Cənub bölgəsi, xüsusən, Lənkəran rayonu bir sıra məşhur sənətkarların vətəni olub. Biz müxtəlif vaxtlarda qəzetimizdə Həqiqət Rzayeva, Yavər Kələntərli, Münəvvər Kələntərli, Mir Haşım Kələntərli, Gülağa Məmmədov və başqa əvəzsiz sənətkarlar haqqında geniş yazılar dərc etmişik. Belə sənətkarlardan biri də 1909-cu ildə Lənkəranda dünyaya göz açmış, böyük sənət yolu keçmiş, bir çox tanınmış müğənnilərin, o cümlədən, respublikanın əməkdar artisti, masallılı Rəsmiyyə Sadıqovanın ustadı olmuş, təəssüf ki, sonradan repressiya qurbanına çevrilmiş, Daşkənd zəlzələsində isə evi tar-mar olmuş Cahan Talışinskayadır. Oxucuların marağına səbəb olacağını nəzərə alıb onun haqqında yazını sizə təqdim edirik.
Muğam ustadı Cahan Talışinskaya
XX əsr Azərbaycan mədəniyyət tarixində bir çox mürəkkəb, eyni zamanda, maraqlı taleli sənətkarlar olub. Onlardan biri də tanınmış müğənni, əməkdar artist Cahan Talışinskayadır.
Cahan xanım Talışinskaya 1909-cu il fevralın 9-da Lənkəran şəhərində anadan olub. O, Məryəm xanım Mehmandarovanın (Mir Rzaxan Talışinski və general Səməd bəy Mehmandarovun bacısı) qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım isə “Yeni yol” qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. Cahan xanım burada Azərbaycan Qızlar Seminariyasına qəbul olunur. Gənc qız musiqi və vokal sənətilə daha çox maraqlanırdı. Bacısının evində piano da var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tez-tez tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl mahnılar ifa etməyi öyrəndi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir aləti - istər qarmon, istər fleyta, istər qaval olsun, necə asanlıqla və ustalıqla ifa etməsindən fəxrlə danışır.
Seminariyada oxuduğu illərdə Cahan xanım Əli Bayramov adına klubun nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində iştirak etməyə başlayır. 1927-ci ildən isə Cahan xanım Bakı şəhərinin radio şəbəkəsində işə daxil olur, sonra Dövlət Estrada Kollektivinin və nəhayət, 1934-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olur.
Bu dövr Cahan Talışinskayanın həyatında əsl yaradıcılıq yüksəlişi idi. Onun adı musiqisevərlərin və mütəxəssislərin dilindən düşmürdü.
Cahan xanım çoxlu konsertlərdə çıxış edir, yaradıcılıq briqadaları ilə Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə qastrola çıxırdı. O, xalq mahnılarının və Azərbaycan muğamlarının gözəl ifaçısı kimi tanınırdı. Müasirlərinin xatirələrində deyildiyi kimi, bu müğənninin ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz” muğamları, həmçinin, “Qarabağ şikəstəsi” həmişə dinləyicilərin gurultulu alqışları ilə müşayiət olunurdu. “Qatar” muğamı isə onun ifa etdiyi şah əsəri idi. Çox vaxt onu belə də adlandırırdılar - Qatar Cahan.
Cahan xanımın səsinin geniş diapazonu, virtuoz səs imkanlarına malik olması texniki cəhətdən mürəkkəb olan bu muğamı onun ifasında təkrarolunmaz edirdi.
Cahan xanımın sənətinin nə qədər güclü və təsirli iz buraxmasına bir hadisə parlaq misal ola bilər. 20-ci illərin axırı, 30-cu illərin əvvəlində Avropaya səfərə hazırlaşan Əfqanıstan şahı Əmənulla xan Bakıya gəlmişdi. Bu yüksək qonağın şərəfinə qonaqlıq təşkil olunmuşdu. Konsertdə iştirak etmək üçün Cahan Talışinskayanı da dəvət etmişdilər. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi, qızıl qol saatını Cahan xanıma hədiyyə edir. Ertəsi gün isə Cahan xanımı NKVD-yə dəvət edirlər və saatı bir günlüyə ondan alır və səhəri gün isə qaytarırlar: geri qaytarılan saatın arxa tərəfində “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmışdı.
Populyar xalq mahnılarının araşdırıcısı, xalq artisti Bəhram Mansurov xatirələrində Cahan xanımdan bəhs edərək yazır: “O, Cabbar Qaryağdı, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Pirimov, Zülfü Adıgözəlov kimi görkəmli xanəndələrlə bərabər konsert proqramlarında çıxış edirdi. Eyni zamanda, o, özünü istedadlı folklorçu kimi də göstərirdi. Çox az adama məlumdur ki, ”Qubanın ağ alması", “Uca dağlar”, “Dəli Ceyran” kimi xalq mahnıları məhz ilk dəfə onun ifasında lentə yazılıb.
Araşdırmalarda göstərilir ki, müğənni bu mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplayıb. Bütün vasitələrdən istifadə edərək yeni melodiyaları yadda saxlayıb, onu dinləyicilərə olduğu kimi çatdırardı".
Müğənninin oğlu, əməkdar memar Nazim Hacıbəyov xatirələrində yazır: “Anam bu mahnılardan bəzilərini ucqar dağ rayonlarında çay qırağında paltar yuyan qadınlardan eşidərkən qələmə alıb. Məşhur ”Qubanın ağ alması" mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı Reyhan xanım verib..."
1933-cü ildə “Şərq musiqi ansamblı”nın tərkibində Cahan xanım Moskva, Leninqrad, Kiyev şəhərlərində qastrol səfərlərində olur. 1936-cı ildə Moskva və Sankt-Peterburq şəhərlərinə qastrolları zamanı “Qatar” və “Segah” muğamları, “Uca dağlar” və “Yeni kənd” mahnıları onun ifasında lentə alınır. Bu illərdə Cahan xanım tamaşaçıların hədsiz rəğbətini və məhəbbətini qazanır. Respublikanın ən ucqar yaşayış məntəqələrində onu tanıyır və sevirlər. Cahan xanımı o dövrün görkəmli sənətkarlarından Səid Rüstəmov, Bülbül, Həqiqət Rzayeva, Şövkət Məmmədova, Şəmsi Bədəlbəyli, Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Fatma Qədri, Mərziyyə Davudova ilə dostluq və əməkdaşlıq telləri bağlayır...
1937-ci illərin qara yelləri
Cahan xanımın bu yaradıcılıq fəallığına, işgüzarlığına, həyatsevərliyinə heyran olmamaq mümkünsüzdür – çünki, bu dövr, 30-cu illər Stalin repressiyasının ölkədə kölgə saldığı bir dövr idi. Cahan xanımın böyük hörmətə malik olmasını bilərək bir çox adamlar özləri barədə yüksək orqanlardan bu və ya digər məsələ üçün onun havadarlıq etməsini xahiş edirdilər. O, heç vaxt köməyini əsirgəməzdi; məhz qolçomaqlıq dövründə bir neçə adam onun köməyi ilə xilas olunmuşdu.
Lakin 1937-ci illərin qara yelləri Cahan Talışinskayadan da yan keçmir. Bir gün ona NKVD ilə gizli əməkdaşlıq təklif olunur. Ancaq o, razılıq vermir. Məhz buna görə də Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan İncəsənəti Ongünlüyündə iştirak etməyə icazə verilmir. Lakin sonra hansı səbəbdənsə yuxarıların onun haqqında fikri dəyişir. 1939-cu ildə estrada artistlərinin I Ümumittifaq Müsabiqəsinə qatılır və laureat olur. 1940-cı ildə Cahan Talışinskayaya əməkdar artist adı verilir.
Bütün bunlara baxmayaraq, qara kölgələr ondan əl çəkmir.
1937-ci ildə bacısı Sitarə xanımın əri şərqşünas-türkoloq Xalid Səid Xocayev və Sitarə xanım özü də həbs edilmişdi. Cahan xanım heç nədən çəkinməyərək bacısının qızı Bəhicəni öz evində saxlayır. O, başqa bacısı Bilqeyis xanıma da kömək edir. Bilqeyis xanımın da əri həbs edilmişdi. O, bacısı oğlu Hüseynə də köməklik göstərirdi. Həmin dövrdə Cahan xanımın keçmiş əri Məmməd Hacıbəyov və qardaşı Rüstəm Talışinski də həbs edilmişdilər. Cahan xanım oğlu Nazimi təkbaşına, öz gücünə böyüdürdü və anası Məryəm xanım da onunla yaşayırdı. Bu, çox çətin dövr idi və onun evi sakitlik adasını xatırladırdı.
Sürgündə keçən illər
Cahan Talışinskaya 1942-ci ildə 14 yaşlı oğlu ilə birlikdə həbs olunur və “xalq düşməni” adı altında Qazaxıstanın Petropavlovsk rayonuna sürgün edilir. Oradan ona Özbəkistana köçməyə icazə verilir. O, Daşkəndə köçür, oğlu Nazimi Bakıya göndərir, özü isə şəhər filarmoniyasında solist kimi işə düzəlir.
Müğənninin Azərbaycana qayıtmasına bir təsadüfi hadisə kömək edir. 1943-cü ildə SSRİ Xalq Komissarlığı nəzdində yerləşən musiqi idarələrindən birinin rəhbəri V.Surin Daşkəndə gəlir. O, Cahan xanımın laureat adını qazandığı Ümumittifaq Estrada Artistlərinin Müsabiqəsində münsiflər heyətinin üzvü olan zaman tanış olmuşdu. Burada V. Surin onunla xeyli söhbət edir. Bu tanışlıqdan sonra Cahan xanım onun köməyi ilə Tiflis şəhərindəki İncəsənət İşləri üzrə idarəyə təyinat alır.
Beləliklə, Cahan xanım Tiflisdə Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada Leyli (“Leyli və Məcnun”), Telli (“Arşın mal alan”), Əsli (“Əsli və Kərəm”), Şahsənəm (“Aşıq Qərib”) rollarında çıxış edir və böyük müvəffəqiyyət qazanır. Lakin bir müddət sonra Azərbaycan Xalq Daxili İşlər Komissarlığından Tiflisə məktub göndərilir və yenidən müğənninin sürgün məsələsi qaldırılır. Onu bu dəfə əvvəllər Bakıda yaşamış Zaqafqaziya Hərbi Şurasının üzvü, SSRİ xalq deputatı Xavər Vəliyeva xilas edir. Məhz onun köməkliyi ilə Cahan xanım Tiflisdə qalır və sonra Bakıya qayıdır. Musiqili Komediya Teatrının direktoru Şəmsi Bədəlbəyli Cahan Talışinskayanı teatra dəvət edir. Onun “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Gözün aydın”, “Durna” operettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları hədsiz dərəcədə parlaq və maraqlı olur. Məhz buna görə də tamaşaçılar onu təkrar-təkrar səhnəyə dəvət edər, hətta mahnı və ariyaları bir neçə dəfə ifa etməsini xahiş edərmişlər.
1949-cu ildə Cahan Talışinskaya oğlu ilə birlikdə yenidən Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə, İ.Stalinin ölümündən və M.Bağırovun həbsindən sonra Cahan xanım və oğlunun azad olunması barədə qərar qəbul olunur. Lakin Cahan xanım Bakıya dönmür, Daşkənddə qalır.
O demək olar ki, işləmirdi, lakin hər ay radioda onun konsertləri səslənirdi. Daşkənddə oğlu evlənir, nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını görməyə gəlirdilər.
1966-cı ildə Daşkənddə baş verən zəlzələ isə onların Vətənə qayıtmağına təkan verir. Daşkənddə onların yaşadığı ev tamamilə uçulur və təsadüf nəticəsində sağ qalan Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar. Cahan xanım bir il sonra - 1967-ci ildə vəfat edir. Bundan sonra uzun illər vaxtaşırı radioda onun konsertlərinin lent yazıları səslənirdi. Daşkənddə Dövlət teleradiosunun arxivində Cahan xanımın konsertinin yeganə videoyazısı qorunub saxlanır.
cenubxeberleri.com

Комментариев нет:
Отправить комментарий