22.05.2011

“BİZ” VƏ BAŞQALARI


Sabir Rüstəmxanlı

 “Gənc nəslin yazılarında nəyisə bəyənməmək olar, ancaq onlara biganə qalmaq, onları pulsuz, yardımsız, evsiz, işsiz, diqqətdən kənar, ümidsizlik içində, dərdləri ilə baş-başa qoymaq olmaz”

"Kadr seçimində "atın qabağına - ət, itin qabağına - ot!" vərdişi davam edir.
Bəzi sahələrdə test üsulu tətbiq edilir, ancaq ardınca şəxsi işlər vərəqlənərkən suallar gəlir: "haradandır, bizim partiyadandırmı, bizim adamdırmı?.."

 Gənc qələm sahiblərinin bir məclisinə dəvətli idim. Xoş bir məramla toplaşdıqlarından burada sözümüzün və kitabımızın taleyini düşünən qonaqların çox olacağını güman edirdim. Yanılmışdım, çünki yaşlılardan məndən başqa yalnız Seyran Səxavət, bir də gözümdə hələ də gənc olan, daha doğrusu, ağ saçları ilə bizim, ürəyi ilə gənclərin arasında olan Aqil Abbas vardı. Azad Yazarlar Ocağının kitablarını təqdimetmə mərasimi kimi nəzərdə tutulan xeyriyyə yığıncağı ədəbi gəncliyin taleyinə, kitab və oxucu problemlərinə, mədəniyyət məsələlərinə həsr olunmuş və çoxlu suallar doğuran maraqlı bir fikir mübadiləsinə, açıq söhbətə çevrildi. Yaza bilsəm, o söhbətin stenoqramını bütünlüklə dərc edərdim: bütün böyüklər, səlahiyyət sahibləri, yaşlı nəsil və “ədəbi atalar” onların yerini tutmağa hazırlaşan, onların ardınca gələn yeni nəslin nə düşündüyünü, nə danışdığını, ən başlıcası isə hansı maddi, mənəvi, psixoloji basqı altında, hansı qayğı və sıxıntılar içində yaşadıqlarını görsünlər.
 Mən 21 yaşımdan qəzetdə, sonra nəşriyyatda çalışmış, elə o vaxtdan başlayaraq həmişə imkan daxilində özümdən gənclərin də, yaşlıların da nəşr və çap işinə kömək etmişəm. Ədəbi mühitdə bunu bilməyən yoxdur. Zaman tez keçir, dünən yaşlıların içində ən gənc, ən tələbkar və iddialı idim; bu gün isə artıq o illərimi xatırladan gənc və iddialı gənclər arasında hamıdan yaşlıyam; tələb edəndən tələb edilənə, iddialıdan iddialılara cavab verməli olana, üsyankardan mühafizəkara çevrilmişik, xəbərimiz olmayıb. Bu gəncləri də eyni aqibət gözləyir. Lakin bu iki qütb arasında bəlli bir yol var... Bu yolu necə keçəcəklər, bu günlərinə bənzər gənclərin qarşısında sabah necə oturacaqlar? Çox maraqlıdır. Ancaq bundan daha çox maraqlı olan bu arada nə iş görə biləcəkləri, sözümüzə, ədəbi-bədii, ictimai fikrimizə hansı qatqıda bulunacaqlarıdır. Millətimizin və ədəbi tariximizin qazancı o olacaq.
                                              ***
 Bu məqalədə yeni ədəbi nəslin və onların təmsil etdiyi çağdaş Azərbaycan gəncliyinin bütün sorun və çətinliklərini yazmaq niyyəti güdmürəm; mümkün deyil; buna ehtiyac da yoxdur, çünki bu işi özləri görürlər - bir hissəsi qəzet səhifələrində, köşə yazılarında, bir hissəsi də müsibətlə, onun-bunun yardımı ilə və yalnız dost-tanışa paylanmağa yetən az tirajla buraxdıqları kitablarda...
 Adətən gəncliyi biganəlikdə, ictimai proseslərə qarışmamaqda ittiham edirlər; yaşlı nəsil çox vaxt bu proseslərə sovet ideologiyasından qalma kampaniyaçılıqla, sifarişlə qatılıb və bu sifariş olmayanda çaşıb qalıblar - milli-azadlıq hərəkatında, 1988-1991-ci illərdə olduğu kimi. Həyatdan, milli taledən, ilahidən gələn sifarişi az eşidiblər. Gənclik fərqlidir. Şəxsən məni sevindirən onların bugünkü həyatın ruhunu duymaları, bədii yazılarla yanaşı bəzən ondan daha çox publisistika ilə, qəzetçiliklə məşğul olmaları, mühiti daim nəzarətdə saxlamaları və bütün neqativ hadisələrə vaxtında sərt reaksiya vermələri, pislik saydıqlarını su üzünə çıxarmağa çalışmalarıdır. Bu, çox vacibdir. Mirzə Fətəli Axundzadədən başlamış bütün böyük yazarlarımız bu yolu keçiblər! Nəcəf bəy Vəzirovun, Üzeyir Hacıbəylinin, Ömər Faiq Nemanzadənin, Əhməd Ağaoğlunun, Cəlil Məmmədquluzadənin publisistikası - bədii yaradıcılıqlarından geri qalmır; əksinə, ictimai dəyərinə görə bəzən bədii yaradıcılıqlarını üstələyir. Bu, zamanın tələbi idi.
 İndiki gənclik də milli taleyimiz və aydınların cəmiyyətdəki yeri baxımından bu çox mühüm mərhələni yaşayırlar.
 Bir hissəsi artıq orta nəslə çevrilməkdə, yaşları 40-a yaxınlaşmaqda olan bu nəslin qəzet yazılarında və ya kitablarında nəyisə bəyənməmək olar, ancaq onlara qarşı bizdəki kimi biganə qalmaq, onları pulsuz, yardımsız, evsiz, işsiz və nəhayət, diqqətdən kənar, ümidsizlik içində, qayğı və dərdləri ilə başlı-başına qoymaq olmaz. Çünki onlar bizim övladlarımız, davamçılarımızdır, ədəbiyyatımızın gələcək taleyi onlardan asılıdır; təkcə kitablarımızı yox, bütün mədəniyyətimizi, yaşam tərzimizi, ana dilimizi, dünya xalqları arasında görünməli olan simamızı onların ümidinə qoyub gedəcəyik. Çünki onlar bizim gənclikdir - ağıllısı-ağılsızı, sağlamı-şikəsti, istedadlısı-istedadsızı - hamısı bizimdir!
 Hansı cəbhədə dayanmaları, hansı qəzetdə çap olunmaları önəmli deyil: kim onlara qapı açırsa, ora gedirlər! Ancaq axtardığı ayrı qapıdır - Azərbaycanın gələcəyinə aparan, haqq, ədalət, düzgünlük, şərəf qapısı. Bu qapıdan keçərək atalarının səhvlərini təkrar etmədən, halal, namuslu bir yolla getmək istəyirlər; özünə hörmət eləyən xalqların getdiyi yolla - cəhalətdən, qanmazlıqdan, rüşvətdən, tayfabazlıqdan, bürokratiyadan, milləti adam yerinə qoymayan müəyyən şəxslərin soyğunçu basqılarından, xalqı “bizim və bizim olmayan” zümrələrinə bölmək xəstəliyindən, təslimiyyətdən, korrupsiyadan, maddiyyatçılıqdan uzaq, millətin hər bir fərdinə qayğı və istəklə yanaşılan bir yolla!..
 Bunlar hava-su qədər təbii istəklərdir! Və içində zərrə qədər Vətən təəssübü, millət qeyrəti olan hər kəs gərək öz övladlarının zülmətdən və cəhalətdən xilas olmaq istəklərinə sayğı ilə yanaşsın, onlara kömək etsin, onları ucaltmağa çalışsın; öz boğulduğu bataqlığa dartmasın! Bunlar iqtidarın və ya müxalifətin övladları deyil; əzilsə, bölünsə də böyüklüyünü saxlayan Azərbaycan ruhunun övladlarıdır. Ehtiyac üzündən istəmədikləri, qəbul etmədikləri adamlara üz tutmaq istəmirlər. Kimisə zorla onlara sevdirmək mümkün deyil. Kim adını, şərəfini, torpağını qorumağı bacaran, cəsur, tarixinə layiq Azərbaycanı sevirsə, onu ləyaqətli görmək istəyirsə, bunlar da onu sevəcəklər!
 Bölgəçilikdən və bölgüçülükdən, xırda partiya və təşkilatların mənasız savaşlarından bıkıblar, sözdə, həyatda və təbii ki, buna uyğun olan siyasi mübarizələrimizdə və dövlət yönəticiliyində də yerlərin səhv düşməsini istəmirlər.
 100 il öncə, hələ gənc olan Üzeyir bəy Hacıbəyli də “dini və siyasi hizblərin”, parçalanmaların milləti uçuruma aparacağı öngörüsüylə həyəcan təbili çalırdı; bu günün gəncliyi də bu ağrıyla yaşayır, torpaqlarımızı itirməyimizin, 1 milyon qaçqının acınacaqlı taleyinin səbəbləri arasında öz daxili parçalanmalarımızın, qeyri-mütəşəkkilliyimizin də rol oynadığını görəndə qəzəblənir, küskünləşir, hirslərini bizim və bir-birinin üstünə tökürlər - özünü, azadlıq və müstəqilliyini qorumağa çalışır, bədii sözlə - ədəbiyyata dəxli olmayan sürtük, yaltaq, riyakar sözün sərhədlərinin itdiyi mühitə ikrahla baxır, buna görə də öz ocaqlarını yaradılar. Azad Yazarlar Ocağı kimi!
 Şübhəsiz, qələm işi fərdi işdir. Ara-sıra bir yerə yığışsalar da hərəsinin öz dünyası var. Birinin sözü yetkindir, biri hələ axtarış mərhələsindədir. Bu, əsas deyil! Əsas onların qorunmasıdır; onları sınmaqdan, əyilməkdən qorumaqdır. Çalışmalıyıq ki, bugünkü cəsarətləri itməsin! Bizlərdən narazı olmalarına sevinməliyik; çünki üzləşdikləri bu boyda problemlər bizim və bizdən öncəkilərin “mirasıdır”. Sevinməliyik ki, bizləri bəyənmirlər, aydınların ictimai proseslərə biganəliyinə dözə bilmirlər, hər cür haqsızlığa və ədalətsizliyə qarşıdırlar. Bizdən cəsarətli olmayan, bizdən irəli getməyən gənclik kimə lazımdır?!
                                              ***
 Kadr məsələsi bu gün cəmiyyətdə geniş müzakirə edilən mövzulardandır. Təəssüf ki, kadr seçimində subyektiv amillər öndədir. “Atın qabağına - ət, itin qabağına - ot!” köhnə vərdişdir, kobuddur, ancaq davam edir. Bir çox sahələrdə test üsulu tətbiq edilir, ancaq ardınca söhbət gəlir, ardınca şəxsi işlər vərəqlənərkən ortaya çıxan suallar gəlir: “Kimlərdəndir?”, “Haradandır?”, “Bizim partiyadandırmı?”, “Bizim adamdırmı?”, “İmkanları necədir?” və s.
Ortada mücərrəd bir “biz” var! Bu münasibət gəncliyin vətənpərvərlik duyğusuna azərbaycançılıq-türkçülük şüurunun qida verə biləcək qaynaqlarını qurutmaqda və dağıtmaqdadır!
                                                 ***
 Mən mətbuat və informasiya naziri olanda Bakıda Qafqazın ən böyük kitab kombinatını tikirdik, bütün avadanlıq quraşdırılmışdı, bir neçə ay sonra açılışı olacaqdı. İstefamdan az sonra xəbər tutdum ki, özəlləşmə adı ilə tikinti saxlanılıb. Bu gün o boyda mətbəə yoxdur, maşınlar yoxa çıxıb, böyük bir poliqrafiya bazası dağıdılıb.
 Bakıda bəzisinin 100-dən artıq yaşı olan onlarla kitab dükanı vardı. Sistemlər dəyişsə də kitaba toxunmamışdılar. Mədəniyyətimizə xüsusi diqqətlə yanaşan mərhum Heydər Əliyevin tikdirdiyi ikimərtəbəli “Kitab evi” Bakının kitab mərkəzi idi. Hamısı cır-cındır dükanına və şəxsi evlərə çevrilib. Kitabı öncə küçəyə tökdülər, sonra oradan da qovdular. Bakıya kitab lazım deyil? Hər səhər səkiyə düzülüb, axşam qutulara doldurulan kitabın axırı nə ola bilər?
 Azərbaycan kitabının və mətbuatının ən zəngin saxlancı olan Kitab Palatası ləğv edilib, şəhər mərkəzindəki yeri restorana çevrildi. “Azərnəşr”, “Gənclik”, “Yazıçı” nəşriyyatlarının şəhərin mərkəzindəki tarixi yerləri zəbt edildi və ya satıldı. Beləcə, qazanmaq ehtirası Azərbaycan kitab mədəniyyətini əzə-əzə gedir.
 Müəllif özü bağışlamasa, bu gün çap olunan kitabların izi ilə düşüb getsən də çoxunu tapa bilməzsən. Çünki ölkədə harada, nəyin necə, nə qədər çap olunduğunu bilən yoxdur. Sistem pozulub. Nəşr məhsullarının məcburi nüsxələri hara verilir və harada qorunur? Rayon kitabxanalarımıza ildə neçə kitab gedib çatır və onların neçəsi oxunası, millətə lazım olan kitablardır?
                                             ***
 Azərbaycanlıların gələcəyini düşünür və bu bölgədə varlığımızı qorumaq istəyiriksə, hökmən bir sıra mühüm kitablarımızı paralel olaraq həm də ərəb əlifbası ilə güneyli qardaşlarımız üçün nəşr etməliyik. Güney Azərbaycanla bağlı siyasətimiz aydın olmalıdır. Biz İranla qonşuluq münasibətlərinin yüksək səviyyədə olmasını istəyirik. Lakin oradakı əhalinin yarısı bizim millətdir və onlarla ədəbi, mədəni, mənəvi əlaqələr qurulmasına, onların ən normal hüquqları barədə danışmağımıza kimsə mane olmamalıdır. Təəssüf ki, bu mövzulara qadağalar indi sovet dövründəkindən daha sərtdir.

Комментариев нет:

Отправить комментарий