26.12.2010

"Jalə" şirəsi damla-damlamı toplanır?

abna.ir

Ölkənin meyvə potensialı illik 700 min tondursa, 400 min ton təbii şirəni necə əldə etmək olar?!


Azərbaycanda yerli istehsalın bərbad vəziyyətdə olması sirr deyil. Ölkəmizdə demək olar ki, heç bir sahədə yüksək səviyyədə istehsaldan söhbət gedə bilməz. İstehlak bazarında təhlükəli ərzaq məhsulları tüğyan edir. İstər yerli şirkətlərin istehsal etdiyi malların, istərsə də xaricdən idxal olunanların tərkibində modifikasiya edilmiş maddələr var. Bu mənada son günlərin ən aktual mövzularından biri də Qəbələ Konserv Zavodunda istehsal edilən “Jalə” şirələrinin keyfiyyətidir. “Yeni Müsavat” olaraq dəfələrlə bu şirələrin keyfiyyətsiz olmasından yazmışıq. Bunu sübut edən ən adi məqam “Jalə”ni içdikdən sonra ağızda qalan acı daddır. Yəqin ki, çoxunuz bu dadı hiss etmisiniz. Hətta restoranlarda məcburi qaydada süfrəyə qoyulan “Jalə”ni məclis iştirakçıları istifadə etmirlər. Bu halla dəfələrlə özümüz şəxsən rastlaşmışıq. 

Məsələ ondadır ki, “Jalə” şirələri heç də televiziyalarda reklam edildiyi kimi, nə damla-damla toplanır, nə də yüz faiz təbiidir. Əvvəla, Azərbaycanda yetişməyən meyvələrin burada necə damla-damla toplandığı sual doğurur. Elə bu günlərdə ATV telekanalında yayımlanan “El içində” verilişində bu sual “Jalə”ni istehsal edən müəssisənin nümayəndələrinə ünvanlandı. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun “bananı necə damla-damla toplayırsınız və necə olur ki, bananın şirəsi özündən ucuz olur” sualına şirkət təmsilçilərinin cavabı da qəribə oldu. Onlar müqavilə əsasında xaricdən banan püresi gətirdiklərini bildirdilər. 
İkincisi, ölkədə bir ildə təxminən 700 min ton meyvə istehsal edildiyi halda, təkcə “Jalə” şirələrinin illik istehlakı qeyri-rəsmi məlumatlara görə, 400 min litri keçir. Ekspertlər isə bildirirlər ki, bir litr şirəni almaq üçün ən yaxşı halda 3 kiloqram meyvə lazımdır. Bu, ən sulu meyvələrə aid olan bir göstəricidir. Hətta elə meyvə var ki, onun 5-6 kiloqramından 1 litr təbii şirə almaq zorla mümkün olur.
Odur ki, “Jalə”nin yüz faiz təbii olmadığı barədə iddialar heç də əsassız sayılmamalıdır. Yayılmış məlumatlara görə, şirənin hazırlanması üçün qarışıq, meyvə tamı verən maddələr İsraildən gətirilir. Həmin maddələrin insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu vurğulanır. Belə ki, “Jalə”nin hazırlanmasında istifadə edilən bu maddələr xərçəng və digər ciddi xəstəliklərin yaranmasına yol açır. Üstəlik, Qəbələ Konserv Zavodunda şirə hazırlamaq üçün xaricdən gətirilmiş banan püresindən istifadə edildiyi bildirilir. Şirə istehsalı sahəsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğundan müvafiq qurumlar - Səhiyyə Nazirliyi, o cümlədən Standartlaşma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi məsələnin üstünü açıb-ağartmırlar.
Onu da qeyd edək ki, “Jalə” şirələri Azərbaycanda “Gilan Holdinq” tərəfindən istehsal edilir. K.Heydərovun oğlu Taleh Heydərova məxsus olan “United Enterprises İnternational” şirkəti həm də “Gilan Holdinq”in beynəlxalq distribyutorudur. Həmin şirkət vasitəsilə “Jalə” şirələri artıq Almaniya və İngiltərə bazarlarına çıxarılır. Elə “Jalə”nin yeni saytında - www.jalajuice.com-da məlumatlar da yalnız alman və ingilis dillərindədir. 
Şirkət Avropa bazarlarına dörd növ - nar, albalı, ərik və qara qarağat şirələrini çıxardır: “Bu şirələrin hamısı Azərbaycanda yüksək keyfiyyətli meyvələrdən istehsal edilib”. Üstəlik, xaricə çıxarılan “Jalə” şirələri Azərbaycan bazarına çıxarılan şirələrdən tərkibinə və keyfiyyətinə görə fərqlidir. Həmin saytın yalnız ingilis və alman dillərində olması deməyə əsas verir ki, xaricə çıxan “Jalə” həqiqətən də xüsusi diqqətlə hazırlanır. Çünki daxili auditoriya üçün nəzərdə tutulan gilan-jale.com saytında baş səhifədən başqa heç bir səhifəni açmaq, şirə haqda hər hansı məlumat almaq mümkün olmur.

Комментариев нет:

Отправить комментарий