09.09.2012

Keçmiş günlərimdən xatirə kimi

Vasif Əlihüseyn

Tale

Sən dünyanın
ən köməksiz insanısan.
Döndüyün ata evində də,
gülər üzlərin ömrü
bir həftə sürəcək.

Dayanıb,
hönkür-hönkür ağladığın
ata məzarında,
əkdiyin güllərin
ləçəkləri isalanacaq
göz yaşlarından.

Sən köməksizsən,
iki körpə balanla.
Ovuclarında bir qız
və bir oğlan uşağının
soyuq əlləri titrəyir.
Dərdini kimə deyəsən?
İndi, özün
günahkarsan deyəcəklər
Dözməliydin deyəcəklər
Gecələr sərxoş gəlmiş
kişinin təhqirlərinə,
daha nəyə, nələrə...
indi, özün sızlayırsan
o günlər üçün.

Get     

Bir gün xatirələr qalacaq sənə,
Qəlbində dolanan meh olacağam.
Duman tək çökəcəm bu yer üzünə,
Qara saçlarında şeh olacağam.

Səs kimi qalacaq qulaqlarımda,
Sənli xatirələr ağ çiçək kimi.
Alıb qoparacaq dodaqlarımdan,
Küləklər adını kəpənək kimi.

Get, çırpma qapımı, çırpma, sən Allah,
Sən gedən günlərin seyrinə dalım.
Keçmiş günlərimdən xatirə kimi,
Qoy köhnə qapımla baş-başa qalım.

O köhnə qapıdan işıq süzülsün,
Bir də yolun düşsə boylan, ora bax.
Qapı arxasında dünən var, gülüm,
Məni o dünəndə tək-tənha burax.

Vasif Əlihüseyn Əlifağa oğlu 1985-ci il sentyabrın 25-də anadan olub. Moskva Sosial Dövlət Universitetinin “Filalogiya” kaulitəsini bitirib. Bakı Slavyan Universitetinin “Yaradıcılıq fakulitəsi”nin tələbəsidir. “Ayrılığın rəngi” adlı şeirlər kitabının müəllifidir. “Pərvanə” və “Yeni era” ədəbi məclislərinin üzvüdür. Elektron ünvanı: vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий