03.05.2011

“Bunlar Azərbaycana özəl mülkiyyətləri kimi baxırlar”

Lalə Ramizqızı: “ Heydər Əliyev zamanında nazirlər, məmurlar belə “at” oynada bilməzdilər”

“Bu ədalətsizliyə göz yumanlara  günahsız atamın potensial qatili kimi baxıram”

“Ölkə müxalifəti atamın fədakarlığını düzgün qiymətləndirə bilmədi. Onu MTN-lə mübarizədə tək buraxdılar”

“Ölkədə ən azı üç-dörd Prezident Administrasiyası funksiyasını yerinə yetirmək iddiasında olan “obyektlər” peyda olub ki, onlar R.Mehdiyevdən çox-çox səlahiyyətli görünürlər”

“Korrupsiyaya qarşı hansı mübarizə gedir ki,  R.Tağıyevi rüşvət vermək maddəsi ilə şərləyib həbs ediblər, rüşvət aldıqlarını səmimi “etiraf” edənlər isə  vəzifə başındadırlar”

CANP-nin sədri Ramiz Tağıyevin həbsindən sonra nəhayət ki, təşkilat məclisi toplantısını keçirə bildi. Səbəb isə R.Tağıyevin məhkəmə prosesləri, müdafiə işləri ilə daha çox bağlı idi. 41 məclis üzvündən 33-nün iştirakı ilə keçirilən məclisin qərarı ilə partiyaya sədrlik müvəqqəti olaraq “Millətim”in baş redaktoru Lalə Ramizqızına həvalə edildi.



Partiya sədrinin birinci müavini Bayram Muradlının səhhətindəki problem nəzərə alınaraq, L.Ramızqızı sədri əvəz etmək vəzifəsini öz üzərinə götürməyə razılıq verdi. Lalə xanım ilk açıqlamasını da “Millətim”-ə etdi.

-Çətin olmayacaq ki, həm qəzet, həm də ki siyasi fəaliyyət?
-Biz artıq bütün çətinliklərə öyrəncəliyik. Çalışacağam ki, öhdəsindən gələm. Atamın arzu ilə qruduğu təşkilatı dirçəltmək üçün əlimdən gələni etməyə çalışacağam.
-Təşkilatın mövqeyində dəyişiklik planlaşdırılırmı?
-Bu barədə artıq qərar qəbul etdik. Baxmayaraq ki, atam təşkilatı ölkədə barış missiyasını yerinə yetirmək üçün yaratmışdı, ancaq biz bu gün sırf müxalif mövqedə olmağı qərara aldıq.  Yəni ölkədə baş verən bütün haqsızlara müxalifətdəyik. Amma görülən işləri də qaralamamağa çalışacağıq.
-Radikal müxalifətmi?
-Mənim şəxsən müxalifətə cürbəcür adlar qoyulmasından heç xoşum gəlməyib. Radikal, konstruktiv, nə bilim daha nələr. Zənnimcə ölkədə bir əsil müxalifət, birdə ki iqtidar var. Qalanları isə əldəqayırma-rəhmətlik Elçibəy demişkən cib müxalifətidir. Yəni ciblərinə bir şeylər ötürüb, istənilən havanı çaldıra bilirlər.
-Ramiz Tağıyev təşkilatın adını CAN qoymaqla ölkə vətəndaşlarını yenidən bir-birinə can deyib, can eşitməyə dəvət etmək niyyətində idi.
-Bəli, uzun müddət biz hamımız məhz belə düşünürdük. Ancaq yanıldığımızın fərqindəyik. Amma hələ ki bu boş xülyadan başqa bir şey deyilmiş.
-Axı, son zamanlara qədər fərqli düşünürdünüz...
-İnkar etmirəm. Biz çox səy göstədik, milyon-milyardlar üstündə əyləşmişlərlə xalq arasında elə uçurum yaranıb ki, onlar bu xalqın səsini eşitmək, mövcud durumu obyektiv qiymətləndirmək təfəkkürünə malik olmadıqlarını bir daha təsdiq etdilər.
-Siz yenə inqilabın əleyhinəsinizmi?
-Bunu o qədər də arzulamamışam. Üstəlik bəzi şəxslərin inqilabi çağırışları region üzərinə yönəltmək cəhdlərinə kəskin etiraz etmişəm. Ancaq düşünürəm ki, iqtidarın mümkün variantlardan istifadə edə bilməməsi, əksinə real müxalifətin üzərinə basqıları artırması mütləq əks effekt verəcək. Ancaq bu qədər haqsızlıqlara göz yumularsa, bu gündə olmasa, sabah inqilab qaçılmaz olacaq. Məhz iqtidarın mənəm-mənəm siyasətindən geri çəkilməməsi inqilabla nəticələnəcək.
-İqtidar ciddi islahatlara başlayıb, bundan bir nəticə gözləmirsinizmi?
-Açıq söyləyim, əvvəl nəyinsə dəyişəcəyinə azacıq ümidlənmişdim. İndi müşahidələrimə əsaslanıb qətiyyətlə söyləyə bilərəm ki, bu elə də asan deyil. Müəyyən irəliləyiş olsa da belə, bu arzuolunan səviyyədə deyil.
-Deyəsən axı, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə azacıq effekt verib...
-Təbii ki, “verib”. Görmürsən, R.Tağıyevi rüşvət vermək maddəsi ilə şərləyib həbs ediblər. Rüşvət aldıqlarını səmimi “etiraf” edənlər vəzifə başındadırlar. Demək, siz hələ də belə şoulara, məzhəkəli komediyalara inanırsınız. Hansı mübarizədən söhbət  gedə bilər ki, ölkənin bütün sərvəti- iqtisadiyyatı, torpalqarı korrupsioner məmurların əlində cəmləşib. Ölkə əhalisinin əksəriyyəti imkansızlıqdan son ümid yerləri olan pay torpaqlarını dəyər-dəyməzinə korrupsioner məmurlara satmalı olub. İndi gecikmiş addımlar atılır, guya ünvanlı sosial yardımları 1000 manat həcmində verəcəklər ki, kəndli nə isə edə bilsin. Kəndlinin torpağı qalıb?
-Təbliğat gedir hər halda... Bəlkə doğrudan rüşvətin, korrupsiyanın kökünü kəsəcəklər?
-Hələlik mənim müşahidə etdiyim budur ki, qanunsuzluqlar davam etməkdədir.  Hər halda iqtidar cəbhəsi də  səhvlərini səmimi etiraf etməli, dialoqla problemlərin həllini tapmalıdır.  Bunun əvəzinə iqtidar yetkililəri  hamıya, hətta beynəlxalq demokratik aləmə meydan oxumağa başlayıb. Bu isə böyük yanlışlıqdır. Nədənsə, iqtidar XXI əsrin ilk on illiyini arxada qoyduğumuzu, bu zamanda dünyanın hansı istiqamətdə inkişaf istədiyini xatırlamaq belə istəmir. Yalnız kosmetik dəyişikliklərə üstünlük verilir ki, bu da totalitar rejimlərə xasıdır. Hələ də çıxış yolu görünür. Bu bir halda mümkündür ki, iqtidar mənəm-mənəmlik prinsiöindən tam əl çəksin.
-Ölkə müxalifəti bununla sakitləşəcəkmi?
-Söhbət tək ölkə müxalifətindən deyil, bütövlükdə ölkə əhalisindən gedir. Əhali tək çörək davası aparmır, qanunların aliliyini tələb edir, zorakılığa son qoyulmasını arzulayır. Elementar insan haqq və hüquqlarına hörmət edilməsini istəyir. Televiziyaya çıxan dövlət məmuru əhaliyə yalnız barmaq silkələyir, az qala hamıya potensial cinayətkar kimi baxır. Burda fərq qoyula bilməz, kim iqtidardır, kim müxalifət. Hamı ölkənin bərabərhüquqlu vətəndaşıdır. Dövlət məmurunun vətəndaşlara münasibətində ayrı-seçkilik etməsi yolverilməzdir.
-Onlar mitinq keçirilməsindən narahatlıq keçirir?
-İstəmirlər mitinq olsun, ölkədə bir-neçə telekanal mövcuddur, imkan yaratsınlar müxalif fikirli insanlar da orda görünsün. Bilirsiniz, bütün rəqabət qaydaları pozulub. Televiziya olmaz, mitinq olmaz, yürüş olmaz, dialoq olmaz. Televiziya yalnız məddahlıq, bir də şoular üçündür. Bu qədər olmur, axı. Bir-iki partiyanı çıxmaq şərti ilə, digərlərinin normal fəaliyyət göstərmək şəraiti yoxdur. Sadaladıqlarıma şərait yaratmamaq zorakılıq deyilmi?
-Nə dəyişdi bu aylarda?
-Həm bizim, həm də bütövlükdə xalqın ümidi puç oldu. Ölkə iqtidarından demokratiyaya doğru bircə addım gözləntisi var idi. Təəssüf ki, gün-gündən daha qəddar rejim qurulmaqdadır. Bunları tənqid etmək olmaz. Tənqid edərsən, təqib edərlər, üstəlik həbsə də saldıraralr. Axı, dünyanın bütün totalitar rejimlərində bunları ediblər-asıblar, kəsiblər, güllələyiblər, həbslərdə çürüdüblər, nəticəsi nə olub? Bu zalımlıqları edənlərin özləri də, övladları da, bütün nəsilləri də bədbəxt olub. Yəqin kimlərdən söhbət gedir xatırlamağa ehtiyac duyulmur. Əvəzində isə 30 il həbs həyatı yaşamış, işgəncələr görmüş Nelson Mandela bütün dünyanın sevimlisinə çevrildi.
-Bizim ölkədə indi hansı sistem mövcuddur?
-Əslində daha çox sistemsizlik hökm sürür. Ancaq mənim müşahidələrim söyləməyə əsas verir ki, indi ölkəmizdə əsil “KQB” üsul-idarəsi hökm sürür. Onlar Heydər Əliyevdən miras qalmış bütün yaxşı ənənələri məhv etdilər.
-Hansı ənənələri?
-Kifayət qədər misal gətirmək olar. Televiziyalar, xüsusi ilə heç olmasa bir telekanal- ANS müstəqil idi. Müxalif fikirlər səsləndirilə bilərdi. H.Əliyev KİV-lər üçün qapalı şəxsiyyət olmadı. Müxalifətə qarşı amansız deyildi. Yeri gələndə addım atmağın tərəfdarı idi. Ümumiyyətlə, H.Əliyev tarixi məsuliyyəti kifayət qədər qəbul edən, çox böyük dövlət xadimi idi. Onun zamanında nazirlər, məmurlar belə “at” oynada bilməzdilər. Xatırlayırsınız, dənizin kənarında tikilmiş villalardan xəbər tutan kimi, xüsusi sərəncam verib, bunun üçün məsafə müəyyən etməyi lazım bildi. İndi, baxın, dəniz başdan-başa mühasirəyə alınıb. Hasarların hündürlüyü 5-6 metr. Kimdən gizlənirlər bunlar? H.Əliyevdən sonra, sanki Azərbaycanın yenidən bölüşdürülməsinə start verildi. H.Əliyev ölkənin keçid dövrü üçün nə gərək idisə, hamısını edə bilmişdi. Etiraf etmək lazımdır ki, o, beynəlxalq qanunlara hörmətlə yanaşır, ölkənin gələcəyini dünya demokratiyasına imteqrasiyada görürdü. Atam H.Əliyevi daha yaxından tanıdığından, bir yerdə çalışdıqlarından, ona daima böyük hörmət bəsləyib və bunu heç bir zaman gizlətməyib. Məncə bunda qəbahət axtarmaq lazım deyil. Bilirəm ki, atam həmişə obyektiv mövqe sərgiləyib, həqiqəti söyləyib.
-Axı, iqtidar iddia edir ki, H.Əliyev siyasi kursunu davam etdirir...
-Belə söyləyib, heç olmasa o böyük şəxsiyyətin ruhunu narahat etməsinlər. H.Əliyev millətini həqiqətən sevirdi. Sərt xarakteri ilə yanaşı, həm də kifayət qədər duyğusal insan idi. Ən başlıcası isə böyük rəhbərlik qabiliyyətinə malikliyi, ona ölkəni tam nəzarətdə saxlamağa imkan verirdi. Məmurların özbaşınalığı, qudurğanlığını bir an belə qəbul etməzdi. Onun zamanında istintaq və məhkəmə orqanlarında belə hərcmərclik hökm sürə bilməzdi.
-Prezident Administrasiyasında H.Əliyev dövlətçilik kursunu keçmiş Ramiz Mehdiyev kimi təcrübəli xadimlər var. Belə görünür ki, onlar həmin kursu davam etdirməkdə maraqlı deyillər?
-Ramiz Mehdiyevin böyük dövlət xadimi, təcrübəli icraçı olmasını kimsə inkar edə bilməz. Ancaq, indi deyəsən durum tam başqalaşıb. Ölkədə ən azı üç-dörd Prezident Administrasiyası funksiyasını yerinə yetirmək iddiasında olan “obyektlər” peyda olub ki, onlar R.Mehdiyevdən çox-çox səlahiyyətli görünürlər. R.Mehdiyev ölkədə bu qədər qanunsuzluğa, özbaşınalığa göz yuma bilməzdi. Deyəsən, onun səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Sadəcə olaraq, bəzi maraqlı klanlar qəsdən rəy yaradırlar ki, guya bütün baş verənlərin günahı akademikin üzərindədir. Bizim gəldiyimiz qənaət budur ki, indi ölkə MTN-dən idarə olunur. Əsil “KQB”metodu ilə. Oranın üstündə çox güclü bir klanın əli var. Vəssalam. Bizim digər müxalif qüvvələrlə baxış fərqimiz məhz bundan ibarətdir. Özümüzün haqlı olduğuna tam əminəm.
-Nəyə söykənir belə əminliyiniz?
-Bu bir az geniş mövzudur, ancaq bəzi məqamlarına toxunmaq mümkündür.        
-Dediniz ki, ölkəni MTN “KQB” üsul-idarəsi ilə idarə edir?
-Bir az yaxın keçmişə qayıdaq. Xatırlayırsan, 2005-ci ilin iyul-avqust aylarında baş verənləri?
-Nəyi nəzərdə tutursunuz?
-AXCP sədri Ə.Kərimliyə hər gün hücumlar təşkil edilir, AXCP-nin o zamankı qərargahının qarşısında guya “vətəndaş”ların mitinqi keçirilir, bunları çəkib, telekanallarda nümayiş etdirirdilər. Atam bunların hardan idarə olunduğunu yaxşı bilirdi. Ora toplaşan 5 manatlıq çuğulların əksəriyyətinin kimliyini aydınlaşdıra bilmişdi. Sonra da Ə.Kərimli ilə atam elə bir “əməliyyat” keçirib, MTN-i büsbütün ifşa edə bildilər. Atam MTN-nin siyasi proseslərə baş vurmasına nifrət edir. Bunun “37”-ə qayıdış olduğunu daima bəyan edib. Nəslimiz “37”-nin millətimiz üçün hansı dəhşətli faciələr yaratdığından yaxşı məlumatlıdır. Atamın anası-Fatimə nənəm söhbət edirdi ki, onları 40 gün mal vaqonunda bütün ölkəni dolandırıb, sonda Kazaxıstan çöllərinə töküblər. Özü də vaqonlarda söhbət gedirmiş ki, vaqonlar birbaşa okeana töküləcək. Təsəvvür etmək çətin deyil, həmin vaqonun “sərnişin”ləri hansı dəhşətli hissləri keçirib...
-Belə çıxır ki, indi də Ə.Kərimliyə qarşı hücumları MTN təşkil edir?
-Keçmişi xatırlasaq, bu qənaətə gəlmək yerinə düşür. Atam MTN-nin Antiterror Mərkəzi ilə qısamüddətli “əməkdaşlığı” zamanı çox müəmmalara son qoya bilmişdi. O, ATM-in iyrənc oyunlarını ifşa etdikdən sonra, gözləyirdi ki, hər an onu öldürə bilərlər. Bu səbəbdən yazılı bir növ vəsiyyətnamə saxlamışdı. Xatırlayırsınızsa, atam AXCP-də keçirdiyi mətbuat konfransında açıqlama verdi ki, “MTN-də xüsusi texnoloqlar var, onlar yalnız siyasi proseslərə müdaxilə edərək, müxalifəti müxtəlif yollarla ləkələmək, şantaj etmək, cəzalandırmaq kimi texnoloji proqramlar işləyirlər. Bu iş birbaşa MTN-nin Antiterror Mərkəzinin nəzarətinə verilib. İş orasındadır ki, texnoloqları da özləri kimi səriştəsizdirlər, hər “proyekt”ləri əks effekt yaradır”.
-Ramiz bəy o zaman çox böyük iş gördü, ancaq nədənsə gözlənilmədən geri çəkildi...
-Bunu indi müzakirə etmək o qədər yerinə düşməz. Atam doğrusunu daha yaxşı bilir. Mənim bildiyim budur ki, həmin zaman ölkə müxalifəti atamın fədakarlığını düzgün qiymətləndirə bilmədi. Onu MTN-lə mübarizədə tək buraxdılar. Hətta bəziləri atamın ifşa etdiyi MTN-nin “müxalifət” çuğullarına dəstək verməyə qalxdı. Təbii ki, atam sarsıldı, hədsiz incidi. Ondan sonrakı fəaliyyəti daha çox özünün və ailəsinin təhlükəsizliyini təmin etməyə yönəldi. Bu məqsədlə müəyyən manevrlərin edilməsi qaçılmaz idi. Axı o, demək olar ki, təklənmişdi.
-CANP-nin arada Milli Demokrat Partiyası ilə birləşməsi baş tutmuşdu. Ramiz bəydə həmin təşkilata birinci müavin olmağa razılıq verdi. Ancaq nədənsə, birlik uğurlu alınmadı...
-Kimsə bizi suçlaya bilməz. Özünüz müşahidə edirsiniz, bu gün Milli Demokrat Partiyasında nələr baş verir. Həmin partiyada çox ləyaqətli, vətənpərvər, mübariz insanlar var. Təəssüf ki, təşkilat siyasətə aidiyyatı olmayan birinə “hədiyyə” edilib. Atam oyunbazlıq olan yerdə bir an dayana bilməz. Bunu kim necə qiymətləndirir qiymətləndirsin. İnamışdı, getmişdi, xəyanət gördü ayrıldı. R.Tağıyev qəlibə sığışdırıla biləcək insan deyil. O əsil demokrat, ən çətin mübarizələrdən daima üzü ağ çıxmış insandır. Kimlərinsə diqtəsi ilə idarə edilən təşkilatda qala bilməzdi. Görürsünüz, sular necə durulur, kimin kimliyi tez bəlli olur. Belə olub, belə olacaqda. Bəli, ATM-in rəisi Elçin Quliyev düz qeyd edib ki, “Ramiz Tağyev həddən çox bilir “getməlidir”. Atamın cəzalandırılmasının yeganə səbəbi, ölkədə baş verənlərdən hamıdan çox məlumatlı olmasıdır.
-“Millətim”in mövqeyində dəyişiklik olacaqmı?
-“Millətim” minbir əzab-əziyyətlə ərsəyə gətirilən qəzetdir. Burada ayrı-ayrı siyasi baxışlara malik insanlar çalışır. Hamısı mövqelərini ortaya qoymaqda tam sərbəstdir. Özün ki, müşahidə edirsən, bəlkə indiyə qədər kiminsə yazdığına irad tutmuşuq. Sabah Müsavat, AXCP mövqeli yazılar daxil olsa da səhifəyə olduğu kimi çıxacaq. Bizim kiminsə qarşısınsda öhdəliyimiz yoxdur. Öhdəlik yalnız “Millətim”in oxucuları qarşısındadır. Onları dəqiq informasiyalarla təmin etməliyik. Ölkədə mətbuata marağın azalması bizi də narahat etməmiş deyil. Bu da ölkədəki rejimlə daha çox bağlıdır. İnsanların heç nəyə və heç kimə inamı qalmayıb. Bu baxımdan onların inamını qazanmaq üçün çox çalışmaq lazım gəlir. İndi azad mətbuata hədsiz basqı var. Onların yayılmasının qarşısı da müxtəlif vasitələrlə alınır. Biz çalışacağıq ki, “Millətim” tək CANP-nin mövqeyini əks etdirməsin. Qəzet üçün iqtidar, müxalifət problemi olmamalıdır. Sadəcə obyektivlik kifayət edər.
-Siyasət sizin üçün çətin olmayacaq ki?
-Düşünürəm ki, yox. Özümü dərk edən gündən siyasətin, mübarizənin içindəyəm. Bir çətinlik odur ki, ölkəmizdə qəzetçilik kimi, siyasətçi olmaq da ən riskli peşə sayılır. Azad siyasi meydan mövcud deyil. Ancaq mövcud reallıqda hansı addımı atdığımı yaxşı bilirəm və özümü mübarizəyə hazır hesab edirəm.
-Ölkədə qadınların, qızların siyasətlə məşğul olmasında bir passivlik hiss etmirsinizmi?
-Razılaşmaq olar. Ancaq ortada Lalə Şövkət, Gözəl Bayramlı kimi aktiv siyasi xanımlarımız da var. Övladlarının xoşbəxt gələcəyini arzulayan analar, ölkənin demokratikləşməsi, ədalətli cəmiyyətin qurulmasında daha çox maraqlı olmalıdırlar.
-Özünüz qeyd etdiniz, siyasət riskli peşədir. Rəqiblər şər-böhtanla bir-birini sıxışdırır, qara piar və sairə kimi çirkin metodlardan istifadə edirlər.
-Nə qədər ki, ölkədə əsil demokratiya, şəffaf cəmiyyət qurulmayıb, belə iyrənc metodlardan istifadə olunacaq. Ancaq, narahat olmağa dəyməz, ölkəmiz çox da böyük deyil. Necə deyərlər “yalan ayaq tutar, yeriməz”.
-Görmürsünüz, AXCP sədri Əli Kərimliyə necə hücumlar təşkil edilir?
- Əslində isə bunu edənlər öz səviyyəsizliklərini, mədəniyyətsizliklərini nümayiş etdirirlər. Əli Kərimlini tənqid etmək olar, ancaq ona da şərait yaradılmalıdır ki, sərbəst şəkildə öz sözünü söyləsin. Düşünürəm ki, ona qarşı edilənlər, əslində hər gün Kərimliyə minlərlə insanın rəğbətini qazandırır. Şəxsən mən “Millətim”in kollektivinə məsləhət bilərdim ki, indiki şəraitdə Əli Kərimlinin, İsa Qəmbərin və digər müxalifət nümayəndələrinin əleyhinə yazmasınlar. Bu bizi onlara qarşı tərbiyəsizlik edənlərlə eyniləşdirə bilər.
-İqtidar Əli Kərimlini, İsa Qəmbəri və eləcə də İP-ə daxil olan partiyaları ölkədə sabitliyi pozmaqda suçlandırır...
-Onu deyim ki,  demokratiya olmayan cəmiyyətdə şəffaflıq ola bilməz. Əsil həqiqətlər-kimin haqlı, kimin haqsız, kiminin korrupsioner, kiminin rüşvətxor olması yalnız demokratik cəmiyyətdə aşkarlana bilər. Mən deyərdim ki, azad mətbuat, sərbəst tənqid demokratiyanın əsas atributudur. Bizim iqtidarda bəziləri isə tənqidi heç qəbul etmək istəmir. Nəinki ölkə müxalifətnin, hətta beynəlxalq aləmin tənqidini də düşmənçilik kimi qəbul edir. Həqiqəti söyləyənə adda tapıblar-ermənipərəst. Erməni ömründə həqiqəti söyləyibmi? ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanı qəhrəman kimi qəbul edən iqtidar, indi bir-iki tənqidə dözməyib, ona da ermənipərəst adı qoydu. Deyirlər mitinqə 100-150 nəfər çıxır. Belədirsə, icazə verin, həmin 100-150 insan sözünü desin, sakitcə dağılışsın. Heç olmasa qardaş Türkiyə Cümhuriyyətindən nümunə götürsünlər. Qanuna görə hər bir vətəndaşın və eləcə də aparıcı müxalifət təşkilatlarının şəhərin istənilən yerində mitinq keçirmək hüququ var. İndi necə qəbul edək, sabitliyi kim pozur, öz qanuni hüquqlarından istifadə etmək istəyənlər, yoxsa onların hüquqlarını əlindən alanlar?
-Sizcə, nə üçün bunlar baş verir?
-Ölkəmizdə əslində uzun illərdir qeyri-rəsmi olaraq fövqaladə vəziyyət hökm sürür. Belə vəziyyət daha çox inhisarçılara, korrupsionerlərə, oliqarx məmurlara əlverişlidir. İnanın ki, bir neçə müstəqil informasiya vasitəsi, ölkəmizdəki səfirliklər, beynəlxalq təşkilatlar olmasa, istənilən insanı bir anda məhv edərlər.
-İqtidar isə 1992-93-cü illəri daima nümunə göstərir. Söyləyirlər ki, guya o zaman insanlar daima qorxu içində yaşayırmış.
-Tam yanlış münasibətdir. Əvvəla, o zaman əsil müharibə gedirdi. İnsanlarda gəzmək, əylənmək üçün həvəs də yox idi. Xatırlayıram, bir konsert tədbiri keçiriləndə, o zamankı müxalifət tez şayiə yayırdı ki, ölkə müharibə edir, cəbhəçilər keyf. Digər tərəfdən SSRİ imperiyası dağılmışdı, Müstəqil Azərbaycanın o qədər problemi yaranmışdı ki, bunu həll etmək üçün müəyyən zamana ehtiyac duyulurdu. Elçibəy iqtidarının qarasınca böhtan yağdıranlar, ona da xatırlasınlar ki, Şəmistan Əlizamanlı hər gün cəbhəçi könüllülərin işğal altında olan rayonları azad etməsindən məlumat verirdi.
-Elçibəy iqtidarını səriştəsizlikdə günahlandırılmasına münasibətiniz necədir?
-Bununla razıyam. Çünki nə Elçibəyin, nədə ki onun komandasında təmsil olunanların inhisarçılıq, korrupsiya və rüşvətxorluqda səriştələri yox idi.
-Elçibəyi yaxından görmüşdünüzmü?
-Dəfələrlə, Kələkidə olanda atamla tez-tez yanına gedirdik. Elçibəy televiziyada bir başqa, reallıqda isə tam ayrı cür görünürdü.
-Necə?
-Üzündən nur yağırdı. Söhbətindən doymaq mümkün olmurdu. Çətin ki, bir daha onun kimi şəxsiyyətlə rastlaşam. O bir ideal idi. Heyif, zamanında çoxları onu dərk etmədi. Ümumiyyətlə, tanınmış siyasətçilərin hamısı bizim qonağımız olub.
-Əli Kərimli də?
-Çox təəccüblü sual verdin. O da olub. Hətta bir-iki gecə Culfadakı evimizdə qonaq olub. Atamla Əli bəyin münasibətləri dost-qardaş səviyyəsində olub.
-Kim girdi ki araya?
-Əslində atam həmin zaman həbsxanadan yeni çıxmışdı. Durumumuz o qədər faciəvi idi ki, hətta ehtiyat edirdim ki, atam hər an dözməyib intihar edər. Təsəvvür etmək çətin deyil, bir ailə yataqxanada kiçik bir otağa sığınmışdıq. Atam deyirdi ki, həbsxana şəraiti burdan min dəfə yaxşıdır. Həqiqətən dözülməz idi. O qədər imkanların ola, mətbəxi belə olmayan kiçik otaqda kirayədə qalasan. Atamın azad olduğunu bilən dost-tanış gələndə evdə 5 dəqiqə otura bilmirdi. Hədsiz isti olurdu. Çox əsəbi olmuşdu həmin zaman atam. Ona azacıq etinasız yanaşandan dərhal inciyirdi. Haqlı idi, zamanında o hamıya böyük diqqət göstərmişdi. ATM-lə yaranan münaqişədən sonra dostlarının ona diqqətsizliyi təsirsiz ötüşmədi. Haqqı var idi, kim təklif olunan milyondan imtina edərdi? Ancaq, Ramiz Tağıyev ən ağır durumunda pula satılmadı, əqidə dostlarının üstünə getmədi. Bunu yalnız atam edə bilərdi, etdi də. Yəqin ki, Əli Kərimli bilməmiş deyil, atam bu gün yalnız 2005-ci il hadisələrinə görə cəzalandırılıb. Ancaq, yaxşı bir məsəl var “əski dostdan düşmən olmaz”.
-Ramiz bəy AXCP-nin üstünə getməli idi?
-ATM ssenari hazırlamışdı. Onların xüsusi qüvvələri atamın tərəfdarları kimi hücum edib AXCP-nin qərargahını ələ keçirməli idilər. Həmin zaman Əli Kərimliyə sağalmaz xəsarət yetirilə bilərdi. Atam bunların hamısını gələcək üçün yazıb, saxlayıb. Ancaq, mən əvvəlcədən bilirdim ki, atam heç bir zaman bunu etməyəcək. Qəribə idi, atama şərait yaradılmışdı, müxtəlif telekanallarda Əli bəyi tənqid edirdi. Hətta birinci dəfə çəkilişdə az tənqid etdiyinə görə, qaçaraq gəlmişdilər atamın üstünə ki, “bu nədi, sən az qala onu tərifləyirsən”. Yenidən çəkilişə getdi, canlı şərait yaratmırdılar. Ola bilər, duyuq düşmüşdülər ki, canlı yayımda atam sensasion nə isə edə bilər. Həmin ərəfədə AXCP-yə “vətəndaş”ların hücumunu tez-tez təşkil edib, telekanallarda nümayiş etdirirdilər. Bütün bunları atam zamanında açıqladı, amma çox təəssüf ki, müxalifət tərəfindən yalnız buraxıldı.  Həqiqətən cəbhəçilər çox möhkəm dayanmışdılar. Onların möhkəm dayanmasından atamın kefi kökəlirdi. Anam bir dəfə sual verdi ki, “səni heç başa düşmürəm, ordan belə deyirsən, burdan da cəbhədaşlarına alqış söyləyirsən”. 
-Bəs atanız nə cavab verdi?
-Həmişəki kimi. Dedi “sən qarışma, sonra hər şeyi bilərsən”. Sözün düzü, atam AXCP-yə hücum etsə idi, üzdə ona bir söz deyə bilməsək də, ürəyimizdə küskün qalacaqdıq.
-Əvəzində isə yaxşı yaxşı varlanacaqdınız. Atanız da bu gün həbsxana həyatı yaşamayacaqdı...
-Lənət olsun o cür varlanmağa. Atam acından ölər, o cür varlanmağı heç bir zaman qəbul etməyib, etməzdə. Qaldı ki, həbsxana həyatına, bu da bir taledir. Zaman öz qiymətini verəcək. Mərd mərd kimi, namərddə namərd kimi xatırlanacaq. Quduranların qırx gün yaşayacağı şübhəsizdir. Bir az geci-tezi olur.
-Lalə xanım, siyasi fəaliyyətiniz nədən başlamağı nəzərədə tutmusunuz? Yəqin ki, müəyyən plan cızılıb?
-Bu barədə bəyanat qəbul etdik. Artıq “Millətim”də bu bəyanat işıq üzü görüb. Ölkədə demokratik azadlıqlar uğurnda mübarizə aparan bütün qüvvələrlə  birgə addımlamağı düşünürük.
-İqtidar yetkililəri ölkəmizdə əsil demokratiyanın olduğunu iddia edirlər...
-Onlar üçün bütün azadlıqlar mövcuddur. Daha çox isə məddahlıq, yaltaqlıq var ki, onu da əndazədən çıxarıb hörmətdən salıblar. Hansı demokratiyadan söhbət açılır ki, ən elementar sərbəst toplaşmaq azadlığına qadağa qoyulub. Hansı demokratiyadan söhbət gedir ki, hələ də jurnalistlər, azad söz carçıları həbslərdə çürüdülür.  Əgər bütün qanunsuzluqlara, amansızlıqlara, şər-şamataya  dur deyən yoxdursa, o cəmiyyətdə heç bir demokratiyadan danışmaq mümkün deyil. Məndə iqtidar yetkililəri kimi ölkəmizdə demokratiyanın hökm sürdüyünə inanmaq istərdim. Hətta yaxın zamanlara qədər inanırdım da. Amma başımıza açılan bütün bu müsibətlərdən sonra ölkəmizdə demokratiyanın qətl edildiyini deməyə haqqımız var. 
-Lalə xanım, baxışlarınızda kəskin dəyişiklik hiss olunur. Səbəbi nədir?
-Ataların gözəl bir məsli var : “Başına gələn başmaqçı olar”. Şəxsən mən iqtidarın islahatlarına ümid bəsləyirdim. İslahat isə təkcə kosmetikadan ibarət olmamalı idi. İnsanların hüquq və azadlıqlarının
əllərindən alındığı halda, islahatdan  söhbət açmaq yersidir. Dövlət quruculuğunda hər bir vətəndaşın səsi, rəyi nəzərə alınmırsa, onda vətəndaş adı daşımağımızın özü formal xarakter daşıyır.
-Deputatlar deyir ki, normal seçki keçirilib...
-Təyinat alanlar belə deməlidir. Baxmayaraq ki, deputat təyin olunublar, hazırda bir müstəqil fikir söyləmək səlahiyyətinə malik deyillər. Onların bir çoxuna müraciətlər etdik, cəsarət edib cavablandıra bilmədilər. Onların işi yalnız ssenarı üzrə danışmaqdan ibarətdir. Ölkədə bir normal seçki keçirməklə bütün problemlərin həllinə nail olmaq olar. XXI əsrdə bunun baş tutması ölkəmizə heç də baş ucalığı gətirmir.
-Bu dəfəki seçkiləri müşahidə edə bildinizmi?
-Bütün ölkə əhalisi müşahidə etdi. Seçkiyə o qədər inamsızlıq yaranıb ki, vətəndaşlar məntəqələrə getmək istəmədi.
-Deyəsən atanızın qanunsuz həbs edilməsi də baxışlarınıza ciddi təsir göstərib?
-İnkar etmirəm. Bu 11 ay ərzində biz hansı qanunsuzluqlarla rastlaşmadıq. Bəli, bütün bunlar təsirsiz ötüşmədi. Ancaq, təkcə atamdırmı qanunsuzluqların qurbanı olan. Tələbə Cabbar Savalanın şərlənib tutulmasına qəbul etmək çox çətindir. Gənclər siyasi baxışlarına görə təhsil müəssisələrindən qovulur. Cabbarın minbir əzabla övlad böyüdən anasının vəziyyətinə acımamaq mümkündürmü? AXCP sədrinin müavini Gözəl Bayramlının həbs edilməsini bağışlamaq mümkün deyil.
-Sizcə nə üçün siyasi təşkilatlara sərbəst toplaşmaq imkanı verilmir?
-İqtidar mövcud durumdan xəbərsiz deyil. Əgər bu gün icazəli mitinqlər keçirilsə, meydanlara 100 minlərlə insan toplaşacaq. Çünki buna iqtidarın özü şərait yaradıb. Yəni əhalinin bu gün narazılığı artırsa, bunun da səbəbkarı iqtidar yetkililəridir. Mən həmişə bu fikirdəyəm ki, iqtidar özünə arxayındırsa, vətəndaşların toplaşmasından qətiyyən narahatlıq keçirməsin. Əgər müxalifət sərbəst toplaşmaq istəyirsə, şərait yaradılsın və xalqın kimi seçdiyi də ortaya çıxsın. Belə davam edə bilməz. Ən azı ona görə ki, ölkənin Avropa Şurası və digər beynəlxalq qurumlar qarşısında öhdəlikləri var. Əgər biz beynəlxalq təşkilatlardan ölkəmizə ədalətli münasibət gözləyiriksə, onda gərək ilk olaraq haqq-ədaləti bərpa edək.
-İqtidar Qarabağ problemini önə çəkib, ölkədə sabitliyin tərəfdarı olduğunu bəyan edir...
-Qarabağ hamımız üçün böyük dərddir. Ancaq, Qarabağı düşünənlər miyyardları toplamaqla, onlarla villa tikdirməklə məşğul olmazlar. Müharibə aparmaq istəyən ölkədə 41-45-dəki kimi bir şüar olar: “Hər şey qələbə üçün, hər şey cəbhə üçün”. Mən bu gün səslənən müharibə çağırışlarına qətiyyən inanmıram. Kim bilmir ki, müharibə fəlakətlər, dağıdıcı zərbələr, ölümlər gətirir. Təbii ki, biz buna daima hazır olmalıyıq. Ancaq, iqtidarda təmsil olunan bir çox oliqarxların  o qədər obyetkləri, villaları, biznesləri var ki, onların dağılmaması naminə müharibəyə gedə bilməzlər. Eyni şüarları illərdir eşidirik. Mənasız söhbətlərdi, sadəcə olaraq zaman itirilir. Zənnimcə Qarabağ problemin həlli də ölkəmizdə demokratiyanın bərqərar olmasından sonra baş tutacaq. Başqa cür mümkün deyil.
-Lalə xanım, atanız barədə ədalətli məhkəmə hökmü çıxarılsa idi, siz bu gün iqtidarı sərt tənqid edəcəkdinizmi?
-Etiraf edim ki, bu qədər bədgüman olmazdım. İqtidarın təbliğatına çox inanmışdım. Əfsuslar olsun... Həyatda hər kəs səhv edir, ancaq zamanında səhvi etiraf etməyi hər kəs bacarmır. İqtidarın kifayət qədər səhvləri mövcuddur. Nə zaman səmimi etiraflarını eşitmisiniz? Səhvlər yalnız  demokratik cəmiyyətdə aşkarlana bilər. Ölkənin hərtərəfli inkişafı ancaq demokratik rəqabət mühitində mümkündür. Totalitar rejimdə inkişaf yalnız mafioz, korrupsioner qüvvələrin mənafeyinə uyğun gəlir. Atamın məhkəmə prosesini müşahidə etdikcə belə qənaətə gəldim ki, ölkəmizdə indi ədalət adına heç nə yoxdur. İnsan amili bu iqtidar üçün əhəmiyyətsiz bir şeydir.
-Atanız necə düşünür, heç əlaqə saxlaya bilirsinizmi?
-Cəmi bir dəfə görüşə bilmişik. Onun üzünə durdurulanların yaxınlarına isə ayda bir dəfə görüş verirdilər ki, üzəduranı təlimatlandırıb atamı şərləsinlər. Bax, budur bizim “hüquqi” dövlətimizin mahiyyəti. Ancaq, atam sifariş göndərib ki, qətiyyən kiməsə yalvarmaq lazım deyil. O, öz ölümünü çoxdan göz önünə almış insandır. Tövsiyyəsi bu olub ki, haqq-ədalət uğrunda mübarizədən kənarda qalmayın. Yoxsa, gələcək nəsillər bizi bağışlamayacaq. Əslində, bu mübarizədən heç çəkilməmişdikdə, 6 ildir həyəcan təbili çalırıq ki, ölkədə “KQB” üsul idarəsi qurulur. Təəssüf ki, kimsə bizi eşitmək istəmədi. Oxuduqlarımdan bilirəm ki, indi ölkəmizdə “37”-i  “külək”ləri əsir. Cavidləri, Müşfiqləri, Çəmənzəminliləri məhv edənlərin yolu davam etdirilir. Müstəqil, azadfikirli insanlar “37”-i üsulu ilə şərlənərək həbsə atılır. Hüquq-mühafizə orqanları yalnız mafioz qüvvələrin müdafiə etməkdədir. Ancaq həmin qüvvələrin mal-dövləti, təhlükəsizliyi, hüquqları qorunur.
-Bəlkə prezidentin başladığı islahatlar hüquq-mühafizə orqanlarından, məmləkətlərdən yan keçməyəcək?
-Buna yenə də  ümid bəsləmək istərdim. Amma çox təəssüf ki, bu sahədə durum gündən-günə pisləşir, fərqli düşüncə sahibləri müxtəlif adlarla həbsxanalara “ezam” edilir. Mənə belə gəlir ki, kimlərsə prezidenti məqsədli şəkildə elə işlərə yönəldirlər ki, onu hörmətdən salsınlar. Prezident hara, kəndlərin, qəsəbələrin  su, kanalizasiya problemi hara. İcra haskimiyyəti başçıları, bələdiyyələr bəs nə iş görür? Heç olmasa Milli Məclisin sədri Oqtay Əsədovu göndərsinlər, su kanalizasiya problemlərinin həlli üçün. Az-çox o sahədən başı çıxır. Düşünürəm ki, ölkə prezidenti daha çox ölkə vətəndaşlarının hüquq və azdlıqlarının, həmçinin təhlükəsizliyinin təminatçısı olmalıdır. Digər işlər üçün o qədər gününü boş işlərə sərf edən nazirlər, icra başçıları var.
-Son saymızda ölkə prezidentinə ünvanladığınız açıq məktubdan hiss etmək olur ki, daha ölkə rəhbərinə inamınız qalmayıb.
-Təssüf ki, belədir. Biz ölkə rəhbərindən yeganə olaraq ədalətli məhkəmə keçirilməsinə yardım etməsini istədik. Çox təəssüf ki, səsimizi eşitmək istəmədilər. Bu hərəkətləri ilə bizi, atama qarşı  edilmiş haqszılıqdan ölkə prezidentinin məlumatı olduğuna inanmağa məcbur etdilər. Yenə deyirəm, tək biz belə vəziyyətdə deyilik. Ölkədə yüzlərlə vətəndaş günahsız olaraq məhbus həyatı yaşayır.
-Xüsusi ilə müstəqillik uğrunda əzablı mübarizə yolu keçmiş insanlara bir amansızlıq hiss edirsinizmi?
-Bunu hiss etməmək mümkün deyil. Bir tərəfdən Qorbaçovu söyürlər, digər tərəfdən deyirlər ki, müstəqilliyi bizə “hədiyyə” etdilər. Kim edib? Yəqin Qorbaçovu nəzərdə tuturlar. Onda bəs nə üçün lənətləyirsiniz. Bizim kommunistlər bilsə idilər ki, müstəqillik hədiyyə ediləcək, o zaman imkan verməzdilər ki, üç rəngli bayrağı başqaları götürüb meydanlara çıxsın. İndi yekə-yekə danışmağa nə var ki? Müstəqillikdən gen-boluna istifadə edib milyardlar qazananlar, o qədər harınladılar ki, atam kimi evsiz-eşiksiz millət fədailərinin üstünə qartal-quzğuntək şığıdılar. Müstəqillik aktını imzalayan istiqlalçı deputatlara edilən hörmətsizliyi görmürükmü?
-Beləmi davam edəcək?
-Belə davam edilməsi mümkün deyil. Yalnız dünyaya baxışı məhdud olanlar belə davam edəcəyini düşünə bilər. İndi ölkə vətəndaşlarının 90-95%-i müxtəlif problemlərin əzabını, zülmünü çəkir. Reallıq belədir. Ölkə yalnız müstəqil olmayan telekanallarda gözəl görünür. Həqiqətdə isə ən vicdanlı, vətənpərvər şəxsə bir anda cinayətkar, hətta Vətən xaini damğası vurulması mümkündür. Eynən “37”-i kimi. Sanki bu qanunsuzluqları edən qüvvələr, ölkə rəhbərinin də gözündən pərdə asıblar. Bütün bu qanunsuzluqları görməmək, eşitməmək mümkün deyil axı.
-Digər müxalifət təşkilatları ilə əməkdaşlığınız mümkündürmü?
-Real müxalifətlə əməkdaşlıq nəzərdə tutulub. Ümumiyyətlə, ölkədə demokratiya uğrunda mübariz aparan hər bir təşkilatla münasibətimiz yaxşı olacaq. Onu da deyim ki, müxalifətçilik dedikdə  CANP sadəcə iqtidara müxalifətdə olmağı nəzərdə tutmur, həmçinin müxalifət qüvvələrin də Azərbaycan əleyhinə yönəlmiş hər hansı bir hərəkətə yol verməsinə qarşı müxalifətdəyik.
-Onsuzdakı bütün müxalifət təşkilatları bu yolda olduqlarını söyləyir.
-Kimin nə söyləməsindən asılı olmayaraq, bu gün ölkədə hər kəs bilir ki, həqiqi müxalifət kimdir, oyunbazlıqla məşğul olan kimdir? Bizim üçün də sirli heç nə qalmayıb.
 -Lalə xanım, sizin mövqeyiniz atanızın daha sərt cəzalandırılmasına “yardım” etməyəcəkmi?
-Atam şərəfli mübarizə yolu keçmiş, ləyaqətlə ömür sürmüş insandır. Onun hər an ölüm xəbərini eşitməyə o özü bizi hazırlayıb. Atam qətiyyən ölümdən qorxmayıb, hər an ölümü gülə-gülə qarşılamağa hazırdır. Deyirdi ki, nə üçün qorxum, iqtidar məmurları kimi milyon-milyardlarım yoxdur ki, narahatlıq keçirim. Heç evi də olmadı. Biz ondan bu sarıdan narazı olmamışıq. Onun təmiz adı bizim üçün ev-eşik, həm də milyonlardır.
-Ölüm barədə söhbət açmaq tez deyilmi?
-Atamı bu cür qurama ittihamlarla həbs etdirənlərin əlindən bütün iyrənc əməllər gəlir. Ancaq, yaddan çıxarmasınlar, ləl-cəvahiratlarının gözlərini kor edən parıltısından bir an xilas olub dünyaya ayıq nəzər salsınlar. Mən onların “kor”luğuna bədbəxlik, insanlığın faciəsi kimi baxıram. Onları nə zamansa ciddi sorğu-sual gözləyir. Yaxşı olar ki, həmin günə hazır olsunlar.
-Sizcə, R.Tağıyevin günahsız həbs edilməsində əsas rolu kimlər oynayıb? Üzəduranlar, üzədurduranlar, onların diktəsi ilə hökm çıxaran hakimlərmi?
-Artıq onların heç birində suç görmürəm. Bütün baş verənlər ölkədə hökm sürən qanunsuzluqların, ədalətsizliyin, özbaşınalığın, vətəndaş səsini eşidənlərin olmamasının sonucu kimi baxıram.  Bu ədalətsizliyə göz yumanlara  günahsız atamın potensial qatili kimi baxıram. Bilirəm ki, günahsızlığı ilə yanaşı, əzablı mübarizə, döyüşçü həyatında yeganə qazancı olan ağır xəstəliklərlə o həbsxanada çox yaşamaq iqtidarında deyil. Artıq ailəliklə və eləcə də onun  siyasi mübarizə yolunun davamçıları olaraq özümüzü buna hazırlamışıq. Nə olur-olsun, biz demokratiya, ədalətli cəmiyyət uğrunda mübarizədən bir addım da geri çəkilməyəcəyik.

Комментариев нет:

Отправить комментарий