İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) orta təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə araşdırmaların nəticələrini açıqlayıb. Azərbaycan 65 ölkəni əhatə edən qiymətləndirmələrdə 64-cü yerdə qərarlaşıb. Bundan öncəki qiymətləndirmədə Azərbaycan 57 ölkə arasında 55-ci olmuşdu. Bu il isə 7 pillə də geriləmişik.
Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi (Programme for İnternational Student Assessment - PİSA) adlanan bu proqram 2000-ci ildən tətbiq olunur və 3 ildən bir keçirilir. Sonuncu test 2006-cı ildə keçirilmiş və 57 ölkənin 400 min 15 yaşlı şagirdini əhatə etmişdi.
PİSA riyaziyyat, təbiət fənləri və oxuyub-qavrama üzrə bilikləri yoxlayır. 2009-cu ilin nəticələrinə görə, Azərbaycanın 15 yaşlı şagirdləri riyaziyyatdan 373 bal (2006-cı ildə 382 bal), təbiət elmlərindən 431 bal (2006-cı ildə 476 bal), oxuyub-qavramadan isə 353 (2006-cı ildə 362 bal) toplaya bilib. Bu, Qırğızıstan istisna olmaqla iştirakçı ölkələr sırasında ən pis nəticədir. Keçmiş SSRİ ölkələrindən, əhalisi bizdən 6 dəfə az olan Estoniya isə həmin yarışmada 12-ci nəticə göstərib.
Qısa şərh: Göründüyü kimi, bu, respublika üzrə göstəricidir. Görəsən, ölkədə təhsil sahəsində biabırçı nəticə göstərən, bu ilki buraxılış imtahanlarının nəticələrinə görə ölkə üzrə sonuncu yer tutan Masallı rayonunda nəticələr necə olar? Məhz ölkə təhsilini belə rayonlar geri çəkmirmi? Görəsən, rayon rəhbərliyi bu biabırçılıqdan nəticə çıxartdımı? Gözləmək olardı ki, icra hakimiyyəti yanındakı şurada, müəllimlər konfransında və digər rayon miqyaslı tədbirlərdə bu, təhsil biabırçılığı kəskinliyi ilə müzakirə olunacaq, təhsili alverə, bazara çevirənlər layiqincə cəzalanacaq, Lakin olmadı. Hamı ağzına su alıb susdu. Bir kənddə balaca bir bulaq tikiləndə, onun açılışında yan-yana sıralanan rəhbərlər bu dəfə cınqırlarını çıxartmadılar. Halbuki, məlumat təhsil naziri səviyyəsində televiziyada səslənmişdi. Masallının icra başçısı Qəzənfər Ağayev də bu biabırçılığı dilinə gətirmədi. Belə zir-zibilləri ört-basdır etməklə onları “sağaltmaq” olarmı? Bolşeviksayağı “arzuolunmaz” təhsil ocaqlarında yoxlamalar aparıb, bəzi saxtakarların əməllərinə göz yummaqla belə biabırçılıqları aradan qaldırmaq mümkündürmü? Nə qədər ki, Masallı təhsilinin “təkərləri” birinin əlində, “sükanı” başqalarının əlində olacaq, rayonun rəhbəri gənclərin tərbiyəsindən daha çox o kəndin, bu kəndin on hektarlarla torpaqlarını, su hövzələrini çırpışdırmala məşğul olacaq, yəqin ki, bundan da betər nəticələrin şahidi olacağıq.
Комментариев нет:
Отправить комментарий