26.05.2011

«Avroviziya»nın qarın ağrıları!


Əvəz ZeynallıƏvəz Zeynallı
Bizə qələbə yaraşır!
Bizə qələbə heç kimə, heç bir millətə yaraşmayacaq qədər yaraşır. Çünki biz heç bir zaman böyük qələbə görməmişik. Tariximizdə də böyük qələbələrin sayı barmaqla sayılacaq qədər az olub. Ya onun tərkibində, ya bunun tərkibində olmuşuq. Şah İsmayıldan bəri, elə ondan o tərəfə də müstəqil və böyük qələbələrimizin sayı az olub – çox az…
O baxımdan, «Avroviziya»da qazanılan qələbə əsla və əsla xəfifə alınmamalıdır. Biz bu böyük və şanlı qələbəyə möhtac idik. Həm də bu qələbə bizim haqqımız idi. Hələ xarici faktorları qoyuram bir tərəfə, daxili ictimaiyyət bilməlidir ki, nəinki Avropanın qəlbindəki «Avroviziya»nı, biz dünyanın bütün böyük yarışmalarını qazanacaq və o yarışmaların qalibiyyətini Bakının ayaqlarının altına sərəcək dərəcədə güclü və qüdrətli millətik. O millətin övladlarıyıq. Sadəcə, tariximizin mənhus yazısı bizi o qələbələrdən məhrum edib. Bir balaca deşik tapan kimi, azca azadlıq havası alan kimi, xırdaca işıq ucu olan kimi biz bunu göstərir, özümüzü sübut edə bilirik.
Uşaqlar «Avroviziya»nı alan gün mən Mübariz İbrahimovu xatırladım. Sonradan kimin adına yazırlar yazsınlar, bu qələbələri kimin şinelinin içinə soxuşdururlar soxuşdursunlar, bu qələbələr bizim – Azərbaycan xalqınındır.
Bu millətin imkanlarına və bacarığına qibtə etməyə bilmirsən. Nə qədər böyük və nə qədər şanlı millətik. Hakim rejim büsbütün antimüharibə ovqatında köklənə, atəşkəs rejiminin əleyhinə fəaliyyət – ərazisi 20 faiz işğal olunan bir məkanda qadağan oluna, hamı hakim millətin – türklərin hüququnu poza, ölkədə tolerantlıq siyasəti və çoxmillətlilik təbliğ oluna, hər şey əlimizdən alına, milyardlarla gələn vəsaitdən torpaqları qorumaq istiqamətində bir addım belə atıla bilinməyə – yenə də Mübariz İbrahimov kimi bir igid çıxır və bütün qadağaları darmadağın edir! Hakim rejim bütün mövcudiyyəti ilə müharibə istəmir, qandan qorxur, amma bir Mübariz İbrahimov sübut edir ki, hətta bu şəraitdə belə qəhrəman olmaq mümkündür. Gör hələ hamıya döyüşmək imkanı versələr nələr olar?! Biz bu ölkədə zorla, zülümlə, zillətlə, qadağalarla qəhrəman ola, atəşkəs oyunlarını poza, planları alt-üst edə bilirik – Mübariz İbrahimov kimi!!!
Çox nadir millətlər bu imkana sahibdirlər.
Fikir verin, eynilə bu olay «Avroviziya»da da yaşandı…
Azərbaycan Türklərindir!
Mən «Avroviziya»nı Bakının ayaqlarının altına sərən bu sevimli gənclərin fikir yapılarına və sahib olduqları ideolojiyə bələd deyiləm. Onların mətbuat konfransında və Türkiyə telekanallarındakı çıxışlarını zəif və çox acəmicə buldum. Neyləməli, bizimkilər danışmağı və xitabəti bacarmırlar. Bu, təkcə onlarda yox, böyüklərdə də belədir və mən buna əvvəlkilərdən fərqli olaraq əsəbiləşmədim. Sırf o səbəbdən ki, bu sevimli gənclər qalib idilər və QALİBLƏR MÜHAKİMƏ OLUNMUR!
Biri əlinə Türkiyənin bayrağını götürdü, biri də barmaqlarını Boz Qurd işarəsi ilə şərəfləndirdi – sonradan nə deyirlərsə desinlər, ən azından ilkin fikir oyandı. Eynilə bu gənclər də Mübariz İbrahimov kimi, hakimiyyətdə olan rejimin istəyinin əleyhinə olaraq, bütün türk dünyasının önünə çıxardılar bizi. Mən etiraz etmirəm, qoy bu bayramı İsmayıl Ömərovun adına yazanlar yazsınlar – onun da təbii ki, böyük xidmətləri var. Qoy Mehriban Əliyevanın və ya İlham Əliyevin adına yazsınlar – onlar da ölkənin ali rəhbərliyində təmsil olunan adamlardır, olsun, pul xərcləyirlər, əziyyət çəkirlər, ən azından özlərinin adlarına bir şeylər yapmaq və yazmaq istəyirlər. Amma baş verən bəzi xırda detallar var ki, o xırda detallar hakimiyyətin illərlə yürütdüyü siyasəti bir çırpıda puça çıxarır, dağıdır, yerlə-yeksan edir.
İllərdir bu ölkədə hakim millətin – Azərbaycan Türklərinin əleyhinə siyasət aparılır. Əlimizdən hər şeyi alıblar – bizə bircə sazı saxlayıblar, o da hələlik…
İllərdir Azərbaycanın sərvətləri türk olmayanların nəzarətində darmadağın edilir, Türkiyə ildə formal və sözdə yaxınlıq nümayiş etdirilir, amma arxada qeyri-səmimi münasibət bəslənilir və qardaş ölkənin həqiqi iş adamları ölkəni tərk etməyə məcbur edilir…
İllərlə hamının gözlərinin qarşısında Türkiyədən və İrandan gələn kürd iş adamları qaldırılıb türk iş adamlarının başının üstündə oturdulur və türk iş adamları ölkə iqtisadiyyatından sıxışdırılıb çıxarılır, Türkiyənin bayrağı olmadıq yerdə Şəhidlər Xiyabanından sökülür…
İllərdir bu siyasət aparılır və birdən, qəfildən bir gənc Avropa siyasi yarışmasının qəlbində Türkiyənin bayrağını başının üzərinə qaldırır!.. Və… bütün Türk dünyası ayağa qalxır, Türkiyə yerindən hoplayır, aləm dəyir bir-birinə, sübut olunur ki, Azərbaycan «anca bərabər, kanca bərabər» Türkiyənin yanındadır. Sübut olunur ki, Azərbaycan Türklərindir və sübut olunur ki, Azərbaycan Türkiyə ilə ömürlük ömür-gün yoldaşı, qardaşı, sirdaşı, arxadaşıdır!!!
Bununla da hakimiyyətin siyasəti tərs təpdi və «Avroviziya» aparılan 20 illik siyasəti yerdən-yerə vurdu…
O başqa məsələdir ki, bu gənclər əllərində götürdükləri və bir çırpıda Türkiyənin ürəyini ovladıqları bayraqla həm də Türkiyəyə dərs verdilər, oradakı erməni tərəfdarlarının burunlarını ovdular. Qoca Türkiyəni bəzi yanlışlıqlara sürükləyənləri, Bursada erməni istəyir deyə Azərbaycan bayrağını stadiona buraxmayan türkiyəliləri də peşiman etdilər və Qca Türkiyə Gənc Azərbaycana ayaqda alqışlar etdi… Bunu dövlət siyasətləri illərlə edə bilmir, bu gənclər etdilər və onlar səmimi bir hərəkətlə bir millətin min illik tarixinin əbədi və qırılmaz olduğunu göstərdilər.
Başqa bir şeyə bağlaya bilmirəm – bu, hər halda QAN-dır və GENETİK KODdur!!!
«Avroviziya» – qələbə, yoxsa başağrısı?!
«Qazanılan bu böyük qələbə hakimiyyətin başağrısına çevrilə bilərmi?» dartışması başını alıb gedir. Məncə, çevrilib belə. Bütün hallarda qələbənin dadı hakimiyyətin özünə aid olursa, o zaman gətirdiyi problemlər də onun xanəsinə yazılmalıdır. Qələbənin eyforiyası 2-3 günlük şit sevinc çığlıqlarından sonra çəkilib getdi. İndi bundan sonra baş verəcək hadisələr diqqət mərkəzindədir. «Avroviziya» Avropanın ən siyasi mahiyyətli yarışmalarından biridir. Bu yarışmada səbəbsiz heç bir şey olmur. Ona görə də Azərbaycan hakimiyyəti nə qədər məsələni özününküləşdirsə də, arxada başqa məqsədlər var və onlar yaxın zamanlarda üzə çıxmağa başlayacaq. Artıq bəzi narahatçılıqlar başlayıb belə iqtidarın diktatorial koridorlarında…
«Avroviziya»nın keçirilməsi üçün dünya standartlarında bir binanın olması kifayət deyil. Şəhər şəhər, ölkə ölkə olmalıdır. Bu isə o deməkdir ki, ən azından bir il gecə-gündüz işləyəcəklər. İşləmək azdır, bu hakimiyyət 100 milyard dolları yeyib üstündən də su içib, amma şəhər və ölkə xaraba günündədir. Deməli, şəhərdə səliqə-səhman da yaratmaq lazımdır. Məsələn, «Avroviziya»nın keçirildiyi ölkədə bütöv bir şəhər çəpərin içində ola bilməz. Bir ilə Bakının bütün çəpərlərini sökəcəklər deməli – zor-xoş… Bundan başqa, bütün yollar və qazılmış xarabalar düzəldiləcək. İş çox və gərgin olanda korrupsiya da az olur. Deməli, korrupsiya və rüşvət də nəzərə çarpacaq dərəcədə azalacaq.
Avropa onsuz da bəhanə gəzirdi. Üstəgəl 5 minə qədər jurnalistin, 35 minə qədər də turistin bu bir ildə Bakıya gələcəyi gözlənilir. 5 min jurnalist 5 min kamera və 10 min qələm deməkdir. Onların da hamısı öz ölkələrinin azadlıq qaranquşlarıdır – gördüklərini yazacaqlar, kimsənin gözünün yaşına baxan deyillər. Deməli, zorbalıq olmaz, qudurğanlıq olmaz, özbaşınalıq olmaz!..
Yox, kimsə yenə uzaqgedən nəticələr çıxarmasın. Nə inqilab olmayacaq, nə də inqilabın i-si. Amma hökumət və ali rəhbərlik narahat olacaq. Hələ Mehriban Əliyevanın özü də birbaşa təşkilat komitəsinin rəhbəri təyin edildisə, deməli, işlərin vahamətini Azərbaycan hökuməti də dərk edir və işi oldu-bitdiyə buraxmaq niyyəti yoxdur. Bu, Azərbaycan iqtidarının ən önəmli işidir. Ən önəmli işi Mehriban xanım öhdəsinə götürürsə, bunun tərcüməsi həm də odur ki, cənab İlham Əliyev ən taleyüklü məsələdə inanacağı adam tapa bilmir. Heç kimə inanmırlar daha! Deməli, heç kimə inanmır bizim gənc, perspektivli və diktatorial prezidentimiz!
Bütün hallarda Azərbaycan hökuməti ən azı bir il Azərbaycan xalqının, onun övladlarının nazı ilə oynayacaq. Doğrudur, tamamən yazdıqlarımın tərsi də ola bilər. Bu iqtidar əsdirdiyi pepressiya küləyini repressiya fırtınasına da çevirər. İlham Əliyev buna həm də atasından fərqli olaraq meyllidir, amma Avropa ailəsinə gedirsənsə və onun ən prestijli yarışması öncəsi yenə repressiya edəcəksənsə, o zaman indiyə qədər qazandığın imicdən fərqli bir imicin də olmayacaq. O zaman yerin elə Belarusun prezidentinin yanındadır ki yanındadır…
Özət olaraq söyləyə bilərik ki, bu iqtidar «Avroviziya»da birinci yerə çıxmaqla o qədər də xoşhal olmayıb. Gənclərin Türkiyə bayrağını səhnəyə çıxarması, «Avroviziya» üçün ediləcəklər, xalqla barışıq olmağa məcbur olmaq bunların könlüncə deyil. Bu rejimin mahiyyəti milyonların incidilməsi üzərində qurulub. «Avroviziya»ya sevinib Harvardın məzununu ən ağır cəzaya məhkum etmək olmaz. Yəni «Avroviziya» düşünüldüyü kimi Azərbaycan iqtidarına o qədər də sərfəli deyil, əksinə, Azərbaycan xalqına perspektiv rahatlıq vəd edir. Xalqımıza xoş davranmağa məcbur olacaqlar – avropalıların qorxusundan…
Ağlayan hərəkatçı
«Avroviziya»nın bütün müsbət tərəfləri alqışlanmalıdır. Amma yarışmadan sonra iqtidarın nəzarətində olan efir və mətbuatın hay-həşiri insanları canından bezdirdi. Sevinc də gözəldir, şənlənmək də… Hələ bu, bir dünya miqyaslı qələbə ilə müşayiət olunursa, daha gözəldir. Ancaq hər şeyin şitini çıxaranda, hər şeyin uzunçuluğunu edəndə, ucundan tutub ucuzluğa gedəndə insanlarda ikrah meydana gəlir. Dəhşətlidir ki, artıq millətimizdə böyük qələbələrə şübhələr və laqeydliklər yaranır, çünki iqtidar şitini çıxarır. Bunlar sanki sevinə də bilmirlər. Elə bil bunların sevincləri də tərbiyəsizlikdir. Bu dəfə də elə oldu. Məhz bu şitliklər səbəbindəndir ki, qələbə kütləviləşmədi. Küçələrə, meydanlara çıxan bir-iki gəncin əttökən hərəkətləri nəinki təqdir topladı, əksinə, nifrət qazandı. Bakı rəhbərliyi xüsusi avtomobillər və «ştatlı sevinənlər» kirayələsə də, gözlədikləri kütləviliyi görə bilmədilər.
Bu şit çılğınlıqların davam etdiyi günlərdə Azərbaycanın tanınmış və müstəqilliyin qazanılmasında canını qoymuş bir hərəkatçı zəng elədi mənə. Bəlkə bu yazını yazmağıma da elə o sadə və səmimi hərəkatçı səbəb oldu. Ağlayırdı telefonda. Bəli, bəli, qısa danışıqdan sonra mən onun ağladığını eşitdim və göz yaşları içində telefonu yerə qoydu. Neçə gündür özümə gələ bilmirəm və hamının tanıdığı o hərəkatçının dediklərinin hamısını buraya yazmıram. Sadəcə, bu qədərini deyim ki, adam etdiklərinin, apardığı mübarizənin yanlış olduğunu və peşiman olduğunu deyirdi. Hirsindən ağlayırdı. «Buna görəmi mübarizə apardıq? Hanı bizim torpaqlarımız? Bayrağımızı belə şit-şit atılıb-düşməyə görəmi qaldırdıq? Mən belə Azərbaycan istəmirdim! Mən bu Azərbaycanın uğrunda vuruşmamışdım! Bunlar niyə belə edirlər? Bunlar nə günümüzə belə atılıb-düşürlər? Bunlar bu milləti niyə belə tanınmaz günə saldılar?»
Mən ona təbii ki, nəsə deyə və təsəlli verə bilmədim. Özümün ondan heç bir fərqim yox idi çünki. Sinir sistemlərimi onsuz da Ramiz Mehdiyev pozmuşdu. Təsəvvür edin ki, adamın hayqırışı mənim «Xural»ımın siyahıya alınması ilə üst-üstə düşürdü. Bəs mən nəyin uğrunda vuruşmuşam indiyə kimi?! Bəs mən kiməm? Bəs mən bu ölkənin niyə qara vətəndaşı elan edilmişəm?! Dərdimiz ortaq idi…
Sonra eşitdim ki, bizim saray müğənnilərindən biri, Hüsnü Mübarəkə mahnı bəstələyib düşük deputatlarımızdan biri ilə Misirdə onu təqdim edən bir mahnıoxuyan durub-durub durna vurub və İTV-nin efirində deyib ki, indi şəhidlərimizin ruhu yerində oynayır. Gör bu qədər ciddi məsələlər ətrafında fikir yürütməyi kimlərə tapşırıblar və gör bunlar millətin ali dəyərlərini nə günlərə salıblar?!
Millətimizə xoş olacaq!
Avropanın ən layiqli yarışmalarından birini qazandıq və dünyanın ənm görkəmli universitetlərindən birinin məzununu – Bəxtiyar Hacıyevi həbsə göndərdik. Ondan əvvəl də Cabbar Savalanlını cibinə narkotika atıb tutmuşdular. Ondan əvvəl də Eynulla Fətullayevi içəri tıxayıblar. İndi bütün dünya dünyanın ən şahanə qələbəlrindən birinin ardınca bu adları yazır və narahatçılığını bildirir. Siz həm ondan, həm də bundan ola bilməzsiniz. Eyni zamanda iki tərəfə baxana millətimiz «çaş» deyir. Bu iqtidar da «çaş»dır! Bir tərəfə baxmaq lazımdır! Yalnız bir tərəfə!
BU YARIŞMA MİLLƏTİMİZİN YARARINADIR, HAKİMİYYƏTİMİZİN YOX!
BU MİLLƏT «ÇAŞ» DEYİL, BU HAKİMİYYƏT «ÇAŞ»DIR!
ÜZÜMÜZ AYDINLIĞADIR!

Комментариев нет:

Отправить комментарий