Sultan Laçın
“Sələm (faiz) yeyənlər Qiyamət günü qəbirlərindən cin vurmuş kimi qalxarlar. Bu, onların “alış–veriş də sələm kimi bir şeydir” – dedikləri ucbatındandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram(qadağan) etmişdir...”(Qurani-Kərim, Əl-Bəqərə surəsi, 275-ci ayə)
“Filankəs fərasətlidi, yaxşı pul qazanır”... Son onilliklərdə ən çox eşitdiyimiz cümlələrdən biridir. Bəs həmin “filankəs” nə qədər günah qazanır? Təəssüf ki, bu, çoxumuzu düşündürmür. Əksər valideynlər övladlarına ”Bala, get pul qazan” –deyir. Ardınca “Günah qazanma!” -demir.
Etiraf etmək lazımdır ki, artıq cəmiyyət düşüncəsində haram yolla pul qazananlar özlərinə “hüquqi bəraət” alıblar: ”Fərasəti var, qazanır. Bacarırsan, sən də qazan”. Odur ki, kim yaxşı dolanırsa, onun qazancının halal-haram olması ictimai müzakirə obyektinə çevrilmir. Hətta dünyəvi qanunlarla cinayət hesab edilən oğurluq, narkobiznes, korrupsiya, rüşvətxorluqla yaşayanlar da, əgər həbs edilmirsə, “fərasət” sahibi sayılır...
Artıq 10-15 ildir ki, bir çox dünyəvi(!) ölkələr kimi Azərbaycanda da əhalinin bütün təbəqələrini əhatə edən ən çox yayılmış haram dolanışıq yolu sələmçilik və kreditdir. Bu gün danılmaz faktdır ki, məmləkətimizdə xalqın bir yarısı xaricdə, əsasən Rusiyada işləyən Azərbaycan vətəndaşlarının(!) göndərdiyi vəsaitlə, digər böyük yarısı isə götürdükləri kredit və sələmlə dolanır. Hətta bu iki dolanışıq mənbəyinin qovuşduğu hallar da çoxdur. Məsələn, bir qardaş Azərbaycanda götürdüyü krediti Rusiyada işləyən qardaşının göndərdiyi para ilə ödəyir. Ölkəmizdə tikilən yeni şəxsi evlərin bir qismi vəzifədə alınan rüşvət, haram ticarət və narkotikdən gələn qazanc hesabına tikilirsə, xeyli hissəsi də kredit və sələm pulları hesabına ucaldılır...
Bax, xalq bu yollarla “firavan” yaşayır. Təbii ki, rüşvətin, oğurluğun haram sayılmadığı bir yerdə faizin, ribanın haram olduğunu anlatmaq çətindir. Hər kəs bir yolla özünə bəraət qazandırmağa çalışır. Təəssüf ki, din xadimlərinin də sələm və kreditin haram olması barədə söhbətlərinə çox az rast gəlinir. Halbuki, sələm yeddi ən ağır günahdan biridir və Qurani-Kərimdə Allah-Təala aydın şəkildə buyurur:
”Sələm yeyənlər Qiyamət günü qəbirlərindən cin vurmuş kimi qalxarlar. Bu, onların “Alış-veriş də sələm kimi bir şeydir” – dedikləri ucbatındandır. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram(qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə bu işə son qoyarsa, keçmişdə aldığı sələmlər onundur(ona bağışlanar). Onun işi Allaha aiddir. Amma yenidən sələmçiliyə qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar”(Əl-Bəqərə, 275).
SƏLƏM VERƏNLƏR DƏ, ALANLAR DA ALLAHLA MÜHARİBƏ EDİRLƏR...
Bəziləri iddia edirlər ki, guya sələm alanlar yox, sələm verənlər günah daşıyır. Sələm alanlar özlərinə onunla da haqq qazandırırlar ki, onlar məcburiyyət qarşısında buna gedirlər. Doğrudur, dünyada, o cümlədən məmləkətimizdə hədsiz ehtiyac içində yaşayan insanlar çoxdur. Və ilk baxışdan onları sələmə, faizli kreditə əl atmaqda qınamaq da olmur. Lakin çoxları əllərində olan halal qazanc vasitələrindən(məsələn: həyətyanı sahədən, pay torpağından, mal-qaradan və s.) istifadədə tənbəllik etdiyindən ən asan dolanışıq yolu kimi faizli borca baş vurur. Həm də belələri faizə götürdükləri pulu da qənaətlə xərcləmir, o qədər də ehtiyac olmayan ərzaq və geyim növlərinə para verərək israfçılıq edirlər. Odur ki, illərlə faizin “altından” çıxa bilmirlər. Yəni, yoxsul insanların xeylisi halal zəhmətlə dolanışıq yollarına baş vurmadan, qazandığına qənaət etmədən dərhal haram yola əl atırlar. Bunun da əsas səbəbi haram bataqlığında boğulan yuxarıların göstərdiyi “nümunədir”.
İkincisi, Qurani-Kərimdə başqa qida tapmadıqda, ifrat zərurət hallarında haram ət yeməyə icazə verən ayələr olduğu halda, faizlə pul götürməyə izn verən heç bir cümlə də yoxdur.
Üçüncüsü, məntiqlə insan haram işə şərikdirsə, əsas günahkarla bərabər o da günah daşıyır və cəzaya məhkumdur. Dünyəvi hüquqda da cinayətə şərik olan və ya yardım edən şəxs cəzalandırılır. Bu, ona bənzəyir ki, məsələn, spirtli içki istehsalçısına, yaxud oğurluq edənə bu və ya digər bir formada yardım edəsən, sonra da deyəsən ki, mənim onun haram işi ilə, günahı ilə, cinayəti ilə heç bir əlaqəm yoxdur...
Üstəlik, peyğəmbərimizin(ə.s.) hədislərində də sələm verənlə bərabər sələm ödəyənlər də lənətlənir. İslamevi.az saytında bu barədə gözəl bir hədisə rast gəldim: ”Allah-Təala sələm camaatına müharibə elan edir və Allahın Rəsulu(ə.s.) sələm verənə, sələm ödəyənə, sələmin qeydiyyatını aparana(yazana) və bu sövdəyə şahidlik edən iki şəxsə lənət etmişdir. (Müslim, “Səhih”, 11/36 №1598-Nəvəvi), Cabir hədisi)”...
Əbu Zubeyr adlı şəxsin Cabir ibn Abdullanın vasitəsilə Muhəmməd peyğəmbərdən(s.a.v.) nəql etdiyi digər hədisdə isə belə buyrulrur: “Rəsulullah ribanı(faiz) yeyənə, yedirdənə(yəni alana-S.L.), müqaviləni tərtib edənə lənət etdi və “Onlar bərabərdirlər(eyni səviyyədədirlər)”-dedi.((Müslim, Musəqat, 19101598)”Müsəlmanlar” dini-elmi saytı).
Deməli, nəinki sələm ödəyənlər, ümumiyyətlə bu prosesdə iştirak edən hər bir şəxs(məsələn, kredit təşkilatında və ya bankda işləyənlər) Yaradan qarşısında günahkardır...
SƏLƏM YEMƏK NƏCİS YEMƏYƏ BƏRABƏRDİR
Rəvayət olunur ki, neçə illərdir övladı olmayan bir qadın Allaha yalvararaq vəd edir ki, ona bir övlad yetirsə, insan nəcisi yeyəcək. Vaxt ötür, Yaradan həmin qadına bir övlad yetirir. Ancaq qadın Allah-Təalaya verdiyi vədi yerinə yetirə bilmir. Peyğəmbərimizin(ə.s.) yanına pənah aparıb çıxış yolu göstərməyini diləyir. Rəsulullah(ə.s.) buyurur ki, ey qadın, sələmə pul versən, yaxud götürsən və onun qazancından ərzaq alıb yesən, onda sanki nəcis yemiş kimi olarsan...
Bəzi hədislərdə bir dəfə sələm qazancını yemək Kəbədə(əğstəfürullah) 70 dəfə zina etməyə bərabər tutulur. Bunun daha ağır bir müqayisəsi var ki, onu dilə gətirməyə utanıram...
SƏLƏMİN İCTİMAİ-SİYASİ FƏSADLARI
Hərbdə belə bir prinsip var: “Komandirin əmri müzakirə olunmur”. Amma biz insanlar nə qədər həddini aşmışıqsa, prezidentin, icra başçısının, polisin hər hansı bir əmri, göstərişindən qorxa-qorxa danışırıq, amma Allah-Təalanın əmrini müzakirə etməyə cürət edirik: “zina niyə qadağandır?”,”içki niyə haramdır?” və s. Yenə də bir müsəlman kimi anlamayanlar üçün bəzi nəsnələri anlatmağa məcburuq. Sələmin qadağan olunmasının səbəblərini görmək üçün alim olmaq gərək deyil. Çoxumuz bunu anlayır, sadəcə, nəfsimizin basqısı ilə özümüzü bilməzliyə qoyuruq. Sələm ən asan, zəhmətsiz gəlir vasitəsidir. Odur ki, cəmiyyətdə ifrat təbəqələşmə yaratmaqla, yəni kiçik bir qrupu sürətlə varlandırıb əksəriyyəti müflisləşdirməklə ədalətsizliyi, zülmü artırır. Məsələyə daha geniş bucaqdan baxsaq, görərik ki, dövri-qədimdən Allahın, İslamın düşmənlərini varlandırıb müsəlmanlar üzərində hakim edən amillərdən ən əsası sələmdir. Peyğəmbərimiz(s) də həm cahiliyyə dövründə, həm də artıq müsəlmanlığın yayıldığı zamanlarda aydın şəkildə görürdü ki, kafirlərin, müşriklərin, yəhudilərin əsas gəlir mənbəyi sələmdir. Odur ki, Allahın əmri ilə öz ümmətinə sələmdən uzaq durmağı buyururdu.
Tarixi izləsək, Fransa inqilabından, Marks-Engelsdən, Lenindən, Oktyabr inqilabından üzü bəri dünyanı qatıb-qarışdıran hadisə və proseslərin arxasında dayanan oliqarxların – masonların, o cümlədən ABŞ, Fransa kimi dövlətlərin əsas gəlir mənbələri məhz sələmdir, kreditdir... ABŞ, Dünya Bankı, Beynəlxalq valyuta Fondu və s. Azərbaycan kimi ölkələrə canları yandığından kredit vermir, birincisi, onları özündən asılı vəziyyətə salıb gözükölgəli edir, ikincisi də həmin kreditdən aldığı faizlərlə öz kapitalını artırıb daha da güclənir.
Bu gün ABŞ-ın, masonların nəzarəti altında olan”Soros” fondu,
“FİNGA”, “KRED.AQRO”
kimi təşkilatlar aclıqdan əziyyət çəkən və ya Azərbaycan kimi inkişaf(?) etməkdə olan ölkələrin sakinlərinə guya yaxşılıq edərək kiçik kreditlər verib onların biznesinə, dolanışığına şərait yaradır. Amma bu nəhəng sələmçilərin əsas niyyəti əvvəla, ifrat varlanmaq, ikincisi, bəşər əhlini, xüsusən də müsəlman və türkləri yoldan çıxarıb daha çox harama vadar etmək(cəhənnəmə gedən özünə yoldaş axtarar), üçüncüsü, dünya sakinlərini mümkün qədər asılı vəziyyətdə və nəzarətdə saxlamaqdır. Əcnəbilərə bağlı təşkilatların dürüstlüklə, öz banklarımızdan fərqli olaraq heç bir “şapka” almadan verdiyi sələmə şirniklənən biz türk və müsəlmanlar onu da dərk etmirik ki, ödədiyimiz faizlər gündən-günə daha da varlandırdığımız düşmənlərimizin əlində güllələrə, mərmilərə, bombalara, raketlərə çevrilərək Qarabağda, İraqda, Fələstində, Əfqanıstanda, Türkiyədə, Pakistanda kafir ordularının və onların təşkil edib maliyyələşdirdiyi “islam terrorçuları”nın vasitəsilə başımıza yağır, övladlarımızı, qardaş-bacılarımızı, ata-analarımızı qətlə yetirir, məscidlərimizi, evlərimizi başımıza uçurur, bizi yurd-yuvalarımızdan didərgin salır...
O da diqqəti cəlb edir ki, geridə qalmış və ya “inkişaf etməkdə olan” bir sıra ölkələrə yönələn kapital müəssisələrin, iş yerlərinin açılmasına yox, məhz yoxsullara kredit verməyə xərclənir. Azərbaycan kimi yeraltı və yerüstü sərvətləri bol olan ölkələrdə isə hakimiyyətə elə qüvvələr gətirilir ki, onlar dövlətin qazandığı milyardlarla paraları mənasız, yersiz tikililələrə, heykəllərə, fontanlara, yersiz bər-bəzəyə xərcləyərək xalqın firavan yaşayışına şərait yaratmırlar.
Hətta bəzən insanların pensiya və müavinətləri qəsdən ləngidilir ki, banklardan kredit götürməyə məcbur olsunlar. Və onların pensiya və ya müavinət kartları girov kimi saxlanılır... İnsanlar məqsədli şəkildə kütləvi olaraq harama qurşanmağa vadar edilir. Bu, bir
İBLİS TEXNOLOGİYASIDIR...
Dünyanı Yaradanın əlindən almağa yanlış cəhdlər edən İblis canişinləri bütün əməlləri kimi faizli kreditə də müxtəlif yollarla haqq donu geyindirməyə çalışırlar...Tövratda guya Allah yəhudilərə belə məsləhət görür:”Sizin Rəbbiniz sizdən razı qalar; siz bir çox digər millətlərin(yəni, qeyri-yəhudilərin) borcunu artırın (yəni, onlardan pulunuzu faizlə alın). Ancaq bunu özünüzdən(yəni, yəhudilərdən) tələb etməyin. Bunun nəticəsi olaraq siz bütün millətlər üzərində hakim olacaqsınız. Onların isə sizin üzərinizdə heç bir hakimiyyəti olmayacaq...”(Tövrat, 15:6)
Təbii ki, məlumatlı möminlər, eləcə də vicdanlı xaçpərəstlərin və yəhudilərin özləri də gözəl bilirlər ki, Tövrat və İncilin Allah tərəfindən nazil edilmiş həqiqi nüsxələri saxtakar ravvin və keşişlər tərəfindən hələ qədimlərdən yandırılıb. Hazırda bu səmavi kitabların bir neçə həqiqi nüsxəsi gizli şəkildə saxlanılır. Odur ki, yəhudilərin dünyada hakim olduğunu təbliğ edən bir çox “ayələr” kimi sələm barədə verilən bu “hökmün” də Yaradana heç bir aidiyyatı yoxdur. Amma həqiqət odur ki, kafirlər məhz bu cür iblisanə müddəalara əsaslanaraq dünya xalqlarına doğrudan da hökmranlıq etməyə çalışır və xüsusən müsəlmanlara qarşı hədsiz zülmlər etməyə nail olurlar. Sələm, kredit onların əlində beynəlxalq, qlobal istismar və idarəetmə alətidir. Belə çıxır ki, bu gün sələmə pul verib hədsiz varlananlar da, banklarda, kredit təşkilatlarında kasıb-kusuba kredit paylayanlar da, həmin sələm və kreditləri sevinclə alıb halal pul kimi xərcləyən, özlərinə təsərrüfat quran, ev tikib yavaş-yavaş dirçələn yoxsullar da öz beynəlxalq kafir “dostlarıyla” bərabər cəhənnəmə gedəcəklər. Bunları özümdən yox, Qurani-Kərim ayələrinin və Peyğəmbər(s) hədislərinin məntiqinə əsaslanıb deyirəm...
Sələmlə məşğul olanlar Allahla müharibə etmiş olurlar. Bunu Yaradan özü Qurani-Kərimdə buyurur və onları doğru yola dəvət edir:
”Ey iman gətirənlər!Əgər doğrudan da iman gətirmişsinizsə, Alllahdan qorxub sələmdən qalan məbləğdən(faizdən) vaz keçin(onu borclulardan almayın).
Əgər belə etməsəniz, o zaman Alllaha və onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz(mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz. nə də sizə zülm olunar!(Əl-Bəqərə, 278-279)
Düşünən insan üçün hər şey aydındır. Sələm, kredit verənlər Allah və Peyğəmbəri ilə müharibəyə girişiblər. Əgər sən onlardan sələm və ya kredit alrsansa, deməli, məntiqlə sən də onlara yardım etməklə Allaha və Peyğəmbərinə qarşı müharibəyə qoşulursan. Bundan sonrası hər kəsin imanından, vicdanından asılıdır...
(Ardını izləyin, inşəallah) modern.az
Комментариев нет:
Отправить комментарий