10.05.2011

Britaniya mediası Əliyevlərin sonunu xəbər verdi

«The Economist»: «Bu cür idarəçilik davam edə bilməz»

İngiltərənin “The Economist” jurnalında Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi durumla bağlı məqalə dərc olunub. Məqaləni qısa ixtisarla təqdim edirik:

Demokratiya və söz azadlığı uğrunda mübarizə aparan insanlar Azərbaycanın paytaxtı Bakının küçələrinə axışır. Polis və təhlükəsizlik qüvvələri kütləni dağıdır və etirazçılardan bəzilərini həbs edir. Aksiyanın təşkilatçılarından bir neçəsinə qarşı cinayət işi açılır, həbs olunurlar. Onların yaxınları və ailə üzvləri çalışdıqları işdən qovulurlar. Hakimiyyət rəsmiləri insan haqları və söz azadlığının məhdudlaşdırılmasına, dinc aksiyalara qoyulan qadağalara etiraz edən müxalifət tərəfdarlarını, müstəqil fəalları “ərəb” adlandırır.
Azərbaycan hakimiyyətinin etirazları yerindəcə boğmaq istəyi
Iqtidarın radikal addımlarının haradan qaynaqlandığının səbəbləri aydındır. 2003-2005-ci illər arasında Ukrayna, Gürcüstan və Qırğızstanda rəngli inqilablar nəticəsində hakimiyyət dəyişikliyi baş verdi. Bakıda keçirilən etiraz aksiyalarına sərt müdaxilələr göstərir ki, Azərbaycan hakimiyyəti rəngli inqilablardan belə dərs çıxarıb: “Etirazları beşiyindəcə boğmaq lazımdır”.
Bu illər ərzində hakimiyyətin apardığı repressiyalar nəticəsində müxalif düşüncəli bir gənc 7 il, başqa birisi isə 5 il azadlıqdan məhrum edildi. (“Yeni Fikir” Gənclər Hərəkatını sədri Ruslan Bəşirli və onun müavini Ramin Tağıyev nəzərdə tutulur - red.)
Beynəlxaq Böhran Qrupu ötən il hazırladığı hesabatda bildirdi ki, Azərbaycan hakimiyyəti ölkədə narazılıqları, insan haqları və söz azadlığına dair tələbləri boğmağa yönəlik addımları daha da sərtləşdirməklə, “daxili sabitlik” görüntüsü yaratmağa çalışır.
Mətbuat azadlığına gəlincə, ölkənin tanınmış jurnalisti Eynulla Fətullayev 4 ildir ki, gerçəkliyi şübhə doğuran ittihamlar üzündən həbsdə saxlanılır. Avropa Insan Haqları Məhkəməsi jurnalistin dərhal azadlığa buraxılması haqda qərar çıxarsa da, Azərbaycan hökuməti bu qərardan irəli gələn öhdəliyi yerinə yetirməyib.
Bundan başqa, iki gənc bloqçu ictimai fəallığına görə azadlıqdan məhrum edilmişdi. Qərb ölkələrinin və beynəlxalq təşkilatların ciddi təzyiq və tənqidlərindən sonra hakimiyyət ötən ilin sonlarına yaxın onların azad olunmasına razılıq verdi.
Lakin Azərbaycan hakimiyyəti mətbuat azadlığını məhdudlaşdırmaqda davam edir. Jurnalistlər peşə fəaliyyətlərinə görə cinayət məsuliyyətinə cəlb olunur, fiziki və mənəvi təzyiqlərə məruz qalırlar. Nəticədə media təmsilçiləri özünüsenzura qaydalarını tətbiq etməyə məcbur olurlar.
İlham Əliyev necə qorxuya düşdü?
Ictimai siyasi islahatlar görüntüsü yaradan Azərbaycan hakimiyyəti 2009-cu ilin martında referendum keçirdi. Konstitusiyaya görə, hazırkı ölkə başçısı Ilham Əliyev dəfələrlə postunda qalmaq imkanı əldə edib. Ilham Əliyev Yaxın Şərq və Şimalı Afrika ölkələrini bürüyən etiraz dalğasından ciddi qorxuya düşdü. Ölkədə kütləvi narazılığın olduğunu görən ölkə başçısı genişmiqyaslı antikorrupsiya islahatlarına start verdi. Televiziyalarda tez-tez görünməyə başladı. Çıxışlarında korrupsiya və inhisarçılığın tənqidinə daha çox yer ayırdı.
Əliyev və onun ətrafı necə varlanır?
Azərbaycan “Transparency International” təşkilatının hesabatında korrupsiyanın durumuna görə 134-cü yerdə dayanır. Azərbaycan bu göstəricilərlə Zimbabve ilə eyni sıranı bölüşür. Korrupsiya və inhisarçılıq ölkədə üstünlük təşkil edir.
Ekspertlər Ilham Əliyevin antikorrupsiya tədbirlərini “imitasiya” adlandırdı. Əliyev və onun ətrafı ölkəyə gələn gəlirlərdən külli miqdarda kapital əldə edir. Gəlirlərin kiçik bir hissəsini isə bəzi infrastruktur layihələrə xərcləyirlər. Bu cür idarəçilik üsulu uzun müddət davam edə bilməz.
"Azadlıq" qəzeti

Комментариев нет:

Отправить комментарий