06.05.2011

TƏHSİL SİSTEMİNİN ÇIXINTILARI


Artıq xeyli müddətdir ki, bizim bəzi ağıllı məmurlarımız demokratiya adı altında təhsil və vicdan hüququ sahəsində kobud pozuntulara yol vermişdilər. Bununla bağlı xeyli çıxışlar, nümayişlər, müzakirələr oldu. Ara indi müəyyən qədər sakitləşib. Fikirləşdim ki, bəlkə bəziləri müəyyən qədər dərk ediblər, səhvlərini başa düşüblər. İndi də utanırlar ki, efirə çıxıb səhv etdiklərini dilə gətirsinlər, hələ millətdən üzr istəməkləri bir yana qalsın.
Bir az keçdikdən sonra bir balaca səyahət etdik və təhsil ocaqlarından araşdırma aparandan sonra içində hələ də Allah qorxusu olmayan bidətçilərin olduğu ortaya çıxdı. Allah onları hidayət etsin, inşaallah. Eybi yox, bunlar da səhvlərini başa düşərlər, inşaallah. Onsuz da millətimiz çox səbirlidir. Bu insanlar çox zülmlərə dözüb, bunu da ötürərlər.

Camaat başını salıb işi ilə məşğul olduğu yerdə təhsil sistemində bir-iki ağıllı yenə çıxdı. İnsanların belə məntiqsiz çıxış etməsi məni həqiqətən də təəccübləndirir. Əgər efirə çıxmaq, qəzetdə müsahibə vermək naminə edirlərsə, o qədər “Maraqlı şou verlişləri” var ki, gedib məmnuniyyətlə orada iştirak edə bilərlər. Amma hörmətli məmurlarımız başa düşmək istəmirlər ki, onlar elə bir vəzifədə oturublar ki, bu cəmiyyətin bir çox şeyini həll edir. Axı, mən şəxsən təhsil qurumuna məktubla müraciət edərək xahiş etmişdim ki, bu cür məsələlərdə fikir söyləyəndə hüquqşünaslara müraciət edib, sonra ifadə etsinlər.

Bunların bu həngaməsi qurtarmamış, yeni bir mövzu. Alqışlayın, xahiş edirəm. Bu onlar üçün “Evrika”dır. Sən demə şəxs öz siyasi hüquqlarını həyata keçirəndə dövlətdən və ya bizdən gəlib soruşub sonra həyata keçirməlidir. Ayıbdır. Belə fikir söyləyəndə yaşınızdan-başınızdan utanın.

Güc-bəla ilə bir qanunu əzbərləmisiniz, amma o da anormal. Bilirsiz, niyə anormal? Çünki heç bir dövlətin tarixində belə hal olmayıb ki, təhsil sahəsində qanunun qəbulu 10 ildən artıq çəksin. Üstəlik də bu vəziyyətdə qanun qəbul edilsin. Sizdən fərqli olaraq mən çox utanıram ki, siz belə sözlər deyirsiniz.

Ona görə xahiş edirəm ki, bu gözəl qanunuzu oxuyanda bir Konstitusiyanı da oxuyun. Bilin ki, Konstitusiya bütün qanunlardan üstündür. Əgər qanunla onun arasında ziddiyyət yaranarsa, Konstitusiya üstündür və qanun Konstitusiyaya uyğun olmalıdır. Axı, kim deyir ki, şəxs, vətəndaş yalnız təhsil almalı, yaxud yalnız işləməlidir. Hər bir insanın siyasi sistemdə iştirak hüququ var.

Hər bir normativ-hüquqi aktın hüquqi qüvvəsində əsas şərtlərdən birincisi onun konstitusiyaya uyğunluğudur. Deyək ki, belə yazılıb, bəs aidiyyatı qurumlar niyə vəsatət qaldırıb müzakirəyə çıxarmırlar? Bu ki onların birbaşa işidir?!

Allah sizi öyrənib, öyrədənlərdən qərar versin inşaallah! 
Yaşar Məmmədov    deyerler.org

Комментариев нет:

Отправить комментарий