Günel Eyvazlı
Dəniz,
elə böyüksən ki, səndən qorxmağım gəlir,
Enini, uzununu, coşğunu, qüdrətini
Səndən almağım gəlir,
Dəniz olmağım gəlir.
Torpaq, üzü qarasan səndən acığım gəlir
Amma, hərdən sənin tək
Məzar olmağım gəlir, ana olmağım gəlir,
Torpaq olmağım gəlir.
Allah olmağım gəlir..
Özümə çəkiləndə təkliyə sığınıram
Qələmə sarılıram,
Yorğana bürünürəm.
Mən evin tavanında,
Mən evin döşəməsi
Divarların həmdəmi,
Qapılarən döyməsi.
Evimdəki əşyalar
Vallah məndən
xoşbəxtdir,
Yuyulmuş süfrələrim
Üzüağdır , təzədir.
Rəfdəki kitabların
Mən tozunu silirəm,
Onlar təmizləndikcə,
Mən dərddən kirlənirəm.
Gecələrin qoynunda
Tək, tənha dolaşıram
Mən yorğana, yastığa
Hər gün doğmalaşıram.
Biixtiyar olmuşam,
Zamanın oyununda.
Qızınmaq öyrənmişəm,
Həyatın soyuğunda.
Ağıllı görünməkdən,
Ağıllı oturmaqdan
İnanın ki, bezmişəm,
Nümunəvi həyatda
Özümü itirmişəm.
O qədər arzum var ki,
Elə dəlilər kimi,
Ağlı çaşmışlar kimi.
İşdən qayıdan zaman.
Şıdrığı yağış yağsın
Üstüm, başım islansın.
Ayağımı incidən dikdabanı soyunum,
Soyuq yağış altında yuxulardan ayılım.
Yaşamaq elə budur,
Təbiətə qarışmaq.
Cəmiyyətdən yığışmaq.
Öz-özünə alışmaq.
Yuyacam üzümdəki boyaları, rəngləri,
Acıları, dərdləri...
Qaçmağı unutmuşam,
Ayağım məndən küsüb.
Qucmağı unutmuşam,
Əllərim məndən küsüb,
Ürəyim məndən küsüb,
Gözlərim məndən küsüb.
Mən kiməm, axı kiməm,
Qadağalar etməyə.
Zaman-zaman özümü
Normalar daxılındə,
Yox kimi itirməyə.
Qaçacam uzaqlara
Şappıldadıb torpağı dənizə yollanacam.
Mən suya boylanacam.
Özümü görəcəyəm.
Ləpələrin üstündə.
Var gücümlə çığırıb
Özümü eşıdəcəm.
Mən dərya olacağam,
Mən torpaq olacağam,
Mən Allah olacağam,
Mən ana olacağam,
Mən məzar olacağam.
Комментариев нет:
Отправить комментарий