14.05.2011

QAZAXLI BƏXTİYARIN ADAŞI

Murad KOHNƏQALA



Fil Dişi Sahilinin də da kralını yerlə sürüdülər. Seçkilərdə müxalifət lideri qalib gəldiyi halda prezidentlik postunu tərk eləməyibmiş. İndi də deyirlər, gəl məhkəmədə cavab ver. Ay axmaq Qbaqbo, sənə haqq olur! O müxalifət liderinin cibinə indiyədək niyə heroin, qumbara, nə bilim, nəşə atıb tutdurmadın ki, indi də gəlib səni bunkerdə yaxalasın? Görürsən, Hüsnü Mübüş aradan necə çıxmaq istəyir? Deyib ki, nümayişçilərə atəş açmağı mən heç kimə əmr eləməmişdim. Əlbəttə, sonradan suçlu bilinməmək üçün belə əmrlər şifahi verilir.
Bu yandan da Qəzzafi! Hələ də deyir xalq məni sevir, lakin Amerika qısqandığından sevgimizi bombalayır. Bin Əli heç də, onu dovşan kimi arabayla çoxdan tutublar. Nədənsə ərəb dünyasının “lideri” Ərdoğanın sözünə heç qulaq asan yoxdu. Son vaxtlar “lider” öz hayına qalıb, gah Avropa Birliyi ilə öcəşir, gah Avropa Şurasının iclasında gap eləyir, gah da jurnalistləri dama doldurur.
Dünya diktatorlarına ilmə düşüb, hamısı yavaş-yavaş çözülür. Ancaq Azərbaycanda heç bir ərəb inqilabı olmayacaq. Çünki biz belə şeylərin qabağını dərhal alırıq. Bax öyrən, ay Qbaqbo, ay Qəzzafi! Tərpənəni gedib gecəynən evində tuturuq. Bir gənc fəal vardı, Cabbar Savalanlı. Cibinə nəşəni qoyub atdıq içəri, di get! Müsavatçı gənclərin başçısı Tural Abbaslını içəri salıb döymüşük, inqilabın qabağını kəsmişik. KXCP-çi tələbə Cavid Mehrəliyevi içəri qoyub universitetdən qovmuşuq. Biri var, Elnur Məcidli, Fransada yaşayır. Baş Prokurorluq haqqında cinayət işi qaldırıb, İnterpol axtarışına vermişik.
Fuad Qəhrəmanlını tutmuşduq, ev dustaqlığı şərtilə buraxdıq. İndi həftədə üç dəfə Abşeron Rayon Polis İdarəsinə gəlib ərizə yazmalıdı ki, heç yerə getməmişəm. Mitinqlərdə iştirak etməyinə də icazə vermirik. Gərgin yuxular görməyinə də qadağa qoymuşuq. Hər bir müxalifətçinin yuxusu aydın və şəffaf olmalıdır.
Arif Hacılıya da 2 ay iş oxumuşuq. Maddə tapmağa nə var, məsələn, asayişi pozmusan, hakimiyyət nümayəndəsinə fiziki müqavimət göstərmisən, vəssalam. Hakimiyyətin oğru nümayəndəsinə müqavimət göstərmək olmaz! Biz oğru-qulduru başımıza yığıb sənin müqavimətin üçün hakimiyyət düzəltməmişik. Biri var - Şahin Həsənli! Gör onu necə tutduq. Getdik gördük dostugildə yatır. Beş dənə tapança gülləsini kağıza büküb qoyduq cibinə. Hələ 1 ay həbs kəsmişik. İndən belə istintaqı gedəcək, nə gedəcək! Hardan almışdın, məqsədin nəydi, bəs bunun tapançasını harda gizlətmisən?
Hələ gör rayonlarda nə şıdırğı işlər gedir! Qazaxda yaşayan, Ağstafada tarix müəllimi işləyən, doğma kəndi Əskiparanı itirmiş yazar dostum Bəxtiyar Hidayət yazır ki, rayon rəhbərliyi televiziyalarda dayanmadan yamanlanan, əsgərlik qalmaqalı ilə hazırda içəridə istintaqı gedən Bəxtiyar Hacıyevlə məni səhv salıb. Deyir, neçə vaxtdı mənə uzaqdan, yaxından qohum-əqrəba zəng eləyir ki, a bala, farağat dur, hökumətnən hökumətlik eləmə, inqilabi fikirlərini başından at, bizi sənə görə gecə-gündüz narahat eləyirlər. Atam-anam da mənə zəng eləyib ki, bəsdi, uşaqların var, bir də gedib içəri düşsən onlara kim baxacaq.
2003-cü il prezident seçkiləri ərəfəsində Bakıda “Ulduz” jurnalının redaksiyasına gələn Bəxtiyar Hidayət xalq axınına qoşularaq hamı kimi küçəyə çıxıb. Elə camaat içində göründüyünə görə onu Qazaxda öz evində qandallayıb aparmışdılar. Bir neçə gün keçmiş onun həyat yoldaşını da qucağındakı körpə ilə birgə zorla istintaq idarəsinə aparmaq istəyiblər. Camaat işə qarışandan sonra körpəni yaxınların birinə verib xanımını qayınatasının və anasının müşayiəti ilə dindirməyə aparıblar. Bəxtiyar deyir, anam o günləri gözünün qabağına gətirib məni danlayır. Demə, rayon icra başçısının müavini Fərman Nağdəliyev aprelin 13-də evinə iki nəfər rəsmi adam göndərib ki, görün Bəxtiyar müəllim inqilabı necə hazırlayır. Rəsmilər gəlib görür ki, Bəxtiyar müəllim evdə öz uşaqları ilə oynayır. Uşaqların anası da müəllimə olduğuna görə dərsə gedəndə uşaqlara növbə ilə nəzarət eləyirlər. Deyir, sonra anladım ki, bunlar məni Gəncədə tutulan Harvard Universitetinin məzunu Bəxtiyar biliblər. Görəsən, rayon rəhbərliyi doğurdanmı hamının tanıdığı yazarı və tarix müəllimini gənc bir məzunla dəyişik salıb? Bəxtiyar müəllim sonra mənə zəng elədi ki, nədənsə onun ata nəslinin yarısı Həsənov, yarısı isə Hacıyev familiyası daşıyır. Mən Bəxtiyar Həsənovam, Bəxtiyar Hacıyev isə çoxdan içəridədi.
Anan namaz üstə imiş, qardaş, deməli, Hacıyev olsaydın səni bu yaşında bağırda-bağırda Murovun başına əsgər apararmışlar.

Комментариев нет:

Отправить комментарий