Mirmehdi Ağaoğlu Azad Yazarlar Ocağı
Türkməni yalnız türkmən türkmən edə bilər!
“Ruhnamə” 2-ci fəsil 36 –cı ayə
Bu yazını rəhmətlik Türkmənbaşı Saparmurat Niyazovun vəfatının ildönümü münasibətilə də yazmaq olardı. Amma biz “şesterna”dan qabaq fırlanmaq qərarına gəldik.
Saparmurad Niyazov 1985- ci ildən 2006- cı ilə kimi Türkmənistanın başı olub. Və bu müddət ərzində bir çox işlər görüb. Onun şah əsəri “Ruhnamə” idi. Elə rəhmətlik özü də şah olmaq istəyirdi. Arzusu burnunda qaldı.
Türkmənbaşı özünün ağlasığmaz proyektləri ilə türkmən xalında öz şəxsiyyəti haqqında fövqəlbəşəri bir rəy formalaşdırırdı. Məsəl üçün 2000-ci illərdən başlayaraq qəflətən Türkmənbaşının saçları qaralmağa başlayır. Mərhumun mənfur düşmənləri bunu onun saçlarını rəngləməsi ilə əlaqələndirsələr də rəsmi Türkmənistan açıqlama verir ki, Türkmənbaşı cavanlaşır və saçları yenidən qaralmağa başlayır. Təbii ki, türkmən xalqı rəsmilərin sözünə inanır.
Türkmənbaşı şərq nağıllarından ötrü sinov gedirmiş. Hətta özünü şərq nağıllarının personajlarına da bənzədirmiş. O da Şah Abbas kimi arada təğyiri – libas olub çıxırmış Aşqabadı gəzməyə görsün ki, onun qoyduğu qanunlara əməl olunurmu.
Görəsən Türkmənistanda qızıl dişli adam qalmayıb ki ?
Cavan oğlanlar qara kostyum ağ köynək, qalstuk, başlarında araqçın, qadınlarsa uzun hörükdə, milli geyimdə gəzirlərmi?
Cavanlar internetdən istifadə etmirlər ki?
Maşınlarda radio – maqnitofona qulaq asmırlar ki?
Aşxabadlılar bir dənədən artıq ev heyvanı saxlamırlar ki?
Hamilə qadınlar yalnız quzu əti yeyirlərmi?
Televiziya diktorları qrimdən istifadə edirlərmi?
Videooyunlara meylli olanlar varmı?
Cavanlar bığ, saqqal saxlamırlar ki?
Sürücülük vəsiqəsi alarkən “Ruhnamə”dən imtahan verilirmi?
Onun sağlığında Türkmənistanda ağ mərmərdən çoxlu saraylar, fontanlar tikilmişdi. Şəhərlərin meydanlarını onun heykəlləri bəzəyirdi. Qazdan gələn gəlirlər möhtəşəm tikinti layihələrinə sovrulurdu. Türkmənbaşının şəxsi varidatı isə 3 milyard dollar idi.
Onun vəfatından sonra heykəllərin bəziləri söküldü. Ayların və həftənin günlərinin əvvəlki adları özlərinə qaytarıldı. Amma dəyişikliklər çox cüzi oldu.
İnternetə qadağa götürülsə də internet-klublara yalnız pasportu təqdim etməklə daxil olmaq mümkündür, əvvəlcədən istifadə edəcəyin saytın adını və məqsədini bildirməlisən. Ümumiyyətlə sanal aləmdə olduğun müddətdə nəzarət altında olursan.
Jurnalistika fakültəsi də bərpa olundu. Hazırda orada cəmi 15 tələbə təhsil alır. Onlar da ya məmur uşaqları ya da seçilmişlərdir.
İş – gücdən yorulanda türkmən kanallarına baxıb dincəlirəm. Beş kanalın hər birində demək olar ki, eyni verilişlər verilir. Tv-də görünən qadın və kişilərin hamısı eyni formada geyiniblər. Kimə mikrofon uzadılırsa hazırkı prezidenti tərifləyir.
Milli bayramlarda mərkəzi meydanda atəşfəşanlıq təşkil olunur. Konsertlərdə səhnədən Qurbanqulu Berdməhəmmədovun şəkli asılıb. Başında araqçın kostyum geymiş müğənnilər də “ANA YURDUM, TÜRKMƏNİSTAN” oxuyurlar.
Baxdıqca adama elə gəlir ki, hər şey superdir. Nağıllar aləmində səyahətdəsən. Və “Ruhnamə”də söylənildiyi kimi türkmən xalqı öz ALTIN ƏSRini yaşayır.
Комментариев нет:
Отправить комментарий