06.05.2011

QAHİRƏDƏ DEVRİLMİŞ DİKTATORUN XIRDALANDAKI FİRONLUQ HEKAYƏSİ


 “Mübarək”siz “mübarək cümə”



18 gündür Misir xalqı ayaqda idi. Hər cümə günü vəziyyət daha da gərginləşirdi. 11 fevral cüməsi isə “Mübarək”siz “mübarək cümə günü” kimi tarixə düşdü. Nəhayət 30 illik diktator Hüsnü Mübarək devrildi. Doğrusu, bu istefa qərarı bir gün öncədən gözlənilirdi, amma Mübarəkin “heç yerə getmirəm, oğlumla bu torpaqlarda öləcəyəm” ifadəsi Qahirədəki "Təhrir" ("Azadlıq") meydanına toplaşan Misir xalqını şoka salmışdı və vəziyyət daha da gərginləşmişdi. Bu qərardan təxminən 20 saat sonra isə misirlilər artıq “son firon” adlandırdıqları diktatorun devrilməsini bayram edirdilər. “Son firon” reallıqdan uzaq səslənsə də, gerçək olan budur ki, Misirdə “növbəti firon dövrü” Mübarəkin istefasıyla başa çatmışdı.

Xırdalandakı fironluq



Toxunacağım məqam Mübarəkin Xırdalandakı cansız heykəlinin fironluğudur. Bu heykəlin ucaldıldığı məkan “Azərbaycan - Misir dostluq parkı” adlanır. Araşdırmamda heyrət olunacaq nüans isə Hüsnü Mübarəkin yalnız bircə heykəlinin olması idi. O da 30 illik hakimiyyətdə olduğu Misirdə yox, Azərbaycanda – Xırdalanda. Belə bir diktatorun yeganə olan heykəli niyə İsrail rejimində, ABŞ-da, Misirdə yox, məhz Azərbaycanda ucaldılıb? Bəlkə bu bizim abidə sevərliyimizdən irəli gəlir? Belədirsə, niyə Azərbaycan Xalq Cumhuriyyətinin banisi M.Ə. Rəsulzadənin Novxanıdakı heykəli baxımsız qalıb? Yoxsa diktatorlara sevgi izhar edirik? Özü- özlüyündə ciddi təzadlar var, deyilmi? Təbii ki, bu və bu tipli suallar ciddi böhran yaradıcı suallardı. Reallıq odur ki, misirlilərin “son firon” adlandıraraq devirdiyi Mübarəkin cansız heykəli Xırdalanda mühafizə polisi tərəfindən qorunur. Bundan başqa, Misir tarixinə aid əlamətləri də bu parkda qeyd etmək olar. Burada istirahət edənlərin müəyyən kəsimi heç Hüsnü Mübarəki tanımır. Böyük ehtimalla bu inqilabdan sonra hər kəs onu tanıyacaq. Amma məni maraqlandıran başqa bir məqam da var: “ Misirdə Mübarək dövrü qapandığından bu heykəlin aqibəti necə olacaq? Xırdalandakı fironluğun sonu nə zamandı?” İlk baxışdan çox sadə görünür ki, canlı firon devrildi, onun cansız heykəlini sökməyə nə var. Amma böyük bir fərq bu sadə görüntüyə mürəkkəblik qatır. Ora Misir, bura isə Azərbaycandı. Bax, budur fərq. 

P.S. Hörmətli Misir xalqı, “Mübarək”siz günləriniz mübarək.

Pərviz Həsənli               deyerler.org

Комментариев нет:

Отправить комментарий