15.05.2011

«Xural»ın əmlakı müsadirə olunur

Ramiz Mehdiyev Əvəz Zeynallını öz mülkünə gözətçi qoymaq istəyir
Əvəz Zeynallı: «Bir yox, yüz Mehdiyev olsun, kənara çəkilən deyiləm»
Həyətə daxil olmaq üçün dəstəyinə toxunduğum qapının üstündə “Polis” sözü yazılıb. Əvvəllər ora polis idarəsi olub. Indi maşın qəbiristanlığına bənzəyir. Söhbət Nərimanov rayonu, Arif Hacıyev küçəsi 1926-cı məhəllədən gedir. Bu ünvanda “Xural” qəzetinin redaksiyası yerləşir. Ümumi sahəsi 50 kvadrat olan redaksiyanın daimi 5-6 işçisi var. Başqa əməkdaşlar isə könüllülük prinsipi ilə yazırlar. Həftənin sonu olmasına və qəzetin çapa hazırlanmasına baxmayaraq o qədər də qaynarlıq yoxdur. 4-5 min tirajla çap olunan qəzet həftəlik olduğundan bəlkə də buna ehtiyac duyulmur. Yəni 16 səhifəlik qəzetin əksər səhifələri çapa getməzdən iki gün öncə, demək olar, hazırlanır. Bircə qalır sonuncu gün gündəmdə olan hadisələri səhifələrə yerləşdirmək, vəssalam...
Addımbaşı pozulan hüquqlar
Redaksiyada normal mühit var, sanki heç nə olmayıb. Nə baş redaktor Əvəz Zeynallı, nə də Yasəmən xanım rahatsızdı. Baxmayaraq ki...
Qəzetin 23 may 2010-cu il tarixli sayında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!!” adlı yazı çap olunub. Bu yazıdan sonra Prezident Administrasiyasının (PA) rəhbəri qəzetdən məqalədə yazılanların təkzib olunması, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən “Ümid yeri” Uşaq Evinə köçürülməsi barədə məhkəməyə müraciət edib. Və məhkəmə də iddianı təmin edib.
Mayın 10-da Nərimanov rayon məhkəmə icraçıları əmlakın siyahıya alınması ilə bağlı redaksiyaya icra vərəqəsi göndəriblər. Üstündən bir gün keçən kimi icraçılar “Xural”a təşrif buyuraraq işə başlayıblar. Bir-bir bütün əşyaları siyahıya alıblar. Əvəz Zeynallı deyir ki, siyahıya alınan bəzi əşyaları fotoaparatın yaddaşına da həkk ediblər: “Kompüterlər, şəkillər demək olar ki, bütün əşyalar nəzərdən keçirilib qeydə alınır. Hətta bizdən ”flaş" kartımızın olub-olmadığını soruşdular".
Baş redaktorun sözlərinə görə, otağında olan Şah Ismayılın, Ramil Səfərovun və Mübariz Ibrahimovun şəkilləri belə siyahıya alınıb: “Yəqin ki, onları da müsadirə edəcəklər. Siyahıya alınan zaman da hüquqlarımız pozulub. Çünki icra vərəqəsi göndəriləndən sonra biz on gün ərzində işlə bağlı şikayət edə bilərik. Ancaq buna imkan verilməyib. Icra vərəqəsini göndərən günün səhəri hərəkətə keçiblər”.
Redaksiyanın mülkünə gözətçilik
Indi redaksiyanın əmlakının hamısının Ramiz Mehdiyevin mülkü olduğunu deyən Əvəz bəy bildirir ki, əmlaka nə olsa, o məsuliyyət daşıyır: “Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə hər şey təsbit olunur (CM-nin 303-cü maddəsində yazılır - Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsi - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır). Indi kimsə redaksiyaya basqın eləyib nəyisə oğurlasa, bizə yenidən cərimə kəsə bilərlər”.
10 min manatı ödəməyin redaksiyanın imkanları xaricində olduğunu deyən baş redaktorun sözlərinə görə, Ramiz Mehdiyevin tapşırığı ilə işi qısa zamanda yekunlaşdırmaq istəyirlər: “Ötən gün (mayın 13-də) ATƏT-in Söz və Media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçlə söhbət etdim. Başımıza gələn hadisələri ona danışdım. O da bildirdi ki, bu məsələ onun diqqətindədir. Dunya xanım dedi ki, bu məsələni ölkə başçısının diqqətinə çatdırmışam. Görüşdən 3-4 saat sonra icraçılar yenidən ofisə gəlib, siyahıyaalmanı davam etdirdilər. Adətən, siyahıyaalma səhər saatlarında başlamalıdır. Görünür, müraciətimdən sonra Ramiz Mehdiyev daha da qəzəblənib axşamüstü icraçıları yenidən göndərib”.
Banklara sorğu göndəriblər və əlavə mülkümün olmadığı cavabını alıblar: “Nə bağım, evim, nə də hansısa bankda hesabım var. Yaşadığım ev də qayınatamındır. Ora baxış keçirildi. Gördülər ki, evin sənədləri mənim adıma deyil”.
Ictimaiyyətə səsləniş
Hər şeyin ola biləcəyini deyən baş redaktor bildirir ki, sona qədər mübarizə aparacaq: “Mətbuatın azadlığı uğrunda sona qədər çarpışmalıyıq. Kiminsə qabağından qaçan deyiləm. Bir Mehdiyev yox, yüz Mehdiyev olsun, kənara çəkilən deyiləm”.
Əvəz Zeynallı ölkənin de-fakto sahibi Ramiz Mehdiyevlə üz-üzə olduğunu deyir: “Ölüm-itim yoxdursa, həbs olunmamışamsa, buna da şükür etməliyəm”. 
Baş redaktor “Xural”a olan basqılara görə ictimaiyyətdən gələn dəstəyin bu qədər olacağına inanmırmış: “Jurnalistlər, dostlar, partiya funksionerləri, bir-iki deputat bizimlə maraqlanır. Açığı, bunu gözləmirdim. Bu, ürəkaçandır, ancaq yetərincə deyil. Hiss olunur ki, əvvəlki dəstək, həmrəylik bütünlüklə nümayiş oluna bilmir. Məsələn, 2003-cü ildə ”Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu evindən çıxan zaman onu izləyənləri görüb həmin an mətbuata xəbər etmişdi. O redaksiyaya çatanda, ona dəstək üçün yüzlərlə jurnalist ofisə gəlmişdi. Indi belə bir həmrəylik yoxdur. Ancaq yenə də bu günə şükr edirəm".
Baş redaktor Ictimai Palatadan və digər partiyalardan daha ciddi dəstəyə ehtiyac olduğunu da söylədi: “Bu basqı təkcə ”Xural"a deyil, bütünlüklə Azad Sözə qarşıdır. Sabah bizim yerimizdə başqa bir qəzet də ola bilər və heç kim bundan sığortalanmayıb".
Əliyevlərin portretləri hərraca çıxarılır
Baş redaktorla söhbəti yekunlaşdırıb müxbirlər otağına daxil oluram. Otaqda qəzetin veteranlarından sayılan Yasəmən xanımı görürəm. Kompüter masasının arxasında işini görən müxbirin qarşısındakı iki şey diqqətimi cəlb edir: “Içərisində 30 manat, üzərində isə ”500 böyük Oxucu" sözü yazılmış üç kiloluq banka, bir də Heydər və Ilham Əliyevlərin portretləri. Birincisi, məhkəmənin qərarından sonra 10 min manatı toplamaq üçün oxuculardan yığılan puldur. Ikincisi isə siyahıya alınıb. Yasəmən xanım hər iki şəkilin siyahıya salınmasının əleyhinədir. Deyir ki, Heydər Əliyevlə Ilham Əliyevin portretlərini hərraca çıxarmaq düzgün deyil: “Icraçılara demişəm, ancaq onlar siyahıya aldılar”.
***
“Xural”ı tərk edib işə qayıdıram. Sağollaşan zaman zarafata Əvəz bəyə “sizə indi jurnalistika daha asan gəlir, yoxsa, öz əmlakınızın keşikçisinə çevrilməyiniz” sualını ünvanlayıram. Cavabı bu olur: “Ramiz Mehdiyev 500-dən çox dovşanı villada saxlayır. Onları saxlamaq üçün on minlərlə para xərcləyir. Mən heç o dovşanların gözətçisi olmaram”...
Bu sözdən sonra ayaq saxlamayıb, “Azadlıq”a gəlirəm...
Ramin DEKO

Комментариев нет:

Отправить комментарий