12.09.2012

Korsikalı rəssam


Ən sevdiyim qoxu fırçanın ucunu yüngülcə boyaya batırarkən burnuma gələn xəfif boya qoxusudur. Ən sevdiyim səs qələmlə kağızın üzərinə yavaş-yavaş cızdıqca duyulan səsdir. Məhz buna görə mən rəssamam. Allaha inansaydım deyərdim ki, o mənə lütf edib Korsikada doğdurub. Onun təbiətindən istədiyim qədər istifadə edirəm. Eyni zamanda Ay və Günəşi dənizin üzərində görə bilirəm. Gecə düşdükdə isə ulduzların parıltısı dənizin üzərinə düşür və sanki ulduzlar gəlib dənizə enir. Bunları da rəsimə alanda insanları valeh etməyi bacarıram.

Bayaq yazdım Allaha inanmıram. Allaha inanmıram çünki, İncildə deyildiyi kimi, İsanın Allahla güləşməsinə inana bilmirəm və ya Allah əgər olsaydı o qədər cılız olmazdı ki, öz peyğambəri ilə güləşsin… Yaratdığım əsərləri isə bunun üzərində qururam. Çox rahiblər mənə şeytanın oğlu deyir. Çünki çəkdiyim əsərlər insanı şəhvətə, Allahsızlığa gətirib çıxardır. Amma mənim çəkdiklərim yalnız insanlardır. Onların üzləri, qırışları və mənə dedikləri günahlar. Onların günahlarını üzlərindən oxuya bilirəm. Təbii ki, mən öz pulumu qazanıram.
Yaşadığım şəhərdə və ümumiyyətlə bütün adada katolik kilsəsi çox güclənib. Hərgün kiçicik bir səhvə görə neçə belə edam görürəm və gördüklərimidə elə oradaca çəkirəm. Mənim dini fikirlərim və çəkdiklərim rahiblərin xoşuna gəlmir və məni hər an inkvizisiya məhkəməsi təhlükəsi gözləyir. Rəssamlığım güclü olduğundan 1755ci ildə çevrilişlə hakimiyyətə gələn və krallığını elan edən Kral Paskal Paolinin ailəvi rəssamıyam. Buna görə kilsə mənə toxunmur.Çünki ondan qorxurlar…
27 yaşımda əlahəzrətimin böyük bir portretini çəkmişdim və çox bəyənmişdi. Mənim himayəmi öz öhdəsinə götürmüş və mükafatlandırmışdı. Hər kəsin üzündə dərd və günah görərkən əlahəzrətimin üzündə xeyirxahlıq var idi. Halbuki atasının siyasi fəaliyyətinə görə o 9 yaşında sürgün olunmuşdu. Bir sözlə, geri dönüşü möhtəşəm oldu və bizim xalqı Cenovalıların əlindən qurtardı.
Rahiblərin hədələrindən təngə gəlmişəm. Həmişə buranı tərk etmək istəmişəm. Ancaq qorxuram ki, buranı tərk edərsəm rəssamlığımı, sənətimi də tərk etmiş olaram. Əminəm ki, mənim bu istedadım Korsikanın təmiz təbiətindən verilmişdir. Hətta buranın başqaları tərəfindən mənasız hesab etdiyi düzənlikləri belə möhtəşəm əsərə çevirə bilirəm.
Allaha və onun dininə inanmasam da, ölkənin ən güclü rəssamı olduğumdan kilsənin rəssamlığını da özüm edirəm. Həmdə öz məvacibimi alıram.
Müxtəlif tacirlər mənə öz şəkillərini çəkdirir, digər varlılar ailələr də həmçinin.
Bir gün otağımda keçən saniyələr ilə vidalaşırkən, qapım döyüldü. Hava yağışlı və tutqun idi. Mən boya qoxulu otağımda oturub yeni yaradacağım əsəri fikirləşərkən, həmin əsər qapımın ağzına gəldi. Qapını açanda dəriyə bürünmüş bir qızın gözlərinin parıltısını gördüm. O islanmamaq üçün içəri girdi və mənə dedi:
- Rəssam Lorent sizsiniz?
- Bəli mənəm… – Onun gözəlliyi qarşısında aciz qalmışdım. O Korsikanın təbiətindən də gözəl görsənirdi. Gözləri çəkdiyim ulduzlardanda parlaq idi.
- Mən sizə portretimi çəkdirmək istəyirəm.Bunun üçün İtaliyadan gəlmişəm . İtaliyada hər kəs sizin əsərlərinizdən danışır. Romada da sizin adınız dünyanın ən güclü rəssamları ilə eyni sırada olur. Belə cavan olduğunuzu bilməmişdim.
- Buyurun içəri keçin və rahat danışaq. – Onun məlahətli səsi və görkəmi mənim nitqimi tutmuşdu.
- Adımı soruşmayacaqsınız? – Üzündə xəfif təbəssüm yarandı və verdiyi sualın cavabını dinləmədən dedi : ” Adım Luanadır”.
Luana….Luana…..Luana…. İnana bilmirəm ki, belə bir əsər ayaqlarıma gəlib.
- Sizin əməkhaqqınız neçədir? – Mənsə tərddüt etmədən dedim:
- Lütfən, mən sizdən 1 qəpikdə ala bilmərəm. Nəsə içirsiniz?
- Necə istəyirsinizsə elə olsun. Ancaq düşünürəm ki, kral ailəsinin rəssamı pul alsaydı yəqin mənim bütün sərvətimi alardınız. – O dedi və güldü.
- Siz bura yalnız gəlmisiniz?
- Mənim heç kimim yoxdur. Lənətə gəlmiş fransızlar İtaliyadan çıxarkən qırıblar hamısını. Ərim var. Daha doğrusu var idi. Süvari alayının komandiri idi. Dedilər əclaf Fransa kralı 14cü Luisin hərbi qoşunları ilə toqquşurkən ilk top atəşi elə mənim bədbəxt ərimə dəyib. İndisə dul qalmışam. Ondan qalan hər şey mənim oldu. İtaliya camaatı axır vaxtlar çox pis olub. Dul qalmışam deyə hər cürə söz eşidirəm. Hər şeyimi satdım, bütün sərvətimi yığdım və bura gəldim. Eşitdim bura dünayanın ən səssiz və gözəl yeridir.
- Luana idi adın hə? Üzünə baxanda kədərin hiss olunur. Ancaq gözlərindəki işartı mənə ürəyinin həyat eşqi ilə dolu olduğunu bilməyimdə çətinlik çəkdirmir. Ancaq sən orda İtaliyalıların əlindən qaçdın, bəs buranın cahil xalqının və qəddar rahiblərinin əlindən hara qaçacaqsan?
- Sənin yaraşıqlılığına və gözlərindəki müdrikliyinə baxanda hiss edirəm ki, mən Korsikada yaşaya biləcəyəm. – O danışdıqca dodaqları bir-birindən aralayırdı. İrəli uzanmış dodaqlarına, parlaq gözlərinə və şabalıdı saçlarına baxanda ürəyimin döyüntüsü get-gedə artırdı.
- Portretinizi indi çəkməyimi istəyirsiniz?
- Sizin üçün maneçilik törətmirəmsə, bəli. Sizin əl işinizi görmək üçün səbrsizlənirəm.
Mən ayağa qalxdım və əlimdəki şərab qədəhini masanın üzərinə qoydum. İçəridəki şamlardan bir neçəsinidə yandırdım. İşıq qaranlığa hakim kəsildi. İndi Luananı daha aydın görürəm və onun gözəlliyindən həzz alıram. O otaqda gəzdi və əsərlərimə baxaraq dedi:
- Burda diri-diri basdırılan insanlar, mələyi öldürən şeytanlar, lüt Məriəm ana və başqa şəkillər var. Rahiblər buna görə sizi xoşlamır?
- Demək olar ki, hə. – Mən gülümsədim və sonra dedim : ” Necə portret istəyirsiniz?” O heç bir söz demədən tablonun arxasındakı divana yaxınlaşaraq paltarını çıxartdı, lüt və gözəl bədəni ilə divana uzandı. Mən birinci udquna bilmədim. Belə gözəl qadın ilk dəfə qarşımda lüt idi və onun şəkilini çəkəcəkdim. Ancaq onun bəyaz bədəninə baxdıqca bacara bilməyəcəyimi anlayırdım və ona dedim:
- Luana, əgər sənin belə bir rəsmin olsa və Korsikada yaşamağa qərar versən səni burda acı tale gözləyə bilər. – O yalnız bir söz dedi: “Başla”.
Boyanı və fırçanı əlimə aldım. Ştrixlərlə kağıza iz qoydum və ayaqlarından başlayaraq çəkməyə başladım Ayaqları Korsikanın düzənliyinə oxşayırdı. Amma onun bəyaz ayaqları bu düzənlikdən daha gözəl idi. Ayaqlarından yavaş-yavaş yuxarı qalxırdım. İlk dəfə ehtiras hissi ilə əlimdə qələm tutmuşdum. Bu şəkili möhtəşəm etməli idim. Sonra Ayyaçonun qarlı təpələrinə bənzər döşlərini çəkdim. Qarlı təpələr kimi onunda döşləri bəmbəyaz idi. Dodaqları Günəş dənizin arxasında gizlənərkən, dənizlə səma arasında yaranan qırmızımtıl işığa bənzəyirdi. Gözləri isə şamların təsirindən par-par parlayırdı. Gecə ikən dənizin üzərinə enən ulduzlar kimi. Yağışdan islanmış saçları isə sıx meşəmizə bənzəyirdi.
Həyatımın bəlkədə ən möhtəşəm əsərini yaratdım. Luana çılpaq yanıma gəldi və şəkilə baxdı. Heç nə demədi. Çünki əsərin qarşısında aciz qaldı. O da özünü heç güzgüdə belə gözəl görməmişdi. Üzünü mənə çevirərək dodaqlarımdan öpdü və sonra bu anımız uzandı. Onun nəm saçlarının ucu sinəmdə gəzirdi və onun sayəsində ilk dəfə bakirliyimi pozdum. Luana….
Səhər açıldı və Luana şəkilini götürüb evdən çıxdı. O çox uzaqda yaşamırdı. Parrizona kilsəsinin qarşısına köçmüşdü. Hər kəsin diqqəti onun üzərində idi. Xüsusilədə səhər evimdən çıxamğını görən rahiblərin…
Mən ilk dəfə aşiq olmuşdum. Həm də öz əsərimə. Luanaya…
Səhəri gün şərabımı açıb düşünərkən , şəhərdə silah səsləri eşidildi. Hər kəs kimi dəftərimi və qələmimi götürüb çölə çıxdım. Fransız qoşunları şəhərə daxil olmuşdu. Kim onlara qarşı güc tətbiq edirdisə, qılıncdan keçirirdi. Gözümün qarşısında ananın əlindən düşən körpə atın ayağının altında iki dəfə tapdalandı.Bu səhnələri çizirdim gələcək nəsillərə ötürməyim üçün.Sonra səs dayandı və italiyanca fransız sərkərdəsi 3 dəfə möhkəm dedi:
” Ey Korsika xalqı! Duyun və bilin! Korsika Birləşmiş Fransa krallığı tərəfindən işğal olunmuşdur. Kralınız Paskal Paoli öz xalqını qoyub İngiltərəyə qaçmışdır. Bundan belə Korsika Fransanın torpaqları ərazisinə daxil olunacaq. Burada vali təyin olunana kimi bütün səllahiyətlət katolik kilsəsinə, papa Fernandesə aiddir! Duyun və agah olun!”
Əsərlərimi toplayıb qaçmaq istəyirdim. Himayədarım da qaçıb. Luananı da götürüm qaçım. Əsərlərim olamsa da olar. Luana mənim ən gözəl əsərimdir. Onun evinə tərəf qaçdım. Tərslikdən onun evi kilsə ilə üzbəüz idi. Evinə girərkən silahlı keşişlər tərəfindən yaxalandım. Onlar Luananın evinə girdilər və lüt portretinin divardan asıldığını gördülər. Luananı da mənimlə birlikdə kilsənin zirzəmisinə bağladılar. İçəridə müxtəlif xəstəlikdən can çəkişən insanlar və hətta meyidini siçovullar yeyən cəsədlər var idi. Səhəri gün məni və Luananı İnkvizisiya məhkəməsinə çıxardılar. Məni Allahsız kafir olduğuma görə və Luanın pis bir fahişə olduğuna görə edəm hökmünü kəsdilər. Məndən tövbə istədilər. Ancaq demədim. Kişi kimi ölməyə razılaşdım. Luananın tövbə etmək şansı yox idi.Bizi yüzlərlə insanın qarşısına çıxardılar. Hər kəs əllərinə keçəni üzümüzə atırdı. Padirənin biri edam masasına yaxınlaşırkən başıma xaç keçirmək istəyirdi və bu an onun üzünə tüpürdüm. O da barmağı ilə məni göstərərək cəhənnəm alovunda yanmağım üçün lənətlədi. Ölüm həyəcanından Luananın və mənim bədənim tir-tir əsirdi. Fransada gilyotinlə edam etdikləri halda, burada dar ağacından asırdılar. Luananın və mənim boynuma ip keçirdilər. Bir neçə saniyədən sonra asılacağıq. Mən sol əlimlə Luananın əllərindən tutdum və onun gözlərinə baxdım. İndi ən gözəl əsərimlə öləcəyəm.
Bir anlığına düşüncə altından hər şeyi kənardan izlədim. Yüzlərlə insanın lənətləri altında iki əl-ələ tutan sevgililərin edamı… Söz verirəm əgər ölməsəm və necəsə burdan sağ çıxsam bu anın şəkilini çəkəcəyəm… Axı mən rəssamam…

Nicat Kazımov ( Nejat Kazım Khatayi )

Комментариев нет:

Отправить комментарий