13.05.2011

TƏHSİLİMİZİN TAMADASI

Murad KOHNƏQALA



Dəfələrlə orta məktəb şagirdləri üçün nəzərdə tutulan tədris kitablarının qüsurlarından söz açan məqalə yazıb çap etdirmişəm. İbtidai siniflər üçün tərtib edilmiş “Əlifba”, “Ana sözü”, “Oxu” kitabları və 5-ci sinif üçün “Ata yurdu” kitabı haqda yazıb bir valideyn kimi öz iradlarımı bildirmişəm. Hər dəfə də kitab müəlliflərindən və Təhsil Nazirliyi işçilərindən yersiz və məntiqsiz cavablar almışam.
Əslində mən öz iradlarımı gələcək kitab çapında nəzərə alınması amacı ilə yazmışam. Ancaq hər dəfə mənə verilən sərsəm cavablardan belə başa düşmüşəm ki, Təhsil Nazirliyi və kitab müəllifləri balalarımıza səviyyəli, səhvsiz kitab vermək istəmir. Bu səbəbdən də imkanlı adamlar öz uşaqlarını elə ibtidai sinifdən Avropa ölkələrində oxutmağı dəb halına salıblar. Sadə xalqın balaları isə “süpürgəpulu”, “nöyütpulu”, “işıqpulu”, “xidmətçipulu”, “bayramgünü”, “adgünü”, “müəllimgünü” kod adları altında orta məktəbdəncə rüşvət verməyə öyrədilir.
Təhsil Nazirliyi hər bir təhsil ocağına biznes obyekti kimi baxır. Şagird və tələbələr onların gəlir mənbəyi qismindədir. Hər bir fənn ətrafında bir neçə kitab-dəftər icad olunub satılır. Xalqa “Test kitabı”, “İş dəftəri”, “Məktəbli dəftəri” və s. kimi vəsaitlər vasitəsilə də hər il yüz min tonlarla baha qiymətə kağız satırlar. Ağır, ağ kağızlardan tərtib olunmuş bu tədris vasitələri və digər kitablar şagirdin belində lazımsız hambal yükünə dönüb.
Bu yaxınlarda elektron poçtuma belə bir məktub gəlib: “Hörmətli Murad bəy! Dünən İTV-də Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə danışırdı. O, həm də ”Azərbaycan müəllimi" qəzetinin baş redaktorudur. Azərbaycan müəllimi olan Bayram Qanturalıdan, Elnur Astanbəylidən, Əlövsət Osmanlıdan və sizdən xeyli nifrətlə danışdı. Qanturalının adının eybəcər olmasından, Elnurun e-mail adresinin iyrənc olmasından, Əlövsət müəllimin savadsız olmasından və sizin qəzet şəklinizdəki kepkadan danışdı. Hiss olunurdu ki, bu Azərbaycan müəllimi sizlərin təhsilimizin və tədris kitablarının qüsurlarından yazdığı üçün möhkəm əsəbiləşib. Mən orta məktəb müəllimiyəm. Dövri mətbuatda təhsillə bağlı bütün məqalələri maraqla oxuyuram. Riyaziyyat alimi Əlövsət Osmanlının son dövrlər “Azadlıq” qəzetində yazdığı məqalələri və təhsilimizin pis gündə olması haqda verdiyi müsahibələri ürək ağrısı ilə yad etmək istəyirəm. Sizin ibtidai sinif kitabları haqda “Azadlıq” qəzetində yazdıqlarınız da ifşaedicidir və acı təəssüflər doğurur. Bir dəfə siz yazmışdınız ki, “kurikulum” sözü “Azərbaycan müəllimi” qəzetində “qukquliqu” kimi getmişdi. O qədər gülmüşdüm ki... Əslində bu yabançı sözü və bu sözlə ört-basdır edilən maxinasiyanı Əlövsət Osmanlı çox gözəl izah eləmişdi. Təkcə Əlövsət müəllimin qələmə aldığı serial iradlar kifayət edir ki, səriştəsiz təhsil naziri Misir Mərdanov öz postunu tərk etsin.
Hörmətli Murad bəy! Eşitmişəm, nə vaxtsa Misir Mərdanov Bayram Hüseynzadənin toyunda tamadalıq eləyib və toya dəvətli olan müəllimlərdən xahiş edib ki, bacardıqca yaxşı nəmər yazdırsınlar. Deyib ki, Bayram kasıb oğlandır, hamımız ona yardım eləməliyik. Odur ki, sizlər Misir Mərdanovun fəaliyyətini bəyənmədikcə Bayramın düşməninə çevrilmisiniz.
İşlədiyim məktəbdə hər dəfə tənəffüs vaxtı müəllimlər otağına yığılan müəllimlər tədris kitablarının dözülməz olduğundan danışır. Çox vaxt məcburən bu kitabları bir yana atıb dərsi şagirdlərə özümüzdən yazdırırıq. Balalarımız savadsızlığa sürüklənir. Məncə, ən azı Əlövsət Osmanlının yazılarının timsalında bu məsələ Milli Məclisdə müzakirə olunmalıdır. Təhsil naziri Misir Mərdanov bütün deyilənləri və yazılanları qulaqardına vurursa, özgə hansı çıxış yolu qalır?
Hörmətli Murad bəy! Adamın bağrı partlayır. Çox istərdim bütün vicdanlı mətbuat bu mövzunu xalq müzakirəsi səviyyəsində daima gündəmdə saxlasın. Yazın, iradlarınızı bildirin, əllərinizə sağlıq! Hörmətlə, Teymur müəllim".
Bax belə. Teymur müəllim də öz dərdini mənimlə bölüşüb. Əzizim Teymur bəy! Yazdığınız toy və tamada məsələsi çox maraqlı idi. Ancaq dostum, müəllim adamsınız, qolunuzu çirmələyib birini də siz yazsanız, dünyamı dağılar? Haqq sözü yazıb çap etdirməkdənmi qorxursunuz? Görürsünüz ki, dərəbəylikdir. Təhsil qarğa bazarına dönüb. Bu işi təkcə jurnalistlərin belinə yükləmək olmaz. Əlövsət müəllimi, Etibar müəllimi, Nabatəli müəllimi meydanda tək qoymaq insafsızlıqdır.
Ancaq hər halda, Misir müəllimin tamadalıq bacarığı müsbət qiymətləndirilməlidir.

Комментариев нет:

Отправить комментарий