləcəyi gün uzaqda deyil?

Комментариев нет:

Отправить комментарий