22.12.2010

Qarabağanik

Əsəd Qaraqaplan

Məhşur “Titanik” filminə ilk dəfə baxandan sonra mənə elə gəldi ki, Qarabağ da bir gəmidi – içində çoxlu adam olan gəmi. Və bir gün ermənilərlə – aysberqlə toqquşub tarixin – suların dibinə gömülən..

Məni ən çox dəhşətə gətirən odur ki, burda xarici oxşarlıqdan daha çox, zahiri – mahiyyət etibarıyla olan oxşarlıqdı.

Necə?

Əgər “Titanik” filminə baxmısınızsa, yadınıza gələr ki, aysberqlə toqquşub yarılanda su ilk olaraq aşağıdan dolmağa başlayır gəmiyə.

Bəs burda nə olur?

Burda ilk olaraq cəmiyyətin ən aşağı təbəqəsi, gəminin ən aşağı mərtəbəsində, mühərriki hərəkətə gətirməkçün daş-kömür atan qullar boğulub ölməyə başlayırlar.

Qarabağ savaşında müharibədən qaçıb gizlənməyə, arxa cəhbədə qulluq eləməyə pulu, adamı olmayan və hər kəsdən öncə şəhid olan ən kasıb təbəqənin oğulları kimi..

Su yavaş-yavaş yuxarı mərtəbəyə qalxmağa başlayır. Və cəmiyyətin ən sadə, ən kasıb adamlarının toplaşdığı mərtəbəni basıb, indi ordakıları boğub öldürməyə başlayır.

Qarabağ savaşında çox az hissəsi qaçıb gizlənməyə, arxa cəhbədə qulluq etməyə gücü çatan cəmiyyətimizin orta kasın təbəqəsinin oğulları kimi..

Və su bir az daha qalxıb növbəti mərtəbəni – orta təbəqənin yaşadığı mərtəbəni basmağa başlayır. Üst mərtəbələrə qaçın qurtulmağa çalışan adamların, demək olar ki, yarısı yerindəcə qırılmağa başlayır.

Qarabağ savaşında yarısı qaçıb gizlənmiş, ya da arxa cəhbədə sığınacaq tapmış cəmiyyətimizin orta təbəqəsinin oğulları kimi..

Sonra nə baş verir?

Gəminin yavaş-yavaş batdığını görən ən yüksək təbəqənin nümayəndələri – aristokratlar, əvvəlcədən onlarçün ehtiyata nəzərdə tutulmuş qayıqlara minib qaçmağa çalışırlar. Hətta demək olar ki, hamısı qayıqlarda batmaqda olan gəmidən uzaqlaşmağı da bacarırlar.

Qarabağ savaşında pulun, vəzifənin, adamın hesabına qaçıb xarici ölkələrdə, evlərində gizlənən cəmiyyətimizin ən varlı, ən yüksək təbəqəsinin oğulları kimi..

Sonda nə olur?

Okeanın – zamanın soyuğunda, şaxtasında hamı bir nəfər kimi donub ölməyə başladı, varlı da, kasıb da. Və səhv etmirəmsə, cəmi 6 nəfər sağ qalır ki, bunlar da çox az olmaqla bərabər, cəmiyyətin müxtəlif təbəqələrindən olan adamlar idilər..

– Yenə Qarabağ savaşı davam edir.

– Yenə ən ön cəhbədə ən aşağı təbəqənin oğullarıdı.

– Yenə nisbətən arxa cəhbədə, çox az hissəsi qaçıb gizlənməyi bacaran orta kasıb təbəqənin oğullarıdı.

– Yenə yarısı qaçıb gizlənmiş, yarısı arxa cəhbədə qulluq edən cəmiyyətmizin orta təbəqəsinin oğullarıdı.

– Yenə xarici ölkələrdə, evlərində gizlənən ən varlı, ən yüksək təbəqənin oğullarıdı..

Ama bircə Zaman – okean qalır ki, hamının bir nəfər kimi qırıldığını, cəmiyyətin mütəlif təbəqələrindən olan çox az adamın salamat qaldığını görək..

Nə yazıq ki, bugün Azərbaycan ədəbiyyatı da “Titanik”, “Qarabağanik”tək bir qəza halında olan gəmi kimidi. Başda oturanlar bathabatda qaçmağa yerləri olacağını düşündüklərindən sözə qarşı laqeyd və məsuliyyətsizlik (bu birbaşa istedadsızlıqla bağlıdı) yanaşır, özləri də əxlaqi cəhətdən problemlidilər. Ama burda “Zaman – Okean” məsələsini xatırlamaq lazımdı ki, “onlar” çox da arxayın olmasınlar..

P.S. Yazı başlığının qulağını kəsdiyimiz erməni qulduru Andıraniklə əlaqəsi yoxdu..

                                                                                                      elpress.az 

1 комментарий:

  1. Анонимный14.06.2011, 08:10

    elə isə kasıblar üçün bir gəmi,varlılar üçün ayrı gəmi duzəltsinlər.

    ОтветитьУдалить