25.06.2012

Xidmətdə heç nə dəyişməyib

Nicat Göyüşlü


Bu günlərdə yolum yenə Qazaxdan düşdü. Yaxın qohumun oğlu öz toyuna dəvət etmişdi, amma bu da bir bəhanə oldu. Deyirlər vətənə məhəbbət doğulub boya-başa çatdığın məkana sevgidən başlanır. Mən də qeyd etdiyim kimi toy bəhanəsilə Daş Salahlının indiki cah-cəlalını görmək üçün yurda baş vurmağı qərara aldım. Necə deyərlər, həm ziyarət, həm ticarət.
Nömrəsini tanışdan aldığım avtobus sürücüsünə zəng edib ön sıralardan yer sifarişi verdim. Axşamçağı işdən çıxar-çıxmaz tez-tələsik hazırlaşıb qaçdım Bakı Beynəlxalq Avtovağzalına. Çatanda gördüm avtobus tərpənmək üzrədir. Həm də lələ köçüb, yurdu qalıb. Nəinki sifarişini verdiyim ön sırada, heç arxada da yer tapılmırdı. Sürücüdən bunun nə məsələ olduğunu soruşmaq əbəs idi. Başı da o qədər qarışmışdı ki, heç sual verənlərə də doğru-dürüst cavab vermirdi.
Nəisə uzun yalvar-yaxardan, çək-çevirdən sonra birtəhər özümə arxada, matorun üstündəki kabinədə yer ala bildim. O da bir at minnətinə. Elə yaxşı bir elə məsəlini düşünüb özümə təsəlli verirdim ki, bir gecəyə doşan dərisi də dözər, bu vaxt bir bığıburma yaxınlaşdı. Gedişhaqqını ödəməlisən. Həmin yekəpər indiyədək dəfələrlə gedib-gəldiyimiz, biletli olanda 8, biletsiz olanda 10 manat ödədiyimiz yola bu dəfə 12 manat istədi. Səbəbini soruşanda o belə artımlı qiymətin yalnız bu günlük olduğunu bildirdi. İradımı bildirdim ki, qardaş, kimin ağlı necə kəsir elə də pul yığmalı deyil. Bunun üçün müvafiq qurumların qərarı olmalıdır. Necə yəni bugünlük belədir? Məgər Tarif Şurası gündə bir qiymət müəyyənləşdirir? Dedi qardaş, nəyi qoyub, nəyi axtarırsan? “Şikayətin də olsa yuxarılara bildir. Bizlik bir şey yoxdu. Biz əmr quluyuq”. Kimdən kimə şikayət edəcəyimi tapa bilmədiyimdən sakitləşdim.
Səhər tezdən Qazaxda rayon mərkəzində avtobusdan düşüb, Daş Salahlı kəndinə getmək üçün taksiyə əyləşdim. Sürücü ilə sosial məsələlərdən söhbətləşə-söhbətləşə gəlib kəndin girəcəyinə çatdıq. Tarixən bizi düşmən hücumlarından müdafiə edən, qaçaqlarımızın, qoçaqlarımız özünə ev seçdiyi qoca Aveyi (Avey dağı) ağappaq gördüm. Yox, düşünməyin ki, indi durub Aveyin gözəlliyini, zirvəsindəki qarın hələ də ərimədiyini poetik cümlələrlə vəsf edəcəm. Əslində bu dağı qar kimi düm ağ edən qar deyil. Hələ SSRİ dönəmində Avey dağında bir-iki daş karxanası fəaliyyət göstərərmiş, ev tikmək üçün daş emal olunarmış. Müstəqillik qazanandan sonra da həmin daş karxanaları eyni templə fəaliyyətini davam etdirirdi. Ağır olsa da yaxşı idi. Özünə uyğun iş tapa bilməyənlər orada fəhləlik edirdi, ailəsini dolandırırdı və hamı bundan razı idi. Amma indi situasiya tamam fərqlidir. Taksi sürücüsü bildirdi ki, “aminal qoyub partladır, sonra da xırdalanmış daşları götürüb aparırlar. Heç kim buradakı yaşayışı düşünmür. Kəndin çıxacağında da aminal partladarlar? Camaatın partlayışdan narahatlığı bir yana, belə getsə erməni hücumunun qarşısını alan dağı əridəcəklər”.
***
Gedəndə matorun üstündəki kabinədə çəkdiyim əziyyət, qiymətindən aşağı xidmət məni avtobusla yox, qatarla geri dönməyə vadar etdi. Qatar demək olar ki, boş idi. Hər vaqonda  bir neçə adam vardı. Vaqonda bir günlük otaq yoldaşım olan Qazax kəndlərindən birinin baş həkimi ilə xeyli dərdləşə bildik. Baş həkimin sözlərinə görə indi əcnəbi dil, xüsusən də ingilis dilini bilmək ən vacib amillərdən biridir. “Mənim qızım 647 balla Bakı Dövlət Universitetinə qəbul olmuşdu. Sonralar öz bilik və bacarığı sayəsində xaricdə iki il təhsil aldı. İngilis dilini yaxşı bilirdi, xaricdə də alman dilini öyrəndi. Bura qayıdıb gələndə qızıma 270 manat maaşla dövlət müəssisələrindən birində işləmək üçün təyinat verdilər. O da buna razı olmadı ki, 270 manatdan ötrü bu vaxta kimi özümü öldürürdüm? Sənədlərini xarici şirkətə təqdim etdi. İndi yaxşı işdə işləyir. 1000 manatdan da yuxar maaş alır. Sonra da deyirlər ki, xaricə gedən tələbələrimiz geri dönmür və ya dönmək istəmir. Yazıq tələbə neynəsin? Hələ oğlum da normal oxuyub. O da İqtisad Universitetinə qəbul olmuşdu. Yaxşı oxuduğuna görə qrup nümayəndəsi seçilmişdi. 1-ci semestrin sonunda müəllim demişdi ki, a bala, dərs oxumaq orta məktəbdə qaldı. Bura Universitetdi. Pulunu ver, qiymətini al. Sənin dərs oxuyan vaxtındı? Oğlum həmişə yada salıb gülür, hərdən də əsəbləşir ki, o müəllim məni axsatmasa indi daha yüksək nəticələr əldə edə bilərdim. Şükr allaha ki, vəziyyəti pis deyil. Amma mən universitetlərimizdəki vəziyyətdən narahatam. Sizdə vəziyyət necədir?” Mən də oxuduğum universitetdə 3 ildə müşahidə etdiyim nüanslar haqda danışdım. Kəsirimin olub-olmadığını soruşan baş həkimə sevincli halda hələ ki, kəsirə qalmadığımı bildirdim. Yaxşı ki, iki gün əvvəl oldu bu dialoq. Yoxsa kəsildiyim haqda birbaşa necə danışa bilərdim? Yəqin universitetdə və kənarda göstərdiyim ictimai aktivliyin imtahanlarımın problemsiz ötüşməsinə yardımçı olacağı fikri məni aldadıb və dərslərimdə boşluq yaratmışam. Necə deyərlər ova ovanın itiyini bayatı ilə gəzər. Əslində dərslərdə boşluq yaratmamalı idim. Düşünürəm ki, get-gedə təhsilimiz düzəlir. İmtahan və kəsr məsələsi lap yaralı yerim olduğundan deyəsən haşiyədən xeyli uzaqlaşdım.
Qayıdaq köhnə qatara. Bunu da mən yox, həmin həkim deyir. Qatardakı tozlu yatacaqlara, zorla açılan və eləcə də qalan pəncərələrə baxanda adam fikirləşir ki, görəsən ötən il gedişhaqları artırılanda haqqında danışdıqları yüksək keyfiyyət nə imiş? Deməli qatarda da heç nə dəyişməyib. Dəyişən və inkişaf edən ancaq qiymətlər olub.

Комментариев нет:

Отправить комментарий