04.05.2011

"MİLYON DOLLARI OĞURLAYANA MİLYONÇU DEYİRLƏR"

Eldar Zeynalov: "Korrupsionerlərin milyardlarını almaq istəyən adamı, sadəcə olaraq, fiziki cəhətdən məhv edərlər"



"İslam Partiyası məscidə qumbara atan, silahını almaq üçün əsgəri qətlə yetirən, benzindoldurma məntəqəsini qarət edən radikal islamçı qüvvlərə sivil alternativ ola bilərdi" 

Müsahibimiz İnsan Haqları Mərkəzinin direktoru Eldar Zeynalovdur. Müsahibə ölkədə korrupsiyaya qarşı mübarizə başlamazdan əvvəl hazırlanıb. 

- Eldar müəllim, hakimiyyət nəyə görə korrupsiyaya qarşı mübarizə aparmır?
- 20 ilə yaxındır ki, ölkədə vaxtilə məhv edilmiş milli burjuaziya sinfi bərpa edilir. 1920-30-cu illərdə bolşeviklər tərəfindən milliləşdirilən ümumxalq mülkiyyətinin dağıdılması prosesi gedir. Bu yalnız kriminal yolla, dövlət məmurlarının dəstəyi ilə mümkündür. Ümumxalq mülkiyyətini birbaşa oğurlamaq imkanı olmayan məmurlar rüşvətxorluq yolu ilə öz paylarını götürməyə çalışırlar. Azərbaycanda təzə bir lətifə yaranıb. Həbsxana kamerasına təzə bir məhbus gətirirlər. Hamı görür ki, bu çox varlı adamdır. Soruşurlar ki, türməyə necə düşmüsən? Cavab verir ki: "Rüşvətlə." Kamera yoldaşları məəttəl qalırlar: "Rüşvətlə? Bespredelə bax! Elə belə türməyə düşməyi yoxlamamısan?"
Korrupsiya ilə mübarizəyə başlamaq üçün dövlətdən oğurlamağı dayandırmaq lazımdır. Bunun üçün məmurların gözü doymalıdır. Ya da onlar yığdıqlarının taleyinə görə qorxmalıdırlar. Bəziləri ola bilsin lazımi qədər var-dövlət yığıb. Amma onlar öz gələcəklərindən qorxmurlar. Müxalifət zəifdir. İndiki rejim Qərbdən və Rusiyadan dəstək alır. Səbəb neft və qazdır. Həm də tək bizimki yox, Mərkəzi Asiyanın da. Lukaşenkoya belə dəstək verilmir. Çünki Belarusiyanın nefti yoxdur.
- Korrupsiya ilə mübarizə başlasa, ölkədə nələr baş verər?
- Korrupsiya ilə mübarizə oğurlanan milyardların dövlətə qaytarılması gümanı yaradır. İndiki şəraitdə bu nə qədər realdır? Söhbət milyon dollarlardan yox, milyardlardan gedir. Bu qədər pulu geri almaq olmaz. Amerikalıların belə bir məsəli var. Sən bir dollar oğurlamısansa oğrusan. Milyon dollar oğurlamısansa milyonçusan. Özünüz diqqət edin. Gürcüstanda "qızıl gül inqilabı" etmək Sorosa 5 milyon dollara başa gəldi. Bizdə isə 12 yaşlı adi oğlan uşağı Londonda bazarlıq etməyə bu qədər pul xərcləyir. Belə ki, o cibxərcliyi ilə 10 dənə belə çevriliş edə bilər. Korrupsionerlərin milyardlarını əlindən almaq istəyən adamı, sadəcə olaraq, fiziki cəhətdən məhv edərlər.
- Bu doğrudur ki, bizim millət işləməyi sevmir, ona görə kasıb yaşayır?
- Mən deməzdim ki, bizim millət işləməyi sevmir. Bizim millət işləməyi və istirahət eləməyi sevir. Bu, sadəcə olaraq, ticarət sahəsinə yönəldilib. Təsadüfi deyil ki, müharibə şəraitində olan ölkədə Müdafiə Sənayesi Nazirliyi ikinci dünya müharibəsi illərində minamyot istehsal edən və tank təmir edən zavodları məhv edir, onun yerində sənayedən uzaq nələrsə yaradır. Ölkə inamla böyük bir bazara çevrilir. Gəlirlər isə xaricə yatırılır. Azərbaycan əsilli rus biznesmeni Türkiyədə bir milyard dollar həcmində otel tikdirəndə yaranan səs-küyü yadınıza salmaq istəyirəm. Bu məbləğ Bakı-Tbilisi-Ceyhan boru kəməri istifadəyə verilənə qədər Azərbaycanın büdcəsinə bərabər idi. Bundan sonra demək ki, 2010-cu ildə Azərbaycanın müdafiəsi üçün cəmi 103 milyon manat ayrılır, bu, biabırçılıqdır. Belə ki, azərbaycanlı biznesmenin xaricdəki obyektinə sərf elədiyi pula Azərbaycanın müdafiə sənayesi 10 il maliyyələşə bilərdi. Bu sadə bir göstəricidir ki, yaxşı qazanan azərbaycanlı öz imkanlarından necə istifadə edir.
- İslam Partiyası kimi müxalifətin Azərbaycana xeyri var, yoxsa ziyanı?
- İslam Partiyası bizim müxalifətin bir hissəsidir və o da digər partiyalar kimi xroniki xəstəliklərdən əziyyət çəkir. Hesab edirəm ki, İslam Partiyasının mövcudluğu bizim iqtidara siyasi tolerant imici yaradır. Prinsipcə, İslam Partiyası məscidlərə qumbara atan, əsgərin silahını almaq üçün onu qətlə yetirən, benzindoldurma məntəqələrini qarət edən, bu yolla mübarizə üçün pul əldə edən qüvvələrə sivil alternativ ola bilərdi. Bunun üçün İslam Partiyasında yalnız yenidənqurma lazım deyil. Həm də hökumətin bunu dərk etməsi lazımdır ki, islam ölkədə radikal qüvvəyə çevrilməsin.  

faktxeber.com           Cəfər Talıb

Комментариев нет:

Отправить комментарий