09.09.2012

ALMA AĞACI

 AZAD QARADƏRƏLİ

Kəndi ətir başına götürmüşdü. Bu ətrin haradan gəldiyini və nə ətir olduğunu hamı yaxşı bilirdi. Amma hələ indiyəcən kənd bu qədər ətir bolluğuna düşməmişdi. Bu, alma ətri idi. Di gəl ki, hamının həyətindəki almaların ətri belə olmurdu. Həmin baş gicəlləndirici ətir Sevi kişinin həyətindəki alma ağacının meyvələrindən yayılırdı.
Sevi kişinin oğlu Ayat oturmuşdu alma ağacının dibində və yerə düşən  sarı-sarı almaları bir-bir aşırırdı. Özü də uşaq almaları alma yeyən kimi yemirdi. Elə bil ən əzablı iş görürdü – üz-gözünü əyə-əyə, təkəbbürlə, hələ bir az da ağsaqqalcasına gövşəyir, tumunu da diliylə çıxarıb üfürürdü. Sonra  da gözünü ağacdakı o biri almalara zilləyirdi. Birdən almanın biri düz Ayatın başına düşdü və sıçrayıb qənşərində dayandı. Uşaq əlini belində daraqlayıb dedi:

- Elə bilirsən səni yeyəcəm? Yeyənin atasına lənət!
Sonra barmağını almanın üstünə qoyub yavaşca basdı və qəribə də olsa hələ bərk olan almanı barmağı dəlib keçdi.
Hasarın o tayından ölü bir səs eşidildi. Səs o qədər zəif idi ki, bəlkə də başqası onu eşitməzdi, amma Ayat lap aydın eşitdi bu səsi:
- Oğlum, mən ölürəm, o almadan birini at yeyim, ölüm…
Oğlan həmən deşik almanı səs tərəfə atdı. Sonra gəlib ağacın dibində yerini rahatladı. Az keçməmiş, həmin səs bu dəfə ucadan eşidildi:
- Bir alma da verərmisən? Amma yenə deşik olsun… Gözümə işıq gəldi…
Əl atıb ağacdan iki alma dərdi, barmağını basıb hər ikisini deşdi və hasarın o üzünə atdı. Səs sahibi marçhamarçla  almaları yedi və bu dəfə salamat adam səsiylə dedi:
- Oğlan, mən keçən gecə yuxu görmüşdüm. Gördüm ölürəm, amma ölə bilmirəm. Bir qoca gəlib dedi ki, gedərsən Sevi kişinin çəpərlədiyi alma ağacının dibində oturan uşaqdan alma istəyərsən. Mən də gəldim,  aldım, yedim… Bir də dedi ki, o uşağa deyərsən mədəni  sığayar…
Ayat taxta hasarla çəpərlənmiş həyətdən çıxdı, sağalmaz dərdə düşən kişinin yanına gəldi. Kişinin almacıq sümükləri batıq ovurdlarının yanından elə çıxmışdı ki, elə bil cır xirnik idi.
Ayat əlini kişinin qarnına çəkdi, mədəsinin üstündə gəzdirdi və amiranə tərzdə dedi:
- Mədəndə yara var, amma qorxma, sümük udmusan, yara eləyib. Indi yaran deşiləcək, qusacaqsan. Bir alma yeyib gedərsən. Qorxma, sənə ölüm yoxdu…
Söz uşağın ağzından çıxan kimi kişinin ağzında irin-qan püskürdü. Ayat qoxudan dayana bilməyib qaçıb almanın altına gəldi, əvvəlki yerində oturdu. Uşaq birdən-birə xoflandı. «Ilahi, mən onun içini necə də aydın görürdüm. O yaranı, irini, qanı, hələ balıq sümüyünü mən nə təhər oldu gördüm?!»
Və bir alma yerə düşən kimi uşaq olub keçəni unutdu, yenə özünün ağır «işini» görməyə başladı…
Əvvəllər alma ağacı çəpərə salınmamışdı. Heç kimin olmayan bu ağac, əslində hamının idi. Bu kəndin bütün uşaqları həmin almanı hələ gülburnu olandan başlayırdılar yeməyə. Hamının həyətində çoxlu alma ağacı olsa da hər uşaq bu almadan heç olmasa bir dənə yeməliydi. Əslində kəndin indiki bütün yaşlı nəsli də uşaq vaxtı bu almadan yeyə-yeyə böyümüşdülər. Hətta yaşlı adamlardan bəziləri hələ sulanmamış bu almadan birini qırıb gizlində gövşəyərdilər. Ona görə gizlində deyirəm ki, kal alma yemək yaşlı adam üçün ayıb sayılırdı…
Payızın son ayında sübh tezdən bu alma ağacının dibində vurnuxan kişiləri görmək olardı. Uşaq-muşağın gözündən yayınıb yarpaqların arasında qalmış bir sarı almanı  selbəylə  vurub salmaq üçün əlləşərdi həmin adam. Amma bunu da sübh açılmamış edərdilər ki, görən olmasın, ayıbdı axı! Həyətində o qədər alma ola-ola ağacdakı tək almaya susamağın özü biabırçılıqdı. Beləcə, mövsüm sovulanacan bu almanın dibində vurnuxanlar görərdin.
Kənddə, bu ağacın  almasına hamı Sevi alması deyərdi. Bunu ilk dəfə kim demişdi, bilən yoxuydu.
Bir gün kəndin Sevdimalılar tayfasının sonuncu ağsaqqalı Sevi kişi eləməyib tənbəllik həmin alma ağacını saldı həyətinə. Ətrafını da çəpərlədi. Kənd əhli elə bil yasa batdı. Axı heç kimin və hamının olanı niyə çəpərliyirsən?
Sevdimalılarınan qədimdən yola getməyən Qaratəpə tayfasının ağsaqqalı Qaratay kinli-kinli ortalığa dedi:
- O çəpəri dağıtmaq lazımdı! Nə həddinən elin ağacını çəpərə salıb?!
Sevi kişi də elə onun kimi ortaya bağırdı:
- Bu almaya el «Sevi» alması deyib! Deməli, alma Sevidimalılarındı! Bir oğul istəyirəm, mənim çəpərimə əl vursun!
Yerində sözə nə deyəsən? «Sevi», Sevi alması Sevinin olar da!
O gündən daha bu sözə qayıdan olmadı: kənddə hamı başağrısına düçar olmuşdu. Əvvəllər heç vaxt bu qədər dəymişi olmayan almanın ətri indi bütün kənd adamlarını girinc eləmişdi.
Səhər yuxudan oyana bimirdilər. Oyananlar da isbatlı bir iş görmürdülər. Hamının gözü almadaydı. Bir yandan ağızları sulanırdı, o biri yandan da almanın bihuşedici ətrindən beyinləri dəlilirdi.
Ayat ciblərinə beş-altı alma doldurub çıxmışdı kəndin aralığına. Öz əzablı işini elə aralıqdaqca görməkdə idi. Kənd  uşaqlarından da bir-ikisi düzülmüşdülər Ayatın dalıncan və yalvarırdılar ki, bircə diştəm onlara da versin. Ayat eləməyib tənbəllik hərəsinə bir buyruq verirdi:
- Anqır, verim!
- Ula, verim!
- Böyür, verim!
- Kişnə, verim!
- Banna, verim!
Anqırtı, ulartı, böyürtü, kişnərti, xoruz banı aralığı başına götürmüşdü…
Ayat  isə vədinə xilaf çıxdı. Dişdəmək yox, yalamağa razılıq verdi. Yazıq uşaqlar ağızlarından su dama-dama Ayatın əlindəki almanı növbə ilə yalayırdılar…
Birdən uşaqlardan biri yerə yıxılıb çabalamağa başladı. Sonra dili qatlandı və başladı xırıldamağa. Ayat əyilib əlini uşağın boğazına çəkdi, dodaqlarına sürtdü və sonra da ona yüngülcə bir sillə vurdu. Uşaq bircə anda qalxıb oturdu və heç nə olmamış kimi yenə başladı Ayatın əlindəki almanı yalamağa…
Kəndə səs düşdü ki, Ayata vergi verilib. «Əlini ölüyə çəkir ölü dirilir!», - deyib hay salırdılar. Ayat isə öz işindəydi. Almanın dibində oturub öz əzablı peşəsini – alma kövşəmək işini davam etdirirdi. Sevi kişi oğlunun «loğmanlığına» inanandan sonra bərk-bərk tapşırmışdı: «Na bada Qaratəpəlilərdən birinin xəstəsinə əl vurasan ha! Qoy it kimi gəbərsinlər!»
Bir qədər sonra Ayatın bir cəhəti də üzə çıxdı: kimə daş  atdı, dəyən kimi gəbərirdi. Birini bərkdən vursaydı, ya ölərdi, ya da yarımcan olardı. On üç yaşlı bu uşağın enerjisi aşıb-daşırdı. Atasının fitvası öz işin görmüşdü: Qaratəpə tayfasından olan uşaqların əksəriyyəti Ayatın əlində şil-topal olmağa başladılar…
Dəmirə baxırdı, əyilirdi, iri ağacı itələyirdi, ağac kökündən qopurdu. Bir sözlə, Ayatın bir əlində dərd, birində dərman vardı. Amma axır vaxtlar o daha çox dərd verirdi adamlara… Özü də ən çox Qaratəpəlilərə.
Qaratəpəlilər daha dözə bilmədilər. Dəhrə-balta götürüb gəldilər Sevdimalıların üstünə. Çoxdan səngiyən qan davası təzədən qızışdı.
Ayat əvvəlcə böyüklərin işinə qarışmaq istəmədi. Amma sonra özünü saxlaya bilmədi, bir paya götürüb girdi meydana. Ona birin, buna birin, Qaratəpəlilər şil-küt olub geri çəkildilər. Atası oğlunu bağrına basdı və dedi:
apple, дерево, природы- Atam deyərdi ki, Qaratəpəlilər çoxdurlar, onunçün də biz basılmışıq. Amma tək bircə dəfə bizim tayfa qalib gəlib. O da onlardan aldığımız qızın doğduğu oğlanın hesabına. Amma indi sən sübut elədin ki, Sevdimalılarda kişi var!
Sevdimalı kişi sonbeşiyinin belə gücə-qüvvətə malik olmasından sevinsə də, qorxurdu da. Eşitmişdi ki, tanrı elə qada göndərməmişdən əvvəl qadasovan da göndərir. Amma onun kim olduğunu bilmək gərək. Qadasovan bəllidir, demək qadanı qarşılamağa hazır olmaq lazımdır.
Sevdimalı kişi (adı Sevdimalı idi,  amma qısaca Sevi deyirdilər) bir şeyə də mat qalmışdı: bəs uşağa vergi niyə bu payız verildi? Bax bu da bir bilməcəydi…
Çox düşündü, az düşündü, axır ki, tapdı: alma ağacı! Bu il almanı çəpərə salmışdı və küy olmasın, almanın barının yarısından çoxunu Ayat yemişdi. Deməli, alma ağacı!
Sevi kişi bel-külüng götürüb almanın dibini,  yan-yörəsini qazmağa başladı. Alma ağacı bitən yer domba bir təpəcik kimi idi. Kişi qazıb yorulandan sonra külüngü Ayat götürdü. Uşağın zərbələrindən az qalırdı ki, ağac kökündən qopsun. Atası bir-iki dəfə qışqırdı ki, ayə, yavaş, ağacı yıxarsan, xeyri olmadı. Bir azdan doğrudan da ağac kökündən qopub yerə düşdü.
Ayat isə qazmağında davam edirdi. Birdən onun külüngü saxsıya dəydi. O qapağını sındırdığı iri küpü dartıb torpağın altından çıxartdı. Sınıq qapağı qaldıranda ata-bala donub qaldılar. Əli nizəli bir sklet küpün içində  dik dayanmışdı. Küpün dibində bir ovuc qızıl pul da vardı. Qızılları görən kimi Sevi kişi başqa yeri qazmağa başladı…
Bu minvalla ata-bala axşamacan xeyli küp-qəbir çıxartdılar…
O gecə kənddə heç kim yatmadı. «Sevi» almasının dibindəki köhnə qəbir yerindən qalxan yamyaşıl alov dilləri kəndi başına götürmüşdü. Bir qədər sonra bütün kənd əhlini üşütmə, uçunma tutdu. Xəstələr, tafanasızdar, qocalar elə yerindəcə uçuna-uçuna öldülər. Kəndin başı üstünü qada almışdı. Sevi kişini də uçunma tutdu və bir az sonra sarı zərdab qüsub öldü. Səhərə yaxın kənd adamının yarısı batdı. Bir-iki baş tərpədən yığışıb alma ağacının dibinə gəldilər. Bel-külüng qapıb küp-qəbirlərin üstünü torpaqladılar. Ayat isə qoyun-qoltuğuna doldurduğu almaları uçunma tutanlara paylayır, əliylə onları sığallayır, ölümün çəngindən almağa çalışırdı. Özü də daha atasının tapşırdığını unutmuşdu. Indi onsuz da iki tayfanın ikisinin də dərdi bir idi. Səhərdən axşamacan Ayat əlləşib-vuruşdu.
Az da olsa  adamı ölümün çəngindən ala bildi.
Qosqoca bir kişi üzünü Ayatamı, ya ölümün çəngindən qurtaranlaramı, yerə uzalı alma ağacınamı tutub dedi:
- Burada bizim  əcdadlarımız yatıb. Onların qanından, ətindən, sümüyündən bu alma ağacı boy verimişdi. Neçə ki, alma hamının idi, onun tamından hərəyə pay düşürdü. Elə ki, onu çəpərlədilər, göylərdən qəhr-qəzəb yağdı, qada gəldi… O şey ki, hamınındı, onu çəpərləməzlər…
Ayat alma ağacını qaldırıb təzədən bitirdi. Çəpəri söküb atdı. Sonra üzünü torpağa sürtüb hönkür-hönkür  ağladı.

18 oktyabr 1998

Комментариев нет:

Отправить комментарий