25.06.2012

Bir il planlaşdırılan müsahibə

Kənan Hacı: “Daxilən azad adamam”


Kənan Hacıyla hər görüşümüz, hər söhbətimiz maraqlı alınır. Onun geniş mütaliəsi, ədəbiyyata ciddi münasibəti, sevə-sevə oxuduğum yazıları və şəxsi keyfiyyətləri bizi uzun müddətdir ki, doğmalaşdırıb. Bir-birimizə  “abi” deyə müraciət edirik. Hər dəfə zəngləşəndə, telefonun o biri başından Kənanın “Həəə, abi...” sözünü eşidəndə xeyli kefim açılır. Yüngülvari hiss olunan ləhcəsi mənə xüsusi ləzzət eləyir. Bilirəm ki, zəng edibsə, görüşməliyik. Hər görüşümüz də xudmani bir məclisə çevrilir.
Gecənin yarısına qədər deyib-gülür, söhbətləşirik. Ümumiyyətlə, görüşümüz həmişə arzulanan görüşlərdəndir. Kənan sakit, səbrli, ağayana adamdı. Bəlkə də bu şəxsi keyfyyətlərinə görə heç kəs onunla ünsiyyətdən qaçmır. Ədəbiyyat sanki onun boyuna biçilib. Qələmindən çıxan yazılara məsuliyyətlə yanaşması, ədəbi prosesi yaxından izləməsi, ən əsası, içindəki ədəbiyyat yanğısı bizim dostlaşmağımızın əsas səbəblərindəndir. Kənan sevə-sevə öyrəndiyim insanlardandır. Hər dəfə görüşəndə, bir məclisdə oturanda qərar verirəm ki, “Kənanla bu söhbətimizi yazacağam”. Amma növbəti görüşə qədər başım qarışır, özümə verdiyim söz də yadımdan çıxır. Növbəti görüş isə tərslikdən əvvəlkindən daha maraqlı alınır və mənim əvvəlki görüşlə bağlı yazmaq istədiyim təəssüratlar yadımdan çıxır. Bir ildən çoxdur ki, biz hər dəfə görüşəndə Kənana məlumat verirəm: “Abi, gələn dəfə görüşəndə mütləq səndən müsahibə alacağam”. Kənan da gülə-gülə başını yelləyir: “Olar, abi, olar. Nə vaxt istəsən”. Biz şərtləşirik, razılaşırıq, amma bir ildir ki, müsahibə hələ də ərsəyə gəlməyib.
Son görüşümüzdə eləmədim tənbəllik, diktafonumu yandırıb masanın bir kənarına qoydum. Başladıq məclisi xırda-xırda davam etdirməyə. Söhbətə başımız qarışdı və diktafonun açıq olması yadımdan çıxdı...
Nəhayət ki, şeytanın qıçını qırıb müsahibəni yazmağa qərar verəndə baxdım ki, Kənan abi ilə söhbətimiz iki saatdan artıq çəkib. Dinləyəndə isə məlum oldu ki, biz təkcə ədəbiyyatdan danışmamışıq. Söhbətin tam halda yazıya çevrilməsi mümkün olmasa da oxucularımız üçün maraqlı olacaq detalları qələmə almağı vacib bildim.


Yazıçının “Yaddaş kartı”


Söhbətin başlanğıcında mən adəti üzrə bir siqaret yandırıram, siqaret tüstülədə-tüstülədə soruşuram ki, “təzə nə yazırsan, abi?” Və Kənan bu il tamamlayacağl əsəri haqqında danışmağa başlayır:
“2010-cu ilin iyun ayından yazmağa başlamışam. Tələsmədən, asta-asta yazıram. Sənədli roman olacaq. Sırf bədii əsər deyil. Şərti adı “Yaddaş kartı”dır. Demək olar ki, doxsan faiz hazırdır. Bu payız bitirməyə hazırlaşıram. Jurnalistikada gördüklərim, rastlaşdığım maraqlı hadisələri qələmə almağa çalışmışam. Məsələn, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəylə Kələkidə görüşməyimiz, söhbətlərimiz də bu romanda olacaq. Parlament müxbiri olduğum dövrlərdə rastlaşdığım maraqlı hadisələri qələmə almışam. Eyni zamanda mərhum Heydər Əliyevlə regionlarda səfərlərdə olmuşuq. Bu səfər təəssüratlarım və müşahidələrim yeni romanda olacaq”.


İlk yazı: “Sənə gəmiylə gələn rəssam”


Kənanın romanının mövzusu mənə maraqlı gəlir. Sevə-sevə oxuduğum və haqqında yazdığım “Yağ kimi” romanını xatırlayırıq. Həmin romanda da Kənan oxşar mövzulara toxunub. Elçibəylə görüşü, Heydər Əliyevlə səfərləri barədə danışanda yadıma düşür ki, Kənan çoxdan jurnalistika ilə məşğul olur. Fürsətkən mətbuata necə gəlməsi, çap olunan ilk yazısı haqqında soruşuram. Kənan əlini çənəsinə qoyub fikrə gedir: “1995-ci ildə mətbuata gəlmişəm. Məni mətbuata Rəhimağa İmaməliyev gətirib. Rəhimağa müəllim həm nəşriyyat direktoru, həm də ensiklopedist alim idi. Rəsul Rza ilə birlikdə Azərbaycan Sovet Ensiklopediyasını hazırlayanlardan biri idi. Onun tövsiyyəsilə “İki sahil” qəzetinə işə düzəldim. O zaman hələ heç bir yazım çap olunmamışdı. Bir qovluq çap olunmamış yazım vardı. Redaksiyadan dedilər ki, yazılarını gətir. Apardım, Vüqar Rəhimzadə yazılarıma baxdı və dedi ki, səni işə götürmək olar. Məndən soruşdular ki, nə yaza bilərsən? Dedim ədəbiyyatdan, mədəniyyətdən yaza bilərəm. Redaktor müavini İsmayıl Hacıyev mənə dedi ki, get bir rəssam haqqında yazı hazırla. Kəndimizdə bir rəssam vardı, Cəfər Talıboğlu. İmressionist əsərlər çəkirdi. İndi Almaniyada yaşayır. Getdim onun emalatxanasından reportaj hazırladım. Onun ilk rəsm əsəri gəmi tablosu idi. Mən də “Sənətə “gəmiylə”  gələn rəssam” adlı bir yazı yazdım. 1995-ci ilin avqust ayında çap olunub. 17 il keçib”.

Dörd il yazıdan uzaqda


Söhbət əsnasında məlum olur ki, Kənan bir yerdə qərar tutan adam olmayıb. Bir müddət müxbir kimi fəaliyyət göstərdikdən sonra qəzetdəki işindən ayrılıb və qəzetlə sadəcə, əməkdaşlıq etməyə başlayıb. 1998-ci ildə isə ümumiyyətlə, mətbuatdan ayrılıb. Nə az, nə çox, düz 4 il mətbuatdan uzaq düşüb. Mətbuatdan uzaqlaşmasının səbəbini soruşuram. Gözləri yol çəkir: “Bilirsən, həmin vaxtlar atam rəhmətə getdi. Özümün də şəxsi problemlərim var idi. Elə ona görə də yazıdan uzaq düşdüm. Kənddə böyük həyətimiz vardı, təsərrüfatla məşğul olmağa başladım. Həmin dövrdə xırda hekayələr yazsam da, o hekayələri 6-7 il sonra üzə çıxardım. O hekayələri “Quşlar üçün karusel” kitabına da salmışam”.


Yenidən mətbuata


Bir də 2003-cü ildə yenidən qayıtdım mətbuata. AYB-də tədbir vardı, təsadüfən o tədbirdə Samir Sədaqətoğlu ilə rastlaşdıq. Dedi ki, “Ədalət” qəzetində ədəbiyyat əlavəsi hazırlayıram, gəl mənə kömək elə. Sonra “Sənət qəzeti” ilə əməkdaşlığa başladım. Orda da dünya ədəbiyyatından tərcümələr edirdim. Sonra bir müddət Xanəmirin “Səhifələr” qəzeti ilə əməkdaşlıq elədim. Amma qazancım çox az idi. Vurnuxub iş axtarırdım. Təsadüfən Tofiq Abdinlə rastlaşdım. Tofiq abi dedi ki, sən gərək gündəlik qəzetlərin birində işləyəsən. Elə mənim yanımdaca Aqil Abbasa zəng elədi. Aqil müəllim də dedi ki, sabahdan gəlib işə başlasın. Sevinə-sevinə gəldim evə. Səhər hazırlaşıb səliqə-sahmanla  yollandım “Ədalət” qəzetinə. Mən redaksiyaya daxil olanda Aqil müəllim yazısını diktə edir, operator da yazırdı. Salamlaşdım və fikirləşdim ki, uzun-uzadı sorğu-suala tutacaq. Amma Aqil müəllim məni qəzetə dəvət elədiyini belə xatırlamadı(gülür). Sonra xatırlatdım ki, bəs dünən Tofiq Abdin sizə zəng eləmişdi. Yenə yadına düşmədi. Amma mənə dərhal yer göstərdi ki, başla işləməyə. Başladım “Ədalət” qəzetində işləməyə. Sözün açığı, mən bir yerdə oturub işləməyi bacaran adam deyiləm. İşə bir gün gəlirdim, bir gün gəlmirdim. Aqil Abbas iş vaxtı içməyi qadağan eləmişdi. Amma nə vaxt kafeyə girirdisə, məni içən görürdü(gülür). İndinin özündə də səhər işə gedib axşam evə dönmək mənə çox çətin gəlir. Daxilən azad adamam və buna alışa bilmirəm.
Aqil Abbas çox yadda qalan adamdır. Onun haqqında “Sadəcə, Aqil Abbas” adlı bir yazı yazmışdım doğum günündə”.
...Kənanla uzun-uzun söhbət eləsəm də söhbətimizin yalnız bir hissəsini qələmə aldım. Mənə elə gəlir ki, yaza bilmədiyim söhbətimiz də nə vaxtsa qələmə alınacaq.


Cəlil Cavanşir               “Gündəlik Teleqraf”

Комментариев нет:

Отправить комментарий