14.05.2011

XAÇMAZDA MANYAK PEYDA OLUB

 Həmin şəxs gənc xanımlara və şagirdlərə hücum edir



Xaçmazda məktəblilərin və gənc qızların kabusuna çevrilən manyak peyda olub. Həmin şəxs rayonda Zərifə Əliyeva adına məktəb-liseyin şagirdlərinə hücum edir. Qeyri-adi görünüşü və anormal hərəkətləri ilə seçilən bu şəxsin hədəfi əsasən gənc xanımlar və məktəb şagirdləridir.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, həmin şəxs şagirdlərə tək olduqları zaman yaxınlaşır. Şagirdlərin sözlərinə görə, naməlum şəxs yaxınlaşdığı şagirdlərin ya çantalarını əlindən alır, ya da onları boğmağa çalışır. Manyakı sonuncu qurbanı Xaçmaz şəhər sakini, 22 yaşlı qız olub. Həmin şəxs gənc qıza yaxınlaşaraq, onu boğmağa çalışıb. Manyakın əlindən canını qurtarmağa çalışan qız baş verənləri valideynlərinə danışıb. Gənc qızın atası Tahir Qonaqov o gündən bu günədək həmin şəxsin axtarışı ilə məşğuldur. Valideynlərin Lent.az-a verdikləri məlumata görə, onlar dərs bitdikdən sonra övladlarını məktəbin qarşısında gözləyirlər.
Məktəb-liseyin mühafizə xidmətinin olmaması valideynləri daha narahat edir.
Məktəb-liseyin rəhbərliyi isə məsələ ilə bağlı şagirdlərdən və valideynlərdən rəsmi şikayət ərizəsi almadıqlarını deyir. Təhsil müəssisəsinin direktoru Nurcahan Abbasova lent.az-a bildirib ki, şikayət olmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət etmədiklərini deyir. Amma məsələ ilə bağlı təhsil ocağında keçirilən iclasda şagirdlərin ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.
Xaçmaz Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, faktla bağlı şöbəyə müraciət daxil olmayıb. Xaçmaz RPŞ-dən onu da bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılacaq.



musavat.com

Комментариев нет:

Отправить комментарий