12.09.2012

Kiminsə sevdiyi

Oktay Hacımusalı

kiminsə sevdiyi olub bu qadın
kimdənsə nəsə umub nəsə gözləyib
cavan qız olanda deyib
eybi yox bir gün bəxtim açılar
qismətim çıxar
sonra bir gün bəxti açılıb
qisməti gəlib çıxıb
baxıb ki qismətinin heç nəyi yoxdur
nə evi
nə maşını
nə də yaxşı işi


kiminsə sevdiyi olub bu qadın
kimdənsə ayırıblar onu
beynini doldurublar xoşbəxt olmayacaqsan
alınmayacaq da alınmayacaq sizinki
gözləri yaşla dolub
ağlayıb səhər axşam

bəxtini ağ yuyub qara sərib
hər sözə söhbətə sinə gərib
yaşayıb el nə deyər qınağıyla
sonra qulağını dolduranlar
qulluğunda durmağını istəyiblər ondan
uşaqlarını məktəbə yola salan həmyaşlarına
həsrətlə baxıb kövrəlib

və bir gün
kiminsə sevdiyi olduğunu unudub o qadın

kimin sevdiyi olub o qadın

Комментариев нет:

Отправить комментарий