14.05.2011

BİZİM DOĞMA “ZON”

Murad KOHNƏQALA



İctimai Palatanın 17 aprel mitinqi ən çox “Azadlıq” qışqıran 5 yaşlı qızcığazın həbsi ilə yadda qalacaq. “Azadlıq, istefa” deyə qışqıran uşağı əynində gülləkeçirməz, başında kaska, əlində dəyənək olan polislər hop götürüb cəza maşınına tulladılar. Ağlaya-ağlaya “Azadlıq” qışqıran uşağı anası ilə bərabər dəmir barmaqlıqlı maşında naməlum yerə apardılar.
Rusiya Putininin işgəncə təcrübəsinə və öyüdlərinə arxalanan qəddar rejim uşaq səsindən də qorxdu. O uşağın babası “Azadlıq” sözünü Azadlıq meydanında qışqırmışdı. Anası o sözü bu gün küçədə qışqırmaq istəyir, ancaq rejim onun ağzını tutur. İndi isə o uşağın özü qışqırır. Babasının, atasının yolunu davam etdirir.
Rejim çox narahatdı. Qoca, orta və gənc nəsildən olanları əlinə düşən kimi böyrəyinə, mədəsinə, qaraciyərinə vurub əzmək, öldürmək istəyir. Əyilməyən yaşlı nəsli iqtisadi blokadaya salaraq boğub öldürürlər. Əyilməyən tələbələri ali məktəbdən qovurlar. İndi də orta məktəb şagirdlərinin üstünə düşüblər. Şagirdlərin valideynlərinə öhdəlik kağızı verib qol çəkdirirlər. Yəni dilindən hazır standart yazılı ifadə alırlar ki, mən bir valideyn kimi övladımın siyasi proseslərdə iştirakına qətiyyən yol verməyəcəm. Hətta diribaş şagirdlərin valideynləri ilə ayrı-ayrılıqda söhbət edib qorxudublar: “Bax, eşitmişik sənin uşağın mitinqlərə qoşulmaq istəyir, özün bilərsən. Ancaq bunun cəzası böyük olacaq. Evindən silah, oğurluq mal, narkotik tapılacaq”. Valideyn də bilir ki, bu iqtidar belə işləyir. Burda yaşayan vətəndaş hakimiyyəti necə sevə bilər?
Uşaq bağçalarında vəziyyət daha ciddidi. Artıq bütün uşaq bağçalarına yeni “nadzor”lar qoyulub. Ən çox diqqəti uşaqların yeməyinə ayırıblar. Çünki inqilab tərəfdarı olan bir adam uşaqların qidasına aqressiya artıran maddə qata və fəallaşan körpələr öz bağçalarında bunt qaldıra bilər. Ona görə bütün bağçalardakı “balanda” hazırlayanları və paylayanları dəyişdiriblər. Bağçaların girəcəyində Gömrük Komitəsi işçilərindən ibarət keçid məntəqəsi yaradılıb. Uşaqlarını yoluxmağa gələn valideynlərin üstü diqqətlə yoxlanandan sonra içəri buraxılır. Ən qorxulusu odu ki, balalarına yem ötürmək istəyən valideynlər qidanı müxalifət qəzetlərinə bükə bilər. Əlində müxalifət qəzeti tutulan hər bir körpəni “karser”, yəni siçovullu zirzəmi gözləyir.
Uşaqların valideynlərinə içəridəki dözülməz rejim haqda “ksiva” ötürməsi də yolverilməzdi. Belə şey baş versə, uşaqla birlikdə valideyn də cinayət məsuliyyətinə cəlb olunur. Bağçalarda körpələrin “nadzor”lardan, tərbiyəçilərdən, saxlanma şəraitindən, yeməkdən şikayət etməsi “zapodlo” sayılır. Elə valideynlərin də ödədiyi aylıq summadan, uşağının incidilməsindən, uşağa verilən yeməkdən, maddi durumun ağırlığından şikayət eləməsi “zapodlo” sayılır. Cəmiyyətimizdə bunun ağır cəzaları mövcuddur.
Bağçalara hər ehtimala qarşı azyaşlı uşaqlar üçün xırda ölçülü qandallar da paylanıb. Valideynləri varlı olan uşaqlar xüsusi “burjuy” kameralarda istirahət edir. Onlara ətli yeməklər, müxtəlif meyvə-tərəvəzlər verilir. “Burjuy” kamerasının uşaqları istədikləri oyuncaqla da oynaya, günorta istəsələr yatmaya bilərlər. Lakin “obşi kolon”dakılar günorta mütləq yatmalıdır. Yuxusu gəlməsə də mütləq uzanıb yorğanı başına çəkməlidir. “Burjuy” otaqlarındakı yun döşəklərdən fərqli olaraq “obşi kolon”dakı döşəklərin hamısı sidikli pambıq döşəkdi.
Bağçadakı “srok”unu çəkib qurtaran uşaqları böyük “zon”lara, yəni məktəblərə göndərirlər. Böyük “zon”larda oxumağa başlayan uşaqların valideynləri daha çox pul xərcləməyə məcbur edilir. “Zon” başlayan kimi uşağa məcburu “zon” geyimi satılır. Nazirliklə əlaqəli kommersantlar xaricdən “zon”a aid olan çoxlu məktəb ləvazimatı gətirir. Müəllimlər bütün şagirdlərdən o ləvazimatları almağı tələb edir. Lakin dərs ilinin axırında məlum olur ki, məcburi alınan ləvazimatın yalnız yarısı şagirdə lazım imiş.
Nazirlik bu böyük “zon”lara kitab, test və iş dəftəri adı ilə hər il min tonlarla kağız satır. Böyük “zon”larda hər ay müxtəlif bəhanələrlə valideynlərdən pul yığılır. Böyük “zon”un 11 illik “srok”u bitəndən sonra “zek”lər, yəni şagirdlər amnistiyaya salınır, yəni məzun olurlar. Bura qədərki “srok” “maloletka” sayılır. Bundan sonra ali məktəblərə, yəni yaşlılar üçün “kolon”lara qəbul başlayır. Burdakı rejimlərə isə ən qəddar “kolon” rəisləri, yəni rektorlar nəzarət edir...
Beləcə, bütün həyatımızı “zon”larda keçiririk. Ancaq rejimin əlindən xaricə “pobeq” eləyənlər də çoxdu...

Комментариев нет:

Отправить комментарий