05.05.2011

İnqilabçı BDU-da inqilaba qarşı


Bir universitetin amacı dəyişiklik istəyən gənci arasından uzaqlaşdırmaq deyil, dəyişiklik istəyən gənci yetişdirməkdir.
Xalq Cumhuriyyətinin ən böyük uğuru olan, bağımsızlığın, aydınlamanın sonucunda yaranan bir universitetin bu gün acınacaqlı duruma düşməsi rasional düşünən hər bir vətəndaşa üzüntü verdiyi aşkardır.
Özünə hörmət edən, oxuduğu universiteti Qərb universitetləri səviyyəsində görmək istəyən bir tələbənin Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Əli Kərimlinin evinin qarşısında boy göstərən Daşqın Qənbərovdan utandığı apaçıq aydındır.
Xalq Cumhuriyyətinin yadigarı olan BDU XXI əsrin əvvəllərində Daşqın Qənbərov və qalstuklu şəhər sakini yetişdirməməli idi.
Milli Azadlıq Hərəkatında çevrilişlərin, dəyişikliklərin ocağı olmuş BDU-nun bu gün cəhalətə, avtoritarizmə dəstək verən kimsələrin əlində olması çox acınacaqlıdır.
****
Bakı Dövlət Universiteti ilə bağlı işıqlı xatirələrim həddindən artıq azdır.
Baxmayaraq ki, mən də bir zamanlar Abel Məhərrəmovun əlindən politologiya üzrə fərqlənmə diplomu alanda özümü artıq parlamentə düşmüş kimi təsəvvür edirdim.
Zaman ötdü, həmin diplomun da, mənə dərs deyən  ağsaqqalların da keçdiyi dərslərin önəmsizliyini anladım.
Üzeyir Hacıbəylinin siyasi görüşlərindən diplom işi müdafiə edərkən elmi rəhbərimin “Nə fərqi var, Nəriman Nərimanovun kitabını götür, Nərimanov adı olan yerlərə Hacıbəyov yaz, vəssəlam” dediyi cümlə hələ də qulaqlarımda cingildəyir.
Sosial siyasi təlimlər tarixi fənnindən dərs deyən, namaz qılması ilə öyünən “müəllim”imin sonradan rüşvət aldığı üçün universitetdən qovulduğunu eşidəndə artıq şok olmağa gərək yox idi.
Universitet altı ay hərbi xidmətdən qalmağıma yardımçı oldu.
Magistr xatirələrim xeyli işıqlı olsa da, bunların heç birini Bakı Dövlətin öz müəllimlərinə borclu deyiləm.
BDU-da müqavilə əsasında çalışan Qərbdə təhsil almış gənc müəllimlərimi qoca yaşlarında Qori seminariyasının azərbaycanlılar üçün şöbəsinin açılmasına çalışan Mirzə Fətəli Axundova bənzədirdim.
Kaş cəmi on faizi BDU-nun bu cür müəllimlərdən ibarət olardı.
Kaş bu gün Daşqın Qənbərovlar Əli Kərimlinin evi önündə deyil, hər bir tələbənin heysiyyətinə toxunan Rəsulzadənin qoyulmayan büstünün qarşısına yığılaydılar…
Və bir gün sonuncu zəngində məni yenidən sevgi ilə tanış edən universitetimin pilləkənlərində qürur hissi ilə addımlamaq ümidi ilə qovulan tələbələrə bol uğurlar arzu edirəm.
Tarixə Daşqın Qənbərov, qalstuklu gənclər deyil, məhz sizlər düşəcəksiniz.

Комментариев нет:

Отправить комментарий