Məlüm şeylər var ki, onları deməmək olmaz. Gözlə görünən hər şeyi, gözlə görünəcək qədər açıq və aydın demək lazımdır. Hakimiyyət bizim sevgilimiz deyil ki, səhvini deməkdən çəkinək. Həm də bu bir duyğu məsələsi də deyil ki, sətraltı məna işlədək. Bu gözlə görünəcək qədər açıq bir şeydir. Bu 1 dəfə olmayıb, bir neçə dəfə olub. Hətta elə zamanlar da olub ki, eyni şey bir neçə dəfə təkrarlanıb. Eyni sitatları nə qədər görmüşük və eşitmişik. Eyni parkları, eyni portretləri, eyni ssenari ilə yazılmış həbsləri…Bu barədə təcrübəmiz çoxdu. Bizə bu təcrübələri əzbərlətdirirlər. Əzbərlətdirirlər ki , yadımızdan çıxmasın. İnanın ki, günümüzə qədər olan siyasi-məhbusların və jurnalistlərin həbsinin ssenarisi vaxt gələcək digərlərinə də tətbiq ediləcək. Bu hakimiyyət kimisə həbs etmək üçün yeni ssenari fikirləşmir. Adət var, ənənə var. Əvvəl necə olubsa, indi də belə olmalıdır. Həm də bu əlavə pul itkisi və artıq enerjidi. Daha ağıllı ssenari ilə yazılmış həbsləri isə tətbiq etmək üçün adam yoxdur. Ən ağıllıları Babəklə Vüsal idi.
Həbsdə olan jurnalist Eynulla Fətullayevin bir neçə gün bundan əvvəl başına gələnlər bunun aydın sübutudur. Ciddi rejimli cəzaçəkmə müəssəsində Eynullanin ayaqqabısının içindən və gödəkçəsinin astar hissəsindən heroin tapılıb. Çox mübarək. Sevindirici hadisədir ki, xalq düşməni, vətən xaini Eynulla Fətullayev Avropa məhkəməsindəki işinin yekunlaşma ərəfəsində yenidən həbs olundu.
Keçək işin əsas hissəsinı. El bilir ki, cibə atıb qaçmaq bizim xalqın qədim adət-ənənəsidir. İllər keçdikcə, ay dolandıqca bu ənənə bizdə daha da inkişaf etmiş və idman oyununa çevrilmişdir. Bu idman növü qaydasız döyüş qədər amansızdır. Yəni burada hər şey ola bilər. Baxır hədəfin cibinə nə atırsan. Məsəlçün, Əli Kərimlinin cibinə qumbara atmışdılar. Burada 2 variant var idi, ya qumbara Əli Kərimlinin cibində partlamalıydı, ya da Əli Kərimlini həsb etməliydilər. Kiminsə cibinə nəişə atırlar. Bunu da həbs elətdirirlər. Şimal rayonlarında çox qədim adət ənənə var. Toy gecəsi gəlin qız çıxırsa, yengə bəyin cibinə qoz atır. Yəni müxtəlif şeylər ata bilərik. Əsas odur, hədəfi düzgün seçəsən. Yenə də deyirəm cibə atıb qaçmaq eynilə qaydasız döyüş kimidir, əgər hədəfdən yayınıb yumruğu hakimə vursan oyunu uduzacaqsan.
Onu da deyim ki, bu idman növünə hakimiyyətin rəğbəti inanılmaz dərəcədə güclüdür. Cibə atıb qaçmaq o qədər inkişaf edib ki, artıq geyindiyin ayaqqabının içinə sən hiss etmədən istənilən şey ata bilərlər. Düzdür, son zamanlar üzdəniraq qonşularımız bu idman növünü özününkiləşdiriblər. Ancaq mənfur düşmən Eynulla Fətullayevi nakauta salandan sonra, artıq bütün dünya bilir ki, cibə atıb qaçmaq qədim Azərbaycan idman növüdür. Çünki heç kim bunu bizdən yaxşı istifadə edə bilməz.
Son söz olaraq onu da deyim ki, Dövlət başçısının idmana olan qayğısının nəticəsidir ki, Eynulla Fətullayev kimi xalq düşməninin layiqli cəzası bu gün də verilməkdədir. Biz də respublika zəhmətkeşləri adından, Eynulla Fətullayevi nakaut vəziyyətinə saldıqları üçün ilk növbədə federasiya rəhbərliyinə, sonra isə bu işdə bütün əli olanlara təşəkkür edirik. Qoy qarı düşmən bilsin ki, biz onun cibindəkiləri çıxarıb, yerinə öz cibimizdəkiləri ata bilərik, atmışıq, atacayıq!