16.05.2011

Qəti sülh haqqında fikirlər


marine
Marine Ejuryan
Məni indi tanıyan, lakin məni ilk tələbəlik illərimdə tanımayanlar, yəqin ki, eşitdiklərinizə çox təəccüblənəcəksiniz – dörd il əvvəl mən anım mərasimlərində anti-Türkiyə və anti-Azərbaycan şüarlarını səsləndirən Erməni gənclərinin arasında idim. Mən həmçinin o şəxsəm ki, universitetimizin qəzeti üçün “Azərbaycan, böyük yalan” başlığı altında məqalələr yazırdım.
Geriyə baxdıqca və bəlkə də “qaranlıq” günlərimi xatırladıqca, mən anlayıram ki, o illərdə mən sadəcə özümü axtarıb tapmağa, öz şəxsi ideologiyanı müəyyən etməyə, bu həyatda öz şəxsi yerimi tapmağa çalışdığım bir vaxtın əsnasında idim. Eləcə də düşünürəm ki, ölkələrimizdə indi olduqları yerə çatmaq üçün əvvəllər bu kimi hissləri keçirən çox gənclər və yeniyetmələr vardır.
Və indi, yenicə Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsini aldığım bir vaxtda mən çoxlu Türk və Azərbaycan dostları olan bir şəxsə çevrilmişəm. Onların arasında mənə həqiqətən də doğma və yaxın olanlar var. Mən həmçinin Türk və Azərbaycan musiqisini dinləyən, bu ölkələrdən olan müəlliflərin kitablarını oxuyan və nəhayət sülhə və insanları ayıran münaqişənin sonuna doğru aparacaq hər bir orijinal təşəbbüsü dəstəkləyən bir şəxsəm.
Bəziləri deyə bilər ki, gənclərin regional təlimləri, sülh konfransları və oxşar tədbirlər zaman itkisidir, çünki onlar buzlaşmış vəziyyətdə heç nəyi dəyişmirlər. Digərləri isə düşünərlər ki, belə tədbirlər təşkilatlar və bu tədbirlərlə əlaqəli olan qruplar üçün sadəcə olaraq pul mənbəyidir. Lakin mən öz adımdan onu deyə bilərəm ki, əksinə, bu tədbirlər mənim hazırkı fikirlərimin və rəylərimin formalaşmasında dönüş nöqtəsi oldu.
İlk dəfə elə bu tədbirlər zamanı mən Azərbaycandan və Türkiyədən olan gənclərlə görüşdüm. Onlarla müxtəlif mövzularda – tarixdən tutmuş, siyasətə kimi – müzakirələr apardım və nəhayət mədəniyyətlərimiz, ənənələrimiz və mentalitetimizdə nə qədər çox oxşar cəhətlərin olduğunu öyrəndim. Bu dialoq mənfi stereotiplərimə üstün gələrək əvvəlki eyni hadisələrə fərqli nöqtədən baxmağı mənə öyrətdi və bir çox məsələlərə aid baxışımı və düşüncə tərzimi dəyişdi.
Azərbaycanlı gənclərlə tanış olmağım həm də Facebook vasitəsi ilə baş tutdu. Facebook nəinki ünsiyyətdə olduğumuz bir yerdir, burada biz həmçinin siyasət, mədəniyyət və mentalitet barəsində fikirlərimizlə bölüşür müzakirələr aparırıq. Virtual dostluqlar sonradan gerçək həyatda görüşlərə çevrilib və deməliyəm ki, bu görüşlər mənim üçün çox həyəcanverici idilər. Səbəbini soruşmayın, yəqin ki, izah edə bilməyəcəm. Amma bu insanlarla və onlarla bağlı hər şeyə inanılmaz yaxınlıq hiss edirəm.
Qış tətilində Tiflisə Azərbaycanlı dostlarım ilə etdiyim səfərlərin birində biz evimizə “əli boş” getməmək qərarına gəldik və Gürcüstanın Parlamenti qarşısında sakit toplaşaraq və yürüyərək Cənubi Qafqazda sülh ismarıcını verən və altı dildə yazılmış (Alman, Azərbaycan, Erməni, Fransız, Gürcü və İngilis dillərində) enli posterlərlə fleş mob keçirtdik.
Əslində isə, bu fleş mob zamanı maraqlı bir hadisə baş verdi – polislər bizi saxlayaraq nə üçün göstəriş keçirtdiyimizi soruşdular. Biz onlara deyəndə ki, Ermənistandan və Azərbaycandan olan gənclərik və sadəcə olaraq regionda sülhə çağırırıq, onların verdiyi cavab, – dostlarım da əminəm mənimlə razılaşar, – həqiqətən də ruhlandırıcı idi. “Afərin, uşaqlar!” onlar dedilər. “Problem yoxdur. Davam edin!”
Və bu ürəkaçan yeganə hadisə deyildi. Gürcü restoranında olduğumuz zaman bizə xidmət göstərən ofisiant Azərbaycan dilində danışmağımızı eşidərək, Azərbaycandan olub-olmadığımızı soruşdu. “Bəli, Azərbaycandanıq.” – dostum dedi. “Ondan başqa. O, Ermənistandandır”. (o gün mən orada olan yeganə Erməni idim). Ofisiantın üzü ciddiləşdi, amma qeyd etdi: “Bu doğurdan da böyük inkişafdır.”
Buna oxşar baş vermiş çoxlu hadisələr var. Lakin ağlıma indi gələn budur. Bütün dünyaya bizim düzgün, qarşı tərəfin isə yanlış və günahkar olduğunu sübüt etməyə çalışmağımızın və cəhdlərimizin mənasi nədir? Nə?
Heç nə.
Heç nə, zaman və cəhd itkisindən başqa heç nə. Həll olunmamış münaqişənin iqtisadi, siyasi və ictimai itkilər verməyə davam etdiyi bir vaxtda münaqişədə siyasətçilər deyil, birbaşa ümumi əhali bu münaqişənin qurbanı olur və onun mənfi nəticələrindən əziyyət çəkir. Ona görə, gəlin bir anlıq bu həssas mövzuları və keçmişin ziddiyyətli izahını kənara qoyaq və oxşar cəhətlərimiz haqqında danışaq. Mən daha çox əminəm ki, oxşar cəhətlərimiz çoxdur.
Dialoq.
Bizim önümüzdə olan yeganə yoldur. Dialoq mənim vəziyyətimdə Azərbaycanlılar ilə ünsiyyət tapıb bir çox məsələyə dair fikrimi dəyişdirən yeganə yol idi. Danışmaq və irəliləmək. Əməkdaşlıq etmək və irəliləmək. Yalnız bu mövqe ilə bir çox həssas məsələlər həll oluna bilər. İllər əvvəl bir kitabda oxuduğum və həmişə yaddaşımda saxlayacağım aşağıdakı cümləni indi sizinlə paylaşmaq istəyirəm.
“Münaqişədə olan tərəflərin “hər şeyi” əldə edə bilməyəcəkləri fikri həqiqətdir. Lakin bu həqiqət siyasidir. Humanist mövqeyi nəzərindən isə, hər iki tərəf hər şey əldə edə bilər. Əgər bu “hər şey” qəti sülhdürsə”.

Комментариев нет:

Отправить комментарий