30.06.2012

"Yeni Yazarlar" Ədəbi-kulturoloji kursun ilk tədbiri: polemik!


"Yeni Yazarlar" Ədəbi-kulturoloji kurs öz işinə başladı


29 iyun 2012-ci il tarixində, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyinin İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzi, AYB Gənclər Şurası birlikdə təsis etdiyi "Yeni Yazarlar" Ədəbi-kulturoloji kursun ilk tədbiri keçirildi.

YYSQ sədri, kursun rəhbəri, yazıçı-kulturoloq, kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri Aydın Xan (Əbilov) tədbiri açıq elan edərək kursun ümumi məramı, keçirilməsi nəzərdə tutulan tədbirlər planı, eləcə də başqa məsələlər barədə geniş məlumat verdi.
AYB katibi, xalq yazışısı Çingiz Abdullayev yeni nəsil yazarlar qarşısında geniş nitq ilə çıxış edərək bu tipli layihələrə xalq yazıçısı Anar olmaqla Yazıçılar Birliyi rəhbərliyi tərəfindən hər zaman dəstək olduqlarını xüsusi vurğuladı. AYB katibi, tənqidçi-ədəbiyyatşünas Arif Əmrahoğlu da öz çıxışında kursun uğurlu fəaliyyəti üçün hər cür şərait yaradılacağını bildirdi.
Layihənin baş əlaqələndiricisi, Prezident təqaüdçüsü, YYSQ İH üzvü Zaur Qəriboğlu, İraq türkman ədəbiyyatının tanınmış yazarı Mehmet Mehdi Bayat,AYB Güney Azərbaycan bölməsinin rəhbəri yazıçı-şair Sayman Aruz, şairlərdən Mahirə Abdulla, Abbas Abdulla, Zərəngiz Qayalı, Narıngül və başqaları çıxış edərək layihənin vacibliyini vurğuladılar.
Daha sonra Bütöv - Virtual Azərbaycan ədəbi-İnternet məkanı, İraq türkman, Güney Azərbaycan, çağdaş ədəbi proses barədə çıxışlar, müzakirələr keçirildi. İranda həbs olunmuş gənc şairlər Fərid Hüseyn və Şəhriyarın taleyi barədə yazarların həyəcanlı fikirləri səsləndi, onların azad edilib vətənə qaytarılması ilə əlaqədar dövlət qurumlarına müraciət qəbul edildi.
Tədbirin sonunda poeziya məclisi keçirildi: müxtəlif ədəbi nəsillərin nümayəndələri, xüsusən də ən yeni yaradıcı nəslin nümayəndələri şeirlərini oxudular, onların ədəbi-tənqidi müzakirəsi baş tutdu...




























Комментариев нет:

Отправить комментарий