14.05.2011

NAZİR ƏLƏKBƏROV YENİ KORRUPSİYA ÜSULU TAPIB

Əmək Nazirliyindəki vəzifələrin qiymət siyahısı
“Səmərələşdirici təklif”in təfərrüatları əlimizdə; Əliyev soyadlı ağsaqqal olmasaydı, Füzuli Ələkbərovu qandallayacaqdılar




Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun adı dəfələrlə korrupsiyada hallanıb. Maraqlıdır ki, hər dəfə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yazılanlara ölü sükutla cavab verir. Redaksiyamıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki (ƏƏSMN) korrupsiyanın yeni metodları barədə məlumatlar daxil olub.
Nazirlikdəki mənbədən “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, antikorrupsiya tədbirləri başlayandan sonra ƏƏSMN-də yeni üsullardan istifadə etməklə xərac yığılır: “Nazir Füzuli Ələkbərov ünvanlı yardımların verilməsində rüşvət yığımını nisbətən səngidib. Gəlir itkisini isə daxili korrupsiya gəlirləri hesabına qarşılayır. Belə ki, prezidentin ƏƏSMN-in strukturlarının təkmilləşdirilməsi haqqında fərmanı nazirin ümid yeri oldu. Füzuli Ələkbərov bu siyasəti həyata keçirmək adı ilə nisbətən zəif əqidəli məmurlardan istifadə edərək öz məqsədlərinə çatmaq niyyətindədir. Misal olaraq ƏƏSMN-də cərəyan edən ”kadr dəyişikliyi" barədə.
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Rauf Tağıyev naziri inandırmağa çalışdı ki, antikorrupsiya prosesində iz itirilməsi, həm də kampaniya nəticəsində gəlir itkisini daxili korrupsiya hesabına aradan qaldırılmaq yaxşı metoddur. Odur ki, struktur dəyişikliyi adı altında yeni regional bölmələr yaradılaraq vəzifələr hərraca çıxarıldı. Bakı regionu üzrə olan bölmələrin sayı 4-dən 6-ya, digər regionlar üzrə olan bölmələr 17-dən 22-yə qaldırıldı. Nəticə etibarilə müəyyən olunmuş qiymətlər belədir:
  • Bakı regionu üzrə rəis olmaq üçün 50-70 min manat
  • Bakı regionu üzrə rəis müavinləri 10-15 min manat
  • Bakı regionu üzrə baş əmək müfəttişləri 5-8 min manat
  • Bakı regionu üzrə əmək müfəttişləri 4-5 min manat
Digər regional bölmələr üzrə:
  • rəis olmaq üçün 30-50 min manat
  • rəis müavinləri 5-10 min manat
  • baş əmək müfəttişləri 3-5 min manat.
Bundan əlavə, DƏM vətəndaşların əmək hüquqlarının qorunmasında dövlət nəzarətini həyata keçirən icra orqanı olsa da baş verənlər burada çalışan işçilərin özünün hüququnun qorunmasını zəruri edib. Belə ki, R.Tağıyev struktur dəyişikliyi ilə əlaqədar köhnə işçilərə və işə yeni qəbul olunanlara qəbulla bağlı ərizə yazmağı tapşırıb. Amma belə bir şərt irəli sürüb ki, iki ərizə yazılmalıdır - biri işə qəbulla, digəri isə işdən könüllü getməklə bağlı. İkinci ərizədə isə tarix qoyulmur. Əgər işçi qoyulan şərtlərlə razılaşmırsa, ondan işə götürüləndə alınan ərizəyə tarix qoyulur və onu işdən “öz xoşu” ilə yola salırlar".
Qaynağımız bu günlərdə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən cüdo üzrə beynəlxalq qran-pri turniri ilə bağlı da ilginc məlumatlar verib: “Tədbirdən əvvəl Dövlət Əmək Müfəttişliyində çalışan işçiləri yığıb dedilər ki, sizi ölkəyə beynəlxalq turnirdə iştirak etmək üçün gələn idmançılara təhkim edirik. Xidməti ”Şevrolet Aveo" markalı maşınla idmançıları istədikləri yerə aparmalısınız. Buna etiraz edənlərə Rauf Tağıyevin adından deyildi ki, əks halda, işdən qovulacaqlar. Məcburiyyət qarşısında müfəttişlər əcnəbi idmançılara pulsuz taksi xidməti göstərdi".
Qeyd edək ki, bu məlumatı yoxlamaq üçün həmin tədbirin keçirildiyi “Sərhədçi” Olimpiya İdman Mərkəzində olan əməkdaşlarımız “Şevrolet Aveo” markalı, üzərində “Dövlət Əmək Müfəttişliyi” yazılan avtomobilləri dayanacaqda görmüşdülər. Qaynağımız Ümumdünya Əmək Təşkilatının (ÜƏT) Azərbaycanın DƏM-in iş şəraitinin yaxşılaşdırılması məqsədilə 50 milyon dollar ayırdığını, bu məbləğin təyinatı üzrə xərclənmədiyini də bildirdi: “40 ədəd ”Şevrolet Aveo" alındı. Həmin maşınlardan idmançıların daşınması və bu kimi məqsədlər üçün istifadə olunur. ÜƏT DƏM-ə 50 milyonu ayırarkən müfəttişliyə müasir laboratoriya avadanlıqlarının alınması şərtini qoymuşdu. Həmin laboratoriya avadanlıqları alındı. Amma laboratoriya avadanlıqlarını DƏM-ə “Atəşgah” sığorta şirkəti hədiyyə etdi. Bunun səbəbi isə “Atəşgah”ın sahibi ilə nazir Füzulu Ələkbərovun şərikli bizneslərinin olmasıdır. Müfəttişlərə xüsusi olaraq tapşırılır ki, getdikləri idarə, müəssisə, təşkilat rəhbərlərindən tələb etsinlər ki, işçilərin sığorta olunmasını məhz “Atəşgah”da həyata keçirsinlər. Sığorta olunan hər bir işçiyə görə ödənilən məbləğin 15 faizi nağd şəkildə geri qaytarılır. Məhz belə münasibətlərə görə “Atəşgah” sığorta şirkəti o laboratoriya avadanlıqlarını DƏM-ə hədiyyə etdi".
Qeyd edək ki, Füzuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidentidir. Buna görə də tədbirdə ev sahibi kimi o çıxış edirdi. Turnirdə iştirak etmək üçün 16 ölkənin - Ukrayna, Rusiya, Avstriya, İspaniya, Əlcəzair, Fransa, Tacikistan, Lüksemburq, Almaniya, Niderland, Qana və digərlərinin cüdoçuları Azərbaycana gəlmişdi.
Yekunda bir məqamı da qeyd edək ki, hörmətli Füzuli Ələkbərovun rəhbərlik etdiyi sahədəki bərbad durum ölkənin siyasi rəhbərliyini də narahat edib. Bu yaxınlarda onun nəinki işdən çıxarılması, hətta qandallanaraq həbsxanaya göndərilməsi məsələsi də müzakirə olunub. Lakin Əliyev soyadlı hörmətli ağsaqqallardan biri nazirin qanının arasına girib və ən ali məqamdan onun xahişini edib. Məhz bu səbəbdən də nazirin işdən atılması və cəzalandırılması hələlik ləngiyir. Lakin onun vəzifədən götürüləcəyi şəksizdir. Sadəcə hazırda Füzuli Ələkbərovun sərvətinin xüsusi komissiya tərəfindən (qeyri-rəsmi) inventarlaşdırılması prosesi gedir. Bundan sonra onun malik olduqlarının əhəmiyyətli hissəsi “milliləşdiriləcək”; o da eynilə Heydər Babayev kimi müəyyən “prosedurlara” məruz qalacaq. Hələlik isə onun rəhbərlik etdiyi sahədə rüşvət və korrupsiya maşını bütün gücü ilə işləyir.

Ömər OĞUZ                        musavat.com

Комментариев нет:

Отправить комментарий