14.05.2011

Hüsamə bin Sərxan, şeirlər

                                                 BAŞ TUTMAYAN EDAM…

Günəşin qüruba endiyi yerdə
Dünyanın ən qəddar
Tablosu asılmışdı!
Edam kötüyündə mürgüləyən qadın
Cəllada əzab verirdi…
Rəssam günəş idi,
Şəfəqləri fırça.
İstifadə etdiyi rəng-
Buludlar.
…Günəş qüruba endiyindən,
Baş tutmadı edam…

                                                 QAÇQININ SON ARZUSU

Mən öləndə məni Ayda basdırarsınız!
Ona görə yox ki,
orda ermənilər olmur.
Sadəcə, Aydan baxanda
daha yaxşı görünür
Doğma yerlər,
əziz insanların məzarları.

                                                  BİR YAĞIŞ YAĞAYDI…

Bir adam sönürdü
bir dağ başında
Adamı heyrətə salacaq qədər
böyümüş gözləriylə
heç görmədən baxırdı,
baxırdı göyə.
Gözləri görmürdü,
eşitmirdi qulaqları,
yalnız od tutub yanırdı
sinəsi,
dodaqları.
Birdən-birə xəyal kimi, röya kimi
bir ağac göründü gözlərinə-
Ağacdan yuxarıda
qırmızı buludlar axırdı,
Qırmızı buludların içindən
qırmızı Ay baxırdı
Od tutub yanırdı,
Yanırdı sinəsi, dodaqları.
Könlündən bir yağmur keçirdi,
bir yağış
Bu yağış yağaydı barı.
gizlədəydi göz yaşlarını

Ah, bu yağış tez gələydi,
unutduraydı hər şeyi

Комментариев нет:

Отправить комментарий