04.05.2011

Hacıbala Abutalıbovdan hiyləgar bəyənat

Təhsil və peşəcə fizik olan, amma fizika, riyaziyyat doktorlarının, elə başqa doktorların da necə ehtiyac içində yaşadığını görən Hacıbala müəllim çox vaxtında sənətini atıb bilavasitə dövlət işinə keçdi. Kişinin ayıqlığına söz yoxdur və o vaxtdan xeyli keçib və Bakı kimi çoxmilyonlu bir şəhərin başçısı olmaqda davam edir. Aydındır ki, bizdə bütün vəzifələr ömürlük olduğuna görə Hacıbala müəllim də yəqin ki, ömrünün axırına kimi fizika və riyaziyyata dəxli olmayan bu vəzifədə işləyib, şad-xürrəm yaşayacaqdır.
Bunlar öz yerində. Bu günlərdə Hacıbala müəllim yenə televiziya ilə bəyanat verib söylədi ki (ANS-də), qəzetlərdən, mətbuatdan xahiş edir ki, onu qətiyyən tərifləməsinlər, nə qədər ürəkləri istəyir tənqid etsinlər.
Hacıbala müəllim bununla demək istəyir ki, guya o, tərifi xoşlamır, tərifdən xoşu gəlmir, əksinə, tənqid olunanda daha çox məmnun olur və razı qalır. Bax, elə burada möhtərəm müəllim bir az yüngül desək, camaata, xalqa kələk gəlir. O, bu yerdə hamını axmaq, özünü isə ağıllı hesab edir.
Hörmətli Hacıbala müəllim, hörmətli professor, siz ona görə belə demirsiz ki, tərifdən xoşunuz gəlmir. Xeyr, tərifdən xoşu gəlməyən adam dünyada yoxdur, çox çətin tapılar. Siz şefin, yəni ölkə rəhbərinin xasiyyətini bilib belə deyirsiz. Siz bilirsiz ki, qəzet və jurnallarda, xüsusilə müxalifət qəzetlərində, radio və televiziyada hər hansı dövlət xadimi və siyasi xadim tənqid olunanda rəhbərin xoşuna gəlir, ona hörməti qat-qat artır. Əksinə, tərif olunan dövlət adamından zəhləsi gedir və onu heç şübhəsiz ki, gec-tez vəzifəsindən kənar edir.
Bax, sizin də tənqid olunmağı xahiş etmənizin səbəbi budur, əziz və hörmətli Hacıbala müəllim.
Amma müdrikliyinizə, praktiki təfəkkürünüzə söz ola bilməz.



alisanicat.wordpress.com

Комментариев нет:

Отправить комментарий