07.05.2011

NAXÇIVANIN BAŞÇISI, ONUN APARATI OLMALIDIR?

Milli Məclisin mayın 6-da keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi məsələsi müzakirə olunub. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə göndərdiyi layihəyə əsasən, Naxçıvan MR-dəki iqtisadi məhkəmələr ümumi və ixtisaslaşmış məhkəmələrlə əvəzlənəcək.
Dəyişikliyə görə, Naxçıvan MR-in ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir. Digər dəyişikliyə görə isə bu məhkəmələrin hakimləri Naxçıvan MR Ali Məclisinin təklifi ilə Azərbaycan prezidenti tərəfindən təyin olunur. Naxçıvan MR Ali Məhkəməsinin hakimlərini isə Naxçıvan Ali Məclisi sədrinin Azərbaycan prezidentinə verdiyi təklif və prezidentin təqdimatı ilə Milli Məclis təyin edir.
Əlavə və dəyişikliklərin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Naxçıvanda hakimiyyət bölgüsünün aparılması üçün konstitusiya islahatlarının həyata keçirilməsini təklif edib: “Konstitusiyaya uyğun olaraq Naxçıvanda hakimiyyət bölgüsü həyata keçirilməlidir. Naxçıvan muxtar respublikadır, bu muxtar respublikanın başçısı olmalıdır və onun səlahiyyətləri, aparatı olmalıdır. Naxçıvanın Ali Məclisi isə ayrıca qurum kimi fəaliyyət göstərməlidir. Ona görə də xahiş edirəm ki, bu məsələyə dırnaqarası yanaşmayaq və məsələnin üstünə qayıtmaq lazımdır. Əgər lazım deyilsə, hörmətli vitse-spiker Ziyafət Əsgərov məsələyə aydınlıq gətirsin”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Naxçıvana mümkün olan qədər səlahiyyət verilib, bundan artığı isə suverenlikdir: “1995-ci ildə ölkə konstitusiyası qəbul olunanda məsələ ətraflı müzakirə edilib və dəfələrlə izahat verilib. Əvvəla deyim ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hazırlananda ilk növbədə 1921-ci ildə imzalanan Qars müqaviləsi əsas götürülüb. Bu, beynəlxalq müqavilədir və indiyədək onu heç kim ləğv etməyib. İkincisi, Naxçıvanın hazırkı konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə heç bir ziddiyyət təşkil etmir. Sadəcə olaraq burada bir nüans var ki, Naxçıvanın geostrateji mövqeyi nəzərə alınıb və qərarların operativ qəbul olunması üçün Naxçıvan Ali Məclisinin sədrinə icraedici səlahiyyət verilib. Bu da məsələləri operativ həll edə bilmək üçündür. Bütün səlahiyyətlərin Naxçıvan Muxtar Respublikasına verilməsi Naxçıvanı müstəqil dövlətə çevirir. Onda necə Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkib hissəsi ola bilər? Biz bilə-bilə özümüzə problem yaradaq? Hər şey qanun çərçivəsindədir. Naxçıvana mümkün olan qədər səlahiyyət verilib, bundan artığı suverenlikdir. Biz bunu edə bilmərik”.



studio.icmal.az

Комментариев нет:

Отправить комментарий