Narıngül
Pis keçmədi
sənsizliyin birinci günü.
Üzümdə
payızın tüstülü nəfəsi.
Ətrafda
qocalmış və yorğun bir ağaclar.
Yola göz dikənlər,
uzaqda
sahilə dönməyən gəmilər.
Bir də mən -
inamsız və yalnız.
Əsən külək belə hiss etmədi məni.
Pis keçmədi...
Havasız, qaranlıq bir yerdə
çırpına-çırpına
can verdim.
Matəm elan etdim
küçəmiz ağladı.
Şəhər
hara getdi bilmədim.
pis keçmədi...
Çətini birinci addımdır.
görüşsək
bağışla söyləmə...
Səndən sonra
Səndən sonra
bir ürək calandı göylərə,
damla-damla
qopdu göy üzü...
Səndən sonra
başlandı bu yağış.
Ağlamaqdan öldü şəhər.
Yağış uzunluqda yol getdim
yağışa dua etdim.
Səndən sonra
balıq ömrü yaşadım-
azad və çarəsiz.
Suyu canıma çəkdim
dənizlər ağladı.
Səndən sonra
su çəkmiş canımla
adam izdiihamına qarışdım.
Adamlar islanmadı.
Ağzı suyla doldu
çaşqın qadınların.
O qadınların ki,
onları heç zaman sevməzdım...
Səndən sonra
çox şeylər oldu
anlada bilmirəm...
və
o qədər ağladım ki,
yaz gəldi.
Sənə
Sənə
Hisslərimi gətirmişəm
Hisslər ötəri şeydir.
Bir qadınlıq hissdir
Bir qadınlıq uduzmaq,
bir qadınlıq həvəsdir
Sənə
Hisslərimi gətirmişəm.
Hisslərimə sığal çək.
Təpədən – dırnağadək
hisslərimə köçmüşəm
məndən heç nə qalmayıb.
Sənə
hisslərimi gətirmişəm
Hisslər çağırışdır.
Qədim insan səsi
və
vəhşi sevgisi...
ürəyimdən qan damır.
Sənə hisslərimi gətirmişəm
hisslər dərk edilmir!
Bütün dərkedilməzlər
daha böyük görünür.
Hisslərimdən böyük deyilsən.
Sənə
hisslərimi gətirmişəm.
Bir az anlayışlı ol.
Bəlkə bu sonuncu şansındır,
ağıllana bilərəm...
Söykəndim yoxluğuna
Sən məni tərk etmisən
Gizli mənzilin kimi.
Səndən bu yan dinclikdir
Dinclikdir ölüm kimi.
Keçmisən o tərəfə
Ortaya sərhəd düşüb.
Aradan bir xətt keçir
Bu taya həsrət düşüb.
Uduzacaq bu dünya
Mənim kimi tək ilə.
Hara çəkim canımı
Bu boyda istək ilə?!
Çəkilmişəm özümə
Qaranlıqda axşam tək.
Qurumuş göz yaşlarım
Qvcuma töküləcək..
Çatmısan son deyilmiş
Yol gedir sonluğuna.
Səni tapa bilmədim
Söykəndim yoxluğuna.
Комментариев нет:
Отправить комментарий