12.09.2012

Festival “yağışı”, An Mari tufanı

Sentyabr ayının 7-10-u arası Masallıda keçirilən Beynəlxalq Folklor Festivalı çox qayğıları unutdurdu. Bu, doğrudan da, gözəl bayram idi. Nə vaxt idi ki, insanların belə böyük bir sevincə ehtiyacı var idi. 30-35 il bundan əvvəlin kütləvi Məhsul bayramlarını və futbol yarışlarını istisna etsək, Masallı belə böyük, həm də bir neçə xarici ölkənin təmsil olunduğu beynəlxalq tədbirə sahiblik etməmişdi.
Əvvəldən bəyan edildiyi kimi, festivalın ilk tədbiri - musiqili paradı Qarabağ küçəsindən start götürüb Heydər Əliyev prospektindən keçməklə Nizami meydanında başa çatdı. Həmin musiqili parad zamanı Azərbaycan, İran, Dağıstan, Kabardin-Balkar, Latviya, Türkiyə, Naxçıvan və sair ölkə və vilayətlərdən gələn folklor kollektivləri öz məharətlərini nümayiş etdirdilər.

Festival iştirakçıları yol boyu çala-çala, oxuya-oxuya gedərkən məktəblərdən, eləcə də digər idarə və təşkilatlardan gətirilmiş adamları çıxmaq şərti ilə tamaşaçı azlığı hiss olunurdu. Adam istər-istəməz düşünürdü – doğrudanmı, biz bu böyüklükdə şənliyə sevinməyi bacarmırıq? Sanki bəzi insanlar hələ nə baş verdiyini başa düşə bilmirdilər.
Masallı Mədəniyyət Evinin qarşısındakı Nizami meydanında axşam baş tutan açılış konsertində isə tamam başqa bir mənzərə var idi. Tədbir elə gözəl alınmışdı ki, bura kimlərinsə zorla gətirilməsi barədə söhbət gedə bilməzdi. Mədəniyyət Evinin pillələrindən tutmuş bütün ətraf ərazidə, necə deyərlər, addım atmağa yer yox idi. Amma yenə də ürəkdən tikan çıxaran tamaşaçı alqışı arzu olunan səviyyədə deyildi. Bu boşluğu isə Latviya təmsilçisi, bu ilin baharında Bakıda keçirilən Evrovizin müsabiqəsinin iştirakçısı An Mari pozdu. Gözəl səhnə görkəmi, yüksək ifaçılıq bacarığı, sanki səhnəyə, meydana sığmayan səs diapazonu ilə latviyalı musiqiçi bütün meydanı coşdurdu. An Mari “Sarı gəlin” mahnısını oxumağa başlayanda isə sanki tamaşaçılar təlatümə gəldi. Mahnı başlar -başlamaz alqış sədaları ilə müşayiət olundu, sonda isə tamaşaçılar onu ayaq üstdə alqışlamaqla yola saldılar.
Tədbirdə Dağıstan, Kabardin-Balkar, eləcə də Türkiyə və İrandan gəlmiş folklor ustaları da çox maraqlı proqramla çıxış etdilər.
Festivalda Azərbaycanı, eləsə də Masallını təmsil edən “Halay” ansamblının, veteran “Halay”çıların, Naxçıvanı təmsil edən “Şərur” rəqs qrupunun da çıxışlarında maraqlı məqamlar çox idi.
Açılış konsertindən sonra “Nağıl dünyası” istirahət mərkəzində qonaqların şərəfinə böyük ziyafət verildi. Əslinə qalanda bu ziyafət yemək-içməkdən daha çox axşam verilmiş konsertin davamına bənzəyirdi. Bitib-tükənməyən rəqslərə baxmaq nə qədər maraqlı idisə, yenə də An Marinin çıxışı tamaşaçıları daha çox heyran etdi. Bu dəfə latviyalı müğənni Azərbaycan dilində “Nə gəlməz oldun” mahnısını ifa etdi.
Açılış mərasimində Latviyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri, Mədəniyyət Nazirliyinin məsul işçiləri, Qazaxıstandan gəlmiş nümayəndə heyəti, eləcə də Bakıda yaşayıb fəaliyyət göstərən Masallı ziyalılarının bir qrupu iştirak edirdi.
Festivalın açılışının səhəri günü qonaqlar planlaşdırıldığı kimi rayonun Boradigah qəsəbəsində və Şərəfə kəndində qonaq olub yerli sakinlər qarşısında konsert proqramı ilə çıxış ediblər.
Sentyabrın 9-unda, açıq havada yekun konsertinin planlaşdırıldığı günü Masallıya yağan leysan yağış tədbir üçün ciddi narahatçılıq yaradıb. Sonda tədbirin açıq havada yox, Olimpiya Kompleksində keçirilməsinə qərar verildi. 1000-ə yaxın tamaşaçı qarşısında möhtəşəm konsert verildi. Yenə də latviyalı musiqiçilər, yenə də An Mari favorit idi. Hər çıxışında olduğu kimi, yenə də o, tamaşaçıları ifa etdiyi Azərbaycan mahnısı ilə heyran etdi. Bu dəfə o, “Yenə bu səhər” mahnısı ilə çıxış etdi.
Biz tədbir iştirakçılarının bir çoxu ilə görüşdük. Onları bir-bir təqdim edib vaxtınızı almaq istəməsək də, sadəcə, bir məqamı nəzərinizə çatdıraq ki, Masallının təbiəti və qonaqpərvərliyi onları heyran etmişdi.
Festivalın hansı “qurbanlar” hesabına başa gəldiyini deyə bilməsək də, yaxud bunu demək heç gərəkli olmasa da, bütün hallarda masallılar bir neçə gün böyük musiqi sevinci yaşadılar. Bütün bunlara görə tədbirin təşkilatçılarına təşəkkür də düşür. Demək olar ki, Masallı bu il folklor paytaxtı kimi ötən il bu adı daşıyan Lənkəran rayonunu bir çox yadda qalan tədbirləri ilə geridə qoydu.
Masallıdakı bu Folklor Festivalının sonunda göydən 3 alma düşməsə də, çoxları inanır ki, nə vaxtsa bir ağ atlı Oğlan gəlib digər qayğılarımızı, problemlərimizi də bir dəfəlik unutduracaq, bir neçə günümüzü yox, bütün ömrümüzü bayrama çevirəcək.

An Mari: “Burada təkcə ayrı-ayrı insanlar yox, bütün xalq qonaqpərvərdir”

Yekun konsertində An Marinin çıxışından sonra ondan qısa müsahibə almağa nail olduq. Öncə onun Azərbaycana məhəbbəti, “Sarı gəlin” mahnısına niyə müraciət etməsi ilə maraqlandıq.

-Əvvəllər Azərbaycanla dərin tanışlığım yox idi. Sadəcə, digər sovet respublikalarından biri kimi ölkəniz haqqında televiziyadan bəzi məlumatlar alırdıq. Evrovizində iştirakım zamanı bu tanışlıq xeyli dərinləşdi. Lakin həmin tədbirdə vaxtın azlığı, məşqlərin çoxluğu imkan vermədi ki, azərbaycanlılarla daha yaxından tanış olum. Bu səfər isə əla fürsət oldu. Çox yerlərdə olmuşam. Məni təəccübləndirmək elə də asan deyil. Lakin sizin insanların hədsiz-hüdudsuz qonaqpərvərliyi, səmimiyyəti məni heyran etdi. Rastlaşdığım hər bir insandan o qədər məhəbbət, o qədər sevgi görürdüm ki, heyran qalmamaq mümkünsüz idi.
Qaldı ki, “Sarı gəlin” mahnısına, bu, çox dəyərli mahnıdır. Mən hər dəfə bu mahnını oxuyanda xəyalımda ağ paltarda, küləklərin telini dağıtdığı, sonsuzluğa can atan bir gözəli təsəvvür edirəm.
Azərbaycanda sizin mahnılara klip çəkdirəcəyəm. Ancaq haçan, harada bu hələlik sirdir.
Azərbaycan mahnılarına diqqətim qısa müddətli olmayacaq. Hələlik, 3-4 Azərbaycan mahnısını repertuarıma daxil etmişəm. Bu səfərdən sonra isə bu mahnıların sayı daha da artacaq. Disklərimdə sizin mahnılara geniş yer ayıracağam.
Belə bir bayram təşkil etməklə çox faydalı iş gördünüz. Bizə qarşı belə diqqətə görə hamınıza minnətdaram. Səhnədə dediyimi bir daha təkrar edirəm: “Azərbaycanı çox sevdim!”

 Zahir Əmənov              “Cənub xəbərləri” 

Комментариев нет:

Отправить комментарий