01.05.2011

Həbsdən yenicə azad olunan "Alik" ləqəbli Böyükağa Məlikov yenə gömrük məntəqələrində at oynadır

Həbsdən yenicə azad olunan "Alik" ləqəbli Böyükağa Məlikov yenə gömrük məntəqələrində at oynadırMonopoliyaya qarşı mübarizənin Əbülfəz Məlikova dəxli yoxdur?..
Bu gün dünyanı bürüyən, Şərq, Qərb dövlətlərini silkələyən yüz minlik etiraz aksiyalarının əsas səbəbi rüşvətxorluq, korrupsiya, məmur özbaşınalığı və monopoliya kimi çox ciddi problemlərdir. Əslində monopoliyanın olduğu yerdə azad bazardan, sahibkarlıq fəaliyyətindən danışmaq boş hovuzda üzmək oyrənmək kimi gülünc bir şeydir.
Azərbaycana gələndə isə monopoliya ölkəni hörümçək toru kimi çulğalayıb. Monopolistlərin kim olduğu isə gün kimi aydındır. Nə təqaüdlə güclə dolanan Fatmanisə xaladan, nə də siqaret almağa pul tapmayan Məmmədhəsən əmidən monopolist olmaz. Məhz
bunu nəzərə alaraq ölkənin baş prokuroru Zakir Qaralov cənabları bu günlərdə "Korrupsiyaya qarşı mübarizəni özümüzdən başlamalıyıq" deyə açıqlama verib. Doğrudan da, korrupsiyaya, monopoliyaya qarşı mübarizə məmurlardan başlamalıdır.
Biz də "Yeni Nəsil" qəzeti olaraq nəşrə başladığımız ilk gündən ölkənin ən ciddi problemi olan inhisarçılıq-monopoliya problemini gündəmə gətirdik. Monopoliya problemi həqiqətən də ölkə iqtisadiyyatını iflic vəziyyətinə salıb. Ölkə başçısı İlham Əliyev cənabları hakimiyyətə gəldiyi ilk gündən Nazirlər Kabinetinin müşavirələrində ən çox monopoliya probleminin aradan qaldırılmasının vacib olduğunu dəfələrlə vurğulayaraq bunu məmurlardan tələb etmişdi. Amma bütün bunlara baxmayaraq monopoliyaya qarşı ciddi mübarizə aparılmadı, daha doğrusu, ölkədə əsas monopolist olan iri çaplı məmurlar buna imkan vermədilər. Görülən tədbirlər isə görüntü-dekorasiya xarakteri daşıyırdı. Problemin dəhşətli həddə çatdığını dəfələrlə Milli Məclisdə qaldıran millət vəkili Vahid Əhmədov iclasların birində açıq şəkildə bəyan etdi ki, monopolistlərin kim olduğu ölkədə hamıya məlumdur, ancaq tədbir görülmür. Millət vəkili onu da bildirdi ki, əgər monopoliya məsələsi aradan qalxsa, ölkədə tüğyan edən qiymətlər bir günün içərisində 3-4 dəfə aşağı düşər. Bunu hansısa müxalifət qəzetinin yazarı deyil, millət vəkili bəyan edirdi. Ancaq buna baxmayaraq bu günədək Azərbaycan cəmiyyəti monopoliyaya qarşı ciddi mübarizənin şahidi olmayıb. Təsəvvür edirsiniz, əhalinin böyük əksəriyyəti hər gün artan qiymətlərin altında rəzil vəziyyətinə düşür, monopolistlər isə ciblərini doldurur, hətta prezidentin tapşırıqlarını da qulaq ardına vururlar. Bu isə ölkədə ciddi narazılıq yaradır, əhalini iqtidardan uzaq salırdı. Dünyada gedən maliyyə böhranı isə vəziyyəti daha da mürəkkəbləşdirirdi. Sözün düzü, bu barədə heç kim düşünmək istəmirdi, daha doğrusu, heç kim açıq şəkildə öz mövqeyini ortaya qoymaq istəmirdi. Məhz belə bir məqamda yenicə nəşrə başlayan "Yeni Nəsil" qəzeti öz kəskin və qəti mövqeyini ortaya qoyaraq sahibkarların müraciəti əsasında ölkə iqtisadiyyatının "qara yarası" olan monopoliyaya qarşı ciddi mübarizəyə başladı. İlkin olaraq qəzetimiz sərhəddə yerləşən gömrük-keçid məntəqələrindən ciddi araşdırma yazıları hazırladı. Və məlum oldu ki, ölkənin bütün gömrük-keçid məntəqələri "BROKER" MMC ( rəisi Əbülfəz Məlikov) adlı şəbəkə tərəfindən inhisara alınıb. Hətta göydə uçan quşlar da Azərbaycana keçmək üçün Əbülfəzə "haqq" ödəyir. Belə olan halda yazıq sahibkarların başına gələn müsibətləri təsəvvür etmək çətin deyil. Bircə faktı qeyd etsək vəziyyətin hansı həddə çatdığı aydın olar. Deməli, Gürcüstandan Azərbaycana idxal olunan hər qoyun üçün 40 dollar, bir maşın mal-qara üçün sahibkarlar Əbülfəzə 6500-7000 dollar rüşvət verməlidir. Biz hələ digər məhsulların "tariflərini" demirik. Beləliklə, hazırladığımız materiallar əsasında ötən ilin sonunda Gürcüstanın "Media Qrup"una müraciət etdik. Qonşu ölkədəki həmkarlarımız isə Gürcüstanın hüquq-mühafizə orqanlarına, maliyyə polisinə müraciət edərək vəziyyətin aydınlaşdırılmasını tələb ediblər. Gürcüstan maliyyə polisinin apardığı əməliyyat nəticəsində Əbülfəz Məlikovun sağ əli sayılan "Alik" ləqəbli Böyükağa Mikayılov və Şakir Musayev sahibkardan 6000 dollar rüşvət alarkən həbs edildilər. Beləliklə də apardığımız mübarizə özünün ilkin nəticəsini verdi. Monopolistlərə ilk ciddi zərbə dəydi. Yəni 2 ay ərzində apardığımız mübarizədə bizə çoxları Don Kixot kimi baxırdı. Ancaq biz apardığımız işin ciddiliyinə inanırdıq. Bu gün isə bütün ölkə rəhbərliyi bizim qaldırdığımız problemlərin nə qədər önəmli olduğunu son günlər səsləndirir. Son bir neçə gündə ölkə prezidenti İlham Əliyev cənabları monopoliya ilə bağlı son çıxışında bu problemin təcili şəkildə aradan qaldırılmasını bildirdi. Deyəsən, vəziyyət kritik həddə çatıb, geriyə yol yoxdur. Ölkə başçısının çıxışından sonra yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev icra orqanlarının neqativ fəaliyyətindən danışaraq bildirdi ki, dövlət qurumlarına çoxsaylı müraciətlər olub. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri diqqəti ölkə başçısının Nazirlər Kabinetinin 14 yanvar iclasındakı söylədiyi fikirlərə yönəldib. Ölkə başçısı həmin iclasda "iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanlarının apardığı əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarından" tələb edib.
Administrasiya rəhbəri dövlət başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs edib, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Toplantıda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunub. İclasda baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov neqativ halları aradan qaldırmaqla bağlı müvafiq təkliflərlə çıxış ediblər. Aidiyyəti dövlət orqanlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Bütün bunlar "Yeni Nəsil" qəzetinin 2 ay öncə başladığı işin ölkə həyatı üçün nə qədər önəmli və aktual olduğunu bir daha sübut edir.
Aldığımız son məlumatlara görə, Ramiz Mehdiyevin son çıxışından sonra daxili işlər naziri cənab Ramil Usubovun göstərişi ilə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ölkə rəhbərliyinin çıxışına adekvat olaraq antimonopoliya əməliyyat tədbirlərinə başlayıb.
Digər nazirliklər, dövlət qurumları da prezidentin tapşırıqlarından irəli gələn tədbirlər görürlər. Son günlər bir çox məmurların işdən çıxarılması, vəzifəsindən azad edilməsi, cəzalandırılması, hətta bəzi məmurların həbs olunması göstərir ki, bu proses ciddi şəkildə aparılır. Ancaq...
Bəli biz də görülən tədbirlərə inanmaq istəyirik. Ancaq bu il yanvarın 12-də Gürcüstanın maliyyə polisi tərəfindən həbs olunan "BROKER" MMC-nin (rəhbəri Əbülfəz Məlikov) "vuran qolu" Alik ləqəbli Böyükağa Mikayılovun həbsdən azad olunaraq dövlətimizin gömrük-keçid məntəqələrində yenidən at oynatmasını, hər gün 50-60 maşın (hər maşın üçün 6000-7000 dollar alaraq) qanunsuz mal-qara keçirməsi xəbərini eşidəndə istər-istəməz düşünməli oluruq: Kimə inanaq? Doğrudanmı, ölkə rəhbərliyinin, qanunların Əbülfəz Məlikova gücü çatmır?
Həqiqətənmi, monopolistlər dövlətdən güclüdür? Bu ölkəni kimlər idarə edir?
Əbülfəz Məlikov, Alik ləqəbli Böyükağa, Şakir, yoxsa...? 


Kamran                   "Yeni nəsil" qəzeti

Комментариев нет:

Отправить комментарий