07.09.2012

Türk tarixi -18

XVIII hissə: İspanlar yəhudilərin özlərinə dərin xəndəklər qazdırıb diri-diri basdırdıqları zaman Türkiyə yəhudilərə sığınacaq verdi

 Fateh zamanında Anadolu və Balkanlarda iyirmiyə yaxın hökumət və bəylik var idi. Fateh bunların hamısını fəth edib, böyük Osmanlı imperatorluğunu qurdu. Anadoluda Qaraman oğulları bəylikləri və digər türk bəyliklərindən başqa, Trabzon Rum imperatorluğu da vardı. Fateh 1461-ci ildə buranı da aldı. Sonra Uzun Həsənlə savaşıb, onu məğlub etdi (1473). Fateh zamanında Egey dənizindəki adalar və Krım xanlığı da alındı.

 Fateh 1481-ci ildə ordugahda çadır içində öldü. Onun dövrü osmanlılrın ən parlaq dövrlərindən olmuşdur. Fateh zamanında memarlıq və rəssamlıq çox tərəqqi etmişdir. Sultan Məhəmməd İstanbulun Fateh adı ilə məşhur olan məhəlləsində böyük mədrəsə, məscid və kitabxana tikdirmişdi. Bu mədrəsədə dini və dünyəvi elmlərin hər ikisi öyrədilirdi.
 Fatehin məmləkət idarəsi üçün hazırladığı «Fateh» qanunnaməsi osmanlıların ilk əsaslı qanunu sayılır.
 Fateh yaxşı şair olub ərəb və fars dillərini çox gözəl bilirmiş. Bundan başqa yunan və italyan dillərini də bilirmiş. Onun zamanında İstanbul, Anadolu və Rumelidə bir çox mədrəsə, saray, məscid, karvansara, hamam, yol, körpü və qala tikilmişdir. Fatehdən sonra oğlu II Bəyazid sultan oldu. 31 illik sultanlığında böyük işlər görə bilmədi. O, ömrünün çoxunu oxumaq və ibadətlə keçirirdi, savaşı sevməzdi. Onun qardaşı Cəm Sultan padşah olmaq üçün üsyan edib, Bəyazidlə savaşdı. Lakn məğlub olandan sonra Fransaya, oradan da İtaliyaya getdi, bir müddət oralarda avropalıların əlində alət olandan sonra, 1495-ci ilə Neapolda öldü.
 Cəm Sultan yaxşı şair, ədib və cəsur əsgər idi. Onun türkcə müxtəlif şeirləri və fars dilində məsnəvisi vardır.
 Bəyazidin zamanında məmlüklər və benediklərlə osmanlılar savaşdılar. Sonra Şah İsmayıl məsələsi ortaya çıxdı. Şah İsmayıl sultan Bəyazidin yumşaqlığı və səhlənkarlığından istifadə edərək, Anadoluda şiəliyin təbliğatına başladı, onun tərəfdarları olan Anadolu qızılbaşları Şahqulunun rəhbərliyi ilə üsyan etdilər. Bu hadisələrlə qatlaşa bilməyən Bəyazidin oğulları sultanlıq fikrinə düşdülər, hətta Bəyazidin üçüncü oğlu Səlim atası ilə savaşdı. Nəhayət, 1512-ci ildə padşah istefa verib, taxtını oğlu Səlimə buraxdı.
***
 Yeri gəlmişkən, İspaniya inkvizsiyası Kastila kraliçası I İzabellanın israrı ilə Papa IV Sikstas (Sıxtas) tərəfindən 1483-cü ildə təsis olunmuşdur. Əsasən müsəlman və yəhudiləri xristian dininə qarşı təhlükə sayaraq qurulmuşdu. Tarix də göstərir ki, 517 il öncə İspaniyada yəhudilərə qarşı soyqırım törətdilər. İspanlar yəhudilərin özlərinə dərin xəndəklər qazdırıb onları diri-diri torpağa basdırdılar. Bu səbəbə görə iki yüz minə yaxın yəhudi 1492-ci ildə İspaniyanı tərk edərək Türkiyəyə sığındılar. O vaxtlar Sultan Bəyazidin həkimlərindən biri yəhudi olduğu və İspaniyada yəhudilərə qarşı zülmlər baş verərkən həmin bunu Bəyazidə deyib, yəhudilərin xilası üçün yalvardığı, Sultanın da nəhayət bunu qəbul etdiyi dəqiq faktlarla məlumdur.
***
 İlk Osmanlı ordusu boy ordusu idi. Sonra Orxan bəy zamanında nizami və davamlı ordu quruldu. I Sultan Murad zamanında Osmanlı ordusunun özəyi olan yeniçəri ordusu quruldu. Fəth edilən yerlərdəki məsihi uşaqlarını alıb, xüsusi qarnizon və mədrəsələrdə islam və türk təbiyəsi ilə bərabər savaş fənni öyrədilir, beləliklə bunlardan yeniçəri ordusu təşkil edilirdi. Yeniçərilər özlərini Bəktaşi təriqətinə mənsub bilirdilər və bunların komandanına yeniçəri ağası deyilirdi.
***
 Səlcuqlar zamanında Anadoluda rəsmi dil fars dili idi. Divan dəftərləri də farsca yazılırdı. Bu zamanlar Mövləvi kimi əsli türk olan şairlər əsərlərini daha çox farsca yazırdılar. 1277-ci ildə Qaramanoğlu Məhəmməd Konyanı aldı və türk dilini fars dilnin yerinə rəsmi dil təyin etdi.
 Osmanlılar zamanında da rəsmi dil türk dili idi, lakin fars və ərəb dillərinin də nüfuzu çox idi. Osmanlılar zamanında şeir və ədəbiyyatla yanaşı, elmi əsərlər də türk dilində yazılmağa başladı. Təsəvvüf şeirlərində xalq dili örnək oldu.
 Osmanlıda ədəbiyyat xalq və təsəvvüf ədəbiyyatı olaraq iki qoldan inkişaf etdi. Bu dövrdə yetişən məşhur şairlər və yazıçılardan Gülşəhri, Aşıq Paşa, Şeyxoğlu, Əhmədli, Şeyxi, Yunus İmrə və xüsusən, «Mövlud-i Nəbi»nin müəllifi Süleyman Çələbi məşhurdur.
 II Murad ilə oğlu Fateh də yaxşı şair və ədib idilər. Fatehdən sonra II Bəyazid və Cəm Sultan da şair idilər.
 XV əsrin ikinci yarısında divan ədəbiyyatı klassik şəklini almağa başladı. Şeirdə fars və ərəb dillərində kəlmə və ifadələr türkcənin yerini aldı, divan ədəbiyyatı xalq ədəbiyyatından tamamən ayrılaraq yalnız yuxarı təbəqənin anlaya biləcəyi bir ədəbiyyat halına gəldi.
***
 İslam dövrü türk ədəbiyyatı ilk dəfə Orta Asiyada Qaraxanilər zamanında zühur etmişdir. Türklər VIII əsrdən müsəlman olmağa başladılar. Lakin X əsrin birinci yarısında Qaraxani hökmdarı Satuq Buğra xan müsəlman olandan sonra islam dövlətin rəsmi dini elan edildi. Ondan sonra türklər kütlə halında müsəlmanlığı qəbul etdilər. Belə ki, X əsrin sonlarında Tarım hövzəsindəki uyğurlar və İrtış çayının şimalında qalan türklərdən başqa, bütün türklər müsəlman olmuşlar.
 İslam dini ilə birlikdə ərəb yazısı, islam dininə aid məfhum və düşüncələr də türk ədəiyyatına girməyə başladı.
 Qaraxanilər 999-cu ildə Samani dövlətini yıxıb Qərbi Türküstanı da ələ alandan sonra, Səmərqənd, Buxara və Nişapur kimi müsəlman kültür mərkəzləri ilə birbaşa təmas tapdılar, islam türk ədəbiyyatı ilə birlikdə islami maarifləndirmənin təşkilində iştirak etdilər.
 Qaraxanilər aşağıdakı ellərdən ibarət idi: 1) Qarluqlar; 2) Uyğurlar, yığmalar; 3) Oğuzlar və qıpçaqlar.
 Qaraxanilər uyğurlar və iranlılarla birbaşa təmasları nəticəsində, onların kültür və mədəniyyətlərinin təsiri altında qaldılar. Bir tərəfdən də islam dini ilə birlikdə ərəb və fars dili də onların dilinə nüfuz etdiyindən, yavaş-yavaş xalq ləhcəsi və yuxarı təbəqənin ləhcəsi olaraq iki ləhcə zühur oldu.
 Bu tarixdə qəznəvilər Qəznə və Xorasanda hökumət təşkil etdilər. Qəznəvilər türk olduqları halda, İran kültürünün təsirində idilər. Belə ki, Sultan Mahmud fars dilini ölkəsində rəsmi dil elan etmişdi, onun inkişafı və yayılmasına var qüvvəsi ilə çalışırdı. Fars dilini və İran əsatirini dirildən «Şahnamə» də onun naminə Firdovsi tərəfindən yazıldı.
 Bu dövrdə türk alim və yazıçıları əsərlərini daha çox ərəbcə və farsca yazmışlar. Məsələn, islamın böyük filosofu Fərabi (Əbu Nəsr Məhəmməd bin Tərxan bin Özlük- 870-950) oğuz türklərindən olduğu halda, əsərlərini ərəbcə yazmışdır. VII əsrdə İbn Xəllikan tərəfindən Misirdə yazılan «Vəfəyət əl-əyan» kitabında Fərabinin heç bir zaman türk paltar və qiyafətini dəyişdirmədiyi yazılmışdır.
 «Təfsuri-l-kəşşaf və müqəddəmə əl-ədəb» lüğət kitabının müəllifi Carullah Zəməxşəri və «Əl-miləl və-n-nihəl»in müəllifi Məhəmməd Şəhristani də türk olmaqlarına baxmayaraq əsərlərini ərəb dilində yazmışlar (V. Bartold). Zəməxşərinin «Lüğət» kitab dörd dildə (ərəbcə, farca, Xarəzm əski dili və Xarəzm türkcəsi) yazılmışdır.
 Məşhur ərəb dili alimi Fərabi İsmail Cövhəri də türk olduğu halda, «Sühahi cövhəri» və ya «Əs-sühah fi-l-lüğət» kitabını ərəbcə yazmışdır.

(Ardı var)

Комментариев нет:

Отправить комментарий