11.05.2011

Azərbaycan mafiyası 70-ci illərdə

Səfalət içində yaşayan insanlar özlərinə od vurub yandırırdılar
Respublika başçılarının hər biri Moskvada özünə bir «dayı» tuturdu
                                  III yazı
Asan qazanc yanğısı, bəlkə də partiya rəhbərlərinin acgözlüyünün havası ilə yaşamaq Azərbaycanı dözülməz hala salmışdı, himayəçilik, yerlibazlıq baş alıb gedirdi. Qadınlar ərlərini vəzifəyə dəyişirdilər, dövlət problemləri ailə əhatəsində həll edilirdi. Ölkə çoxdan vəzifə-qohumluq iyerarxiyasına görə təsir dairəsinə bölüşdürülmüşdü. Rüşvətxorluq, hər şeyin alınıb satılması həyat tərzinə çevrilirdi. Bütün bunları ölkədə hamı bilirdi, bütün bunlardan hamı danışırdı. “Partiyanın ağıl və vicdan olduğu” iyulun 14-də yada düşəcəkdi, həmin gün  Axundov başqa işə keçiriləcəkdi...
Bir an yaşlı bir qadın polislərin əlindən çıxaraq özünü Axundovun qarşısına atır. Dizləri üstünə çökür, imdad istəyir. 11 nəfərlik ailə 15 ildir zirzəmidə yaşayır. Uşaqlar malyariya xəstəliyinə tutulub. 92 yaşlı qocasının ayaqları tutulub.
Hamı ürəyi yumşaq Axundovdan və hər şeydə mənfəət güdən ətrafından, onu necə aldatmağından danışırdı. Elə bilirdilər ki, Axundovla görüşsələr yamanlığın yerini ədalət tutacaq. Amma çox vaxt ədalət xalqdan qaçırdı, necə deyərlər, arxa qapıdan gedirdi. Bəzən də milis onları qovurdu ki, ədalətə əlləri çatmasın, onun özü ilə deyil, xəyalları ilə yaşasınlar. Bir dəfə Gəncədə Axundovun maşınına hücum etmişdilər. Maşında mühafizəçi Əsgər oturmuşdu. Bir daha aldanmış adamlar yenə küçələrə düşüb ədalət sahibini axtarmışdılar. Əsgərsə gülümsəyərdi. Hökumət “Çayka”sında mühafizəçi gəzirdi, “Volqa”da - Axundov. Əsgər vəzifəsini yerinə yetirirdi, heç kimin qarşısında öyünmürdü. Bilirdi ki, bir gün mükafatlandıracaqlar. 34 yaşında polkovnik  leytenantdı, partiya məmuru olmaq barədə düşünürdü. Niyə də düşünməsin? Əvvəlki mühafizəçi Sadıxov Nazirlər Soveti sədrinin müavini təyin olunmuşdu.
Kazinoda uduzmaqla özünə hörmət qazanırdı...
Azərbaycan KP MK katiblərinin hər birinin Moskvada öz himayəçisi vardı. Axundovun adamı Kirilenko idi. Üçüncü katib Cəfərovu Trapeznikova himayə edirdi. Seyidovun adamı Polyanskaya, Nazirlər Soveti sədri Əlixanovun arxasında Mazurov, ikinci katib Kozlovu Kapitonov Ali Sovetin sədri M.Isgəndərovu Orqanov himayə edirdi. Sənaye üzrə katib Əmirovun bir neçə şefi vardı: Dövlət Plan Komitəsində Baybakov, Nazirlər Sovetində Mazurov, Sov.IKP MK-da Pavlov. Buna görə də Əmirova qarşı Moskvada daha isti münasibət göstərilirdi. Onun doktorluq işini müdafiə etmədən təsdiqlədilər, istədi, Lenin mükafatı verdilər. Paxıllığını çəkənlər deyirdilər ki, Əmirovun gücü bilyarddadır. Bacarıqsız oynayır, həmişə uduzur. Mərc pulu qoyanda xəsislik etmir. Ən azı 2-3 min qoyur. Çünki həmişə yetərli adamlarla oynayırdı, Sov.IKP MK işlər müdiri Georgi Pavlovla, şöbə müdirləri Frolov və Buşevlə, Plan Komitəsinin sədri Baybakov və başqaları ilə. Bilərəkdən uduzmaq Əmirovun kəşfi idi və bu yolla Kremlin ortabablarına “çörək pulu”  verirdi.
Zemtsov yazır: Bu partiya bosslarının arasında ən çox istənilən Baybakov idi. Azərbaycanda hamı onu bakılı hesab edirdi. Dara düşən onun yanına qaçırdı. Baybakovun qapısı və qəlbi bu “sevimli” bakılıların üzünə həmişə açıqdı. Azərbaycanda birinci katiblər, nazirlər dəyişirdi, köhnələr gedir, yenilər gəlirdi. Amma hamının yolu Baybakovun evindən, bağından düşürdü. Bu əliaçıq məmurlar onun əntiq əşyalar dolu otağını yeni eksponatla zənginləşdirirdilər. Özü də yarışa çıxırdılar, daha qiymətlisini hədiyyə edirdilər. Baybakovun adı da Lenin mükafatına namizədlər siyahısına yarınmaq məqsədi ilə salınmışdı. Bu mükafatı alan  Plan Komitəsinin sədri daha çox bakılı olmaq üçün can-başla çalışırdı.
Insanlar növbələrdə can verirdilər, zirzəmidə dünyalarını dəyişirdilər, kommunist nökərlər isə ağayana bəxşişlərlə qapı ağzında növbə gözləyirdilər. Xalqla rastlaşmasınlar deyə mühafizəçini öz yerində oturdub, dal qapıdan qaçırdılar. Bəs bu hədiyyələr, bəxşişlər, yaltaqlıqla  bilyardda uduzdurulan pullar haradan gəlirdi? Partiya büdcəsində belə hallar üçün vəsait ayrılmamışdı. Bu münasibətlər ayrı-ayrı məmurlardan, heç respublikalardan da asılı deyildi, bu, SSRI-də vəzifəliyə yarınmaq prinsipiydi, illərlə formalaşmışdı. Mərkəzi Komitənin, yaxud Nazirlər Sovetinin nomenklaturası olan vəzifəni tutmaq üçün qabiliyyət və savad, elmi dərəcə hər şey deyildi. Bunun üçün sədlər aşmaq fərasətin olmalıydı. Hakimiyyətdə daha çox qalmaq üçün mənliyi, prinsipi olmayan nökər rolu oynamalısan...
***
Bütün ümumiləşdirmələr şərtidir. Yaddaşımda vicdanlı məmurlar da qalıb. Çox az olan bu adamlardan biri də Ali və Orta Təhsil naziri Qurban Əliyev idi. Onunla uzun illər ünsiyyətdə olmuşdum. Amma bir məsələni başa düşə bilmirdim. Bu peşəkar partiya işçisi əlini korrupsiyaya, büdcədən oğurlamağa bulaşdırmadan necə yaşaya bilmişdi? Özümü inandırmağa çalışırdım ki, hiyləgərliklə cildə girmək (qılaflanmaq), özünü ağıllı yırtıcı kimi göstərmək, məqam gözləməkdir. Amma Qurban Əliyev mənim yaddaşımda xeyirxah işlər görən təmiz bir adam kimi qaldı.
Iqtisadi cinayətlər zənciri... ...Oğurlanmış 250 milyon nəfər
Azərbaycanda təkbaşına iqtisadi cinayət törətmək mümkün deyildi. Cinayətkar dairəyə minlərlə adam cəlb edilirdi, burda anbardardan nazirə, briqadirdən katibə qədər hamı iştirak edirdi.
Artıq sovet cəmiyyəti çevikliyini itirib, laxtalanıb və durğunluq dövrünü yaşayır. Ondan mənəviyyatlı bir forma  yaratmaq mümkün deyil. Insanlar özlərini ümumi işin tərkib hissəsi hesab etmirlər, onlar nəticələrə görə burdan uzaqlaşdırılıblar. Indi insanı öz vicdanı ilə əməliyyat aparmaqdan çəkindirən bir şey qalmayıb. Ideallar gülüş mənbəyidir, söz dəyərdən düşüb, məzmunsuz səs toplumuna çevrilib. Yeganə qiymətləndirmə mənbəyi puldur, o, insanın imkanlarını güclə əridir, məğrurluğunu və sabitliyini əlindən alır. Sovet cəmiyyəti tək-tək oğurlanmış 250 milyon nəfərdir, onların bu sədləri aşmaq, qanunu qanunsuzluqdan  fərqləndirmək imkanları var. Cəmiyyət real bir dilemma - yoxsulluq qarşısında qalıb (Əmək haqqı ilə yalnız sürünmək mümkündür). Iqtisadçılar çəkinə-çəkinə hesabladıqlarına görə ölkədə yaşamaq üçün minimum 92 manat 50 qəpik lazımdır. SSRI-də əhalinin orta gəliri 53 manatdır. Tox yaşamağın yolu  cinayətlərdən keçir. Acından ölməmək üçün insanlar bu yolu seçirlər. Kiminçünsə oğurlamaq cinayətdirsə, özümü niyə yaddan çıxarım prinsipə çevrilir.
Belə bir təcrübəyə diqqət yetirək. Bakı 1970-ci il. Sex rəisi Daşdəmirov. Boya istehsalı sexi. Bu sexdə cinayətin törədilməsi ardıcıllığını izləyək. Boyanın hazırlanması üçün ağ boyaq, bitki yağı lazımdır. Sex rəisi bunları keyfiyyətsiz surroqatlarla,- təbaşir və assidolla dəyişir. Nəticədə məhsulun maya dəyəri 30 dəfə aşağı düşür. Cinayət törətməyin yolu tapılıb. Qalır bu surroqatları tapmaq. Daşdəmirov xammal almaq üçün Yaroslavla gedir. 2-3 manat rüşvət verməklə Bakıya 500 ton saxta əvəzedici gətirir. Nəticədə 300 ton əvəzinə 600 ton boya istehsal olunur. Plan 120 faiz yerinə yetirilir. Yerdə qalan sənədlərlə mağazalara verilir. Pulun 20-25 faizi mağaza müdirində qalır, qalanı nağd şəkildə sex rəisinə verilir.
“Rəngli” korrupsiya əməliyyatları
Rəngin maya dəyəri neçəyə başa gəlirdi? Hesabladıq. Bir litri 2 rubla satılırdı. Hər ay sexdə 300 ton əlavə boya  istehsal edilirdi. Bu da ən azı 600 min rubl deməkdi. Rəngin sexdən mağazaya göndərilməsi sxemini aşkarlamaq mümkün deyildi. Hər şey sənədləşdirilirdi. Ən səlahiyyətli komissiya belə bu cinayətin üstünü aça bilmirdi. Azərbaycanda pambıq, digər kənd təsərrüfatı məhsulları, neftin özü də bu sxemlə saxtalaşdırılır, gizli satılır, rəqəmlər şişirdilirdi. Saxta planlar bu yolla həyata keçirilirdi. Eyni nömrəli qaimə ilə başqa tarixlə də mağazaya mal göndərilirdi.
Boya satılan kimi mağaza qaimələri sexə qaytarırdı və sənədlər məhv edilirdi...
(Ardı var)
"Azadlıq" qəzeti                       Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий