14.05.2011

Uğursuz təsəllilər

oner.blog.com



Mən Azərbaycan bələdiyyəsində zibilyığan işləsəydim, özümü dünyada ən sonuncu insan hesab edərdim, işimi də itirməkdən qorxmazdım. Nəyimə lazımdır? Siğortam yox, iş müqaviləm yox, maaşımın yarısını da kəsib yeyirlər. Bəlkə də qovulub, təzə işə girməkdən asan şey olmazdı. Zibil yığan üçün hər yerdə iş var. Hər yer zibildi.
Bir gün bir zibilyığandan müsahibə götürürəm. Deyirəm ki, hazırki vəziyyətimizdən razısız ya yox? Cavabında dediki, Allah prezidentimizin canını sağ eləsin, ulu öndərimizin ruhunu şad eləsin və s və i.a. Görürsüz bu ölkədə zibilyığan da öz vəziyyətinə şükür edir. Bu onu göstərir ki, bu rejim durduqca bundan da pis vəziyyətə düşmə ehtimalı var.
***
Azərbaycanda hər kəs nədəsə təsəlli axtarmağa çalışır. Adətən bu axtarışlar çox uğurlu olur. Məsələn, yağış yağır, kiminsə evinin içi su ilə dolur. Amma o təsəlli tapır ki, nə yaxşı oldu, su gəlmirdi, vedrələri su ilə doldurum uşaqlar girsin çimsin. Yəqin ki, yazdığım nümunədən mən təsəllinin formatını sizə çatdırmış oldum.
Mən çəkimədən deyə bilirəm ki, mən bu ölkənin polisinə nifrət edirəm. Hər bir azərbaycanlı mənə cavabında “niyə elə deyirsən, onların da içində yaxşı insanlar var” deyə bilər.
Dayanmadan bu hakimiyyəti tənqid edə bilərəm. Azərbaycanlı yenə də bu hakimiyyətin içindən yaxşı oğlanları çıxarıb mənə göstərəcək. Deyərəm inkişaf yoxdu, deyərlər ki təzə yaranmış dövlətik zamanla düzələcək. A kişi, bu təzə yaranmış dövlətdə 6 aya 30 mərtəbəli bina tikib qurtarmaq olur, bir normal dənə universitet, düzəltmək olmur? Eyni yolu 1 həftədə 2 dəfə qazmaq olur, 20 ilə rüşvəti ləğv eləmək olmur?
Lap olsun bu hakimiyyətin içində yaxşı oğlanlar. Bu bəyəm nəyisə dəyişirmi? Abel Məhərrəmov da yeyib içən oğlandı. Atalarımız da deyib ki “yeyib içən oğlan yaman olmaz”.
Ölkədə hər şeyi çoxluq həll edir. Çoxluq ədalətsizdirsə, azlıq bunun fərqindədirsə, mütləq o çoxluqa etiraz etməlidir və edəcək. Dəyişəcək və dəyişdirəcək. Bu əzəldən belədir. Bunun qarşısını hakimiyyətə lap 20 nəfər İlham Əliyev də gəlsə ala bilməyəcək.
Mən yalnız azərbaycanlıların azlıqdan təsəlli tapmasına şikayətlənirəm. Məsələn, Amerika korrupsiya halları olurmu? Olur. Amerika korrupsioner ölkədirmi? Yox. Çünki ümumilikdə götürərkən bu hallar barmaqla sayılacaq qədərdi. Amerikalı da evə gələndə arvadına baxıb sinəsinə döymür ki, bu gün məhlə uşaqlarını içəri basıb 500 dollarlarını aldım.
Bu gün Azərbaycanın ən başlıca problemi nədir? Qeyri-demokratiklik, korrupsiya və s və i.a. Bəs bu halların qarşısını almaq üçün nə addımlar atılır? Buna görə yollarmı çəkilməlidir və yaxud parklarmı salınmalıdır? Bəs nəyə görə azərbaycanlı bu parklarla, yollarla təsəlli tapır? Bəlkə o rüşvətin cinayət olduğunun fərqində deyil?
***
Əvvəl “Azadlıq” qışqırıb səsini
qaldırdın.
Sonra imperiyaya yumruğunu
qaldırdın.
Sonra bayraq qaldırdın.
Sonra saray divarlarına
daş qaldırdın
Sonra kimlərisə seçib TAXTA
qaldırdın.
Əhsən!..
Sonra baxıb gördün ki,
bütün qaldırdıqlarından aşağıda qalan
yenə sənsən.

Комментариев нет:

Отправить комментарий