Göylü Atalı: Ürəyinizdə Günəş Olsun! Bu gün İran dövlətinin ətrafında gedən proseslər Güney Azərbaycanın taleyinə birbaşa təsir edir. O tay, bu tay Azərbaycana siyasi və mənəvi basqılar da artır. Bu nə ilə əlaqədardır?! Bu suala cavab almaq üçün əslən Təbrizli Ağşın Ağkəmərlinin, Abil Ulusoyun, Müxalif düşərgədə tanınmış sima X.Bahadırın və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının mövqelərini öyrəndik. İndi onu oxuculara təqdim edirik.
İlk sualımı Aşğın bəyə ünvanlayacam. Ağşın bəy, siz xeyli vaxt idi Güneydə idiniz. İranda başlayan oyunlar, hansı ki, Urmu gölünün qurudulması, milli fəalların həbsi, o cümlədən milli oyanışın geniş siyasi hərəkata çevrilməməsi üçün edilən işgəncələr, qorxutmalar, bütün bunlar bu gün hansı mərhələdədir, bunları necə ümumiləşdirmək və qiymətləndirmək olar?
Ağşın Ağkəmərli: Çox sağ olun sualınıza görə. Təxminən sizin özünüzün də mediadan xeyli məlumatınız var. Ancaq bu məsələ təkcə bu günlə əlaqədar deyil. Bu, Şah rejimindən gələn bir dalğadır ki, bu gün da davam edir. İran İslam Respublikası yaransa da, Şah rejimi yaransa da onların münasibətlərində heç bir fərq ortaya çıxmır. Həmin o xəttin davamçılarıdırlar bu gün İranda olan hakimiyyət. Burda ayrı-ayrı məsələlər var. O məsələlərin biri budur ki, Azərbaycanın təbii sərvətlərini qarət eləmək. Güney Azərbaycanın sərvətləri qarət olunur, özəllikcə Urmu Gölündə. Məncə bu gün Güney Azərbaycanda – Qaradağ bölgəsində baş verən zəlzələnin bir səbəbi yeraltı qazıntıların aşırı dərəcədə pərakəndəliyi və çoxluğudur. Bu gün Güney Azərbaycandan vaqonlarla təkcə təbii sərvətlərimizi deyil, hətta torpaqlarımızı belə, başqa ölkələrə, o cümlədən Çinə daşıyırlar. Urmu Gölündə nə qədər silisium, maqnezium əldə olunursa, hamısı daşınır. Elə bil İran rejimi tələsiyir, qorxur ki, Azərbaycan gec-tez əllərindən çıxacaq. Sabah bunları talamaq, daşımaq imkanı olmayacaq.
Onu da deyim ki, oyun təkcə Urmu gölü ətrfında deyil, bu proses dalğavari olaraq bir gün Ərk Qalasında üzə çıxır, bir gün Babək Qalasında özünü göstərir. Burada da iş, əlbəttə təkcə təbii sərvətlərin talanması ilə məhdudlaşmır, siyasi məqsədlər də gündəmə gəlir. Bunun da əsasında o dayanır ki, bu xalq özünə gəlməsin, özünü tanımasın. Xalqın özünü tanımasının kökündə duran Türklük məsələsini şüurlarda məhv eləmək, hər vasitə ilə inkişafına imkan verməmək İran rejimi tərəfindən gördüyünüz oyunları ortaya çıxarır.
Bizim azadlıq yönündə milli inkişafımız Babəkə, Nəsimiyə, Şah İsmayıla münasibətdə özünü qabarıq şəkildə göstərir. Bu dəyərlərdə bizim böyüklüyümüz, alicənablığımız, aristokratlığımız var. Elə edirlər ki, onlar bizim üçün əlçatmaz, anlamsız bir şey olsun. Bunun üçün dilimizi, mənəviyyatımızı bizə unutdurmağa, yadlaşdırmağa çalışırlar.
Vurğulamaq istədiyim bir şey var ki, XX əsrin əvvəlində 80% qeyri-Azərbaycanlı Azərbaycan türkcəsini bilirdi. Bu gün də təəssüflər olsun ki, 80% Azərbaycanlı Azərbaycan türkcəsini bilmir. Bununla yanaşı, çox acınacaqlı, faciəli bir şəkildə digər bölgələrə azərbaycanlıların köçürdülmə məsələsi var. Siz görürsünüz ki, Urmu gölü məsələsində hansısa bir millət vəkili Fars körfəzində durub deyir ki, o büdcəni ora xərcləyincə bu milləti burdan başqa yerə köçürün. Kredit verin, orda özlərinə ev tutsunlar, yaşasınlar. Kənd təsərrüfatıyla məşğul olsunlar. Bunda heç bir anlam yoxdur, axı bu, onun ata-baba torpağıdır. Onun dili, mədəniyyəti, kimliyi, varlığı onun içində yatıbdır. Sonra, bu gün BMT-də qəbul olan qanunlar arasında soyqırım məsələsi təkcə avtomatla, silahla, gedib bir kəndi qırmaqla hesablanmır, aldadıb bir xalqı yaşadığı yerdən digər yerə köçürmək də soyqırım kimi nəzərə alınır. Nəticə etibarilə bu gün İran dövləti bunu kifayət qədər geniş həyata keçirir.
İranda prezident olmuş Haşimi Rəfsəncani o qədər antiazərbaycan düşüncəsinə köklənib ki, Təbrizə gələndə, təhqiramiz bir şəkildə deyir ki, bura şəhər deyil, böyük bir kəndə bənzəyir. Yaxud bu günləri bizim gözümüzün bəbəyi, varlığımızın əsası olan Quzey Azərbaycanı heç vaxt Azərbaycan kimi dilə gətirməyibdir. Söz-söhbət gələndə deyibdir Qafqaz. Həmin o düşüncənin, o xəttin mahiyyətinə uyğun bir qəzet çıxır Təbrizdə, – “İrani-Şimali”. Nəinki Şimali Azərbaycan, İranın şimalı deyir Quzey Azərbaycana. Demək istəyirəm ki, o xəttin davamıdır. Şah dövründə də belə idi, Pəhləvi dönəmində də belə idi. Pəhləvi dönəmində deyirdilər ki, ora heç Azərbaycan deyil, Arrandır, bizdən ayrıdır. Arazın o tayıdır. Necə o bizdən ayrı ola bilər ki, bir şəhər ikiyə bölünüb. Astara şəhəri ikiyə bölünüb. Yarısı yuxarıda, yarısı aşağıda. Bu tayı İran sayılır, o tayı Azərbaycan. Bu necə olan şeydir ki, bu bizdən olmasın, ya Culfa, ya Biləsuvar. Bunlar istəyirlər ki, Azərbaycan adını ümumiyyətlə, Quzey Azərbaycandan silsinlər. Gördülər Azərbaycan suverenliyini qazanandan sonra, dünya dövlətləri Azərbaycanın müstəqilliyini tanıyandan sonra bu imkanları kəsildi. Ona görə keçdilər bayaq dediyim kampaniyaya, – köçürmə məsələsinə. Azərbaycanı hissə-hissə ona-buna vermə məsələsinə. Azərbaycanı ayırdılar, bir ostan çıxartdılar. O ostandan bir ostan çıxartdılar. Vilayətdən vilayət çıxartdılar. Üstəgəl İsfahanda yaşayan erməniləri Xoy bölgəsinə köçürdülər. Bu proses hələ də gedir. İstədilər Türkiyəylə Azərbaycan arasında olan birliyimizi məhv eləsinlər. Ortalıqda etnik bir xaqlı yerləşdirsinlər,- kürdü, ermənini. Bu gün get-gedə Azərbaycan adı İran dövləti üçün bir problem olub. Bu son vaxtlarda mən Güneydə olanda kitab sərgisi olacaqdı. Qaldılar ki, bunun adını necə qoyaq, Quzey Azərbaycanla birliyi olmasın. Götürüb onun adını Səhənd qoydular. Sonradan Təbriz qoydular. Birinci, dəfə yazmışdılar böyük reklamlarla Azərbaycan sərgisi. Sonradan bunu götürdülər. Yaxud bir çox zavodlar Azərbaycan adını daşıyırdı, zavodları dəyişdilər. Adlarını dəyişməklə yanaşı bu zavodları Azərbaycan bölgəsindən başqa bölgələrə köçürmə qərarı verdilər. O boyda Təbrizin Traktor zavodu vardı, Təbrizin adıyla bağlı idi. Bu Traktor zavodunu guya ki, bir xanıma satdılar. Bu satmağın nəticəsində Təbrizdəki bu zavodu başqa yerə köçürməyə qərar verdilər. Düzdür, müəyyən hissəini köçürdülər, əsas hissəsi qaldı, xalqın etirazı nəticəsində.
Siz orda qəddarlığa baxın, Muğan tərəfdən Araz boyu arx qazıb kanalizasiyanı ora axıdırlar ki, üfunətdən insanlar yaxın gəlib O Taydakı qardaş-bacıları ilə ünsiyyət qurmasınlar.
Eləcə də bu gün Ermənistanın kimyəvi zavodlarının zəhərli maddələri Araza axıdılır. Yəni İran dövləti bilərəkdən məsələyə münasibət bildirmir. Bu da insan həyatı üçün böyük təhlükələr yaradır. Genetik fondu məhv edir. Deməklə qurtarmır. Ona görə böyük hərəkat başlamalı, boşluqlar doldurulmalıdır, buna bizim geniş imkanımız var.
Göylü Atalı: Çox sağ olun! Abil bəy, İran-Azərbaycan münasibətləri hansı yöndə inkişaf eləyir. Məlumdur ki, İran Ermənistanla sıx münasibətdədir. Elə bir görüntü yaratmağa çalışır ki, sanki Azərbaycanın mövqeyi Qərbin və İsrailin mövqeyi ilə üst-üstədir. Sanki Azərbaycan xaçpərəstlərin yanında olub müsəlman İrana qarşı hərəkət edir. Belə bir görüntünün yaranmasının arxasında nə dayanır? Bu kimi təbliğatlardan hansı sonuc gözlənilir?
Abil Ulusoy: Günaydın istəkli yurddaşlarımız! İranın məsələnin mahiyyətindən çıxış eləməsi aydındır. İran onun bir dövlət kimi varlığına son qoya biləcək “təhlükəni” düzgün müəyyənləşdiribdir, bu, Azərbaycandır. Bu nə Avropadır, nə də Qərb. Avropa, Qərb İranı təhdid eləyə bilər, rejim dəyiikliyi yarada bilər orda, varidatına sahib olmaq istəyər, amma İranın bir dövlət kimi tarix səhnəsindən silinməsinə yol verməz. Əgər İran bir dövlət kimi olmayacaqsa, bəs onda nə olacaq?! Təbiidir ki, böyük bir Azərbaycan olacaq,- bu coğrafiyada türk dünyasının sanballı bir hissəsi olan Bütöv Azərbaycan. Bu da Qərbin siyasi maraqlarına uyğun deyil. “Böyüklər” başqa böyüklərin yaranmasını istəmirlər. Əslində nə qədər parçalansa bir o qədər yaxşıdır. Amerikanın keçmiş dövlət katibi Kandaliza Rays deyirdi ki, nəyə görə 200 dövlət olmalıdır, 4000 dövlət yox?! Çünki nə qədər çox parçalansa bir o qədər idarə etmək asanlaşır. İntəhası, gərək parçalanma Qərbin maraqlarına uyğun baş versin. Əks halda, parçalanmanın nəticəsində yarana biləcək böyük dövlətdən qorxurlar ki, tarixə hökm edən bir millət yenidən özünə qayıda bilər.
Gələk İran-Azərbaycan münasibətlərinə. İran-Azərbaycan münasibətləri heç bir zaman hamar olmayıbdır, belə getsə heç bir zaman olmayacaqdır. Nə qədər İran adlı bir dövlət var, nə qədər Quzey Azərbaycanda dövlət var, bu regionda heç bir dostluqdan söhbət eləyə bilmərik. Əgər biz İranla dostluq eləyiriksə Güneyi qurban vermiş oluruq. Bu mümkün olan şey deyil. Biz Azərbaycanı bütöv görmək istəyirik.
İran-İsrail münasibətləri aydın məsələdir nəyə hesablanıbdır. İran özünü Ərəb dünyasına yaxın salmaq üçün, dini xətdən çıxış eləməklə İsraillə daha sərt dildə danışmağa çalışır ki, özünün dövlət bütövlüyünü qoruyub saxlasın.
Hesab edirik ki, Azərbaycanın da istər bugünkü, istərsə də sabahkı iqtidarı Azərbaycan xalqının milli mənafeyi baxımından çıxış eləsəydi, başqa addımlar atılmalıydı. Azərbaycan xalqının özünün maraqları var və bu maraqlar nəyinsə xatirinə qurban verilməməlidir. Hakimiyyət nədəsə uda bilər, amma xalq uduzmamalıdır. Hakimiyyətlərin ömrü gəldi-gedərdir. Xalq isə həmişəyaşardır.
Guya İran Azərbaycanı xaçpərəstlərlə dostluqda qınayır, həmin anoloji sualı İran-Ermənistan münasibətlərinə də yönəltmək olar ki, nəyə görə münasibətlər bu cür inkişaf eləyib?! Təbii ki, İran bu addımları atmağa məcbudur. O, getdikcə təklənir. İqtisadi cəhətdən çox sürətlə geriləmələr baş verir. İrana qarşı atılan bu addımlar doğrudan da onu çöküşə doğru aparır. İran iqtisadiyyatının əsası yanacaq-energetika sektoru ilə bağlıdır. Əgər dünya iqtisadiyyatında İran bu qədər sıxışdırılıb sıradan çıxarılmağa başlanılıbsa, ərəb dünyası ilə İranın münasibəti korlanırsa, körfəz ölkələriylə, Qətərlə, Bəhreynlə, Omanla, xüsusən də Səudiyyə Ərəbistanı ilə, İranın çabaları başa düşüləndir. İran-Türkiyə münasibətləri də dağılıb. İranın Türkiyədə törədilmiş terror aksiyalarında iştirakı münasibətləri gərginləşdirib. Terrorda iştirak edənlər milliyyətcə kürdlər olsalar da, onlar İran vətəndaşları idilər. Beləliklə, İranın ətrafında durum çox gərgindir. Azərbaycan dövləti də bir çox məsələlərdə yaxasını kən- ara çəkmək istəyir. Bəzən deyirlər ki, biz kiçik dövlətik, kiçik xalqıq. Əslində biz kiçik xalq deyilik, böyük xalqıq. Bölgədə, bu coğrafiyada baş verən oyunlardan kənarda qalmamalıyıq. Passiv iştirakçıdan aktiv iştirakçıya çevrilməliyik. Çünki bu hadisələr bu coğrafiyada baş verirsə, bizim maraqlarımız təmin olunmayıbsa, mütləq biz bu hadisələrə müdaxilə eləməliyik. Burada Azərbaycan Qərbin ruporu kimi çıxış eləməməlidir. Bunun sonrası var, çox ziyan çəkərik. Nə olur olsun, biz Azərbaycanın bütövlüyü uğrunda iş aparmalıyıq. Başqa oyunlar bizə yaramır. Bu məsələdə Azərbaycan aydınlarının üzərinə çox ağır yük düşür. Millətin indiki durumunda onu öz dəyərlərinə doğru yönəltmək və birgə mübarizəyə nail olmaq gərəkdir.
Göylü Atalı: Xaliq bəy, sizə nisbətən fərqli yöndə sual verəcəm. Son vaxtlar milli dəyərlərimizə qarşı hücumlar səngimir. O cümlədən Şah İsmayıla qarşı total kampaniyalar həyata keçirilir. Sizcə bunun arxasında hansı qüvvələr dayanır və nə məqsəd güdür?
Xaliq Bahadır: Mirzə Cəlilin Mirzə Fətəli ilə bağlı gözəl bir sözü var. Deyir ki, Mirzə Fətəlidən ya yaxşı yazmaq gərəkdir, ya da heç yazamamaq gərəkdir. Şah İsmayıl da bizim elə milli dəyərlərimizdən biridir. Ya ondan yaxşı danışmaq gərəkdir, ya da heç danışmamaq gərəkdir. Bu gün Şah İsmayıla qarşı aparılan kompaniya əslində Azərbaycana qarşı, Azərbaycan türklüyünə qarşı aparılan kompaniyadır. Mən deyərdim ki, ən başlıcası Azərbaycan diriliyinə qarşı aparılan kompaniyadır. Yəni Azərbaycanı ideya, mənəvi baxımdan öldürmək üçün yendirmək üçün aparılan kompaniyadır. Şah İsmayıldan danışan adamları iki yerə ayırmaq olar: biri bilib danışanlar, biri bilməyib danışanlar. İkincidən başlamaq istəyirəm. Bilməyib danışanlar ordan-burdan eşitdiklərini deyirlər Şah İsmayıl əyyaş olub, belə olub, elə olub, Şah İsmayılın ideologiyası şiəlik olub, buna görə söyülməlidir. Bilib danışanlar, yazanlar Azərbaycana qarşı çıxanlardır, Azərbaycanın düşmənləridir. Onlar bilirlər kimə qarşı çıxırlar, nəyə qarşı çıxırlar. Gələk Şah İsmayıla. Şah İsmayıl Azərbaycanda önəmli yeri olmuş bir Ocağın yetirməsidir. O Ocaq türk Ocağı idi. O Ocaqdan türklər, türkçülər çıxmışdı. Şiəlik axarında. O da siyasi konyuktura idi. Biz tarixə tarixi kontekstdə dəyər verməliyik. Bu gündən, XXI yüzildən XVI yüzilə baxıb çox yanlışlar tapmaq olar. Mən onu düzgün saymıram. Obyektiv yanaşmaq gərəkdir. Şah İsmayıl bugünün oğlu deyildi, bugünün yetirməsi deyildi. XVI yüzilin yetirməsiydi. Öz ortamının yetirməsiydi. Başqa cür desək, şiə ortamının yetirməsiydi. O ortam onu hakimiyyətə gətirmişdi. O çevrə onu hakimiyyətə gətirmişdi. O çevrənin, o ortamın hakimiyyəti idi. Ancaq onun böyüklüyü onda idi ki, o çevrədən, o ortamdan çox yüksəyə qalxdı. Mən bunu konkret faktlarla göstərəcəm. O arada türk dünyasında iki güclü dövlət vardı. Osmanlı dövləti və Azərbaycan dövləti. Osmanlı dövlətinin başında qabaqca Bəyazid dururdu, Şah İsmayıl özünün o Ocaqdan gələn tərbiyəsinə uyğun olaraq, qanacağına, mədəniyyətinə uyğun olaraq, məktublarında ona atam deyirdi, böyüyüm deyirdi, ağsaqqalım deyirdi. Sonradan yerinə gəldi Sultan Səlim. Sultan Səlim atasını, qardaşını öldürməklə hakimiyyətə gələn bir adam idi. Sultan Səlim də şair idi, Şah İsmayıl da. Sultan Səlim şeirlərini farsca yazırdı, Şah ismayıl türkcə. Şah İsmayılın sarayına türk dünyasının hər yerindən türklər axıb gəlirdi. Türkiyənin özündən axıb gəlirdi, Misirdən axıb gəlirdi. Baxın, Misir Türkiyədən o yandadır. Nəyə görə onlar o boyda yolu keçib Türkiyəyə yox, Azərbaycana gəlirdi. Bu olduqca önəmli faktdır. Bunu heç yerdə demirlər. Bir daha deyirəm, Azərbaycan tarixində o tayfaların adları yazılıb, çox uzun bir sıralamadır. Türk tayfaları, hər yerdən Şah İsmayılın sarayına gəlirdi. Bu deyilənlər, yazılanlar doğru idisə, Şah İsmayıl doğrudan da əyyaş idisə, qatil idisə, doğrudan da adam öldürən, başkəsən idisə, nəyə görə o tayfalar Şah İsmayılın sarayına axıb gəlirdi, Təbrizə axıb gəlirdi?! Bu olduqca önəmli faktdır. Onların başı xarab deyildi. O tayfaların başında çox ağıllı adamlar dururdu. Sonra o hakimiyyət başçıları gəldilər Azərbaycanda hakimiyyət yiyələri oldular. Bugünkü anlayışlarla desək, Şah İsmayıl olduqca demokratik bir adam idi. Şah İsmayıl elə-belə adam gətirmirdi saraya. Hər tayfanın seçilmişlərini gətirirdi. O seçilmişlər də elə-belə seçilmişlər deyildi. Onlar Dədə Qorqudda olduğu kimi hünər göstərib seçilmiş adamlar idi. Ağlıyla seçilmiş adamlar idi. Ona görə də az bir vaxtda Şah İsmayılın sarayı türklüyün sarayına çevrilə bildi. Təbriz az qala mən deyərdim ki, türklüyün də mədəniyyət mərkəzindən çıxıb bütün dünyanın mədəniyyət mərkəzinə çevrilə bildi. Nəyə görə? Ayrı-ayrı türk tayfaları ora axdığı kimi, ayrı-ayrı mədəniyyət adamları da Təbrizə axırdılar. Nəyə görə Sultan Səlimin yanına getmirdilər. Ona görə ki, burda münbit şərait var idi. Onların özlərinin qabağa getməsi üçün, dəyərləndirilməsi üçün, sənətlərinin dəyərləndirilməsi üçün. Qızılın özü də bir şey deyil, onu dəyərləndirən olmasa, orda Şah İsmayıl kimi dəyərləndirən var idi.
Başqa bir faktora toxunmaq istəyirəm. Şah İsmayıl belə desək, şiə lideri idi. Qılıncıyla da bir çox işlər görmüşdü. Ancaq bir iş də var idi. Müsəlman dünyasının hər yerində öldürülən, izlənilən hürufilər hər yerdən Şah İsmayılın sarayına gəlirdilər. Bu da bir tarixi faktdır. Sultan Səlimin sarayına getmirdilər. Başqa saraylara getmirdilər. Hamısı axırdı Şah İsmayılın sarayına. O da Şah İsmayılın demokratizmindən irəli gəlirdi. Şah İsmayıl onlara da arxa dururdu. Baxın, az qala bütün şeirlərində deyir şahi-mərdan. Əli, nə bilim nə. Bununla belə hürufilərə sarayında yer veriridi. O Şah İsmayılın böyüklüyü idi.
Şah İsmayılın sarayı getdikcə bütün türklüyün sarayına çevrilirdi. Şah İsmayıl hakimiyyəti getdikcə bütün türklüyün hakimiyyətinə çevrilirdi. Şah İsmayılın o konseptual baxışlarına görə, yönünə görə. Bu, Avropanı qorxuya salmışdı. Avropa onda neylədi? Avropa onda başladı Sultan Səlimlə işləməyə. Şah İsmayılla işləmədi. Bildi ki, Şah İsmayılla işləyə bilməyəcək. Mən onların yazdıqlarını oxmuşam. Avropadan çoxlu sayda diplomat adıyla kəşfiyyatçılar gəlirdi Şah İsmayılın sarayına. Siltan Səlimin də sarayına gəlirdi, bura da gəlirdi. Onlar elə-belə gəlmirdilər. Onlar kəşfiyyat aparırdılar. Şah İsmayılla bağlı, onun xarakteriylə bağlı, dünyagörüşü ilə bağlı, düşüncələri ilə, duyğuları ilə bağlı. Eləcə də Sultan Səlimlə bağlı. Onlar öyrəndilər ki, Sultan Səlimi ələ keçirmək olar. Şah İsmayılı yox. Çünki Şah İsmayıl böyük, sarsılmaz, yenilməz ideya adamı idi. Ona görə başladılar Sultan Səlimlə işləməyə. Sultan Səlimə top verdilər. Şah İsmayıl topun nə olduğunu bilmirdi. Sultan Səlimə qısaca desək, odlu silah verdilər gizlicə. Onu orda qızışdırdılar. Sultan Səlimin Şah İsmayıla üç məktubu var. Mən o məktubları oxumuşam. Şah İsmayılı söyən xalq yazıçıları var. Onlardan soruşmuşam, bəlli olub ki, onların o məktublardan xəbərləri yoxdur. Yəni o məktubları oxuyandan sonra sən bilərsən Şah İsmayılı söyərsən, ya söyməzsən. Sultan Səlimin Şah İsmayıla o üç məktubu söyüş məktubudur, təhqir məktubudur. Sonuncu məktubunda Şah İsmayılın arvadını da, ailəsini də təhqir eləyir. Yalnız ondan sonra Şah İsmayılın əsəbləri dözmür və onunla savaşa gedir. O savaşa gedəndə könülsüz gedir. Bu da Azərbaycan tarixində var. Onun baş sərkərdəsi deyir ki, Osmanlı ordusunu filan yerdə qarşılayaq. Orda biz onları yenə bilərik. Deyir mən karvanbasan quldur deyiləm. Orda bir söz də deyir. Mən qardaş qanı tökmək istəmirəm. Yalnız orda onu demək olar ki, Şah İsmayıl özünün sərkərdə keyfiyyətlərindən daşınıb. Onu da bilə-bilə. Şah İsmayılın ordusundan bir-iki söz demək istəyirəm. Şah İsmayılın ordu-dövlət sistemi əski türk ordu-dövlət sistemi idi. İndi Türkiyədə kitab çıxıb, yazırlar ki, Şah İsmayıl kürd olub. Bütünlüklə yalandır. Bu adam başdan-ayağa türk idi. Qanıyla türk idi, canıyla türk idi. İdeyaları ilə türk idi, qurduğu ordu-dövlət sistemi ilə türk idi. Bunun döyüş taktikası da, bilirsiniz, necə böyük bir imperiya yaratmışdı, az bir arada. Karl Marks deyirdi ki, o istilaçı Şah idi, 14 ildə 14 ölkəni tutmuşdu. Nəyi ilə tutmuşdu? O türk ordu sistemi ilə, dövlət ordu sistemi ilə. O əski türk döyüş taktikasından yararlanırdı. Ona tarixdə deyirlər qurd oyunu, “Turan taktikası”. Min illər qabağın taktikası idi. Bir vaxt Mete xan onunla çinliləri udmudu. Bu adam belə formalaşmışdı. Bu adam belə yetişmişdi. Bu adam türk dilinə hakimiyyət statusu qazandırdı. Bu adam türk sazına hakimiyyət statusu qazandırdı. Bu adam türk bayatısına, qoşmasına hakimiyyət statusu qazandırdı. Ayrı nə istəyirik bundan?! Bundan sonra oğlu gəldi, o biri gəldi, o Şah İsmayıllıq deyil. Biz Şah İsmayıla o hakimiyyətdə olduğu kontekstdə dəyər verməliyik. Şah İsmayıl bizim ən böyük and yerlərimizdən biridir. Azərbaycan xalqı olaraq, Azərbaycan türklüyü olaraq. Hamımızın yanlışımız olur. Bu gün mənim evimdə I Pyotrla bağlı neçə dənə kitab var. Mənim üçün nə qədər maraqlıdır. Həm də Şah İsmayılı dəhyərləndirmək üçün maraqlıdır. Pyotru haralara qaldırıblar. Neçə yüzildir Pyotrdan kitablar yazılır Rusiyada. Hələ də yazırlar. Pyotra nə boyda anıt qoyublar bilirsiniz Peterburqda, necə də gözəl anıtdır. Pyotrun bir oğlu var idi, onu da özü öldürdü. Şah İsmayıl oğlunu öldürsəydi, biz ona nə adlar verərdik. Nə qaralar yaxardıq. Şah İsmayıl olduqca böyük adam idi. Geniş ürəkli bir adam idi. Şah İsmayılla bağlı Avropa yazıçılarının əsərlərini oxumuşam mən. Ona heyran qalmışam. Burda deyirlər ki, əyyaş olub, nə olub. Avropalı diplomatlar yazırlar ki, Şah İsmayılı biz içki məclisində də görmüşük, (bu təbii, hamımız üçün olan bir şeydir), döyüş meydanında da. Deyir, o, içki məclisində qadına bənzəyirdi. Şeir adamıdır, poeziya admıdır, o qədər incə adam olub. Bax, bu özü türk ruhudur. Onu oxuyanda görürsən ki, Şah İsmayılda görünür sufilik də olub, şamançılıq, nəsə belə şeylər də olub. Avropalıların yazdığını deyirəm. Deyirlər onu döyüş meydanında heç cür tanımaq olmurdu. O cür incə, zərif adam nəyə dönürdü, bilmək olmur. Bir avropalı diplomat yazır ki, mən onun aslanla döyüşünü görmüşəm. Elə döyüşlər olurdu da bilirsiniz. Deyir o, adamlarını yaxına buraxmırdı, onu qoruyanları, deyirdi tək vuracam. Bu xarakterdə olan adam əyyaş ola bilməz. Bu cür poeziyaya vurğunu olan adam əyyaş ola bilməz. O bütünlüklə ədəbiyyata bağlı olan bir adam idi. Bizim ədəbiyyatımıza da, mən deyərdim ki, hakimiyyət statusu qazandırdı. Ondan sonra baxın, Azərbaycanda türk dilində şeirlər nə çox yarandı. Bu gün Babək də danılır. Babək də əyyaş kimi göstərilrir. Babəkin çevrəsi türk kimi yox, bilirsiniz də, kimlər göstərilir. Babək 22 il ərəb imperiyası ilə vuruşub. O çiçəklənən imperiya ilə vuruşub. Əyyaş adam onu eləyə bilməzdi. Özü də o, tankla, topla vuruşmayıb, qol gücünə vuruşub. Belə bir adam olub. Biz bu adamları itirməklə bilməliyik ki, birinci, tariximizi itiririk. Tariximizin dalınca özümüzü itiririk, Azərbaycanı itiririk. Yəni Babəkin itirilməsi, Şah İsmayılın itirilməsi, bu günlərə gələndə Məmməd Əmin Rəsulzadə kimi parlaq personaların itirilməyi bizim özümüzün itirlməyimiz deməkdir. Azərbaycanla bir yerdə, türklüklə bir yerdə, Türkçülüklə bir yerdə. Mən bir çatışmazlıqlığı da göstərmək istəyirəm. Bizim tariximizə qarşı bu cür düşməncəsinə hücumlar olan bir şəraitdə hakimiyyətdən danımağa dəyməz, bəllidir bu nə hakimiyyətdir, bizim müxalifət də susur. Ona görə, mən bunu bir neçə yazımda da demişəm, bizim müxalaifət mədəniyyət müxalifəti deyil. Müxalifət mənim düşüncəmdə ən birinci mədəniyyət müxalifəti olmalıdır. Mədəniyyət üzərində də hakimiyyətə gəlməlidir. Şah İsmayılın özü böyük bir mədəniyyət üzərində hakimiyyət gəlmiş adam idi.
Göylü Atalı: Soylu bəy, Ağşın bəy məsələyə qısaca toxundu. Mən istəyərdim sizin də fikirlərinizi öyrənək. Güney Azərbaycan təbii fəlakət yaşadı. Bu fəlakətin baş verməsi ilə yaranan gərginliklər və İranın bir dövlət olaraq biganəliyi, az qala bayram əhvalı sərgiləməsi, televiziyada komik verilişlərin efirdə yayımlanması, eyni zamanda, qıraqdan, o cümlədən, Azərbaycandan,Ttürkiyədən gedən yardımlara yasaq qoyulması, – bütün bunlar nə deməkdir? Bununla İran nə demək istəyir?
Soylu Atalı: Ürəyinizdə Günəş olsun istəkli soydaşlarımız və yurddaşlarımız!
Biz uzun müddətdir ki, Azərbaycanın bu günə qədər yaşadığı gərgin anlarla bağlı öz baxışlarımızı sərgiləyir, fikirlərimizi dilə gətiririk. Çalışmışıq ki, hardasa insanlarımızın düşüncəsində bir müəyyənlik yarada bilək. Bunu mən cəsarətlə deyirəm ki, yarada bilək, çünki bizim əsaslandığımız bəlli meyar var. Biz o meyardan çıxış eləyirik və hesab edirik ki, bu gün O Tay-Bu Tay Azərbaycanımızda nə qədər aktivlik müşahidə olunsa da, çox təəssüf ki, əsaslı, ciddi ideoloji sistem mövcud deyil. Vahid ideoloji sistem mövcud olmadığına görə də insanlarımız arasında birlik əhvalı görünmür. Həm aktivlik var, həm pərakəndəlik var. Heç kim heç kimin baxışıyla həmrəy olmaq fikrinə düşmür. Bu da bizim üçün, Azərbaycan olaraq ciddi problemlər ortaya çıxardır. Ona görə bütün fəlakətlərimizin hamısına bu problemlərdən baxmağımız doğrudur. Biz bir neçə dəfə müstəqilliyə cəhd elədik keçən əsrdə. Bir neçə dəfə deyəndə, konkret olaraq dörd dəfə. Bu cəhdlərin heç birində biz uğurlu sonuc verə bilmədik. Niyə verə bilmədik? Yenə də səbəb gedib həmin məsələyə dayanır. Vahid milli ideolojimiz formalaşmır və insanlarımız vəhdətdə addım atmırlar. Hərə öz arzusuna, istəyinə söykənib addım atır. Arzu, istək isə nisbidir, səthidir. Bu baxımdan da düşündürücüdür. İndi qayıdıram Güney Azərbaycanda baş verən zəlzələ, təbii fəlakət deyək, mən bir haşiyə kimi gümanımı deyirəm, Güney Azərbaycanda baş verən fəlakət kaş ki, doğrudan da təbii fəlakət olsun, o, tektonik fəlakət olmasın. Məni çox narahat eləyir və gümanım çox qaçır ora-bura ki, bu tektonik fəlakətə də oxşayır. Niyə bu gümana gəlirəm? Əvvəla sualda da vurğulandığı kimi, İran bir dövlət olaraq bu məsələlərə biganə yanaşdı. Biz Güney Azərbaycan deyirik, axı İran özü oraya İran deyir. Əgər İran deyirsənsə və buranı dövlətinin sınırı içində qəbul edirsənsə, sən bir dövlət olaraq vətəndaşlarını fəlakətin əlində buraxmamalısan. Fərqi yoxdur, o, nə düşünür, nə istəyir. Sən dövlətsən. Dövlət olaraq sənin istənilən vətəndaşına münasibətin belə məqamda sağlam olmalıdır. Hətta dünya səhiyyəsində beynəlxalq bir qanun var ki, harda kimin hansı mövqe tutmasından asılı olmayaraq, əgər o, fiziki bir fəlakətlə üzləşibsə, mütləq ona yardım göstərilməlidir, kömək olunmalıdır. Bu, dünya təcrübəsində olan bir şeydir. Bəşər tarixində olan münasibətdir. Belə bir münasibətə İran bu gün, həm bir dövlət olaraq, həm də bir toplum olaraq biganədir. Bunun müqabilində əgər o, özünün televiziyalarında karikatura verirsə, yəni komik şeylər nümayiş etdirisə, bu İran dövlətinin həm indiki durumunu ifadə eləyir, həm də onun münasibətini, özünün kim olduğunu göstərir. Bu, o deməkdir ki, İran dövlətinin bəşəri münasibəti antiinsanidir. Yenə deyirəm fərqi yoxdur, orada yaşayan toplum hansı millətdəndir və o hansı mövqedə dayanıb. Təəssüf eləyirəm ki, İran dövlətinin atdığı addımlar bu gün elə bir mərhələyə qədəm qoyub ki, artıq Güney Azərbaycanda yaşayan həmvətənlərimiz, eyni halda, bu tayda yaşayan və az-çox Güneylə bağlı düşünən insanlarımız artıq münasibətini İran dövlətinin başında duran rejimə qarşı deyil, bütövlükdə fars millətinə qarşı qoyur. Artıq İran rejiminə qarşı olan nifrət fars millətinə qarşı yönəldilib. Bu çox böyük bir fəlakətdir, böyük bir təhlükədir. Mən şəxsən bunu arzulamıram. Çox təəəssüf eləyirəm ki, fars toplumunun özünün ciddi suçu var. Özü buna stimul verib. Yəni doğrudanmı fars toplumunun, fars xalqının içində bəşəri hiss yoxuydu. Öz dövlətinin başında duranlara etiraz eləyəydi ki, sən faciəyəyə qarşı antibəşəri münasibət sərgiləyirsən, komediya verirsən, oraya gedən yardımlara yasaq qoyursan. Səfil, yoxsul durumuna saldığın azərbaycanlıların özünün topladığı yardımı öz adına çıxıb biabırçılıq açırsan və s. Bütün bu oyunlar, nəticə etibarilə, doğrudan da münasibəti tamam başqa bir istiqamətə aparır. Türkiyə və Azərbaycanın yardımlarına yasaq qoymanın əsasında təbiidir ki, türkçülük durur. Mən bir məsələyə xüsusi olaraq diqqətinizi yönəltmək istəyirəm. Bu gün elə hal yaradılır ki, guya İran nüvə silahı istehsal eləməyə doğru irəliləyir və bəşəri bir fəlakət yaratdığı üçün Qərb bundan əndişə keçirir. Əslində isə, Qərb öz cərgəsində başqa bir qüvvəni, o da qala Şərq dövlətini, görmək istəmir. Bu baxımdan da, onun İrana qarşı əndişəsi başqa münasibətlər ortaya gətirir. Bu, məsələnin ayrı tərəfi. Mənim demək istədiyim odur ki, əslində İranın Azərbaycana olan münasibəti Qərbin nüvə məsələsinə münasibətinə görə deyil. Eyni zamanda Türkiyənin yardımlarına mənfi münasibət təkcə Türkiyənin NATO-nun üzvü olduğuna görə də deyil. Türkiyənin məhz türk olduğuna görədir. Eləcə də Azərbaycanın yardımına münasibət məhz türk olduğuna görədir.
Qərb İranda nüvə prosesinə qarşı addım atacaq, atmayacaq, onu susduracaq, susdurmayacaq, bundan asılı olmayaraq, sovetlər dağılandan sonra təbii şəkildə türklüyün inkişafı ortaya çıxıb. Təbii şəkildə türkçülük yönündə axtarışlar meydana çıxıb və təbii şəkildə türklərin birliyi, türkçülüyün əsasında bu toplumun vəhdət təşkil eləməsi zərurətə çevrilib. Bu zərurət istər-istəməz Güney Azərbaycanın taleyinə müəyyən təsirlər göstərməyə başlayıb. Güney Azərbaycanda sovetlər dağılandan sonra fəaliyyət yeni mərhələyə keçdi. İndi fəaliyyət nə dərəcədə doğru inkişaf eləyir, nə dərəcədə düzgün xətt götürürlər, bu, yenə məsələnin ayrı tərəfidir. Əsas odur ki, məhz türkçülüyün yenidən inkişaf elədiyi bir dönəmdən başlayaraq Güney Azərbaycanda aktivlik yeni bir mərhələyə keçibdir. Bu nöqteyi-nəzərdən də İran rejimi, İran dövləti təbii olaraq Azərbaycanın Türkiyəyə bağlanmasının, yaxud Quzey Azərbaycanla Güney Azərbaycanın əlaqəsinin qarşısını almalıdır. O ki, qaldı komik verilişlər verir, o cür addımlar atır, bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, orada yaşayan azərbaycanlıları birinci növbədə öz gözündən salsın. Fikir verin, hələ sovetlər dönəmində Rusiya bizi öz gözümüzdən salırdı. Rusiya bizim azərbaycanlılarımıza elə psixologiya yeridirdi ki, biz rus kimi olmayanda, rus kimi yaşamayanda, rus kimi davranmayanda öz gözümüzdən düşək. Buna nail olmuşdu. Bakı şəhərində biz hamımız rus mədəniyyəti öyrənirdik. Biz guya ümumazərbaycan mədəniyyətinə uyğunlaşırdıq, əslində rus mədəniyyətinə uyğunlaşırdıq. Biz özümüzü o qəlibdə görməyəndə psixoloji olaraq sarsılırdıq. Bax, İran həmin xətti tutub. Fərq nədədir? Fərq ondadır ki, rus tərəfindən yürüdülən bu siyasət baş tuturdu. Çünki rusun bizə gətirdiyi əsarət şirin əsarət idi. O, üzdə görünmürdü. Bizi elə səviyyədə kökləmişdi ki, o əsarətdə özümüzü rahat hiss edirdik. İranın isə Güney Azərbaycana yönəltdiyi əsarət sərt əsarətdir. Sərt əsarət insanları nisbətən daha ayıq edir. Daha çevik düşünməyə zorlayır. Çünki o səviyyədə ki, hər şeyi kökündən vurur, ləğv eləyir, insanlar özlərinin kimliyindən, öz dilindən, öz mədəniyyətindən məhrum olduqca, istər-istəməz vahiməyə düşürlər. Bunu yaradan səbəbə qarşı sinə gərmək istəyirlər. İndi ideoloji güc ilə sinə gərir, yoxsa sadəcə fərdi etirazlarla, yenə də bu, məsələnin o biri tərəfidir. Amma məsələ ondadır ki, İranda kəskin şəkildə etirazlar ayağa qalxır. O etirazlar da dediyimiz kimi ona görədir ki, orda əsarət kəskin və sərt xarakter daşıyır. Bu gün İran o cür münasibəti ilə daha da özünə qarşı nifrət yaradır. Bizim ona olan münasibətimizi daha da yeni mərhələyə çıxardır. Yəni özünə ziyan vurur. O, başqa xətt də götürə bilərdi. Artıq başqa xətt götürə bilmir, çünki kifayət qədər çılpaqlanıb, açılıbdır.
Sovetlər dağılandan üzü bu yana biz, Ocaq olaraq daim Güney Azərbaycanla, İranla bağlı münasibətimizi açıq və kəskin şəkildə qoymuşuq. Amma Quzey Azərbaycan hakimiyyəti, yaxud da Quzey Azərbaycan ziyalısı, müxalifəti məsələni siyasi konyuktura səviyyəsində qoyur. Güney Azərbaycana münasibət siyasi xarakter daşıyır və oynayır. Əslində Güney Azərbaycana münasibət siyasi deyil, milli münasibət olmalıdır. Bəşəri münasibət olmalıdır. Ancaq İran bizim hakimiyyəti təhdid eləyən kimi dərhal bütün imkanları işə salır və İranı xalqımızın düşməni elan eləyir. Xalqın münasibətini qabağa verir. Onun arxasında gizlənir. Eləcə də üzdə olan insanlar. Ayrı-ayrı barmaq sayda ziyalıları istisna eləyirəm, bu da sayca o qədər azdır ki, heç adam bunu vurğu eləyə də bilmir. Əsas üzdə olan adamlar isə dediyim mənzərədən çıxış eləyirlər. Guya bizim dövlət təhdid olunur. Əslində onların münasibəti dövlətimizin təhdid olunmasına görə deyil. Başa düşmək lazımdır ki, dövləti təhdid eləmək bir məqamda baş vermir. Onun mərhələləri var. Onun bünövrəsi var. O bünövrənin üzərində dayanıb davamlı təhdid eləyir. Sən isə özünə, hakimiyyətinə qarşı münasibət görəndə dillənirsən. Sənə dəyməyəndə isə İranı dost elan edirsən. Belə olduqda isə Güney Azərbaycanın taleyi daha da mürəkkəbləşir. Bu mənada bizim münaibətimiz həmişə açıq olub. Ziyalı siyasət işlətməməlidir. Ziyalının münasibəti konkret olmalıdır. Doğrudan da bizə parçalanmış xalq statusu verilməlidir və mütləq onun birləşməsi istiqamətində ciddi addımlar atılmalıdır. Ancaq Güney Azərbaycanın özünün mövqeyi təəssüf ki, xeyli fərqlidir, birmənalı deyil. Müəyyən qismi istiqlalçıdır, müəyyən qismi müstəqilçidir, müəyyən qismi konfederalçıdır, müəyyən qismi federalçıdır. Ona görə heç bir nəticə əldə olunmur, olunmayacaq. Çox təəssüf eləyirəm. Mən bunu bədbinlik yaratmaq üçün demirəm. Bizim sözlə oyun oynamağa haqqımız və vaxtımız yoxdur. Biz bədbinlik sərgiləmirik. Biz mübarizə istəyirik. Mübarziə istəyində bədbinlik olmur. Bizim tələbimiz Azadlıq uğrunda döyüşdür. Eyni zamanda vəziyyəti uydurmaq da olmaz. Vəziyyət gözümüzün qabağındadır. Ona görə biz bu söhbətlərimizin əvvəlindən təbliğatımızı, sözümüzü elə qururuq ki, Güney Azərbaycanlılar içərisində əgər bizi eşidən varsa, bizim mövqeyimizi bilmək istəyən varsa, qoy bilsin biz nə istəyirik. Bizim istəyimiz odur ki, heç bir mərhələ haqqında düşünmək olmaz. Azərbaycanın bütövlüyünə, birliyinə doğru qəti mübarizə getməlidir. Güney Azərbaycanın ideologiyasının birinci bəndini bu təşkil eləməlidir – Vahid Azərbaycan! Biz bölünmüşük. Mərhələ ola bilməz. Bünövrədən mənim evim var. Mən millətəm. Mənim dövlətim olub. Məni məhv eləmisən, ortada sındırmısan. Mənim təkcə qapım-pəncərəm çatmır. O açıq pəncərədən, qapıdan hər şey dolur içimə. O qapını, pəncərəni qoymalıyam. Sən də mənə deyirsən, mərhələ-mərhələ özünə ev tik. Bu məsələni biz dərk eləməliyik, – Quzeyli, Güneyli. Mərhələsiz. O başqa məsələ ki, dünya istəmir, nə Avropa istəyir, nə Qərb istəyir, nə Şərq istəyir, nə İran istəyir, nə indiki Türkiyə hakimiyyəti, nə Rusiya. Heç kim istəmir biz bütöv olaq. Biz istəməliyik, biz məsələni qoymalıyıq. Xalqın içində bütövlük istiqamətində iş getməlidir. Qoy on il, iyirmi il, otuz il, qırx il, əlli il bu yöndə iş getsin, xalqın ağlında. Yoxsa bunun vaxtı deyil, onun vaxtı deyil, mərhələli ayağa duraq, çığır-bağır eləyək… Səttarxanın gününə salacaqlar bizi. Pişəvərinin gününə salacaqlar bizi. Başımızda duranı vurub qəzaya salacaqlar. Vəssalam. Sonra təzədən yüz il, iki yüz il getdi Azadlıq məsələsi öz işinə. Ona görə bu gündən başlamalıyıq. Maarifçiliyin də yönü odur. Təbliağatın da yönü odur. Şəxsən mən Mütləqə İnam Ocağının adından deyirəm, biz bu cür istəyirik, başqa cür istəmirik. Mərhələ-mərhələ qoydunsa məsələni, mütləq mərhələnin birində qabağımızı kəsəcəklər. Mütləq o mərhələdən bizi oturdacaqlar dala. Ziyalı məsələni açıq qoymalıdır. Sözlə oyun oynamaq olmaz. Bütövlük məsələmiz birdəfəlik həll olunmalıdır.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!
Göylü Atalı: Hər birinizə dəyərli fikirlərinizə görə təşəkkür edirəm.

Комментариев нет:
Отправить комментарий