19.12.2010

Nokia N8 – Röya hara, texnologiya hara?!

İlgar Mirza 
parketinq.com 

İnternetdə dolaşarkən təsadüfən Röyanın iştirakı ilə Nokia-nın yeni N8 modeli üçün çəkilmiş video çarxa rast gəldim. Bu video diqqətimi dərhal çəkdi, çünki texnologiya sahəsində beynəlxalq brendlərin yeni və məşhur modelləri üçün Azərbaycanda xüsusi çarxlar çox nadir hallarda çəkilir.

İlk baxışdan çox səliqəli görünsə də, bir sıra xətalar reklamın xarizmasını pozur.

Reklamın səliqəli görünməsi, sadə və aydın olması ilə hamı razılaşar, lakin etiraf edək ki, bir reklam çarxı üçün çox uzun alınıb.

İkincisi, Röyanın bəzən süni emosiyalarının heç yeri yox idi (düzü, mən Röyanı daha artistik hesab edirdim). Elə bil, erotik film üçün həzz imitasiya edir. Röya özünü ağıllı və texnikadan başı çıxan kimi göstərməyə çalışır. Əgər bu sadəcə imic reklamı olsa idi, bəlkə də Röya uğurlu seçim olardı. Razılaşaq ki, o, texniki bir şeyi izah etmək üçün ideal namizəd deyil. Psixoloji olaraq belə bir stereotip var ki, kişilərin texnologiyadan daha yaxşı başı çıxır.

Üçüncüsü, kopiraytinqi apar tulla. Ssenaridə əlavə, yüksüz sözlər, cümlələr çoxdur və çarxın səliqəliliyini çırpır yerə. Misal üçün, “Salam. Mən Röyayam, məşhur müğənni. Yəqin ki tanıdınız” hissəsinin heç yeri yox idi. Boş-boşuna 6-7 saniyə vaxt tutur. Ardınca gələn “Müasir texnologiyalar bla bla bla” cümləsi də quru və şablondur. Sonra, fotodan danışarkən əlaqəsiz formada videoya keçir (1:01 saniyəsində). HDMI haqqında olan cümlədə üç “və” bağlayıcısı var. Final cümlədə isə kopirayter daha böyük səhv buraxılıb: “Bu qədər. Unutmayın ki, yeni Nokia N8 reallığın yeni sərhədlərini açır”. “Bu qədər” ifadəsi bitkinlik bildirir (N8-in imkanları bunlarla bitirmi?) və şüuraltı olaraq “yeni sərhədlər açır” ifadəsi ilə ziddiyət təşkil edir.

Dördüncüsü, kopiraytinqdə konsepsiya xətaları da az deyil”… düşünürəm yeni klipimi N8-ə çəkim” ifadəsində ideya xətası var. Bir az başı çıxan deyəcək ki, “klip çəkmək olursa, nə üçün elə bu çarxın özü N8-ə çəkilməyib?”. “Gördüyünüz bu çarx N8-ə çəkilib” ifadəsi daha güclü səslənməzmi?! Digər tərəfdən, mənim sirrim” deyir, amma telefonu çanta və ya əlindən deyil, qutusundan çıxarır.

Daha sonra, kompüter və çərçivəyə oxşar əşyalar lazım deyil deyir, lakin onlar sonra qədər stolun üstündə və planlarda qalır. Eyni zamanda açıq qutunun tez-tez görünməyi də estetikanı pozur.

Beşincisi, dinamika yoxdur. Sıxıcıdır. Çəkiliş planları çox az dəyişir. Misal üçün, Linaları deyərkən fotoaparatı daha böyük, makro planda göstərmək lazım idi.

Bütün bunlara baxmayaraq video səliqəli alınıb – montaj, işıq və səs qaydasındadır. Müqaisə üçün, Azerfon-Vodafone üçün çəkilmiş ilk çarxdan 100 dəfə keyfiyyətlidir və mesaj aydın çatdırılıb.

Bir də, diqqət edib gördüm ki, video Youtube-a TheNokiaAz adlı istifadəçi tərəfindən yerləşdirilmiş ilk videodur və güman ki, bu Nokia-nın Azərbaycandakı rəsmi diskribüteri olan Mobitel şirkətinə məxsudur. Bir çox şirkətlərimizdən fərqli olaraq onların sosial mediaya önəm verməsi böyük bir üstünlükdür.

Комментариев нет:

Отправить комментарий