14.05.2011

Arabaçının aqibəti (povestdən parça)


Böyükxan Bağırlı, AYB üzvü

Mətləb kişi səhər tezdən durub atını qaşovladı. Yemini, suyunu verdi. "Sadıxlar" kəndi tərəfə tədarük gördü. "Ya Əli, sənnən mədəd" deyib sər-sahman elədi, fikri buydu ki, gün yağlanmamış o kəndə çatsın. Yol uzaqdı, narahatdı, xeyli hissəsi çölləməydi. Allah qoysa, at-arabanı satsa, qayıdan baş, ola bilsin, evə piyada gələcəkdi. Piyada gəlməyinə razıydı, təki iş aşsın.
Bir əli arabanın banına qoyduğu sarı simli qırmanca dəyər-dəyməz elə bil qulağına səs gəldi. Ayaq saxladı, qulaq verdi. Bu səs, deyəsən, evdən gəlirdi. Hə, elədi ki, var. Pəncərədən evə tərəf boylananda gördü ki, gəlini Xurmanaz da nəsə yır-yığış eləyir. Ancaq bu yır-yığış o yır-yığışa bənzəmirdi. Dalağı sancdı, gəlinin əzvayşı xoşuna gəlmədi. Çar-naçar ayaq saxlayıb diqqət yetirdi. Gəlin iki çamadan hazırlamışdı. Bax, odu - indi də əyin-başını iri, kələmi boxçaya yığırdı. Üz-gözündən qar yağırdı.
Mətləb kişi eyvana çıxıb ehmalca öskürdü, sonra yavaşca qapını açıb içəri girdi, bu yır-yığışa işarə eləyib soruşdu:
- Qızım, nə işdi, xeyir olsun?!
Xurmanaz adəti üzrə yaylığını tez burnuna tərəf çəkib yaşmandı. Üzünü kənara çevirib hıçqırdı, iri ala gözləri doldu.
- Əmi, day mən gedirəm, - dedi. - fələyin işidi. - Tutaş kirpikləri şehləndi, saya dəsmalla nəmçimiş üzünü sildi.
- Hara, qızım? - deyə Mətləb kişi soruşarkən gəlinin vaxtından əvvəl solub, saralmış üzünə çən-pəlmə gəldi və bundan kişi üşüyən kimi oldu...
Çən-pəlmə indi gurrah yağışa çevrilmişdi. Badamı gözlərdən süzülən iri-iri damlalar bir anın içində gəlinin boyun-boğazını islatmışdı.
- Dədəmgilə gedirəm, - hıçqıra-hıçqıra dedi bunu gəlin. - Qardaşım Bəyoğlan gəlməlidi məni aparmağa. - Bir balaca toxtayıb əlavə elədi: - Əmi, əlbəttə ki, sənin rüsxətinlə.
Başını yuxarı qaldırmadan axşamdan hazırladığı ayın-oyunu sellafon torbalara yerləşdirə-yerləşdirə qayınatasından soruşdu:
- Əmi, eşitdim arabanı satırsan?
- Hə... - könülsüz dilləndi Mətləb kişi.

Комментариев нет:

Отправить комментарий