Lənkəran şəhər sakini, 17 il Nərimanabad qəsəbəsində quşçuluq təsərrüfatına rəhbərlik etmiş, 58 yaşlı, ali təhsilli zoomühəndis Kamal Məmmədov redaksiyaya gələrək bizə maraqlı açıqlamalar təqdim etmişdir. Kamal müəllim bildirir ki, Lənkəran rayon icra hakimiyyəti xalqın dərdinə yanmaq, onun ehtiyaclarını ödəmək, əhalini işlə təmin etmək əvəzinə şişirdilmiş rəqəmlər hazırlayıb hökuməti və xalqı aldatmaqla məşğuldur.
Lənkəran İcra hakimiyyətinin yaydığı hesabatdakı statistik rəqəmlərə diqqət yetirək.
Statistik rəqəmlərdən bəlli olur ki, Lənkəranda il ərzində 22 min ton süd istehsal edilib. Bu, gündə 50-60 ton süd deməkdir. Bu qədər süd istehsal etmək üçünsə, 12 min taxıl, ot kütləsi ilə hesablasaq, 60 min ton quru və yaşıl ot kütləsi lazımdır.
Ət istehsalı guya diri çəkidə 3 min 200 ton olub. Bu rəqəmi də günə böləndə hər günə 4 ton 100 kiloqram kəsilmiş ət düşür. Diri çəkidə olan heyvanın kəsilmiş əti bu qədər olduqda, bunun bir o qədər də tullantısı olur. Bu isə o deməkdir ki, ildə Lənkəranda 1,6 min ton tullantı “istehsal” edilir. İndi sual yaranır: “Bu qədər tullantı necə zərərsizləşdirilir?”
Bu qədər tullantının miqyasını təsəvvür edirsinizmi? Bu, ayda 120 ton, ildə 1600 ton tullantı deməkdir.
Tərəvəzçilikdəki rəqəmlərə diqqət yetirək. Rəqəmlərdə göstərilir ki, Lənkəranda il ərzində 140 min ton tərəvəz istehsal edilir. Bu qədər məhsul harada, hansı torpaqlarda yetişdirilir? Bu rəqəmlər necə toplanır? Hansı sənədlər əsasında tərtib edilir? Bu qədər məhsulu neçə min işçi istehsal edir? Onlar sosial müdafiə fonduna nə qədər pul ödəyir?
Digər bir rəqəm. Lənkəranda il ərzində 10 min ton sitrus bitkiləri istehsal olunur. Bunun dəyəri təxminən 2 milyon manat edir. Bu rəqəmin də haradan götürüldüyü bəlli deyil.
Yumurtaya aid rəqəmlər isə daha gülüncdür. Əgər Lənkəran doğrudan da ildə 12 milyon ədəd yumurta istehsal edirsə, bu, ayda 1 milyon, gündə 35 min yumurta edir. Bu qədər yumurta üçünsə, ən azı 100 min toyuq lazımdır. Həmin toyuqlara gündə 12 ton qarışıq yem verilməlidir.
Demək olar ki, bütün sahələrdə bu rəqəmlər şişirdilir. Lakin bu rəqəmlər haradan götürülür? Doğrudan da, bu qədər məhsul istehsal edilirsə, bunun vergisi, digər ödəmələri milyon manatlarla ölçülür. Lənkəran kənd təsərrüfatı sahəsində bu qədər qazanc əldə edirsə, bu rayon hər il niyə dövlətdən milyon manatlarla dotasiya alır?
Bütün bunlar əhalinin gözünə kül üfürmək, həqiqəti onlardan gizlətmək üçündür.
Lənkəranda rüşvətxorluq, özbaşınalıq baş alıb gedir.
Mən bütün bunlar barədə Lənkəran icra hakimiyyətinə, rayon prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa da rəsmi məktubla müraciət etmişəm. Lakin heç bir təşkilat bunu araşdırmır, başdansovdu cavablarla məktubumu bağlayır. Sonuncu məktubu Lənkəran rayon prokurorluğundan almışam. Onlar da ciddi araşdırma aparmadan, əslində şişirdilmiş rəqəmləri ört-basdır etməklər mənə səthi, əsaslandırılmamış cavab yollayıblar.
cenubxeberleri.com
Комментариев нет:
Отправить комментарий